"Tənqid və mətn" layihəsinin müzakirəsinə çıxarılan növbəti mətn - Həmid Piriyevin "Ölüm və başqa xoşbəxtliklər" hekayəsidir.

 

Cavanşir YUSİFLİNİN rakursu - Həmid Piriyevin inanc mətni

 

Realist üslubda yazılan hekayələr haqqında belə bir nəzəri müddəa mövcuddur ki, bu tipli nümunələrdə əsas məqam, yəni bütün mətnin sirri qəhərmanın həyat tarixçəsinin açılması məqamıdır. Bu məqam doğulan kimi bədii mətndə "təhkiyə simmetriyası" yaradır, yəni, bir tərəfdən həm hər şey, bütün düyünlü nöqtələr aydınlaşır, qəhrəmanın hərəkətlərinin, əhvalı və davranışının mənası açılır, həm də və ən əsası həyata bənzəyən və onun dibindən qalxaraq gözümüz önündə canlanan hadisələr estetik vituallıq qazanır: bu hekayədir, insan həyatındakı dönüşləri, daha çox isə, bunların heç kəsin görmədiyi və məhəl qoymadığı bir aləmdə - iç dünyasında baş verməsinin şərtiliyi təhkiyə boyunca dərinləşir, faktlar, onlardan düzələn hadisələr, motiv və detalların "əvvəlki həyatı" bu cərəyan edən hadisələrə paralel şəkildə təhkiyə müstəvisinin bir yerində cücərməyə və boy göstərməyə başlayır. Güzgünün qara boya ilə rənglənmiş hissəsi daha da qalınlaşır və bu proses həyata bənzəyən virtual həyatı məhz dünyanın, gerçəkliyin bütün olar-olmazlarından təcrid etməklə ona qarşı qoyur. Əks halda söhbət hekayədən gedə bilməz.

Həmid Piriyevin "Ölüm və başqa xoşbəxtliklər" hekayəsi də istisna deyil: bu hekayədə bir tərəfdən (hekayənin adından tutmuş fakturasına qədər) insanı düşünməyə, danışmağa (mətndə dil açıb danışmaq istəyən faktura səbəbindən-!) sövq edən semantik sahə, digər tərəfdən isə ona qarşı duran, danışmaq və bu faktura ilə bağlı hər şeyi çözmək istəyən "dilə" qıfıl vuran virtual sahə mövcuddur. Bu sahələrin kəsişmə xətti birbaşa deyək: oxucunun qavrayışından keçir və onu bu virtual həyata qarşı çıxmağa, müəllifin guya "sırıdığı" mülahizələrlə mübahisə etməyə məcbur edir. Hekayənin əsas strukturyaradıcı özülü inancdır. İnsanlar ömür boyunca hadisələri müşahidə edərkən bir çox təkrarlanan nəsnələri sınayır və həmin inancın cızdığı çərçivədən kənara adlamaq istəmirlər və bu, onların həyata münasibətinin özülünə çevrilir, xüsusən yaşlaşdıqda, dünyadan köçmək məqamı gəldikdə və sair. İnsan hətta öz ömrünə, yaşam tərzinə qarşı da mübahisə, imtina etmək, indiyə kimi aldığı nəfəslərin hədər getməsi kimi düşüncə mövqeyində dayanır. Vəfat etmiş adamı dəfn edərkən yağış yağarsa, demək həmin məkanda ard-arda neçə insansa yenə dünyadan köçməlidir, hekayədə qəhrəmanın düşüncəsində bu insanların sayı da göstərilir. Əgər onlardan biri əskik çıxarsa, demək məsələ lap qəlizdir. Hər şey qan qaynayan məqama təsadüf edir.

"...Günəş uzaqdakı evlərin damından qalxdıqca şüaları pəncərədən otağa süzülüb rəngi  tala-tala qopub tökülən, nəmişlikdən kif atan divarda oynaşırdı. Hilal oyansa da yerindən durmamışdı. Uzanıb üzbəüz divardakı köhnə kəfkirli saata baxırdı. Saat Çeşminin cehizliyidi, haçandı işləmirdi, amma saxlamışdılar." Hekayənin ekspozisiya hissəsindəki bu ovqat - uzaqdakı evlərin damından qalxan günəşin şüalarının nəmişlikdən kif atmış divarda oynaşması, kəfkirli saatın əqrəblərinin haçansa dayanması... Bu ovqat hekayənin sonluğunda da var. Amma bir az başqa, şəklini dəyişmiş və işarə edilən mənaya çatmış biçimdə. Diqqət edin: "Axır vaxtlar tez-tez belə olurdu, hay olmamış siqaret boğurdu onu. Siqareti tulladı. Pişiklər də gəlib yanında oturmuşdular, quyruqlarıynan onu sığallayırdılar elə bil. Hilal onları bir az tumarladı. Yaxşı heyvandı pişik. Nə yaxşı bunlar vardı. Bu pişiklər Hilalın balaca xoşbəxtliklərindən biriydi. Sonra fikrə getdi. Gözləri yol çəkirdi. Çeşmi namazını qılandan sonra qapını açıb bayıra boylandı.

"Gəl, yat da" - dedi. "Gecdi. Nə gözləyirsən?"

İstədi desin ki, ölümü gözləyirəm. Amma sözü boğazından qaytardı.

"Sən get," - dedi, "mən də indi gəlirəm..."

Ekspozisiya hissəsində saatın dayanması bir günün içində ölüm və həyat arasında çək-çevir edən insanın düşüncəsini aydınlaşdırmaq üçün normal detaldır. Bir cəhəti də nəzərə almaq lazımdır ki, müxtəlif hissələr və fraqmentlər arasındakı bu tipli "paralellik" əslində və daha çox ziddiyyəti, ömrün başlanğıcından, yaşamın qavrama və dərk məqamına çevrildiyi andan yaranan oppozisiyanı qabardır, iki kateqoriyadan biri üstün gəldikdə isə ikincisinin aradan qalxması, yəni insanın həyatla vidalaşması labüdləşir. Sevmək, dünyada qarşına çıxan qırıq-qırıq hadisələrdən sevinməyin arxasında ölüm durur, onlar statik və yerindən tərpənməyən qavrayışlar deyil, əksinə biz bilməsək və duymasaq da aralarında yaxınlaşma və geri çəkilmələr baş verir və günlərin birində ölüm də elə xoşbəxtlik kimi qavranılır, daha sonra xoşbəxtliyi əvəz edir, onun yerini tutur (yəni, təkləndikcə ölürsən...), nə olur-olsun qarşına iki fərqli libasda çıxan hadisələr, insan hisslərinə təkan verən, onları insanın indiyə qədər dadmadığı şeylərlə boyaması... belə hadisələrdəndir. Hekayə mətnində sözlərin, detal və motivlərin məna seqmenti olan təhkiyə massivinə çevrilməsi, yəni sözün mənaya çevrilməsi insanın ömrünün (hekayədə Hilalın) içində bir-birinə qarşı duran seqmentləri görməyə imkan yaradır. Kimsə kasadlığın düşməsindən bəhs edəndə deyir ki, bu il toyuqlar da yaxşı yumurtlamadı, Hilalsa deyir ki, yaz suyundan içsinlər. Belədə toyuqların "qısırlığı" aradan qalxar. İnanclarda yaz, yaz suyu, bahar yeli, behişt küləyi ilə bağlı çoxlu və mübhəm fraqmentlər var, bu fraqmentlərin hekayə mətnində təhkiyəni qurub-yaradan strukturlara çevrilməsi bədii mətnin danışan dilini özündə ehtiva edir. Diqqət edin: " ...El inancına görə açıq qəbrə yağış düşdüsə, yeddi nəfər ölməliydi. Bir dəfə cavan vaxtı Hilal belə şey görmüşdü, onda da açıq qəbrə yağış düşmüşdü, amma onda altı nəfər ölmüşdü. Görəsən sıradakılar kimlərdi? Hilal yatanacan bunu fikirləşdi. Növbəti gün Sənanın üçünü verdilər. Hilal səhər də getdi, axşam da. Amma çox oturmadı. Yasda oturmaq ona pis təsir edirdi. Bu biri gün səhər eşitdi ki, dörd nəfər cavan oğlan ölüb. Gecəynən Kürdəxanı yolunda, Məhəmmədi ağzında maşınnan qəzaya düşüblər. Ora pis yer idi. Kənd yoluna dönəndə daşdan lövhə tikib üstünə Məhəmmədi yazmışdılar. Deyirdilər ki, hansısa məsçiddən sökülən daşlarnan tikiblər lövhəni, ona görə orda tez-tez qəza olur. Maşındakılar elə yerlərində qalmışdılar. Özü də elə bil seçib yığmışdılar uşaqları. Hamısı cavan idi, heç biri otuzunu keçməmişdi, dördü də evin tək oğlu, dördü də evli, dördünün də bir uşağı. Kənd dəymişdi bir-birinə. Əvvəl məsləhət elədilər ki, yası məsçiddə versinlər, dördüyçün də bir yerdə. Amma mərhumların qohum-əqrəbaları razı olmadılar. Günorta meyitləri basdırdılar. Axşamüstü Hilal kənddə eşitdi ki, cavanlardan birinin atası özünü öldürmək istəyib, nematod dərmanı içib, aparıblar xəstəxanaya. Gücnən qurtara biliblər." Buna da diqqət etmək lazımdır ki, mətndə eyni bir şey iki hadisəyə işarə edir, yəni gerçəklikdə əbədiyaşar anlayış statusu qazanmış nə varsa, eyni zamanda həm həyatdı, həm də ölüm, yəni ölüm də bir növ xöşbəxtlikdi və ya əksinə. Bu təsadüfdə açıq qəbrin "damması", yaz suyunu içməsi insanın daxilində gizlənən, son nəfəsinə qədər ona görünməyən (yəni niqab içində olan) böyük, əzəmətli bir xoşbəxtliyi cücərdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!