Sözə və qələmə sadiq adam... - Zakir Abbas yazır

Keçmişdə də, indi də yolum Yazıçılar Birliyinə düşəndə  "Qobustan" jurnalının qapısını döymədiyim yadıma gəlmir. (Dərgiyə "Qobustan" adını kim veribsə, min yaşasın. Fərq etməz, gərəkdir ki, ad da sahibinə yaraşa). Rəhmətlik Ələkbər müəllimin zamanında da beləydi, indi də...

Vaqif müəllimlə qiyabi tanışlığımın yaşı qırxı ötmüş olar. Bəlkə də, daha çox... O vaxtlar  hər bazar,  axşamüstü unudulmaz sənətkarlarımız Məhluqə xanımın yumşaq, sığallı,  Səməndər müəllimin ovsunlu, ləngərli səsi  "Bulaq" verilişinin başlandığını bildirəndə, uşaqdan böyüyə iş-gücünü bir kənara qoyub yığışardı radionun başına. "Bulaq"dan süzülən dumduru söz çeşməsi ürəklərə axardı. Qocalar asta- asta yırğalanıb xatirələrin ipini əyirər, xəyalən rəngli, nağıllı xalçalar toxuyar, cavanlar köhlən atlara süvar olub düşmən üstünə çapar, qız-gəlin yaşmaqlanıb yaşlıların gözündən gizlənərdi...

(Yazının bu yerində haşiyəyə çıxıb özümdən də bir kəlmə deyim. O zamanlar sosializm realizmin yürüyündə mürgüləyən cavan yazarlardan biri kimi mən də "Bulaq"a quş dimdiyində  bir namə göndərdim. Ondan bir bənd hələ də yaddaşımda ilişib qalıb.

...Gedin deyin Xançobana,

Durmasın, gəlsin Muğana.

Muğan dönüb gülüstana.

Yaşatdı ellər Saranı,

O alagözlü balanı.

Daha məni tutmaqmı olardı...)

Verilişin sonunda  doğma, ləngərli səslər: - Əzizlərimiz, sizin üçün "Bulaq"ın bu sayını  araya-ərsəyə gətirən, sözə, qələmə güvənən yazarımız Vaqif Əlixanov idi...

O vaxtın çayxanaları indiki kimi boz deyildi. Əsl yaradıcılıq hücrəsiydi. Orada görüşən yazarların adını sadalasam uzun çəkər. Bu, başqa söhbətin mövzusudur. Vaqif müəllimlə əyani tanışlığım bulvardakı "Lalə" çayxanasında olmuşdu. Söhbət türkçülükdən, Çingiz Aytmatov, Oljas Süleymenov yaradıcılığından gedirdi. Təmkinli, az danışan, lakin mübahisələrə yekun vuran  söz sahibi idi Vaqif Əlixanlı. Onun fikirlərilə hamı razılaşmalı olurdu.

Cavanlara məlum olsun deyə, bildirim ki, otuz-qırx il bundan əvvəl savadlı, istedadlı adamlara tələbat da var idi, sayqı da. Xüsusilə, yaradıcı gənclərə qayğı indikindən artıq idi. Hər bir müəssisə rəhbəri istəyirdi ki, onun təşkilatında savadlı, yaradıcı insanlar çalışsın. Yerlibazlıq, qohumbazlıq hissləri indiki kimi pöhrəli, şaxəli, qollu-budaqlı deyildi. Olsa da, az idi... Odur ki, həmin dövrdə Vaqif Əlixanlı kimi savadlı, yaradıcı şəxsin sözü-söhbəti Respublikanın yüksək məqamlı tribunalarından, mətbuat orqanlarından, radiodan, televiziyalardan, kinostudiyadan, Mədəniyyət Nazirliyindən, incəsənət studiyalarından, lap elə Moskvanın "Ekran" yaradıcılıq birliyindən gəlməli idi. Özü də necə gəlirdi? Reklamdan uzaq, sadə, lakin yaradıcılığa iddialı, tələbkar və güzəştsiz ustad məqamında, kimsəsiz istedada umacaqsız  qayğı ilə, lazımi anda həqiqətin müdafiəsinə qalxan mərd, ləngərli Kişi gəlişi ilə...Yuxarıda dedim axı, Yazıçılar Birliyinə gələndə Vaqif müəllimlə hal-əhval tutmasam olmaz. Bu günlərdə yenə də "Qobustan"a  yolum düşmüşdü. Aranı dağa, dağı arana daşıyanda bildim ki, Vaqif Əlixanlı Quba xanı Fətəli xanın şəcərəsindən imiş.

Ay Hacı, bu vaxta qədər bunu gizli saxlamağa səbəbmi olub?.. 

Elə mən özüm də bu yaxınlarda bilmişəm. Biz Fətəli xanın kiçik oğlu Şeyx Əlixanın qohum-əqrəbası imişik. Ulu babam Şahbaz baba deyirmiş ki, bizim kökümüz dərbəndlidir. Daha nə cür, nə şəkildə bunu açıb-ağartmayıb. Bəlkə də, ehtiyat eləyib... Ancaq bunu mənə ilk dəfə rəhmətlik Cəmil Əlibəyov deyib. Cəmil müəllim kinostudiyaya direktor gedəndə məni də ora baş redaktor vəzifəsinə apardı. O vaxt kinostudiyanın baş redaktorunu Mərkəzi Komitə təsdiq etməliydi. Üç dəfə məni qəbul etdilər. Sorğu-suala çəkdilər. Axırıncı dəfə Cəmil müəllim mənə dedi ki Vaqif, səni təsdiq etməyəcəklər, çünki sən böyük nəsildənmişsən...

Bəlkə, yazdığın kinossenarilərin  talesizliyi də bununla bağlı imiş...

Nə deyim, vallah... Bəlkə də. Bədii film üçün beş kinossenari: Ömər Xəyyamın həyatından bəhs edən "Əkmə qəm ağacı" romanımın əsasında eyniadlı ssenari,  Moskvanın "Ekran" yaradıcılıq birliyinin sifarişi ilə üç seriyalı televiziya filminin ssenarisi, "Qulam, adım Şah Xətai", "Oğlum, qardaşım əcəl" və "Karvansara" bədii filmlərin ssenarisini yazmışam.

Beşi də Studiyanın Bədii Şurasında təriflənib. Əcaib-qəraib olsa da deyəcəm. Bizim kinostudiya əvvəllər olduğu kimi, Moskvaya baxsaydı, heç şübhəsiz, mənim yazdığım ssenarilər bu vaxtadək, yəqin ki, ekran üzü görmüşdü. Çox olsa, bir-iki qeyd deyəcəkdilər, ya da heç deyilməyəcəkdi, vəssalam... Dad özümüzünkülərin əlindən... Kinostudiyada Bədii Şuranın bəyəndiyini, ana dilini yaxşı bilməyən xalqın tarixinə nabələd adamlardan ibarət hansısa qeyri "şura" bəyənmir.

Təəssüf ki, teatrımızda da istedadlı rejissorlarımız çox azdır. Müasir dramaturgiyadan baş çıxarmadıqları da bir yandan...

Ay qardaşlar, dövlət hər cür şəraiti olan, necə deyərlər, "ilan boğazından çıxan" teatrları verib sizin ixtiyarınıza, işləyin də... Barı,  dramaturgiyanı sönməyə qoymayın...

Dramaturgiyadan söz düşmüşkən... Vaxtı ilə radioda, teatrlarda pyeslərin tamaşaya hazırlanmışdı.

Elədir, deyim ki, ölkə teatrlarında mənim  "Əcəl atı", "Mövlanə", "Dərviş və ölüm", "Dənizə baxan pəncərə" adlı pyeslərim tamaşaya qoyulub, qaldı radiopyeslərə, Vasili Şukşinin "Yaşamaq həvəsi", Alber Kamyunun "Özgə", V.Rasputinin "Axır zaman", Ç.Aytmatovun "Bəyaz gəmi", E.Heminqueyin "Qoca və dəniz", K.Abenin  "Qum içində qadın" əsərlərini tərcümə etdikdən sonra, radio üçün ssenariləşdirdim.

Mən bilən, tərcümə fəaliyyətin də genişdir...

Yadımda olanları deyim də... Ç.Aytmatovun "Qiyamət" romanı, A.Kamünün "Dolaşıq" pyesi, C.Steynbekin "Adamlar və siçanlar" romanı, Orxan Pamukun "Səssiz ev" romanı,  Mar Bayciyev və Ç.Aytmatovun "Fudzi dağında qonaqlıq", bundan əlavə, ölkə teatrlarında oynanılan 15-dən artıq pyesin tərcüməsi və s.

Vaqif müəllim,  respublikada ilk jurnalist təşkilatlarından biri olan Demokratik Jurnalistlər Liqasının təsisçilərindənsən, təşkilatın ilk sədri olmusan...

Liqanı mən, Zakir Abbas və Yadigar Məmmədli  birlikdə 1998-ci ildə  təsis etdik. Hesab edirəm ki, o dövrdə biz kifayət qədər iş görə bildik. Hazırda Yadigar Məmmədlinin sədrliyi ilə təşkilat öz işini davam etdirir. Bu barədə sonra danışarıq...

İndi "Qobustan"da vəziyyət necədir? Baxıram ki, işiniz pis getmir. Oxucularınız   var...Əlbəttə, özünün ənənələri olan jurnal oxucu sarıdan korluq çəkməməlidir. Anar, Fikrət Qoca, Ələkbər Salahzadə və hazırda da sən...

Sadaladığınız adların özü elə hər şeyi deyir. Yəni bu dərgi əvvəldən tutub getdiyi yolda düz, ya da köndələn gedər, yoxuşa qalxıb, enişə düşər, gah asta, gah becid addımlaya bilər. Fəqət, əvvəldən tutub getdiyi yoldan heç vaxt sapa bilməz. Çünki "Qobustan"ın himi o cür qurulub. Bu məndən əvvəl "Qobustan"da zəhmət çəkmişlərin xidmətidir ki, hazırda bu ocağa bir çimdik duz atmaq da mənim öhdəmə düşüb... Şikayətlənməyə haqqım yoxdur.

Mənim dostum, qardaşım, ustadım! Bizim üçün heç vaxt mövzu qıtlığı olmayıb. Hər zaman keçmişdən, gələcəkdən danışıb bölüşmüşük. Elə bölüşə-bölüşə də sən 75-i, mən də 70-i haqladıq. Bəzən bezdik, bəzən usandıq, amma sabaha ümid üzülmədi. Səni bilmirəm, mən sənə baxıb ümidlənirdim, indi də belədir. Çünki sən hamı kimi deyilsən. Sən yazıçı kimi sözün və qələmin müqəddəsliyinə and içərək bu günə kimi ona sadiq oldun. Şəxsiyyət  olaraq damarında Qan yaddaşını daşıdın. 75 yaşda da Baba dağı kimi vüqarla dayanmısan. Sənin fəxri adın elə VAQİF  ƏLİXANLIDIR. Yubiley yaşın mübarək, ustad!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!