Daha "bir nəzər"... - Səhv nəzərləri sərf-nəzər etmə vaxtı - Nizaməddin MUSTAFA

Seyid Əzim ədəbiyyatın gələcəyi naminə həm də ədəbi aləmdə hökm sürən həcv kultunu sındıran şairlərdəndir

Əvvəli ötən saylarımızda : http://edebiyyatqazeti.az/news/edebi-tenqid/2806-xudaya-bu-cenablarin-agzindan-ne-qeder-nalayiq-sozler-cixib

(Hafiz Lənglə bir badə şərab içdim, Ümid edirdim ki, bununla kifayətlənər. Saqi, bizə daha iki badə şərab gətir. Neyləməli, bu təkə birinə qail olmadı).

XVIII əsrdə Osmanlı "rəisi-şairan"ı Osmanzadə Taib dövrün şairləri haqqında yazdığı  şeirdə zəmanəsinin ən böyük sənətkarı sayılan Nədimdən bir kəlmə də bəhs etməmiş, Nədim bundan qəzəblənmiş, demişdi:

Zahirde egerçi cümleden ednayız

Erbabı-nazar yanında leyk alayız.

Saymazsa hesaba nola ahbab bizi,

Biz zümrei-şairanda müstesnayız.

XIX əsrdə isə Rza Tevfiq əsərlərindən birinə lağ eləyən Süleyman Nazifə həcv ruhlu belə bir şeirlə cavab vermişdi:

Ben çetin bir kayayım bu vahşetgehte

Bana çarpan poyraz yeli kırılır.

Dizime çıkmadan dağılır gider

Çirkablı zilletin seli kırılır.

Beni dişliyemez yılanlar bile

Sürtünür, kaşınır, geçer hergele.

Yumruk, şamar vuran küstahın hele

Demirden olsa da eli kırılır.

Fikrimi sarsmadı şimdiye degin

Arsızca sözleri bilmem ne beyin

Bana cifte atan şaşkın eşegin

Kendi ciftesile beli kırılır.

Bendedir şivesi aşık ağzının

Ona sesi uymaz yaban kazının.

Öyle hödüklerin bozuk sazının

Namım anıldıkca teli kırılır.

Hər biri yüz il fasilə ilə baş vermiş 3 müxtəlif hadisə və bunları əks etdirən həcv ruhlu üç şeir. Aşkar görünür ki, Suni-Hafizi-Ləng, Nədim-Osmanzadə və Rza Tevfiq-Süleyman Nazif qarşıdurmalarının hər biri özünütəsdiq istəyindən irəli gəlir və bu mənada deyişmə xarakterli həcvlərdə kəskin mahiyyət fərqi axtarmağın mənası yoxdur.

İstisna hal kimi yenə "Zəfərnamə"ni xatırlaya bilərik. Nədir bu istisnalıq? Qeyd etdiyimiz kimi, əsərin qəsidə hissəsi İzmit mütəsərrifi Fazil paşanın dilindən verilmişdir. Fazil paşa həm də  şairdir. Əsərdə onun şairliyi ilə bağlı deyilir:

Olaraq müstenidi şimei affü safhın

Natini Fazıl eder, Hayrı kulun da şerhin.

Genc iken söylemişti yine zemmü kadhın

Fazılı-pire ateh gelse de söyler medhin

Soy köpek, kalmasa da dişleri, durmaz battal.

Yesü hırman ile benzim sararıp solmuş idi

Ehli matlub saçımla çille dahi dolmuş idi.

Mutasarrıflığa bir kıta sebeb olmuş idi

Bu kasidem beni valilige eyler isal.

Fazil paşa daim sədrəzəmə yarındığını, bunu vərdiş halına gətirdiyini, taqətdən düşüb ölənəcən onu mədh edəcəyini söyləyir. Qocalıb dişləri tökülsə də it soyundan olduğunu vurğulamaqla Əli paşanın nəzər-diqqətinə çatdırır ki, hələ hürməyə yararlıdır. Mütəsərrüf vəzifəsinə gətirilməsinə görə gəncliyində yazdığı bir qitəyə (mədhə) minnətdar olduğunu etiraf edir, gizlətmir ki, indi də bu qəsidəni yazmaqla valiliyə ümid bəsləyir. Burada vəzifə, nüfuz, sərvət hesabına şairləri satın alaraq, yeniliklərin qarşısını kəsmək, bu yolla varlığını qoruyub saxlamaq istəyən köhnə siyasi sistemin çürüklüyü də, yaltaq və dişsiz şairlərin yaramazlığı da eyni tərzdə həcv edilir. Amma Ziya paşa bununla da dayanmır, Fazil paşanın dilindən verdiyi qəsidəyə təxmis yazmağı da "şairi-köhnə əda" Hayri əfəndiyə "həvalə edir". Yəni "Zəfərnamə"nin təxmis hissəsi də guya köhnə şairlərdən biri tərəfindən yazılıb. İlk baxışda elə görünə bilər ki, həcvin bir ucu da əski ədəbiyyata, onun daşıyıcılarına gedib çıxır. Doğrudan da, Hayri əfəndini "köhnə ədalı şair" adlandırmaqla Ziya paşa nəyi qəsd edir? Tədqiqlərdə bu məsələnin də üzərinə işıq salınır.

Məlumdur ki, Ziya paşa publisistikasında Avropa dövlətlərinin iqtisadi və sosial yüksəlişi ilə müqayisədə, Osmanlının geriləməsini, birincilərin təzyiqləri qarşısında onun aciz bir duruma düşməsini, ictimai əxlaqsızlığın, korrupsiya, rüşvətxorluq və proteksionizmin dövlət idarəçiliyi üçün real təhdidə çevrilməsini, elitar təbəqənin intellektual və mənəvi-əxlaqi  aşınmasını, beləliklə Babi-alinin (hökumətin) ölkə daxilində və xaricdə etibardan düşməsini və bu kimi digər ictimai bəlaları araşdırır, təhlil və tənqid edirdi. O da digər tənzimatçı ziyalılar (Şinasi "Təsviri-əfkar", Suavi "Bəsirət", Kamal "İbrət"... qəzetlərində) kimi, qəzet səhifələrində diskussiyalar açaraq, əfkari-ümumini sosial-siyasi, iqtisadi və mədəni problemlər üzərində  düşünməyə yönləndirirdi. Əhalinin savadlanması, siyasi proseslərin mahiyyətinə varması, cəmiyyət hadisələrinə meyil göstərməsi  naminə aparılan işlər Əli paşa və onun Fazil, Hayri kimi buyruq qulları üçün həyati təhlükə mənbəyidir, lakin onlar əllərindəki bütün vasitələri səfərbər edib, tənzimatçılarla ölüm-dirim savaşına girmişsələr də, cahillikləri üzündən zamanın nəbzini tuta bilmir, köhnə mübarizə üsullarını əldən qoymurlar. Dövrün, zəmanənin çağırışlarına qulaq tıxayan bu qafillər hələ də kütlə üzərində təsirini çoxdan itirmiş ədalar arxasında gizlənərək əslində, öz rəqiblərini ortadan qaldırmağın yalnız bir yolunu - inzibati təzyiqlər, həbslər, məhrumiyyətlər yolunu bilir və bu yolla da gedirlər. Məhz bu nöqtədə köhnə şairlərin fərdi maraqları yeni dövrün diktə etdiyi ictimai maraqlarla ciddi şəkildə toqquşur. Ziddiyyət də buradan doğur. Fazil və Hayri kimiləri yaltaq mədhiyyəçilik, yalançı mübarizlik yolu ilə yeni mənsəblərə çatmaq istəyir, şəxsi mənfəətləri üçün dövlətin və millətin zəruri ehtiyac və diləklərini ayaqlar altına sərir, hər şeyin köhnə qaydada davam etməsi üçün çalışırlar. Təhlil və tədqiqlər  göstərir ki, Ziya paşanın bu mühafizəkar şairlərə qarşı amansızlığının kökündə onların Kamal və Suavi əleyhinə qızğın təbliğat və təxribat işi aparmaları dururdu. O, Fazil və Hayri kimi istedadsız şairlərə əski ədəbiyyatı və ya ənənəvi bədii-estetik  cərəyanları təmsil etdiklərinə görə yox, köhnə dünyanın, təməlləri laxlayan siyasi sistemin ömrünü uzatmaq istədiklərinə görə "şairi köhnə əda" adı verir. Bu radikal əkslik və qarşıdurmanı da, zənnimizcə, ədəbi yox, ictimai-siyasi vektor üzərində araşdırmaq və qiymətləndirmək lazımdır. Başqa sözlə, zahirən "Zəfərnamə"də şairlər arasında gedən lokal mübarizənin görüntüləri olsa da, Fazil və Hayri obrazlarının burada artıq daxilən fərdilikdən çıxaraq, ümumiləşməyə doğru yol alması diqqətdən qaçmır. Bu məqamda Ziya paşa  öz həmyaşı (aralarında 6 il fərq var) Seyid Əzimin "Gətirmək tazə üsluba gərəkdir köhnə dünyanı" ideyasını bölüşür və dünyanı dəyişmək istəyənlərlə onun gərdişini geri fırlatmaq istəyənlər arasında əbədi və barışmaz mübarizənin ön sıralarında yer tutur. "Zəfərnamə"nin yeniliyi də, bədii dəyəri, sosial siqləti də bundadır ki, uzun əsrlər boyunca öz "yağında bişən", özünü gerçək həyatdan təcrid edən, belə demək mümkünsə, özü ilə məşğul olan və "özü üçün şey"ə çevrilən ədəbiyyatın sərhədlərindən uzaqlaşaraq, şairlər arası mübahisə və çəkişmələr fövqünə qalxmış, sırf siyasi mübarizələri türk-İslam şeirinin, ələlxüsus həcviyyatın malı edə bilmişdir.

Ədəbi məclislərin tanınmış tədqiqatçısı Nəsrəddin Qarayevin kitabında XIX əsrdə Gəncə, Şamaxı, Qarabağ şairləri arasında həcvləşmənin bir növ, ədəbi adətə, vərdişə çevrilməsi haqqında məlumatlar alırıq. Alim yazır: "Məclislər dövründə və məclis şairləri arasında nəzirəçiliklə yanaşı, həcv də geniş yayılmışdı. Lakin onların məzmunundakı tənqid və satira ünsürləri həcvlərin özləri kimi, subyektiv münasibətlərdən doğurdu. Seyid Əzimin bir neçə həcvi nəzərə alınmazsa, şairlər daha çox bir-birini həcv edirdilər. Bu həcvlərin əksəriyyətində etika gözlənilmirdi". Kitabda şairlər arasında həcvləşmələrin səbəb və qaydaları, yayılma coğrafiyası, bəzən ədəbi çərçivələrdən çıxıb, sərt ictimai polemikalar doğurması, ümumiyyətlə, ədəbi mühitdə  əsas müzakirə mövzuları və s. haqqında konkret faktlar, təzkirə və əlyazmalardan misallar gətirilir. Seyid Əzimə gəlincə, N.Qarayevin  də məntiqincə, onun həcvlərini, əlahiddə fenomen kimi öyrənmək lazım gəlir; zira bu şeirlər Azərbaycan ictimai-siyasi həyatının müxtəlif aspektləri ilə yanaşı, bütövlükdə türk-İslam mədəniyyətinin inkişaf qanunauyğunluqları ilə bağlı bir neçə vacib məsələnin aydınlaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Seyid Əzim həcv ruhlu şeirlərində, sanki bu tipli şeirin nəzəri prinsiplərini işləmiş, normativ standartlarını göstərmiş, bunları öz dövrünə uyğunlaşdırmış, çağının ədəbi etiketini  qaydalaşdırmışdır.

Məlumdur ki, o dövrdə həcv tərkibli deyişmələr əksərən ayrı-ayrı şairlərin emosional ovqatının məhsulu olub, xırda məsələlərdən doğur, əhəmiyyətsiz  fikir ayrılıqlarını əks etdirirdi. N.Qarayev "Divani-Hikmət" şairlərindən danışarkən Mirzə Mehdi Nacinin qeydlərinə istinadən bildirir ki, bəzən Gəncə şairləri bir-birlərinin evlərinə toplaşaraq müşairələr keçirir, məclislərini şam yeməyi ilə sona çatdırırmışlar. Növbə Hacı Seyid adlı şairə çatanda o, nədənsə, qonaqlıq verməkdən boyun qaçırır. Məclis üzvləri Hacı Seyidin bu hərəkətindən xoşlanmır və Naciyə onu həcv etməyi tapşırırlar. Naci isə yazdığı şeirdə həcv yerinə Hacı Seyidi  məzəmmət edir, onu səxavətli, əliaçıq olmağa çağırır:

Qaçasan gər bu ziyafətdən əzizim, hacı,

Gülər əhvalına vallahi sənin külli-cəhan.

Verəsən, vermiyəsən, sən bilisən, mən nə deyim,

Nacinin borcu idi, ta elədi şərhü bəyan.

Şairlər arasında həcvguluğun əleyhinə olan, bu xüsusda qətiyyət göstərən, mövqeyini mücərrəd sözlərlə yox, özünün həcv ruhlu şeirləri ilə açıq-aşkar bəyan edən Seyid Əzim xüsusilə belə cəfəng səbəblər ucbatından  yaranan ədəbi narazılıqların fövqündə dayanırdı. Onun nəzərincə, "məxdumları", dost-aşnanı həcv etmək şeytana qulluq eləməkdir: "Haşəlillah ki, o məxdumları həcv qılam Yoxdu zatımda mənim şiveyi-şeytan, Qasir". Seyid Əzim şeirə müqəddəs baxan, nəyin bahasına olur-olsun şairliyin şərəfini qoruyan sənətkarlardandır. O, sənətin təəssübünü çəkir, şeiri qiymətdən salanlara qarşı çıxır, əksər hallarda həmkarlarının poeziyadan "bixəbərliyini" bağışlamır, onlara nəsihət verir ki, klassik şeirin qayda və prinsiplərini yaxşı öyrənsinlər. Seyid Əzim tanınmış şairlərin, hətta böyük hörmət bəslədiyi Qumrinin də səhvlərindən keçmir: "Gərəkdir şer lafın eyləyən, ey bixəbər Qumri, Rümuzi-nəzmü nəsrə agəh olsun, huşyar olsun". Əgər bu yolda öz qələm yoldaşlarını tənqid etməkdən belə çəkinmirsə, aydındır ki, başqalarına qarşı daha sərt müqavimət göstərir. N.Qarayev belə faktlardan biri haqqında yazır: "Vaxtilə "Əkinçi" qəzetinin fəal əməkdaşlarından Əhsənül-Qəvaid həmin qəzetdə (1876, N 7) şairlərə toxunan, xüsusən şeirin İslam dininə yad olmasını iddia edən bir məqalə ilə çıxış etmişdir. Bu məqalə Şuşa və Şamaxının bir çox şairlərinə toxunmuş və hər kəs qabiliyyətinə görə Əhsənül-Qəvaidə cavab yazıb onu tənqid atəşinə tutmuşdur. O cümlədən Seyid Əzim də belə bir həcv yazmış, lakin nədənsə, H.Zərdabi onu öz qəzetində dərc etməyi məqsədəmüvafiq bilməmişdi. Bundan sonra Əhsənül-Qəvaidin məqaləsinə etiraz olaraq "şüərayi-ərbəeyi-Şirvan" (dörd Şirvan şairi-Seyid Əzim, Qafil, Zövi və Bixud) adından cavab məktubu hazırlanmışdı. Həmin məktubda, məlumdur ki, Şirvan şairləri Əhsənül-Qəvaidi, ümumiyyətlə, şeirin məzmununu dərk etməməkdə, sağlam zövqü və təbi olmamaqda təqsirləndirirlər. İbn Sina, Sədi, Hafiz, Şeyx Bəhai və Əli ibn Əbu-Talibdən, hətta "Quran"dan gözəllərin tərifinə dair misallar gətirərək, onun məzəmmətinin yersiz olmasını sübut edirdilər".

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!