Həmid Piriyev - bakılı balası - Xuraman Hüseynzadə yazır

Müasir Bakı ədəbiyyatından danışanda ilk yadıma düşənlər şair Rövşən Naziroğlu, Kənan Hacı, İlqar Fəhmi, Malik Atilay və Həmid Piriyev olur. Onların yaradıcılığı hər kəlməsi, hər sözü ilə Bakını xatırladır. Neft qoxulu, xəzri, gilavar ovqatlı, əncirli, üzümlü Bakını...

Həmid Piriyev... Bakılı balası... Gənc yazıçı... Yanvar ayını Həmid Piriyevin hekayələrini oxumağa həsr etdim. Azərbaycanda belə bir istedadlı gəncin yetişməsinə çox sevindim... Hekayələrdən aldığım zövq, oxuyarkən yaşadığm hiss və həyəcan uzun müddət məni tərk etmədi. Yəqin ki, etməyəcək də...

İlk oxuduğum hekayə "Sərçələr üçün poema"dır.

Sübh ayazı hələ üzü görünməyən günəşin ilk şüaları ilə özünü çatdırır. Yerinin içində dikələn Mirzə əl atıb qoşa vərəği qoparıldığıyçün on vərəqi qalan birmil məktəbli dəftərini götürür. Arvadı Nabat onun çarpayısının yanına stul, stulun üstünə də dəftər, qələm, su qoyurdu. Şairliyi də olan Mirzə təbi gələndə o dəftəri götürürdü. Dəmiryolçu olan Mirzənin şeir yazmağını kənddə heç kim bilmirdi. Üç il əvvəl təqaüdə çıxan Mirzənin əl boyda bir kitabı da çıxmışdı. İki armudu stəkan çay içdikdən sonra Nabat ona duz almağı tapşırır. Bu yerdə şair Rövşən Naziroğlunun "Ssenari" şeiri yadıma düşür:

"Bax burda sən döyməlisən qapını

Mən ucadan: - Buyurun, keçin, - deməliyəm.

Sən məndən bir çimdik duz istəməlisən.

Mən nədənsə sevinə-sevinə deməliyəm ki, duz yoxdu

Üzbəüz otaqdan televizorun səsi gəlməlidi bu ara.

Xəbərləri bəhanə gətirib keçməlisən dəhlizdən otağa.

Oturmalıykən uzanmalısan divana...".

Lirik qəhrəman sonda deyir:

"Evdə duzun olmamağı

nə qədər ləzzətli və gözəldir".

Niyə xatırladım bu şeiri? Çünki duz halallıq rəmzidir. Elə Rövşən Naziroğlu da bu şeirdə onu deyir. Nabatın evdə duzun bitməsini deməsi və Mirzəyə onu almağı tapşırması evdən halallığın əskik olmamasını istəmək idi.

Mirzə dükana gedir. Satıcı işləyən qardaşı oğlu Rasimdən çörək və duz istəyir. Rasim, ondan xörək, yoxsa süfrə duzu istədiyini soruşur. Nabatın hansından almağı  tapşırdığı Mirzənin yadına düşmür. Ona görə də ikisindən də istəyir. Evinə halallığı daha çox aparan Mirzə dükanda kəskin iy hiss edir və hisə verilmiş çapaq balıqlarını görür. Balıqlardan ən böyüyünü alır ki, evdə südlü aş bişirtdirsin. Evə gəlib arvadından südlü aş bişirməyi istəyəndə Nabat deyir ki, süd də almalıdır. Mirzə banka götürüb həmtayı və qohumu Heybətgilə gəlir. Südü süzüb bankaya tökən Heybət bir az ağrılardan, dərman qəbul etməkdən gileylənir. Mirzə südün pulunu vernək istəyəndə götürmək istəməsə də, qohumu bir manatı "siftədi" deyərək qoyub çıxır.Yolda qardaşı Arifi görür. Arif toyuqlarına dən almağa gedirdi. Mirzə ondan toyuqlarının yumurtlayıb-yumurtlamadığını soruşur. Arif pis olmadığını, özlərinə çatdığını deyir.

Mirzə südü Nabata verib kluba gedir. Arif klubda işləyirdi, Ancaq nə işlədiyini heç özü də bilmirdi. Klub, kənd adamlarının darıxmamaq, vaxt öldürmək üçün yığışdığı məkan idi. Arxada nərd oynamaq üçün otaq vardı.Otaqda da həmişə isti olan samovar, çaynik. Çayı da ora toplaşanlar alırdı. Mirzə dükana girir, piştaxtanın üstünə üç manat qoyub papiros, kiçik qutuda qənd və atma çay alıb kluba gəlir.

Mirzə klubda Arifdən niyə ora gəliş-gedişin belə zəiflədiyini soruşur. Akif soyuq olduğunu, adamların xəşil yeyib, yatdığını bildirir. Söz sözü çəkir. Qar yağmadığından, təbiətin, sanki dəyişdiyindən, əvvəlki otların daha çıxmadığından, sığırçınların yerini qaratoyuqların tutmasından, kələkovdarının (taclı sərçənin) nəslinin kəsilməyindən danışırlar. Mirzə klubdan ayrılıb evə gedir. Südlü aş yeməyə dəvət etsə də, Arif getmir. Çünki tək deyildi. Tahirlə Əli də yanındaydı.

Yaxşı şeir yazmalı hava idi. Bu şeir düzlükdən, dostluqdan, sədaqətdən olmalı idi. Qar yağırdı. O, qara xeyli baxır. Ovuciçi boyda sərçə gəlib qonur çılpaq albalı ağacının budağına. Bu sərçə Mirzənin ilham pərisi olur. Bənd-bənd, misra-misra içini tökdüyü yaşılüzlü dəftərin içəri tərəfinə yazır: "Sərçə poeması" Sonra onun yerini salmağa hazırlaşan arvadına stulu içəri aparmağı, yanına dəftər qoymamağı tapşırır. Daha şeir yazmayacaqdı...

İkinci oxuduğum hekayə "Qanadlarım ağrıyır"dı. Həmid Piriyevin zəhmətkeş Bakı kəndlilərinə həsr etdiyi bu hekayə də insanı bir anlıq o kəndlərə aparır. Halal zəhmətlə dolanmaq, çətinliyə sinə gərərək yaşamaq bu insanların alın yazısıdı. Yazıya pozu olmadığını gördüyümüz növbəti tale Püstəxanıma aiddir. Püstəxanım yaşlı qadındır. O, hərdən quş olduğunu zənn edir. Uçmaq istəsə də, uça bilmir. Talvarın altında oturan Püstəxanımın yanına gələn Süriyə idi. O, əlində gətirdiyi bir salxım üzümü göstərib abqora çəkmək vaxtı olub-olmadığını soruşur. Püstəxanım üzümə baxıb yetişdiyini və abqoranın tam zamanı olduğunu deyir.

Alaqapıları köhnə idi. Üst-üstə rəngləndiyindən köhnəlib ağırlaşmışdı. Qapının içəri tərəfində poçt yeşiyi vardı. 90-cı illərdə qəzet, jurnallara abunə yazılışının yığışdırılması poçtalyonların da ayağını qapılardan kəsmişdi. Püstəxanımın kiçik oğlu poçt yeşiyini çıxartdı, amma qəzet, jurnalların qutuya salındığı deşiyi qaynaq etdirmədi. İndi Püstəxanım hər gün o deşiyin qarşısında dayanıb kəndə gələnə, gedənə baxırdı. O, qapıdan aralanmamış Nərgiz gəlir. Nərgizin kənddə pal-paltar dükanı var idi. Nərgiz dükanda əlinə keçən hər şeyi satır. Püstəxanımın yanına tez-tez gələn Nərgiz onunla doğmalaşmışdı. Arvad azarlayanda iynələrini vururdu, çiməndə kürəyini kisələyirdi. Nərgiz Püstəxanımla hal-əhval tutduqdam sonra ona nə lazım olduğunu soruşur. Püstəxanım, adətən Nərgizdən uzunboğaz qəhvəyi corab alırdı. Nərgiz də onu çox vaxt aldadırdı. Nəsə alanda ya deyirdi, neçə dəfə çox pul vermisən, ya da deyirdi, sonra verərsən.

Püstəxanımın iki oğlu, nəvələri olsa da o, öz evindən heç yana getmir. Həmişə deyir ki, bu həyətə gəlin gəlmişəm, bu həyətdə də öləcəm. O, gecə-gündüz təkdi. Arvadın yaddaşında problem əmələ gəlmişdi. Uşaqlıqda nə olmuşdusa, hamısı yadındaydı, sonra baş verənləri qarışdırırdı. Çöl göyərçinləri həyətdəki meynə çubuqlarının arasında yuva qurmuşdu. Ölənlər gözlərinin qarşısına gəlir. Sonra talvarda yuva quran poçt göyərçinini görür. "Mən də sizdənəm. Amma uça bilmirəm. Qanadlarım ağrıyır", - deyir, Püstəxanım. Sonra əri Rəhim gəlir onu aparmağa. O da təzə donunu geyir, yaylığını başına atıb gedir... Onun meyitini Fatmayı şorundan tapırlar...      

Mirzənin sərçə poeması yazdığı dəftərin vərəqləri Püstəxanımın ağrıyan qanadlarına bənzəyir və bu mənzərə Rey Bredberinin "Fahrenheit 451" romanında yerə atılmış kitabların təsvirini xatırladır: "Evin önündə yaşıllığa atılmış kitablar qanadları qırılmış ölü göyərçinlərə bənzəyirdi".

Həmid Piriyevin şipşirin Bakı ləhcəsi ilə danışdırdığı qəhrəmanlarının insani keyfiyyətləri və zəhmətsevərliyi onları oxuculara sevdirir. Bir də onun göyərçinləri, sığırçınları, sərçələri, şanapipikləri hekayələrdə bu cür qabartması, onlardam bəhs etməsi yazıçını oxuculara sevdirən amillərdəndir. Həmid onları o qədər gözəl təsvir edir, sanki oxuduqca o quşları ətrafında görürsən. Dövrə vururlar başın üstündə, yuva qurmaq üçün çöp daşıyırlar dimdiklərində...

"Şanapipik haqqında mahnı" miniatür romanını oxuyanda da oxucuya elə gəlir ki, onu  şanapipiklərin müşayiəti ilə oxuyur...

Bakılı balasının Bakı sevgisi bir an oxucunu tərk etmir: "Şanapipik haqqında mahnı" da paytaxt bağlarının təsviri ilə oxucunu özünə cəlb edir. Sonra yazıçı bağların, dəniz  kənarının hasara alınmasından haqlı olaraq giley edir. Bağların alındığı hündür hasarlar onların üstünə vurulmuş şüşə parçaları oğrulardan mühafizə olunmaq üçündür. İllər öncə də bunlar var idimi? İnsanlar niyə belə dəyişdi axı? Nə oldu onlara? Saraya oxşayan hündür villaların ucbatından küləyin işləmədiyini, bağların necə məhv olub getdiyini anladır "Şanapipik haqqında mahnı". Palmaların, şamların ölən bağlara başdaşı olduğunu deyir yazıçı. Sonra onun çöl və ev quşlarına sevgisini oxuyuruq. Həmid Piriyev təsərrüfata, zəhmətə aşiq yazıçılardandır. Bu sevgini çox yazıçılarda görmüşük. Lev Tolstoyun empati qurmaq üçün kənd həyatına üz tutması, Knut Hamsunun "Torpağın bərəkəti" romanında İsaakla İngerin torpaq sevgisi, Şoloxovun "Sakit Don"unda insanın təsərrüfata, zəhmətə məhəbbəti oxucuda da əməyə məhəbbət aşılayır. "Şanapipik haqqında mahnı" miniatür romanında ərköyün dana Kolya, toyuq-cücələrin, sərçələrin səs-küyü oxucunu maşınların səs-küyündən ayırıb Abşeron bağlarına tərəf aparır.

Zəkinin Rəfiqəyə, Həcinin Rəfiqəgilin kirayənişinin qızı Həcərə sevgisi saf yeniyetməlik illərini xatırladır oxucuya. Sadə kəndlilərdən Max-Max, Mirzə, Əbdül, bibisi qızını istəyən, amma qızın "üstündən ət iyi gəldiyi üçün" getmədiyi Cek Hüseynbala, Mehrab, bədbəxt Tolik... Və Zərənin adını çəkmək olar... Yazıçı deyir ki, Zərə başqa Zərəydi. Bütün kənd "Ərkey Zərə" deyirdi ona. Zərənin düşmürdü. Həyətində iki yekə tut ağacı vardı. Araq çəkirdi o tutlardan. Cavanlıqda tanış olduğu bacılığıyla bir həyətdə yaşayırdı. Cavanlıqda mehriban olsalar da, qocalandan sonra ara-sıra davaları düşürdü. Dostlarının "Həci" dediyi qəhrəman evdə paltarını soyunduğunu pəncərədən gördüyü qızgil tərəfə gəlir yenə. İşıq sönmüşdü. Ev qaranlıq idi. Həyətdə oturub pivə içir. Zəkinin tez-tez verdiyi sualı xatırlayır: "Doğrudan, nolacey bizim axırımız?".

Xəzri əsməyə başlayır. "Əs, ay külək, bəlkə, sən apardın günahlarımızı, təmizləndik" - deyir qəhrəman. Bir tərəfdən baş verən, yaşanan hadisələr, digər tərəfdən də gözəl şanapipiklərin səsi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!