Nizami Xudiyev ömrü... - Buludxan Xəlilov yazır

N.Xudiyevin həyat və yaradıcılıq yolu

 

Qayğısız uşaqlıq və məktəb illəri

Həyat hər bir insana verilmiş mükafatdır. Bu mükafatın müqabilində hər bir kəs özünü, daha doğrusu, həyatını layiqli bir işə həsr etməli, fəaliyyət göstərməli, bütün ömrü boyu əzab-əziyyətdən, çətinlikdən qorxmamalıdır. Əzab-əziyyətin, zəhmətin sonunda insanı mükafat gözləyir. Mükafatı əldə etmək üçün dözmək və yenə də dözmək lazımdır. Ən böyük mükafat sahibləri öz işlərinin peşəkarı olub, bir peşəkar kimi bütün çətinliklərə dözüblər. Bu məqamda Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin Nobel nitqindəki bir detal yerinə düşür: "Mən başa düşürəm ki, bu mükafat mənə deyil, mənim əməyimə - şan-şöhrət üçün yox, heç mənfəət üçün də deyil, yalnız insan ruhunun materialları əsasında bu günədək mövcud olmayan bir şeyi yaratmaq naminə bütün həyatım boyu qan-tər və min bir əzab-əziyyət içərisində gördüyüm işə verilib. Buna görə də mən bu mükafatı onu almağa vəkil olunmuş şəxs kimi qəbul edirəm". Bax burada qeyd olunduğu kimi, Nizami Xudiyev bu həyatı bir mükafat olaraq qəbul etdi, həyat mükafatının vəkili oldu.

İnsan həyatı möcüzələrlə dolu gerçək bir romandır. Həyatın hər bir anı, hər bir dövrü, hər bir mərhələsi böyük bir romanın bölünməz hissəsi və parçasıdır. İnsan həyatının romanı yazılan romanlardan heç də təsirsiz və gücsüz deyil. Əksinə, bəlkə də, yazılan romanlardan daha  təsirli, daha güclüdür. İnsanların öz həyat romanlarının müəllifləri özləridir. Bəlkə, ona görədir ki, insanların həyat romanları daha təbii, daha olduğu kimidir. Ancaq roman müəlliflərinin yazdığı romanlar müəllifin istək və arzusundan qidalanır. Müəllifin romana əlavə etdiyi istək və arzular isə hər şeyin təbii tərəflərinə istər-istəməz təsir edir. Belə olduğundan müəllifin (ona yazıçı demək daha dəqiq olar) yaratdığı roman hər bir insanın öz həyat romanından həqiqəti əks etdirmək, gerçəkliyi təsvir etmək, olub keçənləri və baş verənləri təbii bir təməl üzərində qurmaq baxımından geridir. Ola bilsin ki, təmtəraqlı, bərbəzəkli, ölçülü-biçili nə varsa, onların hər biri müəllifin yazdığı romanda yerli-yerindədir. Ancaq yenə də insanların öz həyat romanlarındakı təbiilik, qeyri-adi özünəməxsusluq yazıçının yazdığı romanda çatmır. Bəlkə, elə buna görədir ki, insanlar təkcə yazılanlardan öyrənmir, həm də bir-birindən, bir-birinin həyat təcrübəsindən, tərcümeyi-halından, dünyagörüşündən, başqalarına olan münasibətindən daha çox öyrənirlər. Bir sözlə, ancaq yazıçının yazdığı romanı oxumaqla mənəvi qida almaq mümkün olmur. İnsana həm də ən böyük mənəvi qidanı o insanın tanıdığı insanların həyat romanları verir. Əsas mətləbdən uzaqlaşmadan öz həyat romanını yaradan  və yaşadan, ömrünün ixtiyar çağında yaşayan Nizami  Manaf oğlu Xudiyevin həyat və yaradıcılıq yoluna, roman ömrünə bir işıq salmaq istərdik. Nizami  Manaf oğlu Xudiyev 1949-cu ilin aprel ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya gəlmişdir. Bütün uşaqlar kimi, o da ata-anasının qayğısını, məhəbbət dolu nəfəsini hiss etmiş, uşaqlıq illərini nəvaziş, diqqət, sevgi, bir sözlə, xoşbəxtliklə keçirmişdir. O, ailənin ilk oğlu olduğundan daha çox nəvaziş və qayğının əhatəsində (həm valideynlərinin, həm də qohumlarının) boya-başa çatmışdır. Onun uşaqlıq illəri özünün də qeyd etdiyi kimi, görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyarın keçirdiyi uşaqlıq illərinə bənzəyir. Məhəmmədhüseyn Şəhriyarın duyduqlarını, gördüklərini, yaşadıqlarını hər bir uşaq kimi, o da duymuş, görmüş və yaşamışdır. O da uşaqlar kimi, ağac budağını at kimi minmiş, "Dirədöymə", "Yoldaş, səni kim apardı?" oyunlarını oynamış, nənələrin və anaların çaldığı laylaya, nağıla qulaq asmış, beləcə uşaqlıq illərini yaşamışdır. O, şuluq uşaq olsa da, ərköyünlükdən uzaq, deyilənlərə diqqətli, əyləncəli və idman oyunlarına həvəsli olmuşdur. Əyləncəli və idman oyunlarında zəif oyun nümayiş etdirməyi, uduzmağı heç vaxt özünə bağışlamamışdır. Uşaqlıqdan həmişə qalib gəlməyi, həmişə qalib olmağı bacarmışdır. Onun həyatdakı gələcək uğurlarının təməli bax beləcə uşaqlıqdan başlamışdır. Öz borcunu başa düşmək, məsuliyyətini dərk etmək hissləri uşaqlıqdan onun mənəvi dünyasının kredosu olmuşdur. Fiziki və əqli cəhətdən sağlam olmaqla yanaşı, dünyanın ən gözəl guşələrindən biri olan Şahbuzda anadan olmaq Nizami Xudiyevin mənəvi aləminin zənginləşməsində heç də az rol oynamamışdır. Onun vətənə olan sevgi hissləri Şahbuzdan, Şahbuzun Badamlı kəndindən, Şahbuzun əsrarəngiz təbiətindən başlayıb. Zaman keçdikcə bu hisslər Azərbaycanın  dilbər və qədim tarixə malik guşələrindən biri olan Naxçıvan adlı məkana, daha sonra Azərbaycana boy veribdir. Naxçıvandakı Gəmiqaya abidələri, dəniz səviyyəsindən 1907 metr yüksəklikdə olan Qapıcıq zirvəsi və bu zirvənin cənub-qərb yamaclarındakı Nəbiyurdu, Camışölən, Qaranquş yaylaqları onun doğma yurd yerlərinə məhəbbətini daha da  artırıbdır. Dünyanı sevmək üçün birinci növbədə öz vətənini, ata-baba yurd yerini, dünyaya göz açdığın məkanı sevməlisən. Dünyaya göz açdığın məkanın tarixi, mədəniyyəti, özünəməxsusluğu dünya, kainat haqqında fikrin, düşüncənin formalaşmasında mühüm rol oynayır. Nizami Xudiyevin Azərbaycana sevgisi və dünyəviliyi Əshabi-Kəhfin, Nuh Nəbi xatirəli İlandağın, Ağrıdağın, türk-oğuz düşüncəli Gəmiqayanın, Oğlanqalanın, Qorqudların, Babəklərin, Atabəylərin, Əcəmilərin, Nəimilərin ruhu ilə silahlanıbdır. Hüseyn Caviddən, Məmməd Səid Ordubadidən, Cəlil Məmmədquluzadədən, Məmməd Arazdan və digər görkəmli şəxsiyyətlərdən, ulu öndər Heydər Əliyevdən güc alıbdır.

Nizami Xudiyev bütün körpələr kimi körpəlik illərini toranlıqla xatırlasa da, uşaqlıq və yeniyetməlik illərini çox yaxşı xatırlayır və bu illərlə bağlı xatirələri hafizəsində yaşadır. Ailəsi çox sadə, təmiz, başqalarından o qədər də fərqlənməyən bir həyat tərzi keçirib. Atası  müəllim, anası isə ailəsinə, qohum-əqrəbasına möhkəm tellərlə bağlı olan, kirpiyi ilə qor götürən, əzab-əziyyətə qatlaşan xanım-xatın bir qadın olubdur. Atası  Manaf Xudiyevin İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra "Sosializm maldarlığı" qəzetinə redaktor təyin edilməsi, sonra Bakıda Partiya Məktəbini bitirən kimi Şahbuz rayon partiya komitəsinin ikinci katibi seçilməsi, daha sonra Naxçıvanda çıxan "Şərq qapısı" qəzetinə redaktor təyin olunması onun böyük nüfuza malik olmasından və işgüzarlığından  irəli gəlirdi. Nüfuz və işgüzarlıq  Manaf  Xudiyevi həmişə  etimad sahibi etmişdir. Bu etimadın sayəsində onun evi, ocağı həmişə qonaq-qaralı olmuşdur. Respublikamızın ən görkəmli alimləri, şairləri, yazıçıları, dövlət xadimləri tez-tez onun qonağı olmuş, ocağının başına toplaşmışlar. Məhz Nizami Xudiyev qonaq-qaralı bir evdə çox maraqlı söhbətlərin şahidi olmuş, uşaqlıq xatirələrində dərin iz buraxmış hadisələri indiyə qədər qəlbində yaşatmışdır. Onun evlərində gördüyü və qarşılaşdığı insanlardan öyrəndikləri sonradan həyat yoluna işıq salmaqda heç də az rol oynamamışdır. Nizami Xudiyev Rəsul Rzanı, Cəfər Xəndanı, Süleyman Rəhimovu, Əli Vəliyevi, Mehdi Hüseyni, Əbdülhəsəni, Osman Sarıvəllini, İslam Səfərlini, Məmmədsəlim Tahirlini, Fərhad Fərhadovu, Cavad Bağırovu (Mirzə Cavadı) və digərlərini ilk dəfə doğma ata-baba ocağında görmüş, onların söhbətlərinə qulaq asmış, suallarına cavablar vermiş, bir-birindən mənalı xatirələri isə indiyə qədər müqəddəs xatirələr kimi hafizəsində yaşatmışdır. Nizami Xudiyev birinci sinfə oxumağa gedənə qədər mənsub olduğu ailədə böyük bir məktəb keçmişdir. 1-ci sinifdən V sinif də daxil olmaqla Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə, altıncı sinfi 2 nömrəli məktəbdə oxumuşdur. Sonrakı illərdə o, orta təhsilini Şahbuzda almışdır. Atasının uzun müddət partiya işi sahəsində məsul vəzifələrdə çalışması onun orta təhsilinin müxtəlif məktəblərdə almasına səbəb olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Nizami Xudiyevdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyinə məhəbbəti atası yaratmışdır. Onun atası  Manaf Xudiyev ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur. Manaf Xudiyev bir partiya işçisi kimi, Naxçıvanda böyük hörmət və nüfuz sahibi olmaqla, öz ixtisasına da sadiq qalmış, oğlu Nizamiyə də Azərbaycan dili və ədəbiyyat fənninə marağı, həvəsi, məhəbbəti aşılamışdır. Ümumiyyətlə,  Manaf müəllim oğlunun orta məktəbdə mükəmməl təhsil alması üçün əlindən gələni əsirgəməmişdir. Təsadüfi deyil ki, çox-çox sonralar, 60 yaşı tamam olandan sonra Nizami Xudiyev borclu olduğu atası və orta məktəb müəllimləri barədə demişdir: "Bütün bunlara görə mən ilk növbədə atama borcluyam, sonra böyük qayğılarını bizdən əsirgəməmiş orta məktəb müəllimlərimə: Əbülhəsən Cəlilova, Camal Məmmədova, Məmməd Nəcəfova, Gülü İbrahimovaya, Elman müəllimə, Leyli Gəncəliyə, Abdulla müəllimə, Rəhim müəllimə, Ceyran müəllimə...".

Manaf Xudiyev ədəbiyyatın, poeziyanın vurğunu olmuş, yaratdığı zəngin kitabxanasında çoxlu sayda kitablar toplamışdır. Onun kitabxanasından qonum-qonşu, qohum əqrəba, yaxın-uzaq hər bir kəs istifadə etmiş, oradakı kitablardan kifayət qədər bəhrələnmişlər. Nizami Xudiyev belə bir mühitdə orta məktəbdə oxumuşdur. Onun ailədə və orta məktəbdə öyrəndikləri bir-birini tamamlamışdır. O, Məhəmməd Füzulini, Şah İsmayıl Xətaini, Mirzə Fətəli Axundzadəni, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi, Səməd Vurğunu, Məhəmmədhüseyn Şəhriyarı və digərlərini həm ailədə, həm də orta məktəbdə öyrənmişdir. Bir sözlə, ailədə atasından, orta məktəbdə müəllimlərindən dərs almışdır. Bu yolla Mirzə Fətəli Axundzadənin görkəmli rus şairi Aleksandr Puşkinin ölümü münasibətilə yazdığı "Şərq poeması"nı, Səməd Vurğunun "Şair, nə tez qocaldın sən?" şeirini, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasını, Cəfər Cabbarlının "Ana" şeirini əzbər öyrənmişdir. O, Qərb ədəbiyyatından Uilyam Şekspiri, Viktor Hüqonu və digərlərini sevə-sevə oxumuş, atasının məsləhəti və nəzarəti ilə dünya ədəbiyyatına bələd olmuşdur. Azərbaycan və dünya ədəbiyyatını oxuya-oxuya vətənə, el-obaya bağlılıq, məhəbbət, sevgi hissləri formalaşmışdır. Məmməd Arazın şeirləri Nizami Xudiyevdə Azərbaycanın dağlarını, düzlərini, meşələrini, çaylarını, yamaclarını sevməkdə müəllim rolunda olubdur. Məmməd Arazın bu şeiri indi də onun qulağında səslənir:

Azərbaycan, mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Nizami Xudiyevin orta məktəb illəri ilə bağlı bir çox etirafları içərisində bir etirafın da özünəməxsus yeri var. Bu da ondan ibarətdir ki, onun elmi-pedaqoji fəaliyyətinin təməli məhz orta məktəbdə qoyulub. O bu dövrlə bağlı xatirələrini belə yada salır: "Əldə etdiyim uğurlara görə mən həm də o unudulmaz məktəb illərinə borcluyam. Əgər məktəb illərinin təməli möhkəm olmasaydı, məncə, heç nə əldə etmək mümkün olmazdı. Buna görə həmişə özüm üçün kumir saydığım ata-anamın, həmçinin, mənim üçün əllərindən gələni əsirgəməyən ibtidai və orta məktəb müəllimlərimin zəhmətini minnətdarlıqla xatırlayıram. Onların mənimçün çəkdikləri hədsiz zəhmətlər, nəvaziş və qayğıları mənim əla qiymətlərlə oxumağıma səbəb olub".

Tələbəlik illəri

Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner Nobel nitqində deyirdi: "Mən buna inanıram ki, insan nəinki axıracan dözəcək, o, həm də zəfər çalacaq. İnsan ona görə ölümsüz deyil ki, onun səsi heç zaman tükənməyəcək, ona görə ölümsüzdür ki, onun öz təbiəti etibarı ilə acımaya, qurban getməyə, yenilməzliyə qadir qəlbi, ruhu var". Doğrudan da, yenilməzliyə qadir qəlb, ruh insanı bütün məqsədlərini çin etməyə doğru aparır.

Nizami Xudiyev 1966-cı ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini bitirdikdən sonra sənədlərini V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə təqdim edir. O, tələbə adını qazanır.  Qrup komsomol təşkilatının katibi seçilir. 1968-ci ildə fakültə komsomol təşkilatının katibi olur. Əla qiymətlərlə oxuduğu üçün 1969-cu ildə "Nizami" adına təqaüdə layiq görülür. Sov. İKP üzvü namizədliyinə qəbul olunur. 1970-ci ildə filologiya fakültəsinin məzunu olur. O, tələbəlik illərində görkəmli alim-müəllimlərdən dərs alır, bilik öyrənir, onların gərəkli həyat təcrübələrini, məsləhətlərini əxz etməkdən çəkinmir. Əbdüləzəl Dəmirçizadədən, Məmmədhüseyn Təhmasibdən, Feyzulla Qasımzadədən, Ağamməd Abdullayevdən, Fərhad Fərhadovdan, Cavad Bağırovdan, Afad Qurbanovdan, İsmayıl Şıxlıdan, Əhəd Hüseynovdan, Azər Hüseynovdan, Əbdül Əlizadədən, Həsən Mirzəyevdən, Paşa Əfəndiyevdən, Xeyrulla Məmmədovdan və digərlərindən aldığı mükəmməl bilik, məsləhət, təcrübə həmişə ona dayaq olur. O, bu görkəmli alimlərin, müəllimlərin ona dərs deməsini bəxtinin gətirməsi, Allahın ona verdiyi şans kimi qəbul edir. Bu müəllimlərin, alimlərin hər biri barədə  onun hafizəsində tələbəlik illərindən xoş xatirələr yaşayır. Həmin xatirələri tələbəlik illərinin xoş xatirələri kimi yada salır, danışır və gənc nəslə bir örnək kimi çatdırır. Nizami Xudiyev tələbəlik illəri ilə bağlı xatirələrinin birində yazır ki, tələbkarlığı və ciddiliyi ilə ad çıxarmış Həmid Əfəndiyev IV kursda "Elmi kommunizm"dən dərs deyirmiş. Olduqca zəhmli olan Həmid Əfəndiyev, demək olar ki, bütün tələbələrin gözünün odunu alıbmış. Nizami Xudiyev müəlliminin (Həmid Əfəndiyevin) etimadını qazanmaq üçün tələbə yoldaşı Rafiqə (şair Rafiq Yusifoğluna) deyir ki, Həmid müəllimin ağzından çıxan bütün sözləri yazaq. Ona görə də mühazirəni tam şəkildə yazmaq üçün cümlələrin birini sən, birini də mən yazım. Beləliklə, onun mühazirədə dediklərini olduğu kimi seminarda Həmid müəllimə danışır. Həmid müəllim ondan soruşur ki, sən orta məktəbi harada bitirmisən? O cavab verir ki, Naxçıvanda. Bu zaman Həmid Əfəndiyev ciddi şəkildə deyir ki, sizinkilər bizim predmeti yaxşı bilir. Və beləliklə, Nizami Xudiyev bir tələbə kimi müəllimi Həmid Əfəndiyevin etimadını qazanır.

Nizami Xudiyev professor Əbdüləzəl Dəmirçizadədən "Tarixi qrammatika", "Azərbaycan ədəbi dilinin tarixi" fənlərinin, Feyzulla Qasımzadədən "XIX əsr Azərbaycan ədəbiyyatı", Zeynal Tağızadədən "Müasir Azərbaycan dili" fənninin, Məmmədhüseyn Təhmasibdən folklorun, İsmayıl Şıxlıdan xarici ölkələr ədəbiyyatının sirlərini öyrənmişdir. O bu görkəmli alim-müəllimlərdən rəftar, davranış, fədakarlıq, prinsipiallıq və digər çoxlu müsbət keyfiyyətlər əxz etmişdir.

Nizami Xudiyev tələbəlik illəri barədə yazır: "Tələbəlik illəri həqiqətən ömrümüzün ən əziz və unudulmaz bir parçasıdır. Bu zaman kəsiyində nə baş verirdisə, hamısı mənim üçün doğmadır. O illəri xatırladıqca istər-istəməz onları bir daha yaşamaq arzulayırsan. Amma heyif ki, o illəri bir daha geri qaytarmaq olmur. Bu, ilahi təbiətin yazdığı qanundur, onu pozmaq insanın qüvvəsi xaricindədir". Ancaq yerində saymaq olmur, həyat öz axarında davam edir. Nizami Xudiyevin də axarlı həyatı tələbəlik illərindən sonra elmə, elmi-pedaqoji fəaliyyətə yön alır.

Elmə gedən yol belə başladı

Elm öyrənmək birinci növbədə həyat və cəmiyyət haqqında əsl həqiqəti öyrənməkdir. Ədəbiyyat üzrə Nobel mükafatçısı, Böyük britaniyalı Harold Pinter ona təqdim olunan Nobel mükafatının təqdimat mərasimində deyirdi: "Düşünürəm ki, mövcud nəhəng fikir ayrılığına baxmayaraq, vətəndaşların möhkəm, sarsılmaz və ehtiraslı intellektual qərarı həyat və cəmiyyət haqqında əsl həqiqəti öyrənməkdir; bu bizim üçün son dərəcə vacibdir. Faktiki olaraq bu bizim borcumuzdur".

Nizami Xudiyev filologiya fakültəsini fərqlənmə diplomu ilə 1970-ci ildə bitirir. İnstitut Elmi Şurasının qərarı ilə "Azərbaycan dilçiliyi" kafedrasında müəllim vəzifəsində saxlanılır. Hələ tələbəlik dövründən professor Əbdüləzəl Dəmirçizadənin etimadını qazanmış Nizami Xudiyev onun məsləhəti ilə "Qədim türk yazılı abidələri", "Müasir Azərbaycan dili",  "Dialektologiya", "Dilçiliyə giriş", "Üslubiyyat", "Azərbaycan ədəbi dil tarixi" fənlərindən dərs deyir. Ancaq qarşıda onu hərbi xidmət gözləyir. O, 1972-1973-cü illərdə Tiflis və Xankəndidə hərbi xidmətdə olur. 1977-ci ildə ailə qurur, 1978-ci ildə "Abdulla Şaiqin nəsr dili" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. O, elmi-pedaqoji fəaliyyətinin imkanlarından daha səmərəli istifadə edir. "Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf qanunauyğunluqları (Sovet dövrü)" mövzusunda doktorluq dissertasiyası Koordinasiya Şurasında təsdiq olunur. 1979-cu ildə yekdilliklə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Həmkarlar İttifaqı Komitəsinin sədri seçilir. Bu seçkili vəzifədə 1991-ci ilə kimi fəaliyyət göstərir. 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edir və bir müddətdən sonra professor vəzifəsinə layiq görülür. Doktorluq dissertasiyasının müdafiəsindən sonra onun məsuliyyəti birə-beş qat artır. O, dilçiliyin az işlənmiş sahələrini, problemlərini tədqiq edir. Müntəzəm olaraq bir-birinin ardınca "Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı", "Azərbaycan ədəbi dilinin zənginləşmə yolları", "Yazıçı dili və üslubu", "Azərbaycan ədəbi dilinin sovet dövrü", "Tərcümə ədəbiyyatı və ədəbi dilimiz", "Azərbaycan ədəbi dilinin təşəkkülü", "XIII-XVI əsrlər Azərbaycan ədəbi dili", "XV-XVI əsrlər Azərbaycan ədəbi dili", "Azərbaycan milli ədəbi dilinin yaranması və inkişafı", "XX əsr Azərbaycan ədəbi dili" və s. kitablarını çap etdirir. Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Alma-Ata, Ankara, İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən qurultay və simpoziumlarda nümayəndə kimi iştirak edir, məruzələrlə çıxış edir. Nizami Xudiyev 1991-1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (indiki ADPU-nun ) birinci prorektoru, 1994-1996-cı illərdə isə həmin universitetin rektoru vəzifəsində işləyir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bir zərurət və tələbat kimi tarixi reallığa çevrildi. Ulu öndərin silahdaşı olmaq Nizami Xudiyevin də qisməti, bəxt yazısı oldu. O, 1996-cı ildə Heydər Əliyevin fərmanı ilə məsul bir dövlət vəzifəsinə - Dövlət Teleradio Verilişləri Şirkətinin sədri vəzifəsinə təyin olundu. Düz on il o, ölkəmizin bir nömrəli ideoloji mərkəzinə rəhbərlik etdi. Onun rəhbərliyi dövründə "Turan", "Azərbaycan dili", "Vətəndaş", "Türk elləri", "Yallı", "Qala", "Karvan", "Buta", "Qobustan", "Səhər" proqramları ən populyar proqramlar olmaqla geniş ictimaiyyətin maraq dairəsinə çevrildi.

Nizami Xudiyev 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 400-dən çox elmi məqalənin, 50-dən çox sənədli televiziya filminin ssenari müəllifidir. Onun elmi-pedaqoji fəaliyyəti ən yüksək mükafatlarla qiymətləndirilib. Azərbaycan Ali Sovetinin fəxri fərmanı (1982), "Araz" (1992), "Nailiyyət" (1995), "Akademik Yusif Məmmədəliyev adına medal və mükafat" (1996), "İnam" (1997), "Vətən" (1998), "Qızıl Qələm" (2001), "Abdulla Şaiq" (2001), "Həsən bəy Zərdabi" (2004), Respublika "Vektor" Beynəlxalq Elm Mərkəzinin "İlin ziyalısı" Beynəlxalq diplomu (2004), "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı (2012), "Türk dilinə xidmət" ödülü (2004) və sair mükafatlara layiq görülübdür.

Millət vəkili Nizami Xudiyev

İnsan övladı həqiqəti görməyi bacarmalıdır. Nəzərə almalıdır ki, həyatda zərgər dəqiqliyi ilə ölçüb-biçənlər siyasətdə də irəli gedə bilirlər. Vaxtilə ədəbiyyat üzrə Nobel mükafatçısı Harold Pinter deyirdi: "Güzgüyə baxanda elə düşünürük ki, qarşımızda peyda olan obraz dəqiqdir. Lakin bircə millimetr yayınan kimi obraz da dəyişir. Əslində, biz əkslərin bitib-tükənməz, sonsuz səfini görürük. Lakin hərdən güzgünü sındırmağa dəyər - çünki o üzdən bizə həqiqət baxır".

Nizami Xudiyev görkəmli mütəfəkkir alim Nəsirəddin Tusinin bu fikrini həyat və fəaliyyətində uca tutub: "İnsanı dörd şey hörmətli edər: doğruçuluq, ədəblilik, elmlilik və xoşxasiyyətlilik". O bu dörd elementi vəhdət halında həyat və fəaliyyətinin, eləcə də prinsiplərinin kredosuna çeviribdir. Millət vəkili-xalq elçisi adının məsuliyyətini və bunun bütün rütbələrdən, vəzifələrdən, təltiflərdən ən yüksəkdə dayanan bir ad olduğunu yaxşı bilibdir. Odur ki, 1995-ci ildən 2010-cu ilədək, üç çağırış millət vəkili kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Milli Məclisinə iki çağırış Naxçıvanın Şərur-Babək seçki dairəsindən seçilib. Üçüncü dəfə millət vəkili seçilməsi Azərbaycanın "Şimal Qapı"sında yerləşən Xaçmaz rayonundan olubdur. O, uzun müddətlik deputatlıq fəaliyyəti dövründə üzərinə düşən çətin, ancaq son dərəcə şərəfli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıbdır. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü olarkən "Təhsil haqqında qanun"un hazırlanmasında, onun müzakirəsində, komitənin səlahiyyətinə aid olan məsələlərin həllində fəal iştirak edibdir. O, Milli Məclisin yanındakı Toponimika Komitəsinin iclaslarında şəhər, kənd və qəsəbə adlarının dəyişdirilməsi, onlara yeni adların verilməsi, adların dəyişdirilməsində tarixi haqsızlıqların aradan qaldırılması işində yaxından iştirak etmiş, əlindən gələn köməyi əsirgəməmişdir. O, millət vəkili kimi, Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərinin inkişafında, əlaqələrin möhkəmlənməsində və genişlənməsində fəal iştirak etmiş, tez-tez xarici səfərlərdə olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi ölkəmizin həmin dövlətlərlə əlaqələrinin  möhkəmlənməsində və inkişafında fəal rol oynamışdır.

Nizami Xudiyev hal-hazırda...  

Nizami Xudiyev bu gün vaxtilə professor Bəkir Çobanzadənin, professor Əbdüləzəl Dəmirçizadənin, professor Afad Qurbanovun rəhbərlik etdikləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışır. Tələbələrinin elmi biliklərə yiyələnməsində böyük şövqlə işləyir, mühazirə və seminarlarını aparır, doktorant və dissertantlarını yetişdirir. Özünün də etiraf etdiyi kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti onun üçün ziyarət etdiyi Məkkə, Mədinə və Kərbəladan sonra ikinci qibləgahıdır. Bu qibləgahda o, müəllimlərindən, xalqımızın görkəmli alimlərindən çox şeylər öyrənmiş, öz elmini, təcrübəsini təkmilləşdirmiş və inkişaf etdirmiş, müxtəlif vəzifələrdə çalışmışdır. Nizami Xudiyev üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də ona görə əzizdir ki, onun atası, əmisi, dayısı, bacısı bu universitetin məzunu olmuşdur. Ona yüz yaşın ərəfəsində olan bu qocaman elm və təhsil ocağında 52 il oxumaq, işləmək səadəti verilibdir.

Nizami Xudiyev ictimai-siyasi mövqeyi və fəallığı da əbədidir, dönməzdir. O, ölkəmizin əsas və aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. "Mətbuat və ictimai əlaqələr" komissiyasının sədridir. Respublikamızın  ictimai-siyasi həyatında fəal iştirak edir. Bir sözlə, həyat davam edir. İnanırıq ki, 70 yaşlı Nizami Xudiyevin gözəl və mənalı günləri hələ qarşıdadır. Hər şey Tanrının əlindədir. Tanrı köməyiniz, 70 yaşınız mübarək olsun.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!