Dəşti-qıpçaq duyğuları... - Daniyar Dosanovun xatirəsinə - Elxan Zal Qaraxanlı yazır

 

Səni sevirəm, çöl! Sənin nəhayətsizliyinə qarışıram. Sən okean kimi sərhədsiz, sən kainat kimi sonsuzsan. Sən Adəm övladının hərəkət meydanısan. Səni yalnız hərəkətdə duymaq olar, çölü anlamaq üçün onun içinə doğru getməlisən. Dənizə səyahət etməsən, dənizi anlamazsan, onun duzlu tamını içinə çəkməsən onun şirinliyini duya bilməzsən. Çöl də öylədir, qurunun okeanı... Sən Çöl düşüncələrinə dalanda başının üstündə berkurt uçmasa, hər nəfəs çəkəndə çiçəkləmiş yovşanın əsrarlı qoxusu ciyərlərinə dolub oradan bütün bədəninə yayılmasa, istep küləyi məhrəm nəfəsilə bədəninə toxunmasa,  sən bu çöldən nə anlayarsan? Bəlkə də, sən heç onu anlamaq istəmirsən, sadəcə, dərindən nəfəs alıb üfüqə doğru, nəhayətsizliyə doğru zilləyirsən gözlərini. Üfüqün ardına çatmaq istəyirsən, at ilxılarını görmək istəyirsən, qoyun sürülərini görmək istəyirsən. Köçəri uruqların azimutu boyu hərəkət edən köç sevdasını, hərəkət sevdasını duymaq istəyirsən.

Köç məqamı çatanda,

səfər tumu çırtladı.

Yolçuluq həvəsində

yurtalar yumurtladı.

 

Massaget təbəssümü

pırıl atlara noxta.

Köç ruhu tərpədəndə

tale gedir qabaqda.

 

Yel yeyürük yoldaşı,

yollar uzun dünya dar.

Rahatlıq məlakəsi

araya xançal qoyar.

 

Çöllərin sərhədləri

yol gedənə divarmı?

Dünya boyda günbəzin

şəhər hücrəsi varmı?

Gedək, nə son var, nə uc,

bir el cana yığışmaz.

Küləkdən don geyənlər,

kəndə, köyə sığışmaz.

Duyğulanırsan, ürəyindən bir nəğmə keçir, fəqət sözlər bu nəğməni ifadə eləyə bilmir, sözlər nəhayətsizliyin içərisində əriyir. İçindəsə dambra çalır, qopuz çalır, saz çalır. Minlərlə ozanın eyni ahənglə çaldığı simfoniya.  Başının üstündə qasırğa əsir, yaz yağışının nəmini hiss edirsən yanaqlarında, gözlərin önündən at ilqarları keçir. Qabaqda uzun yallı, iri gövdəli, möhkəm əzələli ayğır qaçır, böyük yürüyüşün öndəri, onun ardınca isə bu yürüyüşün ləzzətindən ekstaza gəlib şənlənən atlar. Atlar oynaşa-oynaşa qaçırlar, onların dodaqlarında bir təbəssüm var və yüzlərlə at gülüşü küləyin saçlarına ilişib istepin üstündə dövrə vurur. Atların yöndəmsiz gülüşlərinə bürünür, bütün dünya.  Dünya at gülüşünün dövrəsində fırlanır. Bura nə cıdır meydanıdır, nə qumarxana. Burda at qaçışına para qoyan da yoxdur. Atların öz doğma dünyasıdır bu çöllər. Onlar burada külək kimi azaddırlar, bulud kimi yüyrəkdirlər. Bir qaçış məsafəsindədir üfüqlər, yürüyür, yürüyür, üfüqün ardını görmək üçün yürüyür ilxılar.

Atlar kişnəyəndə şahin şütüyür,

Bozqır uzandıqca səma bükülür.

Günəşə boylanan göy yamacların,

Üstünə işvəli işıq tökülür.

 

Dünya qayğısızdı, savaşlar bitib,

Yatağan zəhmi var çayın gözündə.

Şərqilər oxuyur torağay xoru,

Dan suyunda dans eləyir şən atlar.

 

Atlar, azad atlar, yelqanad atlar,

Günəşi çimizdirən suların alovuna atılar.

Atəşli suların sərinliyində,

Yanar, yanar, kişnərtilər yanar.

 

Küləyin əlində kəmənd fırlanır,

Nənnidə yellənir qıpçaq gülüşü,

Uçmaq həvəsindədir ötüşən atlar,

Atlar uzaqları yumaqtək yığar.

Bir at qaçışına yığılıb dünya,

İstep, at qaçışı boydadır.

Üfüq pərdəsinin o tərəfində,

Hər qarış torpağa nal möhürlənib.

 

İlxı yellənəndə sərhəd tanımaz,

Örüş ölçüsünə sığışmaz ilxı.

Yüyrək dalğalarla ötüşür atlar,

Suda öz əksiylə öpüşür atlar.

Atlar yellənəndə sərhəd tanımaz,

Sərhədi ardınca sürüyər atlar.

Sular səpsərindi, uzaqlar isti,

Torağay xorunun şərqiləri marş.

Ehey, dan suyunda dans eləyən atlar,

Bizi gözləyən bir yurd var, gedək...

Bəlkə də, bu azad dünyadan ayrılmaq istəməyən milyonlarla ruh gəzib-dolaşır bu yerlərdə. Ola bilsin ki, atlar da əcdadlarının qaçışan ruhlarını görüb belə şənlənirlər. Çöl sakininin çənnəti elə çöldür. Çöl sakinləri öləndə çöl yiyələrinə çevrilirlər. Köçərilər onların şəninə heykəllər qoyurlar, daş balballar. Daşların olmadığı yerlərdə minlərlə daş balballar var. Və Daniyarın ölməz ruhu dolaşır bu yerlərdə.

Daniyar əfsanəsi

Günəş qızıl şüasıyla Dan gözünü dağlayanda,

Çiçəklərin dodaqları sübh şehini saxlayanda,

Dan Tanrı gəldi, Dan Tanrı gəldi - Tan Ra.

Dan Tanrı özü gəldi...

Dan üzünün açılmasını salamlayan

                               mələklər dəstəsindən

Bir mələk ayrılıb insan olmaq istədi,

Sadəcə, insan ömrü yaşamaq istədi mələk,

Dana yar mələk, insan olmaq istədi.

Və hökm gəldi Dan yiyəsi Tanrıdan:

"İyirmi bir il insan olacaqsan

Dan üzünün pərdəsini sonsuzluğa açacaqsan

İyirmi bir il,

Ölərilər arasında olacaqsan,

Sonra geri dönəcəksən".

Tanrı qərarıyla razılaşdı səmasından enən mələk

Və yazıçı Sabitin evinə gəldi.

Dan yaruğu bu mələyi,

Bir Almatı mənzilində

Yer qadını Koralay doğdu.

Mələk insan oldu-körpəcə yavru,

Ulduz təbəssümlü körpəcə yavru.

Xırdaca əlləri vardı mələyin,

Xırdaca ayaqları,

Dan üzü kimi aydın gözləri vardı,

Nilufər təbəssümü vardı mələyin.

Dan üzündə gəlmişdi o,

Səhər-səhər üfüq gözü açılanda.

Dan Tanrının zərrəsiydi yer üzündə.

Dan sənə yar olsun dedilər

Atasıyla anası.

Yer insanları

Daniyar dedilər adına mələyin,

Göy Tanrı  qoy olsun köməyin

Dedilər,

Həmişə xoş olsun diləyin - dedilər.

İnsan kimi yaşadı mələk

İnsan ailəsində.

Ana sevgisilə, ata sevgisilə

Bəşər olmanın şirinliyini duydu,

Fani həyatdan zövq aldı mələk.

Amma gəldiyi yeri də unutmadı.

Hər gün doğan günəşi qarşıladı mələk

Səhərin açılmasından doymadı.

Danı sevirdi Dannan gələn Daniyar,

Axı o özü Danın bir hissəsiydi.

Beləcənə ata-ana sevgisilə böyüdü mələk,

İnsanların arasında yigit oldu.

Qol-budaqlı çinar kimi

Yamyaşıl dəliqanlı.

İnsanların arasında mələk kimi yaşadı,

Mələk kimi işlər gördü insanlar arasında.

Mələkmisal bir qız tapdı insanlar arasında,

Mələküzlü Anjelika.

Yer üzündə görüşdülər mələkmisal iki gənc,

Bu dünyaya işıq səpdi mələklərin sevgisi,

Qızılgüllər rəqs elədi onlar hər sevinəndə.

Mələklərin sevgisinə nəğmə dedi quş xoru,

Yerə altun töküldü ulduz təbəssümündən.

Quşlar onu sevirdi, dan üzünü açan quşlar,

Dan gözündə uçan quşlar,

Quşların sevimlisiydi Danın özü Daniyar.

Göy üzündən gələn mələk

Dan üzündən doğan mələk

Yer üzünün mələyinə vuruldu.

Onlar elə sevincliydi, onlar elə xoşbəxt idi,

Hər səhər gün doğanda

Rahatlıq səpilirdi şəfəqdən Yer üzünə.

Onlar xoşbəxt idi, çox xoşbəxt idi,

Göy mələyi Daniyar, yer mələyi Anjelik...

Amma hökm vardı-21 il!

Öz hökmünü insandan üst bilir hamıdan adil.

Mələyinə adi insan xoşbəxtliyi qıymadı Tan Ra,

Göy mələyini yer mələyinə

                     qovuşmağa qoymadı Tan Ra.

Toy günü, onların toy günü

Elə toyun astanasında

Göy mələyinin Yer mələyinə

                        qovuşuğunun astanasında

Daniyarı yanına apardı Tan Ra.

Göyə apardı Dan üzünün mələyini,

Dan üzünün işığını apardı...

Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi...

Həmin gün,

Tanrı hökmündə müntəzir duran

Dan üzünü salamlayan mələk xoru

İnsan olmaq istəyən mələk için ağladı,

Hissdən məhrum olunmuşlar için-için ağladı.

Jalə yağdı yer üzünə - mələklərin göz yaşı,

Almatının almaları Daniyar üçün ağladı.

Ata tökdü göz yaşını, ana ağı söylədi,

- "Bumu sənin ədalətin, rəhmin bumu ey Rəhim,

Nədən mənim taleyimə qara qaytan bağladın"?

Yalnız qaldı yer mələyi, mələk üzlü Anjelik,

Dan üzündə gəzdi daim o öz Daniyarını,

Vüsalına yetmədiyi mələkmisal yarını...

 

Dan Tanrı gəldi,

Dan Tanrı var gəldi,

Almatıya toran çökdü...

Göyə bir ulduz uçdu

Göyə Daniyar gəldi.

Noyabr, 2018

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!