Bir quru sözdən ötəri... - Nizaməddin MUSTAFA

Daha "bir nəzər". Səhv nəzərləri sərf-nəzər etmə vaxtı

 

Əvvəli ötən sayımızda: http://edebiyyatqazeti.az/news/edebi-tenqid/2806-xudaya-bu-cenablarin-agzindan-ne-qeder-nalayiq-sozler-cixib

Satirik şeir isə nə konkret şəxsə hədəflənir, nə də müəyyən bir  hadisənin nəticəsi kimi ortaya çıxır. Daha doğrusu, burada hədəf də, səbəb də, şübhəsiz ki, var, amma ilkin təkan şəklindədir; o qədər tipikləşdirilmiş və prototipindən "arınmış"dır ki, onu xatırlatmır. Nəfi və Sabirdən gətirilən misallar üzərində deyilənləri aydınlaşdırmağa çalışaq. Tahir adlı birisi Nəfiyə "it" deyir. Şair onun (hədəf) cavabını verməli və elə verməlidir ki, həmin bu Tahir əsrlər boyu bədnam olsun (yəni baş vermiş hadisə, həcvin səbəbi və məqsədi aydındır). Şair deyir:

Bana Tahir efendi "kelb" demiş

İltifatı bu sözde zahirdir.

Malikidir mazhəbim benim zira

İtikadımca kelb tahirdir.

Məlumdur ki, İslam məzhəblərində it murdar heyvan sayılır, - tək malikilikdən savayı. Nəfi də Tahir əfəndinin həcvində məhz bu məlumatdan (həcvin məzmunu) çıxış edir. Eyni zamanda, "tahir" sözü çoxmənalıdır (şəxs adı olan "tahir"  həm də "təmiz" anlamını verir). İlk iki misrada hadisəni dilə gətirən, sonra məzmunu diqqətə çatdıran böyük sənətkar son misrada həmin çoxmənalılığa  istinad eləyərək, hədəfi bir yox, iki variantda "darmadağın edir": 1) mən malikiyəm, etiqadıma görə it - təmizdir (bu, sözün müstəqim mənasında verilən cavadır - yəni "sənin söyüşün mənə keçmir"); 2) mən malikiyəm, inancım budur ki, it - Tahirdir (sözünü özünə qaytarır, amma hədəfindən fərqli olaraq bədii məzmunda)!

İndi Sabirin məşhur şeirlərindən birini xatırlayaq:

Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Durmuş idim kuçədə, bir də nə gördüm həman

Ağrısını aldığım Feyzi gəlir lap piyan

Çatcaq urub bir qoca saili, qusdurdu qan

Gözdərinə döndüyüm, sanki bir aslan imiş,

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Burada da hədəf(lər) məlumdur - tərbiyəsiz, avara, əyyaş və gücsüzlərin qənimi olan oğul (adı da verilir - Feyzi), onun bu xüsusiyyətlərinə şahid olub, bunları pəhləvanlıq, hünər sayan ata (adı verilmir), onun oğlunun "igidliyini" muştuluq verdiyi ana (Xansənəm). Amma bu məlum hədəflər o qədər tipikləşdirilib ki, yüzlərlə Feyzinin, Xansənəmin heç biri söhbətin ondan getdiyini düşünmür (yaxud da hər biri sözü özünə götürür). Ataya gəldikdə, adı çəkilməsə də öz dili ilə ifşa olunan bu obraz az qala bütün Azərbaycan türklərini, bütün müsəlman aləmini simvolizə edəcək qədər tipikdir. Şeirin konkret hadisə ilə (Feyzinin sərxoş halda dilənçini döyməsi) bağlı yazılması  da bu yerdə heç bir əhəmiyyət kəsb etmir. Belə ki, şairin tənqid etdiyi əsl mətləblər (cəhalət, övladlarını məktəbdən yayındıran valideynlərin əsassız bəhanələri - guya məktəbin uşaqları "alagic, dəngəsər", "heyvərə", "bietiqad" etməsi və s.) üçün vəsilədən başqa bir şey deyil. "Ay başı daşlı kişi..." sərlövhəli eyni ideyalı (tərbiyəsizliyin, nadanlığın tənqidi) şeirdə bu şərtilik bir qədər də artır və şair nə ata-ananın, nə oğulun adını çəkməyə ehtiyac belə duymur. Adı çəkilən yeganə personaj- tamam kənar bir adam - "qonşumuz Ağcanın əri"dir ki, onun prototipini axtarmaq da oxucu üçün maraqlı deyil. Çünki oxucu bunun mətləbə qətiyyən dəxli olmadığını yaxşı anlayır:

Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri,

Oğlu söydükcə fərəhdən açılır balü-pəri;

Yoxsa ay hərzə kişi, bir quru sözdən ötəri

Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım?!

Nə ədəb vaxtıdır, qoy söysün, ufaqdır uşağım!

Kişi, az söylə mənə bir dəxi "məktəb" sözünü,

Yəni məktəblə uşaq kamil edərmiş özünü?

Bir söyüşdən yana az danla bu tiflin üzünü!

Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!

Şairin ictimai fikrə çatdırmaq istədiyi mətləb - insanın erkən yaşlarından tərbiyə alıb sosiallaşması məsələsidir (ailə tərbiyəsinin vacibliyi, məktəbin, təhsilin ədəb mənbəyi olması, uşaqları təlim və tərbiyə ocağı kimi məktəbə vermək zərurəti və s.), qalan hər şey, necə deyərlər, təfərrüatdır. Amma satirik şeirin cövhərini, gülüşün məğzini də həmin bu təfərrüat təşkil edir. Beləliklə, satirik şeirdə hədəf, səbəb, nəticə, məzmun kimi anlayışlar həcvdəkindən prinsipial şəkildə fərqlənir.

Ancaq yaddan çıxarmayaq ki, Sabirin şəxsində türk-İslam poeziyasında yeni tipli satiranın meydan qazanması hələ xeyli sonranın hadisəsidir. Eyni zamanda, yeni heç də  köhnə ilə aradakı körpüləri yandırmaqla yox, onun orqanik davamı kimi meydana çıxacaqdır. Bu yerdə Y.V.Çəmənzəminlinin "Sabir Zakirin həcvlərindən doğma şairdir" fikrinə haqq verməmək mümkün deyil. Bir kiçik əlavə ilə ki, Sabir təkcə Zakirin deyil, bütövlükdə türk-İslam həcv sənətindən doğma  sənətkardır. Diqqət yetirsək, Sabir poeziyasında kamala çatan yeni tipli satirik şeirin ilk əlamətlərini "Zəfərnamə"də də görə bilirik. Əsərin tədqiqatçılarından (onların sayı isə çoxdur) Namiq Sinan haqlı olaraq, burada Qərb tipli satira anlayışı ilə ənənəvi Osmanlı həcv anlayışının sintez edildiyini yazır. Sinan Ziya paşanın Londonda bir müddət olması faktına istinad edərək "Zəfərnamə"də ingilis satirik şeirinin, xüsusən Robert Brouninqin "Üzük və kitab" ("The Ring and the Book") adlı əsərinin təsirinə düşməsi ehtimalını da gözdən keçirir, arada doğrudan da, oxşarlığın olduğunu təsbit edir. Oxşarlıq isə ondadır ki, Brouninq öz əsərini 9 müxtəlif şəxsin dilindən verilən mətnlər şəklində (təxminən, Sabirin "Bir məclisdə on iki kişinin söhbəti" şeiri tipində) qələmə almışdır. Ziya Paşa da "Zəfərnamə"də bu üsulu əsas götürmüşdür. Təhlillərin müəyyən təsirlənmə ehtimalını rədd etmədiyini söyləyən Sinan nəticədə bu qənaətə gəlir ki, "Zəfərnamə": "Şəkil və ruh etibarilə əskiyə bağlı görünsə də, mündəricəsi, istifadə etdiyi qavramlar və  kəlmələr baxımından yeniliklərlə zəngindir. Bir qənaətə görə, "əskinin yenisi"dir. Divan ədəbiyyatında XVI yüzildən bəri örnəklərinə rastlanan, Məntiqinin "İmam Pəndi qəsidəsi"ndə, Güftinin müxtəlif şəxsiyyətlər haqqındakı təsvirlərində, Havayi, Tırsi, Süruri və Kani kimi həzlçilərin əsərlərində tutulan yolun davamı və təkamülüdür". (Qeyd: klassik filoloqlar "həzl" terminini zarafat, məzhəkə məzmunlu şeirləri bildirmək üçün işlətmişlər; müasir türk ədəbiyyatşünaslarından bəziləri də bu termindən istifadə edir, bizim "həcv" dediyimiz şeirləri bu cür adlandırır, "həcv", "həcv etmək" dedikdə "tənqid"i,  "tənqid etməy"i nəzərdə tutur, bir sıra hallarda isə "həcv" və "həzl"i sinonim sözlər kimi işlədirlər - N.M.) Ümumiləşdirsək, demək olar ki, "Zəfərnamə" satiraya yaxınlaşdığı bütün tərəfləri ilə birlikdə klassik həcv nümunəsidir; müəllif özünün  ictimai-siyasi, iqtisadi proseslərə tənqidi münasibətini əks etdirən fikirləri ənənəvi formatda parlaq bir şəkildə ifadə edə bilmişdir.               

...Həcviyyatın daha bir keyfiyyət əlamətinə keçməyin vaxtı gəlmişdir ki, bu da nə qədər ictimai əhəmiyyət daşısa belə, onun yaranışından sonuna qədər hər şeydən öncə və ən cox ədəbiyyatdaxili təzahür olmasıdır. Həcv, yuxarıda qeyd etdiyimiz üzrə, şairlər (folklorda aşıqlar) arasında deyişmə və rəqabət zəminində əmələ gəlmiş və sonradan hansı funksiyanı qazanmasından asılı olmayaraq, heç vaxt bu "doğuluş əlaməti"ni (bəlkə də, travmasını) itirməmişdir. Müxtəlif dövrlərdən gətirilən misallar bu fikri əsaslandıracaq qədər arqument verir. Suni öz müasiri və həmpiyaləsi Hafizi-Lənglə münasibətlərini nəzərdə tutaraq yazırdı:

Hafizi-Lənglə bir ayaq içdüm

Umar idüm ki, razı ola yekə.

Sun bizə, saqi, ciftə əlümə

Nedəlüm, qayil olmadı bu təkə.

(Hafiz Lənglə bir badə şərab içdim, Ümid edirdim ki, bununla kifayətlənər. Saqi, bizə daha iki badə şərab gətir. Neyləməli, bu təkə birinə qail olmadı).

XVIII əsrdə Osmanlı "rəisi-şairan"ı Osmanzadə Taib dövrün şairləri haqqında yazdığı  şeirdə zəmanəsinin ən böyük sənətkarı sayılan Nədimdən bir kəlmə də bəhs etməmiş, Nədim bundan qəzəblənmiş, demişdi:

Zahirde egerçi cümleden ednayız

Erbabı-nazar yanında leyk alayız.

Saymazsa hesaba nola ahbab bizi,

Biz zümrei-şairanda müstesnayız.

XIX əsrdə isə Rza Tevfiq əsərlərindən birinə lağ eləyən Süleyman Nazifə həcv ruhlu belə bir şeirlə cavab vermişdi:

Ben çetin bir kayayım bu vahşetgehte

Bana çarpan poyraz yeli kırılır.

Dizime çıkmadan dağılır gider

Çirkablı zilletin seli kırılır.

Beni dişliyemez yılanlar bile

Sürtünür, kaşınır, geçer hergele.

Yumruk, şamar vuran küstahın hele

Demirden olsa da eli kırılır.

Fikrimi sarsmadı şimdiye degin

Arsızca sözleri bilmem ne beyin

Bana cifte atan şaşkın eşegin

Kendi ciftesile beli kırılır.

Bendedir şivesi aşık ağzının

Ona sesi uymaz yaban kazının.

Öyle hödüklerin bozuk sazının

Namım anıldıkca teli kırılır.

Hər biri yüz il fasilə ilə baş vermiş 3 müxtəlif hadisə və bunları əks etdirən həcv ruhlu üç şeir. Aşkar görünür ki, Suni-Hafizi-Ləng, Nədim-Osmanzadə və Rza Tevfiq-Süleyman Nazif qarşıdurmalarının hər biri özünütəsdiq istəyindən irəli gəlir və bu mənada deyişmə xarakterli həcvlərdə kəskin mahiyyət fərqi axtarmağın mənası yoxdur.

İstisna hal kimi yenə "Zəfərnamə"ni xatırlaya bilərik. Nədir bu istisnalıq? Qeyd etdiyimiz kimi, əsərin qəsidə hissəsi İzmit mütəsərrifi Fazil paşanın dilindən verilmişdir. Fazil paşa həm də  şairdir. Əsərdə onun şairliyi ilə bağlı deyilir:

Olaraq müstenidi şimei affü safhın

Natini Fazıl eder, Hayrı kulun da şerhin.

Genc iken söylemişti yine zemmü kadhın

Fazılı-pire ateh gelse de söyler medhin

Soy köpek, kalmasa da dişleri, durmaz battal.

Yesü hırman ile benzim sararıp solmuş idi

Ehli matlub saçımla çille dahi dolmuş idi.

Mutasarrıflığa bir kıta sebeb olmuş idi

Bu kasidem beni valilige eyler isal.

Fazil paşa daim sədrəzəmə yarındığını, bunu vərdiş halına gətirdiyini, taqətdən düşüb, ölənəcən onu mədh edəcəyini söyləyir. Qocalıb dişləri tökülsə də it soyundan olduğunu vurğulamaqla Əli paşanın nəzər-diqqətinə çatdırır ki, hələ hürməyə yararlıdır. Mütəsərrüf vəzifəsinə gətirilməsinə görə gəncliyində yazdığı bir qitəyə (mədhə) minnətdar olduğunu etiraf edir, gizlətmir ki, indi də bu qəsidəni yazmaqla valiliyə ümid bəsləyir. Burada vəzifə, nüfuz, sərvət hesabına şairləri satın alaraq, yeniliklərin qarşısını kəsmək, bu yolla varlığını qoruyub saxlamaq istəyən köhnə siyasi sistemin çürüklüyü də, yaltaq və dişsiz şairlərin yaramazlığı da eyni tərzdə həcv edilir. Amma Ziya paşa bununla da dayanmır, Fazil paşanın dilindən verdiyi qəsidəyə təxmis yazmağı da "şairi-köhnə əda" Hayri əfəndiyə "həvalə edir". Yəni "Zəfərnamə"nin təxmis hissəsi də guya köhnə şairlərdən biri tərəfindən yazılıb. İlk baxışda elə görünə bilər ki, həcvin bir ucu da əski ədəbiyyata, onun daşıyıcılarına gedib çıxır. Doğrudan da, Hayri əfəndini "köhnə ədalı şair" adlandırmaqla Ziya paşa nəyi qəsd edir? Tədqiqlərdə bu məsələnin də üzərinə işıq salınır.

Davamı gələn sayımızda

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!