Nərimanov "necə varsa, eləcə" - Sabir GƏNCƏLİ

 

Görkəmli alimlərimizin, ədəbiyyatşünaslarımızın, bədii söz ustalarımızın diqqətini cəlb edən hər gün axtarışda olan, arayıb-araşdıran, məşhur tədqiqatçı, filologiya elmləri doktoru, professor Teymur Əhmədov şərəfli alim, ədib ömrü yaşayır, bir-birindən maraqlı, dəyərli elmi əsərlər, kitablar nəşr etdirir. Onun yaradıcılığının bir istiqaməti də milli ədəbiyyat xadimlərimiz haqqında sanballı albom-kitablardır: Teymur Əhmədovun ərsəyə gətirdiyi elmi tədqiqat xarakterli - "Səməd Vurğun", "Süleyman Rüstəm", "Abdulla Şaiq", "Mir Cəlal", "Mirzə İbrahimov", "Xəlil Rza Ulutürk", "Zəlimxan Yaqub" albom-kitabları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Oxuculara ərməğan olan "Nəriman Nərimanov" (2018) albom-kitabı bu il "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzində kütləvi tirajla nəşr olunmuşdur.

Teymur Əhmədov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində hələ tələbə ikən xalqımızın görkəmli dövlət xadimi, yazıçı və maarifpərvər oğlu Nəriman Nərimanovun ədəbi irsi, tarixi taleyi ilə maraqlanırdı. O, 1958-ci ildə İrəvanda "Ədəbi Ermənistan" almanaxında N.Nərimanov haqqında hekayəsini dərc etdirmişdi. O, Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil aldığı zaman burada "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik, sonra  "Nərimanovun yaradıcılıq yolu" (1988) adlı doktorluq dissertasiyalarını yazıb müdafiə etmişdir.

"Azərbaycan" ədəbi-bədii jurnalı redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsində müdir (1965-1968), Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Akademiyanın Cənubi Azərbaycan şöbəsində müdir müavini (1976-1993),  sonra orada (1997-ci ildən) şöbə müdiri olmuşdur. Bu illərdən indiyədək Nəriman Nərimanovun həyatı, ictimai-siyasi, ədəbi fəaliyyətinin araşdırılması onun diqqət mərkəzində olmuşdur. 1978-ci ildə "İşıq" nəşriyyatı onun  "Nəriman Nərimanov" adlı ilk albom-kitabını nəşr etmişdi. Görkəmli ədəbiyyatşünas alim Mirzəağa Quluzadə "Nəriman Nərimanov" albom-kitabının nəşrə hazırlanmasını iki doktorluq elmi işinə çəkilən zəhmətlə bərabər tutmuşdur.

Nəriman Nərimanovun ilk tədqiqatçısı Vəli Məmmədovun elmi redaktorluğu ilə Azərbaycan və rus dillərində nəşr edilmiş bu maraqlı albom-kitabın giriş məqaləsində N.Nərimanovun zəngin, ədəbi, pedaqoji, ictimai-siyasi, publisistik fəaliyyətindən bəhs edilir.

Uzun müddətdən sonra Teymur Əhmədovun yenidən "Nəriman Nərimanov" (2018) albom-kitabını nəşr etdirməsi təsadüfi deyildir. Müəllif burada sovet senzurasından xilas olmuş mətbuatımızın müstəqillik ab-havası şəraitində Nərimanov necə varsa, eləcə ədəbi-siyasi portretini yaradıb qədirbilən oxuculara təqdim etmişdir.

600-dən artıq tarixi fotoşəklin, yüzlərlə sənədin, illüstrativ materialın, fikrin, xatirənin, rəyin toplandığı 448 səhifəlik bu sanballı albom-kitab ümummilli lider Heydər Əliyevin bu sözləri  ilə açılır: "Nəriman Nərimanov mürəkkəb və çətin bir yol keçmiş, fəaliyyətə maarifçi-demokrat kimi başlayaraq… bir siyasi rəhbər və təşkilatçı kimi özünün bütöv istedadı, qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir. Onun adı Azərbaycan zəhmətkeşlərinin qəhrəmancasına mübarizəsi ilə qırılmaz surətdə bağlıdır".

Bu müdrik fikirlərdən sonra müəllif N.Nərimanovun şəxsi imzası ilə onun idealını - həyat məqsədini ifadə edən sözlərini təqdim edir: "Ey Şərq, ey bəşərin əzəli, sənin yolunda yansam da, əzablara düşsəm də, idealımdan dönən deyiləm. Hamı şahiddir ki, sənin yolunda ömrümü sərf etdim. Hərgah tapılsaydı can verən bir loğman, otuz il də həyatımdan verərdim sənə".

2018-ci ilin təntənəli may günlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində professor Teymur Əhmədovun "Nurlar" nəşriyyatında nəfis şəkildə çap etdirdiyi "Nəriman Nərimanov" albom-kitabın annotasiyasında deyilir: burada müstəqilliyin ab-havası şəraitində Nəriman Nərimanov necə varsa, eləcə qədirbilən xalqına təqdim olunmuşdur.

Müəllif geniş əhatəli "Ön sözü"ndə Nəriman Nərimanovun həyatı, ictimai-siyasi, ədəbi fəaliyyəti, idealı, mübarizəsi, şəxsiyyəti, taleyi haqqında yeni tapılmış sənədlər, materiallar əsasında tam dolğun şəkildə bəhs edir. "Ön söz"də N.Nərimanov müəllim, həkim, publisist, naşir, rejissor, dramaturq, görkəmli ictimai-siyasi xadim kimi təqdim edilir.

"İlk axtarışlar dövrü onun həyata münasibətində maarifçilik dünyagörüşü" başlıca yer tuturdu. Lakin gənc Nərimanın romantik düşüncələri və maarifçilik baxışları dövrün ictimai-siyasi hadisələrini obyektiv dərk etməyə imkan verməsə də, zəhmətkeş kütlələri mütləqiyyətin əsarətindən xilas etmək xəyalı ilə yanaşması onu yeni yollar axtarmağa sövq edirdi.

"N.Nərimanov doğma xalqına, vətəninə xidməti müqəddəs vətəndaşlıq borcu və şərəfi bilirdi".

O özü yazırdı ki, bəşəriyyətin geri qalmış hissəsinə bacardığı qədər kömək etmək fikri ilk dəfə Qızılhacılı kəndində müəllimlik etdiyi dövrdə yaranmışdı.

Azərbaycanın ictimai dərdlərinə yaxından bələd olan N.Nərimanov öz ürək sözlərini xalqa söyləmək üçün münasib bir yer, bir meydan axtarırdı. Böyük arzu və idealları onu 1891-ci ildə sənaye və mədəniyyət mərkəzi Bakıya gətirdi. Burada progimnaziyada müəllimliyə başladı, sonra Bakı oğlan gimnaziyasında pedaqoji fəaliyyətini davam etdirdi.

O, "Təzə xəbərlər", "Məktəb" jurnalı nəşr etmək istədi, icazə vermədilər.

"Öz ideyalarını bədii yaradıcılıqda, teatrda sınadı. "Nadanlıq" (1894), "Şamdan bəy" (1895) komediyalarını, "Nadir şah" (1898) tarixi faciəsini yazdı. 90-cı illərdə onun təşəbbüsü və rəhbərliyi ilə ziyalı gənclərdən ibarət aktyorlar truppası yaradıldı. N.Nərimanov tərbiyəvi əhəmiyyəti olan pyesləri tamaşaya qoyurdu".

"N.Nərimanova görə, komediya ancaq  güldürmək üçün deyil, əksinə "zindəganlığımızda olan qüsurları" göstərmək üçündür. Komediya həyatın aynasıdır. "Komediya çıxarmaqdan əsl məqsəd tərbiyədir". N.Nərimanov "Teatr barəsində bir neçə söz" (1899) əsərində yazırdı: "Teatr böyüklər üçün bir növ məktəbdir".

N.Nərimanov ictimai fəlakətdən xilas yolunu elm, maarif və mədəniyyətdə görürdü.

N.Nərimanov 1902-ci ildə 32 yaşında gimnaziyada ekstern imtahan verib şəhadətnamə aldı. Həmin il Odessa şəhərindəki Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə daxil oldu… Burada onun gözləri önündə yeni aləm açıldı. O, inqilabi hərəkata qoşuldu, tələbə dərnəklərinin gizli təşkilatçı rəhbərlərindən biri oldu.

Qocaman inqilabçı V.Elts gurultulu, səs-küylü tələbə yığıncaqlarını xatırlayaraq demişdir: "Nəriman Nərimanov ciddi, düşüncəli görkəmli, həddindən artıq sakit davranışı ilə insanı heyrətə gətirirdi. Əslində bu "sakitliyin" arxasında əsrlərcə zülm altında qalan bir inqilabçı ürəyi gizlənir və döyünürdü…".

N.Nərimanov bədii və publisistik yaradıcılığını inqilabi fəaliyyəti ilə sıx əlaqələndirərək mətbuatda, yığıncaqlarda, başçılıq etdiyi "Hümmət" qəzetində çıxışlarının birində xalqın hüquqlarını müdafiə edir, onlara doğru yol göstərirdi: "Yolumuz artıq dərəcədə tikanlı və məşəqqətli olsa da, ali, müqəddəs məsləkimiz  kirdarımızın artmağına səbəb olur. Bizim məsləkimiz bütün insanları birləşdirməkdir və biz deyirik: hamı millətlər üçün məqsəd, ideal birdir: bu ideal hamı millətləri qardaşlığa dəvət edir…".

"Hümmət" qəzeti ən mürəkkəb ictimai-siyasi şəraitdə zəhmətkeşlərin yaxın məsləhətçisi olmuşdur.

N.Nərimanov öz çıxışlarında istismar və zülm buxovlarından, mənəvi əsarətdən qurtuluş yollarını göstərirdi.

N.Nərimanovun çoxsahəli, mənalı fəaliyyətindən bəhs edərkən müəllif bu böyük şəxsiyyətin acı taleyində olan kədərli məqamları da unutmamışdı: "N.Nərimanov Azərbaycanda Xalq Komissarlar Sovetinin sədri işlədiyi qısa müddətdə böyük nüfuz və səlahiyyətləri çərçivəsində olduqca faydalı işlər həyata keçirirdi ki, bu da sovet hökumətinin gizli siyasətini təmsil edən mənsəbpərəst məmurları qıcıqlandırırdı. Nəriman Nərimanovu bəhanə ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırmaqla onun Şərqdə nümunəvi, demokratik, xalq hakimiyyəti - "Müstəqil Sovet Azərbaycanı" (V.İ.Lenin) yaratmasına imkan vermədilər.

1924-cü ildə V.İ.Leninin vəfatından sonra Kremlin intriqa mühitində təklənən N.Nərimanov öz ideyalarına sədaqətlə xidmət edirdi. O, "Oğluma məktub"unda Kreml rəhbərlərinin həqiqi yoldan sarpdıqları siyasətlə ölkəni dağıdacaqlarını uzaqgörənliklə xəbər vermişdi".

Zəngin muzeyi andıran bu əsər yüksək dərəcədə hazırlanmışdır. Belə bir abidəni yaratmaq heç də asan məsələ deyildir. Albom-kitab yaratmaq xalq, vətən yolunda böyük xidmətləri olan, maarif, mədəniyyət, elm sahələrində çalışan ziyalılar haqqında, ictimai-siyasi həyatda görkəmli rol oynayan dövlət adamları barəsində yazılır, nəşr olunur. Burada verilən şəxsi və ictimai məna daşıyan fotoşəkillər, illüstrasiyalar kitabın məzmunu ilə bağlanır. Belə kitablarda süjet xətti olur, mətnlər bölmələr üzrə yerləşdirilir.

Albom-kitab tərtib etmək müəllifdən böyük səbir, zəhmət, ciddi axtarış, elmi ümumiləşdirmə, bir sözlə dərin tədqiqat işi və səriştə tələb edir. Bütün bu tələblərə Teymur Əhmədovun böyük səyləri, biliyi, nəşriyyatçı və jurnalistik məharəti cavab verir. O, bu sahədə sanballı işlər görmüş, ensiklopedik mahiyyət daşıyan 8 albom-kitab nəşr etdirmişdir.

Bütün bunlar yarım əsrdən çox mənim gözlərim önündə olmuşdur. Qürur hissilə qeyd edirəm ki, Teymurun bu vətənpərvərlik işlərinə görə ilk təbrik edənlər arasında mən də olmuşam.

Bu yeni "Nəriman Nərimanov" albom-kitabı nizamlı şəkildə maraqlı süjet xətti ilə tərtib edilmişdir.

"Uşaqlıq illəri" səhifələrində (36-37) XIX əsr Tiflis şəhərinin panoramı şəklinin üstündə kiçik mətndə oxuyuruq: "Nərimanın ulu babası XVII əsrdə Gürcüstanın Kaxetiya valisi I İraklinin sarayında eşikağası olmuşdur. Babası Allahverdi bəy isə Zaqafqaziyada musiqi xadim kimi şöhrət tapmışdır. O, bütün ömrü boyu Tiflisdə böyük zövqlə tikdirdiyi ikimərtəbəli mülkündə yaşamışdır. Bu ata-baba mülkü sonralar oğlu Nəcəfə qalmışdı.

Kərbəlayı Nəcəf tiflisli Hacı Məhəmmədqasım Zamanovun qızı Həlimə xanımla evlənmiş, mehriban ailə qurmuşdur. Onların doqquz övladı olmuşdur: Səlman, Mərziyə, Rza, Rizvan, Fatma, Səkinə, Rizvan (ölən uşağın adı verilib), Nəriman, Zöhrəbanu".

Sonrakı səhifələrdə bu şəxslərin və digər ailə üzvlərinin şəkilləri verilmişdir.

Təhsil illərinə aid şəkillər - "Qori seminariyasının müəllimləri", "Seminariyanın Azərbaycan şöbəsinin müəllimləri və tələbələri", "Seminarist Nəriman, 1888-ci il", "N.Nərimanovun seminariyanı bitirməsi haqqında şəhadətnamə, 1890-cı il", "Qızılhacılı kənd məktəbi", "Borçalı qəzasındakı Qızılhacılı kəndi, 1890-cı il".

"XIX əsrin sonunda Bakının dənizkənarı və küçələrindən biri", "N.Nərimanov şagirdləri arasında", "Azərbaycan və rus məktəbləri üçün N.Nərimanovun 1891-1900-cü illərdə yazdığı dərsliklərin foto surətləri" diqqəti cəlb edir. Burada "N.Nərimanovun Bakı oğlan gimnaziyasının müəllimi" şəkli səhifə boyu, ayaqüstə gözəl, qamətli, yaraşıqlı geyimdə, ziyalı görkəmdə verilmişdir. Şəkilaltı mətndə yazılmışdır: "1990-cı il, yanvar ayının 1-də yüksək səviyyəli pedaqoji xidmətlərinə görə N.Nərimanov üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir. Bu, Nəriman Nərimanovun  pedaqoji sahədə çəkdiyi böyük zəhmətin bəhrəsi idi. Qafqaz Təhsil Dairəsi müdirinin 1899-cu il 3 noyabr tarixli rəsmi məlumatında deyilir: "Cənab Nərimanov öz qulluq vəzifələrini can-başla və diqqətlə icra etməsi, sağlam fikirli... ilə həmişə fərqlənmişdir".

N.Nərimanov pedaqoji fəaliyyəti dövründə teatra, ədəbi-bədii yaradıcılığa da böyük əhəmiyyət verirdi. Bunu albom-kitabın (56-59-cu) səhifələrində foto surətləri verilmiş sənədlər və dəyərli tarixi şəkillər əyani olaraq göstərir. "Həbib bəy Mahmudbəyov teatr həvəskarları truppası (N.Nərimanov çərkəzi paltarda), 1892-ci il", "Teatr binası" şəklinin yanında verilmiş N.Nərimanovun bu sözləri "Mənim 1895-ci il yanvarın 15-də Bakıda Tağıyev Teatrında ilk dəfə tamaşaya qoyulmuş pyesim "Nadanlıq" oldu. Həmin günü ədəbi işimin başlanğıcı hesab edirəm". N.Nərimanovun səhnə əsərlərinin afişa və proqramlarının surəti", "Gəncədə teatr barəsində deyilmiş N.Nərimanovun sözü" (1899) əsərinin ilk səhifələri" foto surətləri, səhnə əsərlərinin tamaşalarında çıxış edən aktyorlardan Sidqi Ruhulla, Cahangir Zeynalov və Hüseyn Ərəblinskinin fotoşəkilləri, "Əkinçi", "Kaspi", "Hümmət", "Həyat", "Tərcüman" qəzetlərinin üz səhifələrinin kollajı, "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qasprinskinin nadir fotoşəkli, Hacı Zeynalabdin Tağıyevin, Nəriman Nərimanovun məslək dostları Əliskəndər Cəfərzadə, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Qurbanəli Şərifzadə, Ələddin Əfəndi və Ömər Faiq Nemanzadənin birlikdə şəkilləri verilmişdir (səh. 58-67).

Nəriman Nərimanovun Odessada Novorossiyski İmperator Universitetində ali təhsil aldığı və inqilabi hərəkata qoşulduğu illərdəki fəaliyyəti də albomda maraqlı məlumatlar və şəkillərlə geniş işıqlandırılmışdır. Odessaya, Krıma, Bağçasaraya aid şəkillər, tələbə N.Nərimanovun inqilabi tətillərdə iştirakı haqqında sənədlərin foto surətləri, çıxış etdiyi dövri mətbuatın üz qabıqlarının foto surətləri, Həştərxana sürgün olunması haqqında yol vəsiqəsi, həbs olunduğu Metex qalasının və şəxsi fotoşəkilləri, N.Nərimanov qardaşı və bacısı uşaqları ilə birlikdə ailəvi və ictimai fotoşəkilləri, "Nadanlıq", "Şamdan bəy", "Nadir şah", "Bahadur və Sona", "Pir" əsərlərinin titul səhifələri, 1917-1920-ci illərin inqilabi hadisələri haqqında sənədlər, Azərbaycanın görkəmli ziyalıları M.Ə.Rəsulzadənin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin, Nəsib bəy Usubbəyovun fotoları və fikirləri dərc edilmişdir. Bu dövr Bakı N.Nərimanovun ictimai-siyasi, ədəbi və publisistik fəaliyyətinin ən qaynar illəri olmuşdur.

N.Nərimanov Bakıda Azərbaycan dilində nəşr edilən "İqbal", "Bəsirət", "Açıq söz", "Yeni iqbal" qəzetlərində tibbə dair elmi-kütləvi məqalələri ilə yanaşı, ədəbi-tənqidi və ictimai-siyasi publisist əsərlərini ("Arı bəy", "Nər", "Doktor Nərimanov" gizli imzaları ilə) dərc etdirmişdir.

Müəllif mətbuatın bu dövrdə əhəmiyyətindən bəhs edərək yazırdı: "Bu dövrdə mətbuat polisin və senzuranın amansız təqibinə məruz qalırdı. Buna görə də N.Nərimanov inqilabi ideyaları yaymaq üçün mətbuatdan tribuna kimi istifadə etməli idi. Əlbəttə, bu, böyük məharət və bacarıq tələb edirdi. Çünki dövrün ziddiyyətlərini "pərdəsiz, açıq, tam və mükəmməl" söyləmək qeyri-mümkün idi.

***

Albom-kitabda N.Nərimanovun şəxsi həyatının ən kövrək məqamları 1915-ci ilə aid fotoşəkli altında Teymur Əhmədovun yazdığı məlumat kədərli təsir bağışlayır: "N.Nərimanov 1915-ci ildə gec də olsa evlənməyi qərara alır. Onun 44 yaşına kimi ailə qura bilməməsinin səbəbini Abdulla Şaiqin "Xatirələrim" əsərində yazdığı sözlərdən aydın təsəvvür etmək olar: N.Nərimanov ailəsinə və qohum-qardaşına olduqca bağlı, qəlbi geniş, dostluqda sadiq və xeyirxah bir insan idi. Hələ evlənməmiş olduğu halda böyük bir ailə sahibi idi. Qoca anasını, xalasını, iki dul bacısı və onların uşaqlarını, qardaşı uşaqlarını öz himayəsi altına almışdı. O, gecə-gündüz çalışır, çapalayır, on iki nəfərdən ibarət olan böyük ailəsini çətinliklə dolandırırdı. Gəncliyini onlara fəda edərək bacısı və qardaşı uşaqlarını oxudub, bir yana çıxarmaq istəyirdi. Uşaqlar artıq böyümüşdülər. Səlman Nərimanovun qızı Asiya xanım bir il idi ki, H.B.Zərdabinin ömür yoldaşı Hənifə xanımın müdir olduğu rus-tatar qız məktəbində dərs deyirdi. N.Nərimanovun vəziyyəti bir qədər yüngülləşmişdi. Onun Gülsüm xanımla ailə qurması dostlarını da sevindirmişdi. Abdulla Şaiq Nərimanovu təbrik edərək yazırdı:

Nişan qoymuşsan, eşitdim, xeyir olsun!

Dan ulduzu kimi bəxtin durulsun...

Fırtına, tufanlardan sonra əlbət,

Gözəl olur sakitlik, istirahət.

Yox, sən rahatlıq sevməyən atəşsən

Əriyəcək qəhrinlə müdhiş düşmən.

Bu poetik mətnin yanında Gülsüm xanımın, N.Nərimanovun və Abdulla Şaiqin fotoşəkilləri verilmişdir.

Albom-kitabı vərəqlədikcə N.Nərimanovun dostları, mübariz yoldaşları gözlərimiz önündə canlanır. Onlardan biri də Məhəmməd Əmin Rəsulzadənindir. O, 1913-cü ildə "İqbal" qəzetində N.Nərimanovun əsəri haqqında yazdığı məqalədə yazır:

"Bahadur və Sona" məşhur bəradərimizin qələmi ilə yazılmış kiçik bir romandır. Böyük qardaşımız Nəriman cənablarının bu romanın iki əvvəlinci hissəsini məktəbdə ikən oxumuşam. … Dünən "Bahadur və Sona"nın üçüncü hissəsi təkmil olunmuş ikinci təbini oxudum… Bəncə ədəbiyyat hələ onun hekayənəfislik qismi, həyatı eynilə təsvir etməyə mükəlləfdir. Binaənileh öylə bir surətdə yaradılmalıdır ki, oxucularını ancaq hissiyyat və dəni rəftarlardan iyrəndirsin, yüksək fikirlər və ali hissiyyatlara biləks çəkindirsin. Bunu bir ədəbikamilə ifa edə bilmək üçün iki vergiyə malik olmalıdır. Biri vüsəti qəhirə, o biri cəsarəti-mədəniyyə.

Allah Nərimana bunların ikisini də vermişdir".

N.Nərimanovun Azərbaycan Xalq Cümhuriyyəti qurucuları ilə xoş, səmimi münasibəti olmuşdur. Çevriliş zamanı bəzi sovet məmurlarının özlərini təkəbbürlü, qatil kimi aparmaları, nəticədə böyük faciələrə səbəb olurdu. N.Nərimanov bunların qarşısını alır, milli azadlıq mücahidlərini, Azərbaycanın ziyalılarını imkanı daxilində təqiblərdən, haqsız cəzalardan qoruyurdu. Onların arasında M.Ə.Rəsulzadə, general Əliağa Şıxlinski, general Səməd bəy Mehmandarov və başqalarını sui-qəsd və terrordan qorumuşdur. Azərbaycanda sovet hakimiyyətinin ilk zorakılıq, haqsızlıq dövründə ədalətsizliyə qarşı mübarizə aparmış, milli dəyərləri qorumuşdur.

Əgər o, olmasaydı ölkəni bürümüş milli faciə daha dərin, daha ağrılı olardı. Bu faciə şəxsiyyətə pərəstiş illərində baş qaldırdı, qanlı, qırmızı qasırğaya çevrildi.

N.Nərimanov 1920-1921-ci illərdə Azərbaycan Xalq Komissarları sovetinin sədri işlədiyi vaxtlar Şərqdə ilk nümunəvi "müstəqil sovet Azərbaycanı" qurmaq, öz doğma millətinin azadlıq və xoşbəxtliyini təmin etmək üçün qəlbini məşələ çevirmişdi.

N.Nərimanov Bakıda işlədiyi həmin illərdə Azərbaycan milli məktəbləri yaradılmış, maarif-mədəniyyət quruculuğu sahəsində ilk uğurlar əldə edilmişdir.

Bunlar haqqında albom-kitabda çoxlu, yeni məlumatlar vardır.

Professor Teymur Əhmədov uzun illər arayıb-axtardığı həqiqətləri üzə çıxararaq, "oxucuların nəzərinə" çatdırmaq üçün yazırdı: "N.Nərimanov istəyirdi ki, dövlət idarələri milliləşdirilsin. Azərbaycan dili dövlət dili elan olunsun və tamhüquqlu fəaliyyət göstərsin. Partiya və dövlət siyasəti Azərbaycanın milli adət-ənənələri ilə uzlaşsın. Din məsələlərində maksimum ehtiyatlı rəftar edilsin. Şərq xalqlarının milli azadlıq hərəkatına kömək edilsin".

Tarixçi-alim Firdovsiyyə Əhmədova Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivində "Nərimanovun işi" adı ilə saxlanılan 10 məxfi qovluqdakı sənədlərdən bəhs edərkən demişdir: "N.Nərimanov Azərbaycanın quberniyalara bölünməsinin əleyhinə idi". Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu da ölkənin parçalanması fikrinin əsassız olduğunu göstərdi.

1920-ci ildə Nərimanov deyirdi ki, Naxçıvan, Qarabağ, Zəngəzur, Şərur-Dərələyəz, Ordubad Azərbaycanın ayrılmaz hissəsidir. O, Azərbaycanın işğalından sonra hakimiyyətdə yüksək vəzifə tutmuş mürtəce fikirli, şovinist bolşevik məmurlarının özbaşınalığına, fəhlə və kəndlilərin mənafeyinə qarşı hər cür hərəkətlərinə qarşı kəskin mübarizə aparırdı.

N.Nərimanov Kirov, Orconikidze, Mikoyan, Mirzoyan, Pankratov kimilərin Azərbaycanda apardıqları işğalçılıq siyasətinə qarşı idi, ona görə də ciddi müqavimətə məruz qalırdı.

"Daşnak əqidəli Mirzoyanın sədrlik etdiyi iclasda Nərimanovun cəzalandırılması, güllələnməsi, partiyadan çıxarılması təklifləri səslənirdi. Əsas ittiham bu idi ki, Nərimanov burjua millətçisidir", "Ruhən müsavatçıdır".  "Deyirlər ki, Məhəmməd Əmin Rəsulzadənin İstanbulda apardığı siyasəti Nərimanov Moskvada həyata keçirir… Ola bilsin ki, onların arasında əlaqə yoxdur, amma eyni siyasəti yürüdürlər…".

Firdovsiyyə xanım Moskva komissiyasının yoxlamasının MK bürosunda müzakirəsindən sonra 1923-cü il noyabrın 15-də qəbul etdiyi "Nərimanova etimad göstərmək olar" qərarına Nərimanovun münasibəti haqqında yazır: "...Bu etimaddan sonra düşünürdülər ki, Nərimanov onların fikirlərini, mövqelərini dəstəkləyəcək. Qətiyyən yox! Qərardan sonra ona üç həftəlik məzuniyyət verildi. Sonradan Nərimanov o məktubuna yenidən özünün haqlı olduğunu sübut edən əlavələr elədi. Çünki bu məktubda çoxlu statistik məlumatlardan istifadə etmişdi".

Nərimanov məktublarından birində yazırdı ki, "heç çar Rusiyası dövründə də azərbaycanlılar belə sıxışdırılmırdı. Azərbaycan dili qadağan olunmurdu…".

"Neft siyasətində haqsızlıqlara yol verilirdi".

"İşğaldan sonra Bakıya qayıdan Nərimanovun məqsədi Şərqdə nümunə olacaq bir respublika yaratmaq idi, amma burada "talan həftəsini", XI ordunun özbaşınalıqlarını, qarətləri görəndə o, ilk istefa ərizəsini yazdı".

Bütün bu haqsızlıqlara qarşı öz iradəsini qoyan, "siyasətbazlar"  içində təklənsə də Nəriman Nərimanov öz  müdrikliyi, dəyanəti ilə Azərbaycanın taleyini düşünür, ölüm-dirim cəngində siyasi savadsızlara, nadanlara, irticaçılara qarşı mübarizə aparırdı. O, oğluna vəsiyyət olaraq yazırdı:  "Hakimiyyət çoxlarını korlayır. Belə də oldu. Hakimiyyət yaxşı, görkəmli işçilərin çoxunu korladı. Onlar nəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən diktatorluq etmək qərarına gəldilər…".

Bu albom-kitabda təəccüb doğuran belə həqiqətlər açılıb göstərilir.

Bütün ömrü boyu əzab-əziyyətlər çəkmiş,  xalqının işıqlı sabahına çalışdığı nəcib-xeyirxah insanın - görkəmli dövlət xadiminin müəmmalı ölümü də, ömür yoldaşı Gülsüm xanımın iztirabları da, yeganə oğlu Nəcəfin qəmli taleyi də kitabda geniş işıqlandırılmışdır.

Böyük bir tarixi dövrü əks etdirən bu qiymətli ensiklopedik topluda fərəh, qürur notları ilə təsvir edilən səhifələr də az deyildir.

Ümummilli liderimiz Heydər Əliyevin sayəsində Nəriman Nərimanova qarşı böhtanlara, haqsızlıqlara, təzyiqlərə son qoyuldu. Haqq-ədalət öz yerini aldı.

Xalqımızın vətənpərvər oğlu, dünya şöhrətli, görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik sözləri ilə albomda böyük bir bölmə verilmişdir: "1970-ci ildə Nərimanovun anadan olmasının 100 illik ildönümünü qeyd etmək lazım idi. İlk dəfə onunla bağlı gizli məsələləri öyrənəndə onun həyatının son illəri məni çox həyəcanlandırmışdır. Bu 100 illik 1972-ci ildə qeyd olundu. Çünki Nəriman Nərimanova "millətçi" damğası vurulmuşdu. Lakin millətçi ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun bir millətçi olduğunu, bir çox xətalar elədiyini və 100 illik yubileyinin keçirilməsinin gərəksiz olduğunu söyləyirdilər. Nərimanovun heykəlini ucaldarkən nə əziyyətlər çəkdik. Çox mübarizə apardıq və çarpışa-çarpışa istəyimizə nail olduq. Sov.İKP MK-da Nərimanovun 100 illiyini qeyd etmək qərarını çıxartdı. "Pravda" qəzetində çox geniş bir material  getdi,  eyni zamanda daha mötəbər bir heykəl ucaldıldı.

Təəssüflər olsun ki, filmin bəzi hissələrinin göstərilməsinə icazə verilmədi. Hətta adını da dəyişdirdilər. İlk təqdimatda "Doktor Nərimanov" olduğu halda, "Ulduzlar sönmür" adlandırırdılar. Həmin anlarda Bakıda ev muzeyi də yaradıldı.

Bunları ona görə xatırladım ki, istəyirəm xalqımızda birlik olsun. Nərimanovun ayağının altını eşənlər kimlərdi? Bizim bəzi azərbaycanlılarımız. Onlar Levon Mirzoyanlarla, Anastas Mikoyanlarla, Sarkislərlə bir araya gələrək, Kirovu da Nərimanov əleyhinə bloka saldılar.

Budur xalqımızın xatası. Nərimanovun Leninə yazdığı məktub tarixin böyük bir sahəsidir. Sonra o məktubu mən Moskvaya apardım…".

Bu bölmədə verilmiş ağ-qara, rəngli şəkillərdə N.Nərimanovun Bakıdakı və Tiflisdəki ev muzeylərinin eksponatları, Azərbaycan rəssamlarının və heykəltəraşlarının N.Nərimanova həsr etdikləri əsərlərindən, teatr tamaşalarından, kinofilmlərindən kadrlar, Nərimanovun xalq arasında görüşlərindən nümunələr verilmişdir.

Albom-kitabda N.Nərimanovun tədqiqatçılarının Mirzə İbrahimovun, Mir Cəlalın, Cəmil Quliyevin, Vəli Məmmədovun, Teymur Əhmədovun, Firdovsiyyə Əhmədovanın, Qılman İlkinin, Firidun Köçərlinin,  Mikayıl Rəfilinin, Şamil Qurbanovun, Məmməd Qazıyevin və b. fotoşəkilləri, Nərimanov haqqında çap olunmuş kitabların üz qabıqlarının şəkilləri diqqəti cəlb edir.

N.Nərimanovun əsərlərindən seçilmiş hikmətli sözləri, nəsihətləri də verilmişdir ki, bunlar da maraqla oxunur.

Neçə-neçə şöbəsi, zəngin eksponatları olan böyük muzeyi xatırladan bu albom-kitabı tərtib edərkən zənnimcə müəllifin gözündən heç nə yayınmamışdır. Hər şey yerində, səliqə-sahmanla, zövqlə tərtib edilmiş bu albom-kitab xalqımıza  Azərbaycan Xalq Cümhuriyyətinin  100 illik yubiley ilində, N.Nərimanovun anadan olmasının 150 illiyi qarşısında oxucularımıza müəllifin ən gözəl hədiyyəsidir.