Bakıxanovşünaslığı zənginləşdirən monoqrafiya - Alxan Bayramoğlu

Zaman Əsgərli. Bakıxanov - Qüdsi. Bakı, "Elm", 2015

 

Milli ədəbiyyatşünaslığın kifayət qədər çətin sahələrindən biri bakıxanovşünaslıq, yəni Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığının mükəmməl elmi tədqiqidir. Çünki öz dünyagörüşündə müxtəlif fəlsəfi, ictimai-əxlaqi baxışların dövrə görə mütərəqqi və orijinal cəhətlərini ifadə edib, onun ideya-estetik əksində çoxçalarlı janr, üslub və metodlardan istifadə edən ədibin ədəbi-elmi irsi də çoxdilli və əhatəli, şaxəlidir. Bu da həmin irsin mükəmməl elmi-nəzəri araşdırılması və təhlilində müxtəlif sahə mütəxəssislərinin və poliqlot tərkibli alimlərin birgə əmək çəkmələri zərurətini ortaya çıxarmışdır. Bununla belə A.Bakıxanov irsinin tədqiqi və nəşrində əldə edilən nəticələr onun həyat və yaradıcılıq yoluna - elmi, ədəbi, hərbi, diplomatik, ictimai-mədəni və s. fəaliyyət sahələrinə kompleks (bütövlükdə) nəzər salmaq imkanı yaratmışdır. XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış görkəmli mütəxəssislərindən olan filologiya elmləri doktoru, professor Zaman Əsgərlinin "Bakıxanov-Qüdsi" monoqrafiyası bu baxımdan uğurlu elmi addım kimi diqqəti cəlb edir. Belə ki, həmin tədqiqat əsərində bakıxanovşünaslığın əldə etdiyi uğurlardan yaradıcılıqla faydalanmaqla yanaşı bir çox mübahisəli cəhətlərə də aydınlıq gətirilmiş, müəyyən qədər yarımçıq qalmış və ya kifayət qədər əsaslandırılmamış tezis və müddəaların mümkün qədər tamamlanmasına nail olnmuşdur. Müəllif - Zaman Əsgərli A.Bakıxanovun şəxsiyyəti və Azərbaycan ictimai-fəlsəfi və tarixi-ədəbi düşüncəsində mövqeyi haqqında özünün elmi qənaətlərini, çox haqlı olaraq belə ifadə etmişdir:

"A.Bakıxanov öz şəxsiyyətində və yaradıcılığında həm Orta əsrləri yaşadan, həm də yeni dövrü - XIX əsri yaşadan bənzərsiz bir ədib, nadir mütəfəkkirdir" (Kursiv bizimdir - A.B.). O, klassik keçmişə, özündən əvvəlki Şərq - müsəlman mədəniyyətinə, poetik və elmi ənənələrinə möhkəm tellərlə bağlıdır. Eyni zamanda öz şəxsiyyətində Şərqi Qərblə, Avropanı Asiya ilə bir yerdə təsvir edən, ənənəvi Şərq dəyərlərini yeni, müasir Qərb mövqeyindən qiymətləndirən modern düşüncəli şair, nasir və alimdir. Onun bədii və elmi yaradıcılığı ilə "Azərbaycanda, yaxud İslam Şərqində Orta əsrlərə yekun vurulmuş, bu yekundan sonra yeni dövrə keçid üçün əsas və təməl yaranmışdır...

Bakıxanov - Qüdsi haqqında formalaşan mükəmməl elmi qənaətlərini istedadlı sələfi, görkəmli ədəbiyyatşünas alim, professor Yaşar Qarayevin fikirləri ilə məharətlə uzlaşdırıb tamamlayan Zaman Əsgərli ədibin (A.Bakıxanovun) bədii yaradıcılığının cövhəri haqda düşüncələrini bildirərkən yenə səsini istedadlı sələfinin (Yaşar Qarayevin) səsinə onun xatirəsinə və elmi irsinə ehtiramla qataraq yazmışdır: "A.Bakıxanovun heca vəznli, yaxud satirik üslubda yazılmış əsəri yoxdur. O (A.Bakıxanov - A.B.), Şərq divan ədəbiyyatının görkəmli nümayəndəsi, klassik şeir üslubunun davamçısıdır. Zakir və Şakirdən, Şükuhi və Nadimdən fərqli olaraq A.Bakıxanovun yaradıcılığında həm insan və Tanrı, həm də cəmiyyət və sosial tərəqqi ilə bağlı məsələlər qlobal, ümumbəşəri miqyasda qoyulub həll edilir. Şeirlərində ənənəvi mücərrədlik, arxaik leksika, poetik obrazlar sistemində irfan və təsəvvüf poeziyasının ritmləri aydın duyulur".

Burada Z.Əsgərlinin Bakıxanov - Qüdsi lirikasının klassik ənənələrə təkcə forma, şəkil və leksik tərkibcə deyil, həm də məzmun və mündəricə, fəlsəfi, irfani mahiyyətcə bağlı olmasını xüsusi vurğulaması diqqəti cəlb edir. Yəni şairin görüşlərinin, həyata baxışlarının kökündə çoxəsrlik irfan poeziyasının, təsəvvüf ideyalarının dayandığı təsdiqlənir. Məlum olur ki, Qüdsinin ədəbi-bədii yaradıcılığı ilə onun şəxsiyyəti arasında da üzvi vəhdət var; o, əsilli, köklü bir nəslin - Bakı xanlarının nümayəndəsi II Mirzə Məhəmməd xanın oğlu, həm də Quba xanı Fətəli xanın yaxın qohumu olmuşdur... 

Professor Z.Əsgərli A.Bakıxanovun həyat yolunu, onun uşaqlıq və gənclik illəri ilə yanaşı yetkin xidmət illərini izləyərkən Qafqazın o zamankı Baş hakimi general A.P.Yermolovla, qraf İ.F.Paskeviçlə, baron Rozen və b. ilə münasibətlərindən, həyatının Tiflis, Varşava, Peterburq, Quba səhifələri və dövrünün tanınmış, məşhur ədib və ictimai xadimlərindən İ.Qutqaşınlı, M.F.Axundzadə, M.Ş.Vazeh, V.V.Küxelbeker, Y.P.Polonski, F.Bodenştedt, T.İ.Zablotski, G.Giladze, A.Qribioyedov, həmçinin Ruşkinlər ailəsinin bəzi nümayəndələri - A.S.Puşkinin bacısı Olqa Pavlişeva və anası Nadejda Osipovna ilə görüşlərindən, əmisi qızı və həyat yoldaşı Səkinə xanımla qarşılıqlı hörmət və məhəbbət dolu sevgilərindən və s. və i.a. söhbət açarkən diqqəti əsasən ədibin bir insan və vətəndaş kimi nəcib keyfiyyətlərinə, əqidə saflığına yönəltmiş, onun mənəviyyat və əxlaqca əsl irfan adamı olmasına oxucunu inandıra bilmişdir.

Abbasqulu ağa Bakıxanov - Qüdsinin bütün bu və digər ülvi keyfiyyətləri - əqidə saflığı, islami inam və etiqadı, irfani düşüncə və qənaətləri onun yaradıcılığında - poeziya və nəsrində özünün ideya-estetik, ictimai-mənəvi əksini tapmışdır. Belə ki, professor Zaman Əsgərlinin də vurğuladığı kimi, A.Bakıxanov - Qüdsinin "...lirik qəhrəmanı bir tərəfdən real bir insan kimi həyat gözəlliklərindən, yaşayıb-yaratmaqdan, sevib-sevilməkdən zövq alır, ikinci tərəfdən dünyanı fani sayaraq, onu tərk etmək, əbədiyyətə, Haqqa qovuşmaq barədə düşünür". Z.Əsgərli A.Bakıxanov - Qüdsinin lirikasındakı eşq haqqında düşüncələrini onun elmi-fəlsəfi əsərləri, məsələn "Təhzibi-əxlaq"da bu məvhum haqda söylənən fikirlərlə müqayisəli şəkildə təhlil edərək, göstərir ki, "Eşq və məhəbbət onun (Qüdsinin - A.B.) qəzəl, məsnəvi və müxəmməslərində bir tərəfdən gerçək insani hiss, qəlbi saflaşdıran gözəl düyğu, mənəvi-əxlaqi paklıq və zövq mənbəyi, ikinci tərəfdən Yaradana - Xaliqə - Tanrıya ucalmaq, ona qovuşmaq vasitəsi kimi tərənnüm olunur. Hər iki halda lirik konfliktin baş qütbində, mərkəz nöqtəsində aşiq surəti dayanır. O (lirik qəhrəman - A.B.) A.Bakıxanov lirikasında tərənnüm olunan əsas daşıyıcıdır. Son dərəcə saf, təmizqəlbli bir gəncdir. Lirik monoloqlarında özünü "sevgi yorğunu", "dərd əhli", "hicran xəstəsi" adlandıran bu gənc "əzilmiş qanadla gülüstana can atan bülbül" kimidir".

Göründüyü kimi, Bakıxanov - Qüdsinin lirik "mən"i irfani duyğu, panteist düşüncə ilə real eşq daşıyıcılığını C.Rumi, M.Əvhədi, M.Şəbüstəri, M.Füzuli, M.Əmani, M.V.Vidadi, M.P.Vaqif poeziya və ideya-fəlsəfi fikir sistemini özündə birləşdirir. Professor Z.Əsgərlinin təhlilləri də həmin həqiqətin təsdiqinə yönəlməsi ilə dəyərlidir. O, A.Bakıxanovun "Fatma tar çalır", "Tatar nəğməsi" şeirlərinə, habelə ictimai məzmunlu şeirlərindən "Xitab", yaxud "Təbriz əhlinə xitab" və "Qəşəmnamə"yə ayrıca diqqət yetirir və belə bir haqlı qənaətə gəlir ki, həmin əsərlər, xüsusən "Qəşəmnamə" şeiri öz üslubi keyfiyyətləri, tənqidin səciyyəsi baxımından XIX əsr Azərbaycan poeziyasında satiranın və realizmin formalaşmasını, həmin prosesin sürətlənməsini göstərən bir nümunədir".

Bu zaman A.Bakıxanov poeziyasının XIX əsr Azərbaycan şeir dilinin zənginləşməsində oynadığı rol və özünün estetik gözəlliyini və müasirliyini qoruyub saxlaması da monoqrafiyada yaddan çıxarılmır.

A.Bakıxanov - Qüdsinin epik əsərlərindən olan "Mişkatül-ənvar" və "Miratül-camal" (Gözəllik aynası) əsərlərindən söhbət açan professor Zaman Əsgərli ədibin "Mişkatül-ənvar" əsərini "...İlahi ruhun mənbəyi, Allaha qovuşmağın, vəhdətə çatmağın yolu haqqında söhbət açan ilahi eşq nəğməsi" hesab etdiyi kimi, "Miratül-camal"ın da mərkəzində Qüdsinin həyata, cəmiyyətə sufi-fəlsəfi baxışlarının dayandığını bildirir. Onu da vurğulamağı unutmur ki, "Miratül-camal"da bəzən "...A.Bakıxanovun maarifçi fikirləri onun sufi düşüncələrinə qarışıb vəhdət təşkil edir".

Həmin əsərləri geniş təhlil edən Z.Əsgərli "Miratül-camal"ın A.Bakıxanovun avtobioqrafik əsəri hesab edilməsini yanlışlıq sayaraq, yazır: "Əslində isə epik əsərdə əhvalatların birinci şəxsin dilindən verilməsi bədii təhkiyənin xüsusi formasıdır və bu halda əhvalatları danışan birinci şəxslə - təhkiyəçi ilə müəllifi eyniləşdirmək düz deyil".

Qeyd edək ki, bu yerdə Z.Əsgərli vaxtilə öznün də ənənəyə uyaraq, həmin yanlış mövqedə olduğunu xatırlatmağı lazım bilmişdir.

Monoqrafiyada göstərilir ki, "...Qasım bəy Zakirlə bərabər A.Bakıxanov da XIX əsrin birinci yarısında Azərbaycan epik şeirinin inkişafında, onun yeni ideya-bədii keyfiyyətlərlə zənginləşməsində mühüm xidmətləri olan böyük şair-sənətkardır".

A.Bakıxanovun "Riyazül-qüds", "Kitabi-Əsgəriyyə" və "Nəsihətlər" əsərləri XIX əsr Azərbaycan nəsrinin ilk nümunələri kimi təhlil edilmiş, "Kitabi-Əsgəriyyə" əsəri İ.Hötenin "Gənc Verterin iztirabları" əsəri ilə müqayisə edilməklə yanaşı, o da nəzərə çatdırılır ki, Əsgər bütün ruhu, varlığı, əxlaqı və həyacanları ilə şərqlidir. Onun məhəbbətində sufi çalar, haqqa sevginin əlamətləri var". Bütün bunlar isə Qüdsinin dünyagörüşündəki sufizmə bağlılıqdan irəli gəlir. Təsadüfi deyil ki, Əsgərə öz sevgilisinə, sevgisinə qovuşmağın xeyir-duası da qızın atası tərəfindən ruh aləmində - yuxuda verilir. Professor Zaman Əsgərli, haqlı olaraq, göstərir ki, "Kitabi-Əsgəriyyə" əsəri ilə Azərbaycan bədii nəsrində nəzm parçalarından istifadə etmək və surətləri lirik-sentimental planda canlandırmaq ənənəsi sona çatıb.

A.Bakıxanov - Qüdsinin "Qanuni-Qüdsi", "Əsrarül-mələkut", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" və "Coğrafiya" adlı elmi əsərləri də geniş təhlil edilmiş, onların yazılma səbləri, çap tarixləri və s. barədə biri digərindən maraqlı faktlar oxucuların diqqətinə çatdırılmışdır. Z.Əsgərli haqlı olaraq, Bakıxanov-Qüdsinin elmi fəaliyyətinin də sufi baxışlardan xali olmadığını faktlarla əsaslandırmışdır.

Monoqrafiyanın "Başlanğıc" bölməsində oxuyuruq: "Bakıxanov-Qüdsi" adlanan bu kitabda müəllif (Zaman Əsgərli - A.B.) yazıçı-alimin həyat yolu, tərcümeyi-halı barədə müfəssəl məlumat vermiş, onun yaradıcılıq fəaliyyətini, bədii və elmi əsərlərini yeni baxış bucağından təhlil etməyə, müasirlik baxımından qiymətləndirməyə, XIX əsrdə yaşamış böyük şair və alim haqqında çağdaş oxucularda bütöv elmi təsəvvür yaratmağa çalışmışdır".

Qeyd edək ki, Bakıxanov - Qüdsi monoqrafiyasında professor Zaman Əsgərli qarşısına qoyduğu həmin məqsədə lazımi səviyyədə çatdıqdan sonra bakıxanovşünaslığın onun (Z.Əsgərlinin) özünəqədərki inkişaf yolu, istiqamətləri, mərhələ və xüsusiyyətləri, qarşıda duran vəzifələr haqda aydın və bitkin informasiya vermiş, mövcud vəziyyətin bitkin elmi mənzərəsini də canlandırmışdır.

Ruhu şad olsun!