Vaqif YUSİFLİ - İşıq kimi bir ömür: İmamverdi Əbilov

"Köhnə kişilər" silsiləsindən

 

Sən şirinsən, yox zərrəcə

Acılığın.

İmamverdi!

Sən hacılar hacısısan.

Cövhərində, canındadır

Hacılığın,

İmamverdi!

Axı sənin öz məskənin övliyadır,

Müqəddəsdir:

İmamverdi!

Təkcə səni ziyarətə gəlsə millət,

Elə bəsdir...

İmamverdi!

 

Xalq şairi, unudulmaz Qabilin bir şeirindən seçdim bu misraları. İmamverdi Əbilova həsr olunub. O İmamverdi Əbilova ki, Azərbaycanın ən tanınmış ziyalılarından biri idi və indi - ölümündən sonra da həmişə xatırlanan, ruhuna dualar oxunan bir kişi...

İmamverdi Əbilovun adı qarşısında filologiya elmlər doktoru, professor, qabaqcıl maarif xadimi, əməkdar müəllim və s. titulları sıralamaq niyyətində olmadım. Sadəcə İmamverdi Əbilov - Azərbaycanın istənilən bir kəndində, şəhərində bütün ziyalı camiəsi üçün İmamverdi Əbilov adı ən doğma isimlərdən biridir. Səksən ildən artıq bir ömür qovşağında çoxlarına nəsib olmayan belə bir şöhrət zirvəsinə o necə qalxa bilmişdi? Mən bu suala qısaca, birnəfəsə cavab verə bilərdim, amma İmamverdi Əbilovun həyat və yaradıcılıq yolunu əhatə edən "Ömrün və elmin romantikası" kitabında tam aydınlığı ilə cavab tapdım.

1927-ci il, 19 dekabr - bu, İmamverdi müəllimin doğum tarixidir. XX əsrin 73 ili və bir də XXI əsrin ilk onilliyi. Sovet Azərbaycanının və müstəqil Azərbaycanın ən tarixi hadisələrinin şahidi və iştirakçısı. Amma təkcə şahidi və iştirakçısı deyil, həm də böyük Azərbaycanın bir zərrəsi. Və bu zərrədən - fərdi bir ömür prizmasından işıqlı bir həyatın tarixçəsi boylanır.

Mən Azərbaycanın ən görkəmli insanları haqqında düşünəndə, birinci işıq kəlməsini xatırlayıram. İmamverdi Əbilov da o işığı varlığında yaşadan bir insan idi. Bu işığın mahiyyəti Azərbaycan mənəviyyatını və bu mənəviyyatın başlıca atributlarından olan Azərbaycan ədəbiyyatını sonsuz bir məhəbbətlə sevmək, yaşatmaq və təbliğ etmək idi. Özü də harada? Nə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda, nə də Yazıçılar İttifaqında (hərçənd, bu iki humanitar mərkəz İmamverdi Əbilovun tanınmasında böyük rol oynamışdı), qaynar ədəbi və elm mərkəzi Bakıdan uzaqda - Neftçala rayonunda.

İşıq kəlməsi heç şübhəsiz, od və ocaq kəlmələri ilə bağlıdır. İmamverdi Əbilovun yaşadığı Neftçala şəhəri - Puşkin küçəsi, ev 12 Azərbaycan alimlərinin və ədiblərinin tez-tez baş çəkdiyi bir ocaq timsalında idi. Böyük Səməd Vurğunun Neftçalaya gəlişi, bu rayonun zəhmətkeşləri ilə yay klubunda görüşü, ədəbiyyat müəllimi İmamverdi Əbilovun şairin yaradıcılığı haqqında məruzəsi həmin ocaqda çatılan ilk tonqal idi. Sonralar Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyev, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mehdi Mehdizadə, Mehdi Hüseyn, Bəxtiyar Vahabzadə, Məmməd Rahim, İsmayıl Şıxlı, Mirmehdi Seyidzadə, Əli Sultanlı, Xudu Məmmədov, Nəriman Həsənzadə, Əliağa Kürçaylı, Bəkir Nəbiyev, Söhrab Tahir, Əli Kərim, İslam Səfərli, Xəlil Rza Ulutürk, Cabir Novruz, Məsud Əlioğlu, Mehdi Məmmədov və daha hansı mədəniyyət korifeylərimiz bu ocağın başına yığışdılar və bu ocaq bir ziyarət məkanına çevrildi. Yox, İmamverdi müəllim nə möcüzəli pir sahibi idi, nə də müəzzəm bir seyid. Azərbaycan ziyalıları o ocaqda Füzuli, Nəsimi, Sabir, Cavid, Hadi, Şəhriyar, Səməd Vurğun poeziyasından yayılan işığın təşnəçiləriydi. İmamverdi müəllim ömrünün son gününə qədər o ocağın qoruyucusu oldu. Bəs bu korifeyləri o ocağa çəkən hansı qüvvə idi?

Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun və Məsud Əlioğlunun səsyazısından (10 sentyabr, 1969) bir neçə sətir bu suala ən tutarlı cavabdır:

Bəxtiyar Vahabzadə: "Bu qapıya gəlməyən bir ədəbiyyatçı, bir şair, bir ədib...mən təsəvvür eləmirəm. Hamı bu qapını açıb, İmamverdinin evi ədəbiyyat evidir, ona görə də müqəddəsdir. Bu evdə gör kimlər var. Bu evdə Füzulidən tutmuş bugünkü ədiblərimizə qədər... Şekspirdən tutmuş Sartra qədər, ondan sonra bütün klassiklər bu evə yığılıb. Bu otaqda musiqi var, burda şeir var. Bəs İmamverdi kimdir? Nə üçün İmamverdinin başına toplaşıb bu gözəl adamlar, bu gözəl şəxsiyyətlər, bu gözəl ruhlar? Ona görə ki, İmamverdinin özü təmizdir, özü müqəddəsdir, özü pakdır".

Məsud Əlioğlu: "İmamverdi xiridardır, mənəviyyat xiridarıdır, insanlıq xiridarıdır. Onun insan mənəviyyatına o qədər eşqi, şövqü, bağlılığı var ki, bununla məşğul olaraq az qala özünü unudub".

Xudu Məmmədov: "İmamverdidən qabaq da burda ziyarətgah yaradan olardı.  Amma öz aləmində İmamverdi bu evi ziyarətgah yaradıb".

Bu misalların sayını istənilən qədər artırmaq olar. Ancaq mənim də bir əlavəm var: İmamverdi Əbilov XX əsr Azərbaycan ədəbi yaddaşının ən fədakar qoruyucusu idi. İnsan, özü də ziyalı bir insan, lap elə ədəbiyyat fədaisi mənən təmiz, saf, hamının sevdiyi şəxs ola bilər, lakin yaddaşı qorumaq, onu nəsillərə ötürmək missiyası hər adama qismət olmur. Mən böyük tənqidçi Yaşar Qarayevin bu sözlərini yazıma gətirirəm: "Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində, nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır. Şəhid - ölümü ilə, şair - ağrısı ilə yaddaşa qaynayıb-qovuşur. Və yaddaşın ömrü bir vicdana və haqqa xidmətin, bir də qədir-qiymətə çevrilən anların cəmindən yaranır. Artıq gör neçənci əsrdir ki, İsa və Məhəmməd də, Qorqud və Şekspir də bir haqqın, bir də yaddaşın dərgahında yaşayır. Daha doğrusu, tarix, zaman hər yerdən axıb, sürüşüb gedir, bir yaddaşa ilişəndə  iz qoyur, əbədiləşir və abidələşir".

İmamverdi Əbilov bu yaddaşı əbədiləşdirən və abidələşdirən bir ədəbiyyat kişisi idi. Bu mənada mən onun böyük zəhmətini XX əsrin Salman Mümtaz, Qulam Məmmədli, İlyas Əfəndiyev, Rəsul Rza, Məmməd Cəfər kimi böyük şəxsiyyətlərin - ədəbi-tarixi yaddaş missiyasını yaşadan şəxsiyyətlərin tələbəsi hesab edirəm. İmamverdi Əbilovun Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mirzə İbrahimov və b. sənətkarlar haqqında qələmə aldığı yazılarını təkcə səmimi hisslərin, ustadlara böyük məhəbbətin ifadəsi kimi anlamaq doğru olmazdı, həm də bu portret yazılarda ədəbiyyat tariximizin elə olayları, çoxlarına məlum olmayan elə həqiqətləri üzə çıxır ki, bunları qələmə almamaq günah olardı. Özü də İmamverdi Əbilov bu hadisələri kimsədən eşitməyib, şəxsən həmin hadisələri gözləriylə görüb. M.C.Bağırov-Səməd Vurğun konflikti - Tiran və Şair qarşıdurması. "Sağlığında şöhrətin zirvəsinə çatan Səməd Vurğun 40-50 yaşlı sənətkarların  dözə bilməyəcəyi təzyiqlərə, hücumlara dözmüş, haqlı mövqeyi uğrunda mübarizə aparmışdı... Opera və Balet Teatrında keçirilən yığıncaqda məruzəçi Mircəfər Bağırov idi. O vaxtki SSRİ-nin bütün respublikalarından qonaq var idi. Mən Mehdi Hüseyn, Əli Vəliyev və Əbülhəsənlə yanaşı əyləşmişdim. İclası o vaxtkı Bakı şəhər partiya komitəsinin birinci katibi Mirteymur Yaqubov aparırdı. M.C.Bağırov 15 dəqiqəlik tənəffüs nəzərə alınarsa, 3 saat yarım məruzə elədi. Nazirlər Soveti sədrinin I müavini, Mincəçevir SES-i yaradanlardan biri İslam İslamzadəni biabır elədi. Sonra isə təhqiramiz ifadələri Səməd Vurğuna yönəltdi: əvvəlcə şairin sənətkarlıq qüsurlarından danışdı - yaratdığı şah, çoban, vəzir, şair, qadın obrazlarının hamısının filosof ədası ilə danışdığını söylədi. Sonra isə Səməd Vurğunu dəlilsiz-sübutsuz ağır ittihamlarla günahlandırdı". Və tənəffüsdən sonra iclas öz işini davam etdirir. Şərtə görə hamı rus dilində yazdığı  konspekti oxumalı idi. Hamı bu qaydaya əməl edir. Nəhayət, S.Vurğuna söz verilir. "Səməd Vurğun çıxışın bitməsinə 2 dəqiqə qalmış əlindəki konspekti kənara qoyub Azərbaycan dilində salona müraciət elədi:

- Əziz yoldaşlar! Bilirsiniz ki, mən şair adamam. Şairlər isə konspektdən çıxış edəndə istədiklərini ifadə edə bilmirlər. Şair sərbəstlik sevir, konspekt isə rəsmiyyət deməkdir. Xahiş edirəm, fikirlərimi sərbəst ifadə etmək üçün mənə icazə verəsiniz... Salondan alqış sədaları qopdu və arası kəsilmədi, hətta Bağırov da əl çaldı və başı ilə işarə etdi ki, buyur.

- Yoldaş Bağırov, "Vaqif"dən sonra yüksək dram əsəri yaratmadığımı dediniz. Şair hər zaman şedevr yarada bilməz. O ki qaldı mənim personajlarımın filosof ədası ilə danışmasına - bunu əsərin romantik mahiyyəti tələb edir. Şekspirin prinsi də, sərkərdəsi də, məzarqazanı da filosof ədası ilə danışırsa, bunu 400 ildir ki, görür və Şekspirə irad tutmurlar. Hər şairin öz üslubu var. Romantika mənim yaradıcılığımın guşədaşıdır". Səməd Vurğun o iclasda M.C.Bağırovun bütün ittihamlarına təmkinlə cavab verir. Bu hadisə İmamverdi müəllimin dəmir yaddaşında möhkəm iz salır. Təkcə bu hadisəmi? Süleyman Rəhimovla, Süleyman Rüstəmlə, Rəsul Rzayla, Mirzə İbrahimovla, İslam Səfərliylə, Mirmehdi Seyidzadə ilə, Məmməd Rahimlə, Əliağa Kürçaylıyla, Əbülhəsənlə və b. sənətkarlarla bağlı onlarla elə hadisələr xatırlanır ki, bunları kiçik bir yazıda incələmək uzun vaxt aparar. Amma İmamverdi Əbilovun hər bir belə xatirə yazısında ən mühüm olanı budur ki, o hansı sənətkardan söz açırsa, portret-obraz yaradır. Süleyman Rəhimovun ağır, təmkinli, epik obrazı, Rəsul Rzanın mütəfəkkir şair obrazı, Süleyman Rüstəmin qətiyyən zarafatından qalmayan, amma həm də kövrək şair obrazı, Bəxtiyar Vahabzadənin filosof-şair, azərbaycançı obrazı, Məsud Əlioğlunun bütövlük, şirinlik, təmiz insan obrazı, Xudu Məmmədovun böyük alim obrazı o yazılarda İmamverdi müəllimin həm də bədii söz ustası olduğunu təsdiqləyir.

"Ömrün və elmin romantikası" kitabında "Məktublar" adlı bir bölmə var. Orada Azərbaycanın demək olar ki, üzdə olan bütün sənətkarlarının İmamverdi müəllimə ünvanladığı məktublar təqdim edilir. Sözün yaxşı mənasında, dəhşətə gəlirsən - bu qədər məktubları göz bəbəyi kimi qoruyub hifz eləmək hər kişinin işi deyil. Və İmamverdi müəllimə ünvanlanan bütün məktubların başında bu sözləri oxuyursan: "Əzizim", "Hörmətli", "Əziz qardaşım", "Möhtərəm", "Dostum", "Əziz və hörmətli" və s. Bu məktublar tədqiqata cəlb edilərsə, XX əsr Azərbaycan epistolyar janrının inkişafı haqqında geniş təsəvvürə malik olarıq. Məktubların məzmununa gəldikdə isə, çox maraqlı bir mənzərənin şahidi oluram: hamı İmamverdi Əbilovla öz dostu, qardaşı, sirdaşı kimi danışır, hətta dərdlərini də onunla bölüşür, yeri gələndə öz yaradıcılıq planları barədə söz açırlar. Ən çox Bəxtiyar Vahabzadə.

"Elə günlər, illər keçir...yaşadığımız ağlı-qaralı günlərə qayıda bilmirik. Dostlar əlimizdən çıxır. Təkləşirik. İndi hər şey bizə kədər gətirib. Sevinc itkin düşüb. Yeni şeirlərimdən (Ulduz-№9) razı qaldığını yazırsan. Oxucular mənim yazılarımdan razı qaldıqca məndə narazılıq artır. Daha böyük zirvələr istəyirəm, sabahın üfüqləri genişlənir, sabahkı tələbə indidən cavab vermək üçün yaradıcılıq əzabları çəkirəm. Hörmətlə, Bəxtiyar Vahabzadə. 12 noyabr 1979".

Amma çox təəssüflənirəm ki, o kitabda mənim İmamverdi Əbilova ünvanladığım iki məktubun heç birinə təsadüf eləmədim. Tərtibçi və redaktor Azər Turan - İmamverdi müəllimin oğlu - dostumdan qətiyyən incimirəm. Amma nə yaxşı ki, İmamverdi müəllimin 2010-ci ildə mənə poçtla göndərdiyi bir məktubunu itirməmişəm. Mən AZtv-nin "Ovqat" proqramında çıxış etmişdim. İmamverdi müəllim o verilişə baxmış və poçtla mənə məktub göndərmişdi. O məktubu cüzi ixtisarla bu yazıya qatıram.

"Hörmətli Vaqif müəllim! Salam! Sizə uzun, sağlam, axtarışlar eşqi ilə dopdolu, uğurlu ömür arzulayıram! Bildiyiniz kimi tale mənə ötən əsrin  işıqlı - dahi şəxsiyyətləri ilə dostluq etmək, ünsiyyətdə olmaq səadəti bəxş etmişdir.  Bu ulu insanlar içərisində Azərbaycan şeirinin dağ qartalı olan Rəsul Rza ilə dostluğumuzun da şərəfli tarixi vardır. Səhhətimin bərbad çağında iftixarla düşünürəm ki, böyük şairlə dostluq etdiyim 22 il müddətində  şeirimizin  sultanlıq səltənətini - Rəsul Rza poeziyasının idrak rayihəsini daşıyanlardan biri olmuşam. Bu həqiqəti ədəbi ictimaiyyət də, sükutla yaşayan tarix də təqdir və təsdiq edir.  Bir zaman eynək mənə gözlərim qədər əziz idi.  İndi bu "əzizlənmə" də itib. Bu məktubu üç lupa böyüdücü arxasından yazıram... Cismani əzablar...gözlərimin nurunun itirilməsi qorxusu, daha nə bilim nələr, nələr... Amandır, səhhətinizi qoruyun... "Ovqat"da dediniz ki, Rəsul Rza haqqında kitabım oxuculara təqdim olunub. Şəksiz, mənimlə şərik olarsınız ki, bu mübarək kitabın ilk nüsxəsi  mənim kitabxanamda olmalıdır. Əziz-girami övladım, gözlərimin işığı, ürəyimin taqəti Azərimə də verə bilərsiniz. Lakin Azərim o qədər ürəyiyumşaq, səxavətlidir ki, o kitabı ondan kim istəsə, dərhal tərəddüdsüz ona bağışlayacaq, "qaytarmaq şərti ilə" ifadəsi isə çoxdan dəbdən düşüb. Mümkünsə, poçtla birbaşa mənə göndərin.

Ədəbi düşüncəmizin flaqmanı - "Azərbaycan" jurnalının əməkdaşlarına - qardaşım oğlu İntiqam müəllimə, Südabə xanıma, Tofiq Mahmudova salamlarımı yetirin.

Süleyman Rüstəm haqqında yazımı verdiniz, sağ olun! Unudulmaz dostum haqqında o yazını  gözlərimin yaxşı çağında yazmışam.

Sizə sağlam səhhət, ailə fərəhi, yaradıcılıq uğurları arzulayıram.

İmamverdi Əbilov".

Bu yazının əvvəlində vurğuladığım "İşıq" kəlməsinə qayıdıram. Məncə, böyük ziyalımız İmamverdi Əbilovun ömrü də başdan-ayağa işıqdan, nurdan yoğrulmuşdu. Qibtə edilməli işıqlı ömür...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!