Türk qəhrəmanına şair duası... - Rüstəm Kamal - lirik resenziya - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

İnanıram ki, bu yazının 20 Yanvar ərəfəsinə təsadüf etməsinin bir mistik səbəbi olmalıdır. Çoxdandır ki, xalq şairi Nəriman Həsənzadənin epopeyası - poemaları ("Zümrud quşu", "Nəriman", "Kimin sualı var", "Pompeyin Qafqaza yürüşü"...) haqqında yazmağı düşünürdüm. Əvəzində isə "Ədəbiyyat qəzeti"nin son nömrələrinin birində şairin Milli Qəhrəmanımız Mübariz İbrahimovun mübarək ruhuna ünvanlanmış poeması ətrafında aşağıdakı lirik ricətlər yarandı...

Nədənsə, həmişə düşünmüşəm ki, Nəriman Həsənzadənin təhtəlşüurunda tarixçi və şair obrazı (şərti olaraq Plutarx ruhu və Nizami ruhu) birləşir, qoşalaşır...

Şair həmişə sözünün keyfiyyətini və ruhunun durumunu anlayanda başqa bir janra keçir. N.Həsənzadə üçün hazır, qəlib, daşlaşmış poema forması yoxdur. Poema N.Həsənzadədə bitməyən bir yaradıcılıq prosesidir. O, poema janrının maraqlı tipoloji variantlarını yaratmışdır.

Nəriman Həsənzadə bəlkə də, yeganə şairdir ki, ömrünün bu müdrik, ixtiyar çağında poemalarını əzbər söyləyir. Dəfələrlə şahidi olmuşam: manasçı "Manası" necə oxuyursa, o da "Nuru Paşa"nı, "Zümrüd quşu"nu, "Qaçaq Kərəmi"... elə birnəfəsə söyləyir. Yaddaş oxuyur!

Mübariz İbrahimov bir türk savaş qəhrəmanıdır. Şair onu şumer dastanının mifik qəhrəmanına - Gilqamışa bənzədir. Bir xalqın (etnosun) varlığı, ölüm-dirim  məsələsi həll olunanda epos ortaya çıxır. Qəhrəmanlıq eposu "dünyanın epik durumunu" (Hegel) əks etdirir. Epos üçün mütləq savaş lazımdır. Müqəddəs Vətən savaşı olmalıdır. 90-cı illərin epik durumu - Qarabağ müharibəsi, qanlı Xocalı və 20 Yanvar faciələri, müstəqillik mücadiləsi, Azadlıq meydanında ehtirasların coşqusu epik janrı - dastanı, poemanı tələb edirdi.

Ona görə də şair qəhrəmanın təqdimatını epos sözünün enerjisi ilə başlayır. "İstiqlal əsgəri" poemasının epik miqyası ölkənin, millətin  taleyini dərketmə dərəcəsi ilə müəyyən edilməlidir.

Nəriman Həsənzadə, sanki klassik Azərbaycan romantizminin möhtəşəm janr layihəsini XXI əsrdə davam etdirir. Fikrimcə, lirik epos yalnız romantizm məfkurəsində gerçəkləşə bilər. Lirik epos bu qoca dünya ilə ideallarının konfliktini yaşayan şəxsiyyətin iç dünyasının dərkinə həsr olunur. Lirizm və romantika ilə süslənmiş "İstiqlal əsgəri" ilk növbədə lirik eposdur.

Poemanın məntiqi mənalar strukturu qarşıdurmalar üstündə qurulur: xeyir-şər, həqiqət-yalan, ölüm-həyat, yerli-gəlmə, dost-düşmən, doğma-yad... Mübariz İbrahimov Xeyiri, Həqiqəti təmsil edirsə, erməni yalanın, şərin təcəssümüdür.

"İstiqlal əsgəri" poemasında "səkkizliyin" ritmik havasında, misra keçidlərində şairin canlı səsini eşidirsən. Sanki poemanı öncə söyləyib, sonra yazıya alıb. Hər epizodda mövzu - ideyadan asılı olaraq, səs tembri dəyişir. Şairin səsi qəhrəmanının ruhuna güzgü tutur. Qarı düşmənin xislətindən, xəyanətindən danışanda səsində hiddət notları olur, qəhrəmanını öyəndə qürurlanır, Ali Baş Komandandan söz açanda inamlı olur. Şaman mətnlərində olduğu kimi, öncə şəhidin ruhu ilə əlaqəyə girir, ruhun adını çağırır...

Nəzəriyyə dililə desək, sintaqmalar, paralelizmlər boy boylayan, soy soylayan ozanın dilini, nağıl pişrovlarının dilini xatırladır. Poemada vurğunun, bölgünün simmetrik düzümü fərqli təhkiyə havacatı gətirir, nəfəsi qətiyyən tövşüməyə qoymur. Feli sifətlərin mətnboyu təkrarı və sadalanması, qafiyələrin fellər üstündə köklənməsi müəllifin dilini yüyrək edir. Feli sifət sırası qarı düşmənin xalq yaddaşındakı obrazını belə təqdim edir:

Dedik ki, insan insandı:

taxılbiçən, otçalandı,

çərçivəyə ayna salan,

çəkmə tikən, zurna çalan,

rəsm çəkən... ta nə deyim?

Bu, xalqın içindən, folklor düşüncəsindən süzülüb gələn sözdür, ozan söyləməsinin davamıdır. Folklor təhkiyəsi ilə şair yalnız mövqeyini bildirmir, həm də xalqın adından danışır.

Çiyələk bitən yerləri,

Kəkliklər ötən yerləri,

havası - loğman yerləri

bulaqlar axan yerləri,

meşələrin ətəyini

arılar pətəyini

təzə qalxan biçənəyi,

gülün üstə kəpənəyi

bizim yaylaq yerimizi,

yaz vaxtı - dağ yerimizi,

seçib qonşuya verdilər,

sənəyi suya verdilər...

Şair inanır və bizi də inandırır ki, millətin güclü sərkərdəsi və igid əsgəri bir olarsa, vətən gəlmələrdən, düşmənlərdən xilas olar - poemanın bir ideyası da budur. Əsərin kompozisiyası Milli Qəhrəmanla ölkə rəhbərinin - Ali Baş Komandanın birliyini ifadə edir.

Lirik eposda üç obrazın - tarixi keçmişimizin, xalqın və qəhrəmanın obrazı ustalıqla Ali Baş Komandan obrazı ilə birləşdirilir. Son misralarda Ali Baş Komandanla qəhrəman obrazının vəhdəti isə xalqın mənəvi bütövlüyünə işarədir, istiqlalın təntənəsinə inamın ifadəsidir. Şəhid ruhlarının qayıdışına inancın təcəssümüdür. 

Göydə ağ-ağ göyərçinlər,

uçuşurdu səhər-səhər.

Mübarizin o ruhuymuş,

bütün gecə yuxuluymuş.

sərhəd boyu ər oğlu, ər

dolaşırdı səngər-səngər

Şəhidlərin varisiydi,

amma gəlib öz adından, -

Sizə raport verəsiydi

Cənab Ali Baş Komandan!

Deyirlər ki, şairlərin duası müstəcab olur. Türk qəhrəmanının ruhuna böyük türk şairinin duası bizi buna inandırır!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!