"Ədəbiyyat qəzeti"ndə "Şam eylər yoluna sağ əl sol əli..." silsiləsi barəsində düşüncələrim - Əbülfət MƏDƏTOĞLU yazır

Həyatımın ifadəsi olan şeirlər

Ötən həftənin "Ədəbiyyat qəzeti"ni gözdən keçirirdim. Elə sözümün bu yerində vurğulayım ki, "Ədəbiyyat qəzeti" indi daha oxunaqlı olubdu. Və bu oxunaqlığın da əsas səbəbləri, mənim zənnimcə, bu qəzetin sözün bütün sahələrinə diqqət ayırması və yaradıcı mühitə daha çox yaxınlaşmasıdı. Təbii ki, bu yazım "Ədəbiyyat qəzeti"  barəsində deyil. Sadəcə sözgəlişi fikrimi oxucu yaddaşına bir toxum kimi səpdim. Məqsədim qəzetin son sayındakı bir şeir silsiləsi barəsində düşündüklərimi sizə çatdırmaqdı...

Adətən mən istənilən qəzetdə tanıdığım, tanımadığım müəlliflərin şeirləri ilə qarşılaşanda özümdən asılı olmadan həmin qəzeti, həmin şeir nümunələrini gözdən keçirirəm. Və xoşuma gələn, diqqətimi çəkən şeirlər barəsində "Ədalət"də də yazmağa, müəllifə də telefon açıb fikir bildirməyə özümdə ehtiyac duyuram. Bunun yaxşı, ya pis cəhət olduğunun fərqinə də varmıram. Çünki mən şeir barəsində danışanda, yazanda elə bilirəm ki, söhbət mənim özümdən gedir. Bax, indi barəsində fikirlərimi sizə çatdırmaq istədiyim şeir silsiləsinin özü mənim üçün həsrət qaldığım doğma kəndimin mənzərəsilə eynidir. Bu obrazlı ifadənin arxasında kəndimin real coğrafi mövqeyi -  dağı, yamacları, yaşıllıqları, bulaqları və bir də min bir rəngli çəmənləri dayanır. Gəzirəm, dolaşıram, hər gülün fərqli ətrini, hər bulağın fərqli dadını və hər daşın oyuğunda özünə sığınacaq tapıb, pətək quran arıları düşünürəm. İnanın ki, bu gerçək mənzərədi. Mənim gördüyüm də bu şeirlərin sayəsində gözümün önündə  canlandırdığım mənzərədi. Çünki söhbət həqiqi sözün ifadə gücündən, oxucuya təsir etmək məharətindən gedir. Və  bu şeirlərin müəllifi də sözü özünəməxsus bir şəkildə elə çatdırır ki, sanki oturmusan bir bulaq başında, bulağın zümzüməsinə hardansa uzaqlardan gələn, amma səni çəkib öz yanına aparan bir pıçıltıya təslim olmusan. O səs, o pıçıltı səni özündən, içindən alıb aparıbdı. Getdiyin yolun özü də sənin üçün bəmbəyazdı, dupdurudu göy üzü kimi. Çünki o sözün, o pıçıltının sahibi üzünü hamımıza tutub deyir:

Yerdənmi, göydənmi gəlib söz yolu?

Şam eylər yoluna sağ əl sol əli.

Gedərəm çiynimdə bir cüt göyərçin,

Duraram min rəngli dumanlı yolda:

Xeyirli hansıdı, hansını seçim?

Sözün qırx qapısını açıb görərəm,

Dözümüm saçımdan asılıb göyə.

Canım söz içində sehrli quşdu,

Bir igid gələcək xilas etməyə.

İndi yəqin ki, şeir parçasından öncə yazdıqlarımın hardan, nədən qaynaqlandığını oxuyub siz mənimlə razılaşdınız. Gördünüz ki, söz təkcə yerdən, bizim içimizdən deyil, həm də göydən gələ bilir. İnandınız ki, sözün yolunda saçından asılmaq mümkündür. Və həm də şahidi oldunuz ki, bu dözüm tələb edən, bu məşəqqətlərdən keçən, necə deyərlər, sahibini saçından asan sözün xilaskarı da elə bizim özümüzük, yəni oxuculardı. Şeirləri  oxuyanda, ümumiyyətlə, bədii ədəbiyyat nümunələrini mütaliə edəndə hər kəs öz payına, müəllifin həmşərikinə çevrilir. Onun dərdinin, kədərinin, sevincinin  ortağı olur.

Açılar ömrümün köz karxanası,

Sökülər dərd yükü, söz barxanası,

Allahla aramda körpü olası

Sətir böyüdürəm ona yetməyə.

 

... Daşın da, sözün də yaddaşı varmış,

Ocağın, közün də yaddaşı varmış,

Tanrım, insanın söz yaddaşıymış,

Mən də sözdən, sirdən, daşdan göyərdim.

Gördünüzmü, müəllif özü də etiraf etdi. Daha doğrusu, bizim bildiyimizi bizə təkrar xatırlatdı. Təkrar xatırlatdı ki, daşın da, sözün də yaddaşı Tanrının insanın timsalında ifadə etdiyidi, yaşatdığıdı. Bax, bu ifadə missiyası sözü təkrar göyərdir, sözü təkrar yaşadır və sözə təkrar yeni çalarlar qatıb onu ölməz, bitib-tükənməz edir. Çünki hər bir insan həm də konkret bir missiyanın, əməlin sahibidir. Onu reallaşdırandı. Bax, bu mənada qarşımızda açılan yol bizi səsləyən uğurlar, yüksəkliklər həmin o əməldən, o məqsəddən, o istəkdən qaynaqlanır. O tərpəniş, o addım atma nöqtəsi məhz əməlin mayasından, hüceyrəsindən boylanır. Və insan özü də bilmədən əməlinin dəftərini, kitabını, bütövlükdə tarixçəsini nöqtə-vergülünə qədər yaşantılarıyla, düşüncələrilə bəzəyir, özündən sonrakı  həm həyata, həm də nəslə əmanət qoyur. Bu prosesin içərisində söz də püxtələşir və təkrar yaşam haqqını qazanır. Ona görə də müəllifin "Əməl dəftəri" oxucunu mürgüləməyə qoymur, onu silkələyir, ona kimliyini söyləyir.

Ya yağışlı havada,

ya da qar qapını alanda,

sübh tezdənmi, bilmirəm,

bəlkə də Ay işığında,

nə vaxtsa,

açılacaq yolla

qapına

gələcəyəm,

İlahi!

Əmanət verdiyin ruhumla,

səndən özgəyə oxunmayan

iki əməl dəftərimlə...

Sənə dönəcəyəm...

son əvvələ qayıdacaq.

Sonra haqq tərəzisi, tale yazısı,

həyatın ədalət çəkisi,

hər iki dünyanın yaşam ahəngi...

ömrün üzü üstə çevrilmiş

Tanrı güzgüsü.

Sualın ölçüsü çox böyükdü:

Allahım,

mən necə yaşadım?

Bu şeiri oxuduqca elə bildim ki, hər günün sonunda hər kəs öz sığınacağına çəkiləndən sonra Allahıyla tək qalıb gününə yekun vuranda düşünülən, ağızdan, ürəkdən gəlib keçən o hesabat zamanının iştirakçısıyam. Yəni özüm-özümə hesabat verirəm, özüm-özümün kimliyini, nələrə qadir və qalib olduğumu, nələrdən yayındığımı, nələrə tuş gəldiyimi  Allahım önündə tam səmimi şəkildə dilə gətirirəm. Bax, bütövlükdə "Əməl dəftəri"  bu mənzərənin fırça ilə yox, qələmlə çəkilib nəfəs verilmiş şəklidi. Ona görə də şeiri su kimi içirsən və o su sənə bir daxili rahatlıq gətirir, ehtiyacını ödəyir.

Doğrudan da canlı orqanizmin həmişə ehtiyacı olub, var və olacaqdı. Çünki bu, yaşam haqqıdı, yaşam tələbatıdı. Məsələyə vurğuladığım bucaq altında baxanda, onda şeirə çevrilən sözün rəngi də diqqət mərkəzinə gəlir. Düşünə bilərsiniz ki, sözün rəngi mücərrəddi. Onu hər kəs görə  bilmir və yaxud da istədiyi kimi görür. Bu fikirlə müəyyən mənada razılaşmaq olar. Amma mən bir oxucu və həm də az-çox sözlə məşğul olan bir Allah bəndəsi kimi deyə bilərəm ki, şeir sözünün, şeirdə işlənən sözün rəngi həm də bütöv orqanizm olan şeirin ovqatından ortaya çıxır. Əgər şeirin ovqatı oxucunu öz təsiri altına alırsa, onu bütünlüklə poetik dünyaya çəkib aparırsa, onda sözün rəngi bütün rənglərin ən mükəmməli, ən gözəlidi. Şəxsən mənim üçün rənglərin şahı göy üzünün rəngidi - dupduru göy üzünün rəngi. Və mənə görə sözün də, xüsusilə şeir sözünün rəngi də elə göy üzünün rəngiylə eynidi. Ona görə də:

Bu gecə

şeirin rəngini gördüm.

Tanrı şeiri,

ağappaq işıq rəngində,

ağappaq yolla,

ağappaq təbəssümlə

göndərmişdi.

Hər sətir ağappaq

işıq saçan közdü...

içimə dolduqca

yol göründü, yol açıldı.

Sonra o yolla söz

doğuldu,

söz yarandı.

Söz vərəqin

üzünü ağartdı,

sonra, sonra

şeir sözü

rənglədi,

cilaladı...

Düşünürəm ki, bu bir parça artıq mənim öncə dediklərimi müəllif ifadəsində, müəllif təqdimatında təsdiq edir. Bax, siz də bir oxucu olaraq sözün rəngiylə bağlı  istənilən mübahisədə və yaxud fikir bölüşməsində əminliklə müəllifin poetik düşüncəsinin bəhrəsi olan misralara istinad edə bilərsiniz.

Mən "Ədəbiyyat qəzeti"ndə oxuduğum və barəsində fikirlərimi bölüşdüyüm bu silsilənin müəllifi dəyərli şairəmiz Sona Vəliyevadır. Bir oxucu olaraq müəllifi bu poetik uğurlara görə təbrik etməklə bahəm, həm də demək istəyirəm ki, silsilə mövzu dairəsinə görə də çox maraqlıdı. Burada təkcə sözdən, duyğulardan yox, həm də bizim bir insan kimi yaşantılarımızdan da bəhs olunur. Yəni  sevgi də, həsrət də, yurd nisgili də özünə qayıdanda böyük olan türkün qüdrəti və əzəməti də Sona xanım Vəliyevanın söz dünyasındakı canlı obrazlarıdı. Müəllif bu canlı obrazları öz poeziyasının həm ifadə vasitəsinə, həm də həmin vasitədən istifadə etməklə öz duyğu və düşüncələrini halal, böyük, bütöv sözün özünə çeviribdi. Bir az da konkret desəm, müəllif oxucu önünə özünü təqdim edən sözün canlı nümunəsini qoyubdu. O nümunələr oxunmur. Əksinə, o nümunələr danışır və oxucunu dinləməyə, özü də duyğular, düşüncələr içərisində dinləməyə məcbur edir.

Yazımın sonunda Sona xanım Vəliyevaya bir oxucu təşəkkürü ilə yanaşı, onun öz misralarından çıxış edərək demək istəyirəm ki, bu şeirlərdəki yaşantılar hamı kimi mənə də tanışdı, mənə də doğmadı, mən də o yaşantıların ovcunun içərisindəyəm. Və sizinlə bir daha razılaşıram ki:

Sən ağrıyla çarpışan an

mən qorxunun içindəydim...

Yer, göy qaranlığın, soyuğun...

Ümidlərim,

dualarım göy yaşımın içindəydim.

Boylandım sənsizliyə,

havanın, günəşin, suyun

özümün içimdən boylandım,

boylandım inamla,

sevgiyə, təsəlliyə.

Gözümlə gördüm Yer üzünün boşluğunu

gözümlə gördüm

sənsizliyin necə olduğunu.

Bəli, həqiqətən mən də Qarabağsız, yurd-yuvasız və bir də sözümə baxmayan ağrılı ürəyimin məni küncə sıxdığı və heç vaxt nəfəs almağıma rahatlıq verməyən anlarımın içində nümunə gətirdiyim şeir parçasındakı anların iştirakçısına, həm də daşıyıcısına çevrilirəm. Bu şeiri oxuduqca düşündüm ki, müəllif mənim dünyamı hardansa lap uzaqlardan, bəlkə də  göy üzündən izləyibdi.