Tükənməz intellekt və mənəviyyat dəryası - Azad Müzəffərli

Bu esse-portret Azərbaycan televiziya məkanında ardıcıl olaraq 25 ildir ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətini işıqlandıran telejurnalistin uzunmüddətli müşahidələri, təəssüratı, şəxsi qənaəti və duyğularından yoğrulub.

Azərbaycan həqiqətən bağıra basılası Vətəndir!!! Ölkəmiz Ulu Yaradanın kəramətini əsirgəməyərək xəlq etdiyi tək-tək məmləkətlərdən biridir. Əlverişli geostrateji mövqedə yerləşən respublikamız təkcə təbii sərvətləri və zəngin təbiəti ilə seçilmir, Azərbaycan ta əzəldən həm də istedadlar, dahilər yurdudur. Bu baxımdan, ulu öndər Heydər Əliyev isə xalqımızın yetirdiyi müstəsna şəxsiyyətlərdəndir. Məhz zaman ötdükcə böyüklüyü daha qabarıq üzə çıxan şəxsiyyətlər dahidir. Bir də ki, dünyanın nəhəng imperiyalarında, ən inkişaf etmiş ölkələrdə dahi adını qazanmağa nə var ki… Əsl vətəndaş, əsl şəxsiyyət odur ki, Azərbaycan kimi ərazicə kiçik bir məmləkətdə Sovet imperiyasının tüğyan etdiyi dövrdən qədərincə baş çıxara, 1993-cü ilin əvvəlində ölkəmizin düşdüyü arzuolunmaz vəziyyətdən yeganə çıxış yolunu tapa və Vətənini qısa müddətdə planetin ən perspektivli ölkələrindən birinə çevirə bilə...

Azərbaycanın əsrlər boyunca davam edən xoşagəlməz  taleyində 1969-cu il iyul ayının 14-ü günü dönüş nöqtəsi oldu. Sovet dönəmində ilk dəfə respublikamızda hakimiyyət sükanına, xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yiyələndi. Məhz güclü iqtisadiyyatın bir millətin bütün sahələrdə yoluna yaşıl işıq yandırdığını başlıca meyar götürən ümummilli lider Heydər Əliyev ən geridə qalan respublikalardan biri sayılan Azərbaycanda qısa zaman kəsiyində köklü dəyişikliklərə nail oldu. 1969-1982-ci illər respublikamızın quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü, milli gəlir 2,5 dəfə artdı. Heydər Əliyevin reallaşdırdığı titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş İttifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.

Azərbaycanın təkcə iqtisadiyyatında deyil, bütün sahələrdə köklü dəyişikliklərə təkan verən ulu öndər  peşəkarlar və ziyalılarla yanaşı, sadə insanların da qəlbində heykəlini ucaltdı, onların sabaha inamlarını gücləndirdi. Ən başlıcası, Heydər Əliyev milli qüruru millətimizin bayrağına çevirdi!!! Duruşunda, qamətində Vətən timsalını təcəssüm etdirən ümummilli liderin, sadəcə, çöhrəsinə, nüfuzedici baxışlarına diqqət kəsilsən bir dünya ilə üz-üzə qalırdın. O, qeyri-adiliklə sadəliyi özündə üzvi şəkildə qovuşduran nadir şəxsiyyətlərdən idi. Heydər Əliyev iti zəkası ilə bütöv bir millətin yoluna işıq salmaq qüdrətində olduğunu qısa zaman kəsiyində sübuta yetirdi. Hələ Sovet dövründə ümummilli lider daşdan keçən məntiqi, tükənməz iradəsi, sözlə ölçüyəgəlməz səriştəsi və həsəd aparılacaq analitik məharəti ilə say-seçmə peşəkarları, görkəmli ictimai və dövlət xadimlərini mat qoyurdu.   Məhz  ulu öndərin bu keyfiyyətləri sayəsində 1969-1982-ci illər Azərbaycan tarixinə intibah salnaməsi və kommunizm ideallarının çiçəkləndiyi bir zamanda milli mənlik şüurunun yenidən canlanması dövrü kimi düşdü.  1978-ci ildə respublikamızda Azərbaycan dili konstitusiyaya dövlət dili kimi salındı. Qədim tariximiz, əsrlərin sınağından çıxan milli adət-ənənələrimiz, elmimiz, ədəbiyyatımız və mədəniyyətimiz dirçəldildi, xalqımızın rifahı yüksəldildi və yeni inkişaf mərhələsinə qədəm qoyuldu. Neçə-neçə Azərbaycan övladının adı ucalardan ucalara qaldırıldı,  onların dərin intellektual potensialı və qəhrəmanlıqları ən azı İttifaq səviyyəsində geniş yayıldı. Əslində, Heydər Əliyevin 1969-1982-ci illərdə milli ruhu başlıca meyara çevirməsi, qurduğu mükəmməl iqtisadiyyat, formalaşdırdığı hərtərəfli infrastruktur, yetişdirdiyi kadrlar, o cümlədən yüksək ixtisaslı hərbçilər müstəqilliyə cığırların açılmasında həlledici rol oynadı. Böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradan  ümummilli lider Moskvada çalışdığı illərdə də birbaşa və dolayısı ilə Vətənə hərtərəfli dəstəyini əsirgəmədi.

Sovet İttifaqının dağılmasına hələ 1 il qalanda - 1990-cı ildə ilkin olaraq ulu öndər Heydər Əliyev Naxçıvanda  "sovetlər"in üstündən  birdəfəlik xətt çəkdi və  Azərbaycanın üçrəngli bayrağını yenidən dalğalandıran şəxsiyyət kimi tarixə növbəti zəfərini həkk etdi. Heydər Əliyevin böyüklüyü onda idi ki, əsrlər boyunca həsrətində olduğumuz, yalnız 23-cə ay daddığımız müstəqilliyimizə yiyə çıxdı, bayrağımızın endirilməsi cəhdlərinə sipər çəkdi, millətinin çətin günlərində, fövqəladə məqamlarda milyonlarla soydaşının güvənc yeri oldu. Ümummilli lider hələ XX əsrin sonunda Azərbaycanda reallaşdırılmasına başlanan Əfqanıstan, Misir, Livan, İraq və Suriya ssenarilərini yarımçıq qoydu. Daim soykökümüzə, milli-mənəvi dəyərlərimizə   sadiqlik nümayiş etdirən və bağrının başında Vətən bayrağını vüqarla dalğalandıran ulu öndər qısa müddətdə dövləti, dövlət strukturları və qurumlarını yenidən hörmətə mindirdi, növbəti quruculuq salnaməsinə təkan verdi. Erməni dığalarını işğal altında olan müqəddəs torpaqlarımızın bir hissəsindən geri oturdan Heydər Əliyev Azərbaycan insanının qüdrətini, doğma Vətənini qorumaq iqtidarında olduğunu faktiki sübuta yetirdi, eləcə də, müvəqqəti sülhün qaçılmazlığını və Minsk Qrupunun yaradılması ilə münaqişənin qıfılının ən azı 3 açarının olduğunu, ikili standartların müasir zamanda şahə qalxdığını açıq-aydın şəkildə sübuta yetirdi.

Sovet dövründə olduğu kimi, müstəqillik illərində də ulu öndər döşünə döyən iqtisadçılara belə, dərs demək iqtidarına yetişdiyini yenidən sərgilədi. Ümummilli liderin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1993-cü ildə ağlasığmaz həddə yüksələn inflyasiyanın, böhranlar silsiləsinin öhdəsindən yəqin ki, yalnız Heydər Əliyev kimi siyasət nəhəngi, təkrarolunmaz strateq və şəksiz lider gələ bilərdi. Xəzəri sülh və əmin-amanlıq dənizinə çevirməklə regional inkişafa, dünya iqtisadiyyatına inteqrasiyaya təkan verən ümummilli lider tez bir zamanda  Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, xalqımızın güzəranının yaxşılaşmasına nail oldu. Taleyüklü vəzifələrin öhdəsindən layiqincə gələn ulu öndər Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna köklədi.

Heydər Əliyevin ayağı sayalı idi, yenidən qədəmlərini basmağı ilə Azərbaycana əmin-amanlıq, xeyir-bərəkət gətirdi, ölkəmizi nəhəng quruculuq meydanına çevirdi. Hər kəsin qüdrəti deyil ki, dediklərinin hamısı həqiqətə və müdrik kəlama çevrilə, aksiom şəklində formalaşdırdığı siyasət düsturu hər an millətinin karına gələ. Dərinliyi, bitkinliyi, tükənməzliyi, müdrikliyi, fəlsəfi çəkisi ilə muğamatımızı andıran nitqiylə millətini ümdə amallara kökləyən və daim bəşəri dəyərlərə hörmətlə yanaşan bu azman şəxsiyyəti kimsə unutmur, nəinki xalqımız, əzizləri, o cümlədən qismətinə  onunla cəmi bir və ya bir neçə dəfə görüşmək imkanı düşən say-seçmə əcnəbi diplomatlar, görkəmli şəxsiyyətlər. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirən Heydər Əliyev xəyalları belə, çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm və ardıcıl addımlardır. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu. Bu danılmaz həqiqətdir ki, çoxları ondan həyat, mənəviyyat və siyasət dərsi alıb. Həmin baxımdan ən qəribəsi odur ki, Heydər Əliyevin Vətən və bəşəriyyət qarşısında müstəsna xidmətlərini bütün çalarları və dolğunluğu ilə çatdırmaqda söz belə "söz"süz qalır!!! Artıq siyasət etalonunda Heydər Əliyevin də mühüm payı olduğunu nəinki görkəmli şəxsiyyətlər, hətta barmaqlarını qatlamaqla beşəcən güclə sayanlar da əzbər bilirlər.

Məhz ümummilli lider Heydər Əliyevin hələ Sovet dövründə hakimiyyətə gəlişi ilə Azərbaycan ədəbiyyatı, eləcə də görkəmli yazıçı və şairlərimiz  də layiqli haqqına qovuşdu. O, bu qürurverici missiyasını müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra da tam məsuliyyətilə yerinə yetirdi və həmin müqəddəs ənənə indi də dolğun şəkildə davam etdirilir. Ulu öndərin Sovetlərin gurlayan əyyamında Cənubi Azərbaycan ədəbiyyatının təbliğini birbaşa gündəmə gətirməsi onun sözlə ölçüyəgəlməz misilsiz xidmətlərindən biridir. Romantik şair, filosof və əsl vətənpərvərlik rəmzi səviyyəsinə yüksələn unudulmaz soydaşımız Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilərək doğma yurdu Naxçıvanda torpağa tapşırılması da ümummilli liderin xalqımız qarşısında əlahiddə xidmətidir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Cəfər Cabbarlı,  Rəsul Rza, İlyas Əfəndiyev, Məmməd Araz, İsmayıl Şıxlı, Nəbi Xəzri,  Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm,  Hüseyn Abbaszadə, Mirvarid Dilbazi, Anar, Elçin, Qabil, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Xəlil Rza,  Hüseyn İbrahimov, Fərman Kərimzadə, Balaş Azər, Mədinə Gülgün, Hökumə Bülluri, Söhrab Tahir, Əli Tudə və digər sayagəlməyən ədəbiyyat nəhəngləri məhz Heydər Əliyev ucalığı sayəsində mənəvi və insani haqqına çatdırıldı. Azərbaycan Yazıçılar Birliyinin ilk fəxri üzvü kimi əlçatmaz şərəfə təsadüfən layiq görülmədiyini əməldə sübuta yetirən ulu öndər Heydər Əliyev hakimiyyətdə olmadığı illərdə belə, əsl vətəndaşlıq və kişilik nümunəsi nümayiş etdirərək 1991-ci ildə ədəbiyyatçıların xüsusi dəvətinə hay verərək Azərbaycan Yazıçılarının 9-cu  qurultayında da iştirak etdi. Müstəqilliyin ilk illərində öz başına çarə qılmaq məcburiyyətində qalan Azərbaycan Yazıçılar Birliyi, "Ədəbiyyat qəzeti" və digər ədəbi orqanların yenidən dövlət tərəfindən maliyyələşməsi də  ümummilli liderin  hakimiyyətə dönüşü ilə mümkün oldu.  Dahi Füzulinin 500, "Kitabi-Dədə Qorqud"un 1300 illiyinin qeyd olunmasının beynəlxalq səviyyədə təşkili Azərbaycan ədəbiyyatının nüfuzunun ölkəmizin sınırlarından kənarda təbliği baxımından növbəti mühüm addımlar idi. Bir insan kimi, dünyagörüşünün formalaşmasında, təhsili, əxlaqı və mənəviyyatında  ədəbiyyatın həlledici rolunu ən mötəbər tədbirlərdə, o cümlədən yazıçı və şairlərimizlə unudulmaz  görüşlərində dəfələrlə  xüsusi vurğulayan ümummilli lider Heydər Əliyev əsl vətəndaş və dövlət xadimi kimi Azərbaycan ədəbiyyatı qarşısında da mənəvi borcunu daim layiqincə yerinə yetirdi.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin - Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!