Vaqif Yusifli - "Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər"

"Köhnə kişilər" silsiləsindən

Ənvər Məmmədxanlı mənim çox sevdiyim yazıçılardan biridir (sağlığında da, indi də), onun yaradıcılığı haqqında bir neçə məqalə də yazmışam, ancaq bu yazıların heç biri məni razı salmayıb. Ona görə də fikirləşdim ki, tamam fərqli bir yazı yazım.

O, mənim ilk gənclik illərimin sevimli yazıçısı idi. Lirik üslubda yazdığı hekayələri məni sehrləmişdi. Xüsusilə, "Karvan dayandı", "Ay işığında", "Qızıl qönçələr" hekayələri mənim üçün sanki romantik dünyadan gəlmiş əziz qonaqlar idi. Bu hekayələrin dili o qədər lirik və təbii idi ki, fikirləşirdim: yazıçı ancaq bu tövr yazmalıdır. "Aşıq Valeh o qədər qocalmışdı ki, neçə-neçə yüz illər karvanını yola salmış, budaqlarının bir çoxu qurumuş, bəziləri qaralıb kösəyə dönmüş və başına tarixdən əvvəlki ildırımlar düşmüş qocaman bir çinara oxşarı vardı" ("Ay işığında"). "Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı-bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı" ("Karvan dayandı").

Belə bir yüksək dil mədəniyyətinə malik olan yazıçı eyni zamanda, öz hekayələrində yaddaqalan obrazlar da yaradırdı.

Çox sonralar bu böyük yazıçı ilə tanış oldum, bir neçə dəfə canlı söhbətlərinin şahidi oldum. Onun bədii dünyasını ötəri də olsa, seyr elədim və Ənvər Məmmədxanlı mənə yaşadığımız dünyanın yox, yaşamaq istədiyimiz, amma yaşaya bilmədiyimiz dünyanın adamı təsiri bağışladı. Fikirləşirdim ki, o, otuzuncu-altmışıncı illərin bir çox məlum insan stereotiplərinə qətiyyən oxşamır. Bir Şərq adamı kimi möhtəşəmliyini qoruyub saxlayasan, həm də zövqü, estetik düşüncə tərzi etibarilə bir qərblidən seçilməyəsən, - bu necə olur. Biz - yetmişinci-səksəninci illərin gənc yazarları Ənvər Məmmədxanlıya tutiya-insan kimi baxırdıq. Ona yaxınlaşmağa cürət eləmirdik. Ancaq yaxınlaşdıqca, onunla lap yarım saatlıq ünsiyyət yaratdıqca, hiss edirdik ki, bu insanda Şərq müdrikliyi ilə Qərb aləmi - modern dünya cizgiləri vəhdət təşkil edir. Bizə çox sakit, təmkinli insan təsiri bağışlayan Ənvər Məmmədxanlının ssenarisi ilə canlanan "Babək" filminə baxdıqda onun necə bir azadlıq aşiqi olduğunu dərk edirdik. "Kəllə və qızılgül" feerik komediyasını oxuduqda isə heyrətimizi gizlədə bilmirdik - Ənvər Məmmədxanlı XX əsrin böyük elmi möcüzələrinin insan duyğularında necə əks-səda yaratdığından söz açırdı.

Ənvər Məmmədxanlının bir insan-yazıçı-ziyalı kimi, elə bilirəm, iki dövrü olub: Birinci dövrü onu bir yazıçı kimi tanıdıb. O, nəsr və dram əsərlərini yazıb, müharibə illərində publisistik məqalələr qələmə alıb, ta yetmişinci illərə qədər məhsuldar olmasa da, qeyri-məhsuldar yazıçı da olmayıb. Sadəcə olaraq, öz qələminə, ilhamına xəyanət eləməyib, bir çox həmkarları ilə müqayisədə az yazıb. Başqaları cildlərlə romanlar, povestlər yazıb nəşr etdiriblər, o isə çox oxuyub, mütaliə edib, bir əsəri yazmaq üçün illərlə düşünüb. Mirzə Fətəli Axundzadə haqqında romana başlayıb, amma nədənsə yarımçıq qoyub. Bu susmağı, yəni görünməmək, haqqı verilməsə belə, üzə durmamaq duyğusu onun xasiyyətinin ayrılmaz bir hissəsiydi. İnqilabi mövzuda yazdığı "Şərqin səhəri" pyesi SSRİ Dövlət mükafatına təqdim olundu, o pyesin rejissoru, bir neçə aktyoru, rəssamı həmin mükafata layiq görüldülər, bircə əsərin müəllifindən - Ənvər Məmmədxanlıdan başqa...

Ancaq mən bir dəfə bu yazıçının cəsarətli bir çıxışının şahidi oldum və o zaman fikirləşdim ki, onun yazı yazmamağı heç də ədəbi susqunluğuna dəlalət eləmir.

Yaxşı yadımdadır, 1980-ci ildə Yazıçılar İttifaqının "Natəvan" klubunda yazıçı Mövlud Süleymanlının "Dəyirman" povesti müzakirə olunurdu. Əsər "Azərbaycan" jurnalında çap olunan kimi böyük əks-səda doğurmuşdu. Müzakirədən əvvəl qəzetlərin birində "Qorxulu dəyirman" adlı bir məqalə çap olunmuşdu və həm bu məqalədə, həm də ayrı-ayrı söhbətlərdə tez-tez soruşulurdu ki, bu necə dəyirmandır, bu necə Azərbaycan kəndidir, hanı yazıçının mövqeyi? Müzakirədə iki tərəf üz-üzə dayanmışdı.. "Dəyirman" əsərini bəyənən, onu nəsrimizdə maraqlı bir hadisə hesab edənlər, bir də əsəri bəyənməyənlər, kəskin tənqid atəşinə tutanlar...Birincilər - İlyas Əfəndiyev, İsmayıl Şıxlı,Yaşar Qarayev, Kamil Vəliyev, Gülrux Əlibəyova, Aydın Məmmədov...İkincilər - Əli Vəliyev, Əziz Mirəhmədov, Ələviyyə Babayeva, Əlisəfa Məmmədov, Məzahir Abbasov. Ənvər Məmmədxanlı da çıxış etdi və üstündən illər keçməsinə baxmayaraq, onun çıxışını unutmamışam (həmin müzakirədə stenoqrafçı gəlmədiyinə görə onu mən əvəz eləmişəm).

"Mənim fikrimcə, Mövlud Süleymanlını bu əsərinə görə alqışlamaq lazımdır. O, istedadlı nasirdir. Əla yazı manerası, dili, üslubu var. Əsərdə təsvir olunan hadisələr də inandırıcıdır. Bu və ya buna bənzər hadisələrə həyatımızda həmişə təsadüf oluna bilər. Doğrudur, müəllif qroteskdən istifadə etmişdir, yəni mənfiliyi, eybəcərliyi açıq şəkildə qabartmışdır, amma bu məsələnin sənətkarlıq tərəfidir. Mən də bununla razıyam ki, müəllif gərək söyüşlərdən, bəzi vulqar ifadələrdən çəkinəydi.

Burada çıxış edənlərin bir çoxu yazıçı kimi deyil, müstəntiq kimi danışdılar. Nə tez unuduldu o məşum illər? Bəsdir daha, yığışdırın bu oyunları, o məşum illərin oyunlarını oynamayın, siz o illəri qaytara bilməyəcəksiniz. Mən sizdən heç vaxt qorxmamışam".

 

Yalnız sonralar, 1992-ci ilin dekabr günlərinin birində Ə.Məmmədxanlının 80 illiyi ilə bağlı onun bacısı Həbibə xanımla müsahibə aparanda "o məşum illərin oyunları" ifadəsi yadıma düşdü, bir də "mən sizdən heç vaxt qorxmamışam" sözləri. Mən mümkün olduğu qədər Ənvər Məmmədxanlının həyatının gizlinlərini öyrənməyə çalışırdım.

Məlum oldu ki, onların atası Qafar kişi Müsavat Partiyasının üzvü olub, buna görə dörd il həbsdə yatıb. "1937-ci ildə onu təzədən tutacaqdılar, amma bunu bilib aradan çıxdı, üz tutdu Gürcüstana və orada da vəfat etdi. Ənvər soraqlaşa-soraqlaşa gedib onun məzarını tapdı, atamın meyitini çıxartdı, Mirzə Fətəli Axundov dəfn olunan yerə gətirdi, son borcunu yerinə yetirdi..."

Çox qürurlu və romantik olan Ənvər Məmmədxanlının qəribə və özünəməxsus dünyası vardı. Həbibə xanım deyirdi ki, biz uşaqlıq illərində hər il yayda dincəlmək üçün İsmayıllının Quşencə kəndinə gedərdik. O kəndin təbiəti də gözəl idi, adamları da. Ənvər saatlarla o kəndin meşələrinə çəkilir, xəyallara dalardı.

Elə uşaqlıqdan risk etməyi çox sevərdi. Heç nədən qorxusu yox idi. Quşencədə kirayə qaldığımız ev bir dərənin kənarında idi. Bir gün səs-küy qalxdı, dedilər kəndə canavar girib. Ənvər götürüldü, "ay Ənvər, hara gedirsən" - dedik. Yarım saat keçdi, ürəyimizi yemişdik, gördük ki, Ənvər əlində balaca bir küçük evə sarı gəlir, istəməyib ki, o balaca küçük kimsəsiz qalsın.

Ən yaxın dostlarından biri də Əvəz Sadıq idi. O deyirdi ki, Ənvər Təbrizdə olanda gördük ki, bir cüzamlı kişini danışdırır. Çox işarə etdik, adətən, belə xəstələr xəbis olur, adamın üzünə tüpürür, xəstələndirirlər. Amma Ənvər söhbətini qurtarmamış o kişidən əl çəkmədi.

Cəfər Xəndan deyirdi ki, Stalinqradda, döyüş xəttinin lap yaxınlığındaydıq. Birdən həyəcan siqnalı eşidildi. Hamı təbii ki, qaçıb gizləndi, bircə Ənvərdən başqa. O, həyətdə heç nə olmamış kimi gəzir, o baş-bu başa gedirdi.

Həbibə xanım deyirdi ki, Ənvərin bir xasiyyəti də haqsızlığa dözməməyidi. Dağıstanın tanınmış şairi Rəsul Həmzətov o zamanlar Bakıya gələndə tez-tez Rəsul Rzagilə gəlirdi, amma bəzən özünü çox nəlayiq aparırdı. Bir gün yenə içib Azərbaycan qadınlarını təhqir edən bir söz işlətdi. Onda Ənvər Rəsul Həmzətovun üstünə yeridi, ona bir sillə çəkdi, Anar orada olmasaydı, lap döyəcəkdi onu (Rəsul Rza ilə Ənvər Məmmədxanlı həm xalaoğlu, həm də əmioğlu idilər).

Həbibə xanım bir də onu deyirdi ki, Ənvər Məmmədxanlı bizimlə özü arasında əbədi bir mehr körpüsü salmışdı, bizim uşaqlarımızı, nəvələrimizi o qədər sevirdi ki, saatlarla o uşaqlarla əylənərdi: "Bircə köynəyini, dəsmalını yumağımıza imkan verməzdi, bunu özü edərdi.

Ömrünün son illərində mədəsi incidirdi onu. Tək yaşamaq, nə gəldi bişirib yemək, kimsəni əziyyətə salmamaq xətrinə öz-özünə qulluq eləmək, xəstəliyin səbəbləri bunlar idi. 90-cı ilin qışı idi, onun xəstələnməsini eşitdik, xəstəxanaya apardıq, cəmi dörd gün yatdı. Axırıncı gecə dedi ki, sən get, sabah yemək yox, mənə qəzet gətir oxuyum. Səhərisi isə o, dünyada yox idi".

Ənvər Məmmədxanlı da İlyas Əfəndiyev kimi Kommunist Partiyasının üzvü deyildi. Amma bir yazıçı kimi dövrün ictimai-siyasi hadisələrindən kənarda qalmırdı, Böyük Vətən müharibəsi illərində Cənub-Qərb cəbhəsində, Stalinqradda, Şimali Qafqazda olmuşdu, qəzetlərdə yazılarla çıxış etmişdi, İranda-Təbrizdə olmuşdu, bu haqda onun dostu - Qılman İlkin hərarətlə söz açır.

Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsi də müharibə illərində yazılmışdı, orta məktəb dərsliklərinə də salınmışdı.

Böyük Vətən müharibəsinin sərt qış günlərinin biri. Qucağında körpə bir ana yol gedir. Hara, nə üçün? Bircə o məlumdur ki, gənc ana həmin körpəni nəyin bahasına olursa-olsun qorumalıdır. Şaxta və külək isə bu amansız rus qışında öz hökmünü verir. Bəs ana nə edir?

Ana buz heykələ dönür, amma körpəsini xilas edir. "Buz heykəl" hekayəsi sənətkarlıqla qələmə alınmışdı və çox-çox sonralar da o hekayənin bədii-emosional təsiri unudulmadı. Çox sonralar, Ə.Məmmədxanlının anadan olmasının 70 illiyi münasibətilə çap etdirdiyim bir yazıya da həmin hekayənin təhliliylə başlamışdım. Ənvər müəllim soraqlaşıb məni tapdı, yazımdakı bəzi fikirləri bəyəndiyini bildirdi. Amma gileyi bu oldu ki, niyə onun "Buz heykəl" kimi zəif bir əsərini tərifləmişəm. Doğrusu, bu sözdən sonra heyrətim daha da artdı, heç nə deyə bilmədim. Görünür, yazıçı üçün elə bir an gəlib yetişir ki, o, dönüb arxaya baxır, hansı əsərinin səmimi yazıldığına, əbədi yaşayacağına özünü inandırır.

Həmişə sənətə yüksək meyarla yanaşan, sözünü kəsərdən salmayan Ə.Məmmədxanlı müharibə illərində də az yazdı. Amma müharibə dövrünün psixologiyası bu əsərlərdə bariz nəzərə çarpırdı. "Analar və yollar", "Qərb cəbhəsindən məktub", "Silahlı dağlar", "Ulduz", "Bəxtiyar". "Yeddinci yol" və s. əsərlərdə Ə.Məmmədxanlı müharibəni təkcə döyüş, vuruş, əsir almaq, hücuma keçmək, "dil" ələ keçirmək, bayraq sancmaq kimi təsvir etmirdi, daha çox bu çətin və ağır günlərdə yaşayan insanın daxili dünyasını ön plana çəkirdi. Onun publisistik qeydlərində də lirika aparıcı xətti təşkil edirdi.

Yeri gəlmişkən qeyd edək ki, Ənvər Məmmədxanlı XX əsr Azərbaycan nəsrində lirik-romantik üslubun yaradıcılarındandır. Bu üslubu səciyyələndirən birinci əlamət real həyat hadisələrinə lirik-poetik yönümdən yanaşılmasıdır.

Ənvər Məmmədxanlı ədəbiyyata nasir kimi gəlmiş, "Burulğan" adlı ilk əsərini 1934-cü ildə çap etdirmişdir. Bu povest göstərdi ki, nəsrə öz üslubu və nəfəsi olan istedadlı bir sənətkar gəlib. Səksən beş il əvvəl qələmə alınmış "Burulğan" povesti 30-cu illər üçün xarakterik olan fəhlə həyatı mövzusunda yazılmışdı. Lakin yazıçı istehsalat səhnələrindən sərf-nəzər edib diqqəti daha artıq obrazların daxili aləminə, psixologiyasına yönəldir.

Ənvər Məmmədxanlı nəsrinə xas olan orijinal xüsusiyyətlər onun dramaturgiyasında da aydın nəzərə çarpır. Gərgin, koloritli səhnələr, parlaq və realist xarakterlər, obrazların daxili aləminin təsirli lövhələrlə təqdimi onun dram əsərlərinin başlıca xüsusiyyətləridir. 1947-ci ildə yazılmış "Şərqin səhəri" dramı tarixi mövzudadır, əsərdə 1919-1920-ci illər Azərbaycanın müxtəlif sinif və təbəqələrinin baş verən ictimai-siyasi hadisələrə münasibəti ilə qarşılaşırıq. Pyesdə ən qüvvətli xarakter Bakı milyonçusu Ağalarovdur. Onun Bakı ilə, sahibi olduğu, indisə, əlindən çıxdığı neft buruqları ilə vidalaşması necə də təbiidir. Ağalarov öz sinfinin ağıllı, qabağı görən nümayəndəsidir, qırmızı inqilab tufanının yaxınlaşdığını hiss edib, başqalarından fərqli şəkildə düşünür, yol axtarır. Elə buna görə də o, xırda məqsədləri, kiçik "döyüş" üsullarını rədd edir. Diqqət yetirsək, görərik ki, Azərbaycanın o zamankı taleyini, sonrakı aqibətini Ağalarov necə də həssaslıqla hiss edirmiş. Onun ingilis generalı Tomsona söylədiklərinə diqqət yetirin: "General həzrətləri, hökumət dəli dərviş kimi dağa-daşa düşə bilər, amma neft Bakıdadır, neft mədənlərini Gəncəyə, Şuşaya, Şəkiyə köçürmək olmaz. Neft hər gün sağmal inək kimi sağılmalıdır, ara verilsə, qara inək süddən düşər. Quyular zay olub gedər. Amma bütün anbarlar neft ilə dolub, biz neft içində boğuluruq. Çıxarılan nefti ixrac eləmək lazımdır və Bakı nefti ki, qara cövhərdir, ən əla neftdir, dünya bazarlarında müştəriləri çoxdur".

"Babək" Ə.Məmmədxanlının ilk və son romanı idi. Romanın I hissəsi tamamlanmayıb. "Babək" bədii filminin ssenarisi isə birinci hissənin davamı olaraq romana əlavə edilib. Əsəri çapa hazırlayan Anarın fikrincə, "Yazıçının içəri dünyasında" gördüyü Babək obrazı, onun ətrafı-dostlar və düşmənlər-əsərlərin personajları elə dəqiq, dürüst düşünülüb-duyulub ki, birinci hissədə-roman səhifələrində canlanan fərdlər öz mahiyyətini, səciyyələrini, sifətlərini ikinci hissədə - ssenaridə də hiss edirik". Hiss olunur ki, "Babək" romanı Babək dövrünün dini-fəlsəfi mahiyyətini dərinliyilə duyan, tarixi hadisələrin arxasında sürünməyib bu hadisələrə tamam yeni bir aspektdə diqqət yetirən bir yazıçı tərəfindən qələmə alınmışdır. Əsərdə tarixi məlumatlar yetərincədir, bu məlumatlar "Babək" dövrünün ictimai-siyasi, dini-fəlsəfi, hətta coğrafi mənzərəsini bütün genişliyilə gözlərimiz qarşısında canlandırır. Romanın yazılış tərzi də nəsr üçün yenidir, Orta əsr Şərq nəsrinin üslubuna yaxındır.

Anar romana yazdığı müqəddimədə xatırladır ki, "Azadlıq yanğısı" Ə.Məmmədxanlının ən çox sevdiyi ifadə idi və yazıçı hamını sıxan mənəvi əsarət dövründə bu əsəri məhz azadlıq eşqinə və azadlıq eşqilə yaratmışdı.

"Babək dedi:

- Ey kor yapalaq, siz heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər o, şirin olsun, istər acı-yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə azadlıq fədaisi büsbütün məhv olmur".

"Babək" romanı tarixi nəsrimizlə bağlı bir sıra sualları da aydınlaşdırdı. Öncə "Babək" romanı tarixi şəxsiyyətin məlum obrazına bədii bir möhtəşəmlik, əzəmilik bəxş etdi. Salnaməçilərin, təzkirəçilərin, tarixçilərin şərhindəki Babək bədii sözün qüdrətilə əbədiləşdi. İkincisi, Ə.Məmmədxanlı lüzumsuz məlumatfüruşluğa ehtiyac duymadı, burada sanki ustad bir memar işi duyulur. Tarixi hadisələr, faktlar, mənbə və qaynaqlardakı məlumatlar əsərdə elə səliqə ilə yerləşdirilib ki, heyrətlənməyə bilmirsən. Üçüncüsü, bu əsər bir daha sübut etdi ki, əgər yazıçı sadəcə özünü salnaməçi hesab etməyib, tarixi hadisələri bu günün elmi-fəlsəfi meyarları ilə mənalandırırsa, deməli, tarixi yenidən "oxuya" və oxutdura bilir.

...Ənvər Məmmədxanlının "Ayrıldılar" hekayəsində personajlardan biri belə deyir: "Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər". Mən "köhnə kişi" ifadəsini bütünlüklə Ənvər Məmmədxanlıya aid edə bilərəm. Milli ənənələrə möhkəm bağlılıq, xalqını, millətini, dilini, musiqisini, onun tarixini varlığında yaşatmaq, həqiqətpərəstliyi həyat tərzinə çevirmək - budur Azərbaycan kişiliyi...Lakin "köhnə kişi" anlayışı müasirlik anlayışı qətiyyən ziddiyyət təşkil eləmir. "Köhnə kişilər"in hamısı - Ənvər Məmmədxanlı da son dərəcə müasir bir insan idi. Kamal Abdullanın səksəninci illərin sonlarında Ənvər müəllimlə apardığı müsahibəni oxuyun-görərsiniz ki, bu böyuk sənətkar - "köhnə kişi" təpədən-dırnağa müasir ideyalarla silahlanıb.

İndi Ənvər Məmmədxanlı kimi köhnə kişilər qalmayıb daha. Bu faciəmi, dərdmi, deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, o köhnə kişilərin açdığı yollar olmasaydı, biz yolsuz qalardıq.