Yubiley saatı və Ədəbiyyatın missiyası - Tehran Əlişanoğlu yazır

Müxbir üzvün qeydləri

 

Gözəl və əcəb günlər yaşayırıq...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin az bir zamanda ədəbiyyat klassiklərinin - İmadəddin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Həmid Araslının 110 illik yubileylərinin keçirilməsinə dair beş sərəncam imzalaması, 2019-cu ili Nəsimi ili elan etməsi ədəbi ictimaiyyətimizi sevindirdi, eyni zamanda dərindən düşündürdü. Bu il bizim ilimizdir.

Prezident sərəncamları dövlətin ədəbiyyata böyük önəm və inamının göstəricisi olduğu kimi, tələb və gözləntilərinin də ifadəsidir. Ədəbiyyata dövlət diqqəti xalqın, cəmiyyətin, milli toplumun mənəvi tələbatından irəli gəldiyi kimi, buna cavab olaraq şairlər, yazıçılar, ədiblər, ədəbiyyat alimləri, bütünlükdə ölkənin ədəbiyyat korpusunu təmsil edənlərin məsuliyyətini də şərtləndirir.  

Sərəncamların preambula hissələrinə baxın. Ayrı-ayrı klassiklərə münasibət, çağdaş baxış bucağından dürüst dəyərləndirmə ilə yanaşı, eyni zamanda bu mənəvi sərvətin bu gün də bizimlə olması, bizim üçün daha da çox proqram əhəmiyyəti kəsb etməsi məxsusi vurğulanmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaxın elmi şuralarından birində akademik İsa Həbibbəyli bundan çıxış edərək, ədəbiyyata dair Prezident sərəncamlarının bizim üçün ali kurs olduğunu bildirdi.

AMEA-nın humanitar elmləri təmsil edən İnstitutları ədəbiyat klassiklərinin adını daşıyır: Dədə Qorqud adına Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı muzeyi, İmadəddin Nəsimi adına Dilçilik İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Hüseyn Cavidin Ev muzeyi. Özlüyündə məna kəsb edən bu Adlandırmanın ideya müəlliflərindən birincisi ulu öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyevin təşəbbüsü və böyük iradəsi ilə ümumittifaq və YUNESKO səviyyəsində qeyd edilən İmadəddin Nəsiminin 600 illik yubileyi zamanından Dilçilik İnstitutu bu şərəfli adı daşımağa başlamışdır. Hüseyn Cavidin Ev muzeyi Heydər Əliyevin özünün vurğuladığı kimi: "həm təşəbbüskarı, həm də müəllifi" olduğu ədibin 100 illik yubileyi haqqında 1981-ci il dövlət qərarı ilə yaradılmışdır. Əlyazmalar İnstitutuna dahi şairin 500 illik yubileyi günlərində, 1994-1996-cı illərdə Məhəmməd Füzuli adının verilməsi hamımızın yadındadır (tədbirlər birbaşa Azərbaycan televiziyası ilə göstərilirdi); necə ulu Heydər Əliyev İnstitutun tarixini yada salıb, Əlyazmalar Fonduna Ali Sovetin köhnə binasını verdiyini, onu İnstituta çevirdiyini vurğuladı və böyük sevgiylə Məhəmməd Füzulinin adını bu mötəbər ocağa layiq bildi... Eyni zamanda artıq müxtəlif yubiley yaşlarına çatmış bu İnstitutlar geniş və önəmli fəaliyyətləri ilə daşıdığı ada layiq olmağa çalışmış, dövlətin etimadını doğrultmuşlar. (Yeri gəlmişkən, elə bu günlərdə hansısa "islahat ekspertləri" Adların daşıdığı tarixi missiyaya məhəl qoymadan, mətbuatda tam səlahiyyətlilər kimi çıxış edərək, adı çəkilən İnstitutları birləşdirməyi təklif etmiş. Buradaca sormaq istəyirsən: yaratmaq istədiyiniz nəhəng monstrı necə adlandırmaq fikrindəsiniz, cənablar? Dədəm Qorqud- Nizami Gəncəvi- İmadəddin Nəsimi- Məhəmməd Füzuli- Hüseyn Cavid adına İndustriyamı?) Adlar tarixdir, tarixi dəyərdir və Adlar müasirliyə mesajdır... 

Ulu Heydər Əliyev hakimiyyətdə olduğu hələ sovet dönəmindən dövlət - ədəbiyyat münasibətlərinin harmoniyasına, möhkəmliyinə daim diqqət yetirmiş, müstəqillik illərində, ən çətin zamanlarda belə ardıcıl diqqətində saxlamışdır. Ulu öndər ədəbiyyat və incəsənətimizin əsas tarixi missiyasını Azərbaycanı, Azərbaycan xalqını bütün dünyada tanıtmaqda, ucaltmaqda, ona şöhrət qazandırmaqda görürdü. Klassik dəyərlərə dönüşün məğzini, mənasını, əhəmiyyətini də ilk növbədə həmin tarixi missiyaya bağlayırdı. 1994-cü ildə ölkənin çətin durumunda, müstəqil Azərbaycanın hələ dərin ictimai-siyasi və iqtisadi böhran içində çabaladığı bir zamanda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyini keçirməyə qərar vermiş ulu öndər deyirdi: "Eyni zamanda, qeyd etdiyim kimi, biz daim çalışmalıyıq ki, Azərbaycan xalqını dünyaya daha yaxından tanıdaq. Qoy bilsinlər ki, xalqımızın çoxəsrlik, zəngin, tarixi mədəniyyəti var. Bilsinlər ki, Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə əsaslanır. Bu ona görə lazımdır ki, hamımıza məlum olan düşmən qüvvələr həmişə sübut etməyə çalışmışdır ki, Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsizdir ki, bu, cəfəngiyyatdır. Ona görə də Füzuli kimi şəxsiyyəti dünyaya bir daha tanıtmaqla onun necə böyük şair, mütəfəkkir, filosof olduğunu və dünya mədəniyyətinə nə qədər töhfə verdiyini, onu necə zənginləşdirdiyini göstərəcəyik. Buna bizim əvvəllər də ehtiyacımız olmuşdur, lakin bu gün xüsusilə vacibdir. Çünki Azərbaycan müstəqil dövlətdir..."

Azərbaycan Prezidenti İlham Əliyevin son illərimizi "Multikulturalizm ili", "İslam həmrəyliyi ili", "Azərbaycan Xalq Cümhuriyyəti ili", "İmadəddin Nəsimi ili" elan etməsi məhz Heydər Əliyev yolunun yeni tarixi formatda davamının əyani sübutudur. Bu dövləti format ona görə mühüm və önəmlidir ki, bir yandan bütöv bir zaman ərzində cəmiyyəti milli və tarixi dəyərlər üzərində kökləyir, səfərbər edir, toparlayır, xalqın özünə-sədaqət və özünə-inam hisslərini gücləndirir, özündən uzaqlaşma hallarının qarşısını alır. Eyni zamanda, digər tərəfdən kimliyimizi, varlığımızı, mental dəyərlərimizi və müasirliyimizi bu və başqa yöndən bütün dünyaya bəyan etməyə fürsət yaradır. Azərbaycan Prezidenti çıxışlarında özünəxas Azərbaycan modelindən söz açır və bir anlığa yaşadığımız son "milli illər"in (multikultural-islami-demokratik-klassik) addımlarına həssas olsaq, həmin modelin fəlsəfəsinə də xali olasıyıq. Çağdaş şairin vəsf etdiyi kimi:

Bütün dünya od içində, ölkəm əmin əllərdədir,

Kim yaşadıb, kim ucaldıb, yenə həmin əllərdədir...

Çağdaş Azərbaycançılıq ideologiyasını formalaşdırarkən, ulu Heydər Əliyev klassik siyasi və milli-mənəvi dəyərlərə, o sıradan Azərbaycan ədəbiyyatı klassiklərinə söykənmiş, arxalanmışdır. Bunu Heydər Əliyevin hələ 1970-ci illərdən klassik ədiblər - Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Səməd Vurğun haqqında çıxışlarından görür, bilirik. Buna biz müstəqillik illərində ulu öndərin klassiklərə dair konkret fikirlərindən əmin oluruq. Cəlil Məmmədquluzadənin 125 illik yubileyində Heydər Əliyev deyirdi: "Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasına, yaranmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir..."

Eyni qədər də Azərbaycan ədibləri - M.F.Axundzadə, Ə.Hüseynzadə, C.Məmmədquluzadədən başlamış S.Vurğun, B.Vahabzadə, M.Arazacan həmişə ən ali mərtəbədə, dövlət miqyasında düşünmüş, xalq, millət, vətən - Azərbaycan naminə qələm işlətmişlər. "Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı - inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noibəşər üçün nicat yolu yoxdur..." Bu sözləri Mirzə Cəlil 1917-ci ildə deyirdi, məşhur "Azərbaycan" məqaləsində. Hələ Azərbaycan Xalq Cümhuriyyəti yaranmamışdı. Azərbaycan ədəbiyyatı tarixindən mühazirələrimdən birini, Məhəmmədəmin Rəsulzadənin məşhur sözlərini azca çevirərək: "Romantizm hərəkatının şah əsəri - AXC" adlandırır, romantizm-realizm ədəbiyyatının ötən əsrin əvvəllərində sanki heçdən Azərbaycan bayrağının yaranmasında və yüksəlməsində nə qədər böyük işlər gördüyünü müasir gəncliyin nəzərinə yetirməyə çalışıram. Cümhuriyyət ideyasının qəlblərə hakim olub millət bayrağına çevrilməsində ədəbiyyatın xidmətləri misilsizdir:

Türküstan yelləri öpüb alnını.

Söylüyor dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzgun dənizdən,

Ərməğan yollasın yara bayrağım!..

Turançılıqdan Azərbaycançılığa gələn yolun poetik xəritəsini şair belə cızırdı...

Bir kərə yüksələn bayraq enməz; sonrakı yetmiş ildə həmin bayrağın ucalığını yaşatmaq, əsrin-zamanın ağırlığından keçirmək heç də asan olmamışdır. Nə olmuşdursa, olmuşdur, ulu Heydər Əliyev Azərbaycan adı gələndə zamanları, epoxaları, tarixi dəyərləri qarşı-qarşıya qoymağın əleyhdarı, Azərbaycan mənasını, Azərbaycan idealını daima qoruyub-yaşatmağın tərəfdarı idi. O deyirdi: "Əsrin əvvəlində - 1910-cu, 1920-30-cu illərdə bizim böyük şairlərimizin, yazıçılarımızın əsərləri ancaq millilik, vətənpərvərlik, millətçilik hissləri ilə yazılmışdır. Ancaq sonrakı dövrü mən ona görə xüsusi vurğulayıram ki, 1937-38-ci illərdə bizim ədəbiyyatımıza böyük zərbə vuruldu, böyük itkilərimiz oldu. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Çəmənzəminli və başqaları... 37-38-ci illərin qurbanları oldu. Ancaq mən ondan sonrakı ədəbiyyatı inkişaf etdirən yazıçılarımızı, şairlərimizi deyirəm. Onların əsərlərində milli hissiyyatımızı, dəyərlərimizi deyirəm..."

Belə ki, "olmuşlar"ı dilə gətirmək yasaq olanda, böyük Səməd Vurğun Azərbaycan varlığı naminə alternativ yollar aradı:

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan...

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi...

Kim deyə bilər ki, bu misralardakı Xanın səsində havalanan, şairə məhz "Vaqif"i yazdıran Qarabağ tarixi, günün acılarını sızdıran Qarabağ mənzərələri deyildir?!

***

Prezident sərəncamları fonunda düşüncələr məni Ədəbiyyat - Dövlət münasibətlərinin son bir əsrlik tarixinə çəkib-aparır. Düşünürəm ki, bütövlükdə xalq, millət, dövlət səviyyəsində (dövləti) düşünən Azərbaycan ədəbiyyatı təzad və keşməkeşlərlə dolu XX əsrdə bir neçə "Azərbaycan modeli" irəli sürmüşdür (Təbii ki, məişət təfəkkürlü ikinci, üçüncü sıra ədəbiyyat da həmin kontekstlərə transformasiya olunur).

Birincisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəşət edən Azərbaycan iftixarı, Azərbaycan qüruru, Azərbaycan adı-mənası-ideyasının vəsfi-tərənnümü-təcəssümü modelidir. Əhməd Cavadın, Səməd Vurğunun adı ilə bağlı olub, sonrakı dövrdə Süleyman Rüstəm, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk şeirində (və onlarla digər yazıçı və şairin yaradıcılığında) davam tapır, yeni çalarlar alır, ritorikləşir, dəyişir. Ulu Heydər Əliyev həmin modelə olduqca önəm verirdi: "Səməd Vurğun şeirinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara vətəni, milləti, torpağı sevməyi öyrədir".

İkinci bir model daha irəlidən, əsrin əvvəllərindən gələn analitik Azərbaycan modelidir, istisnasız Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır; M.Ə.Sabir, M.Hadi, A.Səhhət, Ə.Haqverdiyev, A.Şaiq, Y.V.Çəmənzəminlidə, 60-cılar ədəbiyyatında və bu gün (onlarla digər yazıçı və şairin yaradıcılığında) müxtəlif çalarlarda davam tapır, intişar edir, meta-təhkiyəyə çevrilir və hətta metastaz verir. Dahi Mirzə Cəlilin 150 illik yubileyi günlərində bu məqama məxsusi diqqət yetirməliyik. Çünki hələ bugünəcən də Cəlil Məmmədquluzadənin Azərbaycanı başdan-başa qaranlıq görüb, "müsəlmanlara qəm pəncərəsindən baxdığı"nı cəmiyyətə yanlış yansıdanlar var. Azərbaycançılıq ideyası, Azərbaycan idealını "Molla Nəsrəddin" dərgisində 25 il sərasər yeridən mütəfəkkirə bunu necə qıymaq olar? Cəlil Məmmədquluzadənin 125 illik yubileyindəki geniş və parlaq nitqində ulu öndər Heydər Əliyev ədibin "Cümhuriyyət" əsərini təfərrüatlı şərh edərək, belə bir qənaət hasil edir ki: "Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi cəmiyyət yaratmaq istəyirik..." Daha sonra "Molla Nəsrəddin" dərgisinə, "Ölülər" və "Anamın kitabı" əsərlərinə elə bir orijinal və çağdaş rakursdan işıq salıb, mülahizələrini söyləyir ki, həmin tezislər mübaliğəsiz, bu gün biz ədəbiyyatşünaslar üçün ali kurs səviyyəsində qəbul oluna bilər. Sitat. "O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik..." "Gözümü birinci dəfə açandan dünyanı qaranlıq görmüşəm..." deyirdi Mirzə Cəlil. Mirzə Cəlil Azərbaycanı qaranlıq görmürdü ki; əksinə, Azərbaycanı Azərbaycan olmağa qoymayan mühiti qaranlıq görür, öz sözləri ilə desək, "köklərinə, rişələrinəcən" analiz edirdi.

Üçüncü bir model - modern Azərbaycan qurmaq ideyasını qapsayır; Cəfər Cabbarlı dramaturgiyasından nəşət edir və müasirAzərbaycanın yerini dünya xəritəsində axtarır. Uzun illər ərzində Cəfər Cabbarlını Azərbaycan ədəbiyyatında sovet dramaturgiyasının, sosialist realizmi cərəyanının banisi kimi tanıtmışlar; bu isə müstəqillik dövrü ədəbiyyatı və cəmiyyətinin XX əsr klassikinə yaxından təmasına xeyli qədər əngəl olmuşdur. Halbuki sağlığında, sosrealizm (proletar) ədəbiyyatı Cəfər Cabbarlını yaxın buraxmayıb, "cığırdaş" adlandırmış, yalnız ölümündən sonra irsinə sahib çıxmağa girişmişdi. 1920-1930-cu illərin ədəbi prosesində mühacirət ədəbiyyatşünaslığı, o sıradan M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Yurdsevərlə marksist tənqid arasında C.Cabbarlı ətrafında kəskin ideoloji savaş getdiyi məlumdur; mübahisənin predmeti bu idi ki: C.Cabbarlı, yaradıcılığında Cümhuriyyət dəyərləri üzərinəmi gəlişir, ya sosializm kollektivçiliyi? Mənimcə, böyük klassikin 120 illik yubileyi günlərində bu məqama məxsusən həssas olmalıyıq...

Cəfər Cabbarlı 1922-ci ildə tamamladığı "Oqtay Eloğlu"nun faciəvi sonluğunda qəhrəmanının dili ilə deyirdi: "Bacarmırsan yaratma, yaradırsan yaşat!". Bir ideya olaraq, həmin manifesti sənət fədaisinin xalqı üçün teatr yaratmaq ehtirası və acısına yozuruq; eyni qədər də həmin acını sublimativ olaraq qəhrəmanın xalqından, millətindən umduğu dövlət, cəmiyyət, cümhuriyyət dəyərlərinin də ayağına yaza bilərik. Axı gənc ədibin, bayrağını vəsf etdiyi Azərbaycan Xalq Cümhuriyyəti təzəcə yıxılmışdı; həm də hakimiyyət partiyası Müsavatın gənclər təşkilatının katibi olmuş Cabbarlının yaxından izləməyə şansı olduğu, gözləri qabağında. Bacarmırsan yaratma, yaradırsansa yaşat! Bir az sonra "Od gəlini"ndə bu inkar notları Biləgənli Elxanın dilindən daha kəskin səslənəcək: "Yoxdur Allah, yoxdur Allah!"; tarixin dərinindən və günün həqiqətindən. Bu, Cəfər Cabbarlının Azərbaycan adına, Cümhuriyyət dəyərləri üzərinə yüksəldiyi fərdi həqiqəti idi; sonrakı qəhrəmanları Sevildə, Gülüşdə ("Sevil"), Almazda ("Almaz"), Gülsabahda ("Dönüş"), hətta Baxşıda ("1905-ci ildə"), Yaşarda ("Yaşar") da davam tapır: fərdin düşüncə və fəaliyyət sərbəstliyi, ideya mübarizəsi, bütövlükdə XX əsr insanının modern cəmiyyət çabaları hər cür ehkamlara, patriarxal, pul (kapital) və sosial naqisliklər cəmiyyətinə qarşı! Cəfər Cabbarlı irsini sosrealizmə yozanlar bu incə məqamda aldanırdılar; "həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab!" - modern Azərbaycan düşüncəsi də bunu istəyirdi, sosrealizm də...

Modern Azərbaycan çabalarını ömrü yarıda qırılmış Mikayıl Müşfiq poeziyasında da görürük, sosrealist yazıçılarda da (fəqət sosializm kontekstində!), Rəsul Rzada, İlyas Əfəndiyevdə, Əli Kərimdə (və əsrin ikinci yarısı hər növ modernist cəhdlərdə) də. 1930-1950-ci illərin repressiv mühitində analitik Azərbaycan modelindən bilmərrə çəkinən yazıçılar C.Cabbarlı modelinə üstünlük verirdilər. Ulu Heydər Əliyev son dərəcə yüksək bədii zövqü və həssas müşahidəsi ilə həmin həqiqəti dürüst dəyərləndirmişdir: "Cabbarlının simasında Azərbaycan mədəniyyəti elə bir yeni tipli sənətkar tapdı ki, onun üçün ədəbiyyat və sənət yalnız real həyatı əks etdirmək vasitəsi deyildi, həm də həyatın mürəkkəb inkişafına fəal müdaxilə etmək vasitəsi idi..."

Ən nəhayət, dördüncüsü - ideal Azərbaycan modeli; Hüseyn Cavid dühasında təcəssüm tapır. Şəksiz ki, "şeirimizin baş qəhrəmanı"nın "gah İrandan, gah Turandan gəlməsi"ni iddia edən Səməd Vurğun gənclik ehtirası və maksimalizmində yanılırdı; Hüseyn Cavidin qəhrəmanı nə İrandan gəlirdi, nə də Turandan. Azərbaycan özü Şərqin bir parçası idi "Qərbləşən" dünyada, Qərblə üz-üzə dayanmışdı. Turanın bir parçası idi (Əlibəy Hüseynzadədəki kimi), İran-Turan savaşından doğmuşdu (M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuş"undakı tək). Hüseyn Cavid sovet rejimi ilə göz-gözə "Əsrimizin Səyavuş"unu yazırdı. Hələ rejiməqədərki müstəvidə Şərq - Qərb dəyərlərinin labüdən üzləşməsini yazmış ("Ana"da, "Şeyx Sənan"da, "Maral"da, "Şeyda"da, "Uçurum"da, "İblis"də, "Afət"də), ən müxtəlif mövzu və motivlərdə süzgəcdən keçirmişdi. Azər Qərb dünyasını gəzib dolanır ("Azər"də), hər yerdə "İblisə uymuş bəşəriyyət"i seyr edir, "Dəli knyaz"ların aqibətini görür; yenə qayıdıb-gəlib "Peyğəmbər"ə tapınır , "Topal Teymur"a üz tutur, "Səyavuş"u arayır, "Xəyyam"ı yazırdı (Hər iki qəhrəmanın - Azərin və Xəyyamın prototipi, şəksiz ki, həm də Cavidin özüdür). 1920-1930-cu illərin repressiv mühitində sənətkarlar bayrağımızın yalnız bir rənginə (müasirlik!) sığınmışkən, Hüseyn Cavid "bir kərə yüksələn üçrəngli bayrağ"ı yazmaqda davam edən yeganə dahi idi. İdeal idi, ona görə ki, heç də Azərbaycanın yerini dünya xəritəsində axtarmırdı; Azərbaycan zatən dünya xəritəsində vardı! Gərəkməzdimi indi artıq Şərq-Qərb divanına imzasını qoymuş bu qalib (və qayib) ünvanın namını-nişanını dünya özü axtarsın?! Bu bir İdeal idi, bu gün də tapındığımız ideal...

Azərbaycan Prezidenti İlham Əliyevin Real TV-yə verdiyi son müsahibədən bir məqam yadıma düşür. Prezident deyir: "Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq... Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq..." Yox, mənim ölkəmin varlığı gah İrandan, gah da Turandan, gah Amerikadan, gah da Rusiyadan gəlmir; müstəqil Azərbaycanın dünya xəritəsində(n) göylərə ucalan bayrağını anıb, İdeala tapınır:

Azərbaycan - Yaradanın insanlığa şəfqət payı,

Yer üzünə xeyir yayır, sevgi yayır, barış yayır.

Zalımların qarşısında, məzlumların yanındadır,

Ədalətə könül vermək millətimin canındadır.

Bu dünyanı qorxutmağa atomu yox, nüvəsi yox,

Amma onun işığı çox, sevgisi çox, hörməti çox.

Bir səadət körpüsüdür insanlığın arasında,

Adı daha sevilənlər, sayılanlar sırasında...

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyində humanitarilərdən artıq 25 ilini başa vurmuş Müstəqil Azərbaycanın tarixini yazmağı, dəyərlərini tanıtmağı, Azərbaycan dilinin vüsətini qaldırmağı istədi. Düşünürəm ki, bu tələblər eyni dərəcədə Azərbaycan ədibləri, yazıçıları, sənətkarları qarşısında da durur. Müstəqil Azərbaycanın obrazını ədəbiyyatımız necə görür, təqdim edir, tanıdır? XX əsr klassiklərimiz bizə bu qədər zəngin imkanlar yaratmışkən, çağdaş qələm əhlinin gümanı haralara gedib cıxır? Dövləti düşüncədən uzaq düşmürmü? Düşünürəm ki, Azərbaycan ədiblərinin yubileylərinə dair Prezident sərəncamları artıq içərisində olub yaşadığımız Nəsimi ilində həm də Ədəbiyyatın tarixi missiyası məsələsini bir daha aktual edir, gündəmə gətirir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!