Tecelli Sercan Sırma - Yaxşını və pisi bilmək ağacı

Birinci Dünya müharibəsi ərəfəsində Ərbildə yaşamağa qərar verən bir şotland əsgərinin həyatından bəhs edilən romanda Təcəlli Sırma Britaniyadan Orta Şərqə qədər uzanan səfərdən bütün həqiqətləriylə bəhs edir. Həyatın yenidən qurulmasıyla ortaya çıxan roman sevginin, müharibənin, xoşbəxtliyin, kədərin iç-içə yaşandığı həyatın güzgüsü kimi diqqəti cəlb edir.

 

1897-ci ildə Klayd çayı Qlazqonu,

Qlazqo da Klayd çayını yaratdı.

Şotland məsəli

Northwood Side Road prospektinin arxa küçələrindən birində, qırmızı kəsmə daşlardan tikilmiş üçmərtəbəli köhnə binanın 4 pilləli pilləkənlərində yeddi-səkkiz yaşlarında bir uşaq başını dizlərinin arasına alıb, hərəkət etmədən oturmuşdu, sanki yatmışdı.

Soyuq qış günündə güclü küləklə sovrulan qar dənələri damlarda, küçə lampalarında, pəncərə kənarlarında toplanırdı. Bir ev pişiyi pəncərədən küçədəki pişikləri izləyirdi. Pilləkəndə oturan uşağın papağı, pencəyi, şalvarının dizləri yavaş-yavaş ağarır, bacalardan çıxan dumanlar səmada boz bir boşluq yaradırdı…

İkitəkərli, odun yüklü əl arabasını çəkən satıcı bir anda küçənin sakitliyini pozdu: "Odun var! Odunlarım var! Quru odunlar, yaxşı isidən, çox yanan odunlarım var. Xəstələrin, yaşlı və uşaqların can dərmanı odunlar. Az qalıb…"

Satıcı susanda küçə yenidən səssizliyə boğuldu. Küçədəki açıq qalan bir neçə qara ləkə də az sonra qarla örtülüb ağardı.

Odun arabası küçədə iz qoyaraq irəliləyirdi. Altı-yeddi bina keçdikdən sonra yenidən pəncərələrə boylanıb "Odun var" deyə qışqırdı. Pişik pəncərədən çəkildi. Gözü evlərdən birinin daş pilləkənlərinə sataşdı. Üzünə çırpılan küləkli qardan qaraltının nə olduğunu dəqiqləşdirə bilmədi. Arxasını küləyə çevirib qapıya yaxınlaşdı. Bir az daha diqqətlə baxıb qar altındakının uşaq olduğunu anladı. Kürəyini qapıya dayamış, qarnına çəkdiyi dizlərinin üzərinə bükülmüşdü. Donmuş  kimi hərəkətsiz və səssiz idi. Bir addım geri çəkildi. Qorxmuşdu. Şəhər küçələrini gəzərkən buza donmuş o qədər adam görmüşdü ki… Nə edəcəyini qərarlaşdıra bilmədi. Özlüyündə "Ən yaxşısı görməzliyə vurub tez buradan gedim"- deyib arabaya yapışdı. Sürətlə oradan uzaqlaşdı.

Küçəni ikiyə ayıran, dördmərtəbəli binanın altındakı kəmərli tunelə çatana qədər dayanmadı. Orada nəfəsini dərib əvvəlcə üstündəki, sonra isə odunlardakı qarları təmizlədi. Əlcəkdə olsa da üşüyən əllərini ovuşdurdu. Bir neçə dəqiqə gəldiyi tərəfdəki bəmbəyaz boşluğa diqqət kəsildi. Sanki qardan tül pərdələr dalğa-dalğa küçəyə enirdi. Bir az düşünüb arabanı qoyub geriyə qayıtdı. 50-60 metr qaçdıqdan sonra ağlına nə gəldisə yenidən tunelə qayıtdı. Arabasını da götürüb küçəyə qayıtdı. Uşağın oturduğu pilləkənə çatanda o hələ də eyni vəziyyətdə, başı dizlərinin arasında hərəkət etmədən oturmuşdu.

Qarşısında dayanıb: "Hey, ay uşaq! Bura bax! Dur oradan, yoxsa bir azdan donacaqsan",- dilləndi. Uşaq nə cavab verdi, nə də hərəkət etdi. Satıcı bir az da ucadan dilləndi. Cavab vermədiyini görüb arabadan götürdüyü odun parçasıyla uşağı dümsüklədi. "Səninləyəm axı!"- deyə qışqırdı.

Dizlər arasından bir baş yüksəldi. Yuxudan ayılmış kimi gərnəşdi. Yavaş-yavaş dikəldi. Üstündəki qarlar yerə töküldü. Birdən qarşısındakı adamı görüb qışqıraraq divara söykəndi.

Odun satıcısı: "Elə bildim donmusan. Evin yoxdur? Niyə Bu pilləkənlərdə oturmusan? Tez evinə get. Yoxsa donacaqsan. Xəstələnməsən yaxşıdı",- dedi.  Uşaqdan yenə səs çıxmadı. Özünü qapı ilə divarın arasına saldı.

Bu zaman qapı aralandı, bir qadının başı göründü. Qapının sol tərəfində ayaq üstdə dayanan uşağı görmədi.

Qadın odun satıcısına baxıb deyinməyə başladı: "Qapının qabağında qışqırma! Az qala evin içinə girəcəksən. Odun lazım deyil. Başqa tərəflərə get. Ax, siz satıcılar. Qar yox, göydən daş da yağsa qapı-qapı gəzib qışqıracaqsız. Başqalarını isitmək əvəzinə, evinə çıx get, özün isin. Üz-gözünə bax, gömgöy olmusan. Bir az da bu qarın altında gəzsən donub öləcəksən. Cansız bir qar adam olacaqsan. Xəstələnmədən evinə get. Qar kəsiləndə odununu satarsan".

- "Siz mənə yox, qapınızın qarşısındakı uşağa baxın. Az qala soyuqdan donacaq. Mən evə getməsini desəm də cavab vermir. Uşağı tanıyırsınızmı?"

Qadın başını bir az da çölə çıxarıb qapının digər tərəfinə baxan kimi ondan bir qışqırıq qopdu.

"Artur, Artur! Bu nə haldı, hansı cəhənnəmdəydin? İt kimi titrəyirsən" -deyib uşağı qolundan tutaraq içəri çəkdi. Odun satıcısının üzünə belə baxmadan qapını çırparaq bağladı.

Qonşu evlərdən bir neçəsinin pəncərəsi açılıb örtüldü. Odun satıcısı arabasını küçənin çıxışına doğru çəkməyə başladı. Küçədən çıxana qədər qışqırmadı. Sonra isə sovrulan qarın arxasından gözdən itdi.

Xanım Rouz buxarıya bir neçə odun atdı. Ocaq daha da alovlandı. Arturu buxarıya yaxınlaşdırdı. Köhnə bir dəsmalla başını quruladı. Yaş paltarlarını çıxardı. Quru geyimlərini geydirərkən bir tərəfdən də deyinirdi.

- Artur, daha bəsdir! İntihar etmək istəyirsən? Özünü öldürsən Slavin geri qayıdacaq? Ölümün onu və ananı sevindirəcəkmi? Özünü cəzalandırmaqla nə əldə edəcəksən? Onu nə qədər sevdiyini bilirəm. Ona həm qardaş, həm ana, həm də  ata idin. Canından çox sevirdin. Amma yalnız sənmi kədərlənirsən? Mənim kədərlənmədiyimimi düşünürsən? Bir aydır əzab çəkirəm. Gecələr yatağımda səssiszcə ağlayıram, qorxulu yuxular görürəm. Bacımın kiçik mələyini qoruya bilmədiyim üçün özümü lənətləyirəm. Amma əldən nə gəlir? Bir hadisə idi oldu. Sənin günahın yoxdu. Bir günahkar varsa, o da mənəm. Üç yaşında, hələ öz-özünü yaxşı idarə edə bilməyən kiçik bir uşağı oynamaq üçün küçəyə buraxmamalıydım. Slavin ana əlindən uzaqlaşacaq yaşda deyildi. Ona analıq edə bilmədim. Qoruya bilmədim. Bacımın əmanətinin qayğısına qalmadım. Kaş ki onun yerinə mən yıxılıb başımı daşa çırpsaydım. Ah, ağılsız başım. Ay Allah, bu səhvə necə yol verdim? 

Düzdür, yanındaydın. Amma onu sən yıxmamısan ki. Anan onu çağırdı, bir mələk də Slavini onun qucağına itələdi. İndi anasını qucaqlayıb yatıb. Yıxılıb başını əzməsi bir bəhanədir. Allah elə olmasını istədi və oldu. Bunun qarşısını kim ala bilər ki?",- xanım Rouz nəfəsini dərib davam etdi.

"İndi özünə gəl. Hamı kimi yaşamağa çalış. Bacımdan qalan son xatirəsən.  Sənə də bir şey olsa nə edərəm? İstəyirsən hamı məni qatil, qəddar xala kimi barmaqla göstərsin? Bu belə davam edə bilməz. İrvinlə danışacam səni bir məktəbə yazdırsın. Yeni dostların olar, başın qarışar. Kədərini də unudarsan. Həm də ki, yaxşı oxuyub, məktəbi bitirsən həm ananın, həm də qardaşlarının ruhu cənnətdə şad olar.

Arturun anası Kristi qızı İslanın doğumunda ölmüşdü. İsla da cəmi bir həftə yaşaya bildi. Ondan sonra üç yaşındakı oğlu Slavin, beş yaşlı Rodrik və yeddi yaşındakı Artur anasız qaldı.

Qayğıya möhtac üç uşaqla qalan ata Skott bir müddət uşaqlara görə işə getmədi. Əlindəki pulu qurtaranda isə işə qayıtmağa  məcbur qaldı. Hər ikisinin öhdəsindən gəlməyə çalışsa da, bunu bacarmırdı. Səhər tezdən limandakı emalatxanasına gedir, gecədən xeyli keçmiş evə qayıda bilirdi. Gecə də yemək hazırlayır, paltar yuyur, təmizlik işləri görürdü. Bir neçə ay sonra Rodrik öldükdən sonra digər uşaqlarının həyatlarına görə narahatlıq keçirməyə başladı. İki oğlunu da götürüb uzaq qəsəbədə yaşayan qoca ata-anasının yanına getdi. Əslində, onların da qayğıya ehtiyacı vardı. Özlərini güclə idarə edirdilər, lakin uşaqlar ən azından təhlükəsiz yerdə idilər, nəzarət var idi. Orada olarkən də əlindən gəldiyi qədər yemək bişirməyə və paltar yuyulmasına köməklik edir, onlarla  tez-tez maraqlanırdı.

Ata-anası da bir ilin içində öldükdən sonra uşaqlarını yenidən evinə gətirdi. Əvvəllər olduğu kimi evlə iş arasında vurnuxmağa başladı. Nə işdən əl çəkə bilirdi, nə də uşaqlarından. Bircə yolu vardı  və onu reallaşdırmağa qərar verdi. Uşaqları arvadının evli, lakin uşağı olmayan kiçik bacısı Rouza vermək.  Rouzun uşaqları istəyəcəyinə əmin olsa da, yoldaşı İrvin bədxasiyyət və əsəbi olduğundan asanlıqla razılaşmayacaqdı. Bu məqsədlə əvvəlcə Rouzla danışdı, o da çox sevindi. Həm bacısının ruhu şad olacaq, həm də uşaqlar ona yoldaşlıq edəcəkdi.

İrvin məsələni bildikdə əvvəlcə etiraz etdi, lakin hər ay müəyyən məbləğ qarşısında uşaqların onlarla qalmasına razılaşdı. Bir neçə gün sonra Skott uşaqları onlara gətirdi. 

Dörd-beş ay ərzində Skott hər ay ödəməsini etdi. Uşaqları görməyə gələndə onlar üçün də hədiyyələr alırdı. Buxarının üstünə əlavə pul qoyurdu.

Bir müddət sonra gəlişlər seyrəlməyə başladı. Bəhanələr uydurmağa başladı. Günlərin birində isə tamamilə qeyb oldu. Onu bir də görən olmadı.

İrvin bir ay onu axtardı. İş yerini, çay boyu, liman, tərsanə və bütün ərazidəki emalatxanaları gəzdi, heç bir iz tapa bilmədi. Kimi dedi gəmiyə minib uzaq ölkələrə gedib, kimi də gəmidə çıxan üsyanda öldüyündən danışdı… Dedi-qodulara görə isə heç yerə getməyib, evlənib başqa yerə köçmüş, izini itirmişdi.

Skottun getməsiylə təbii ki İrvinə olan ödəmə də kəsildi, belə olduqda İrvinin Artura olan münasibəti dəyişməyə başladı. Hər şey üçün onu danlayır, döyürdü. Xanım Rouz  Arturu qorumağa çalışarkən onun da payını verirdi. Atasının gedişindən sonra Artur Slavinə daha çox diqqət göstərir, gözünü üzərindən ayırmırdı. Ta ki Slavin həyətdə oynarkən yıxılıb başını daşa çırpmış və həkimə aparılmadığı üçün bir neçə gün sonra ölmüşdü.

Qardaşı öldükdən sonra Artur özünə qapanmış, fürsət tapdıqdca qaçıb saatlarca əvvəlki evlərinin qarşısında oturardı. Evin yeni sahibləri onu qovar, o isə axşama qədər küçələri gəzərdi.

İrvin evdə olmadığı vaxtlarda xanım Rouz bacardığı qədər Artura diqqət göstərir, onu təsəlii etməyə çalışırdı. Həm də Slavin öldükdən sonra İrvin bir az yumşalmışdı. Amma evin yardım mərkəzi olmadığını, Arturun böyüdüyünü və haradasa işləməli olduğunu tez-tez xatırladırdı.

Xanım Rouz bir neçə ay yalvarıb dil tökmüş, vədlər verərək Arturun məktəbə getməsi üçün İrvini razılaşdırmışdı. Payızda Artur məktəbə getməyə başladı, lakin nə kədərini unutdu, nə də uşaqlarla yoldaşlıq etdi. Məktəbdən çıxan kimi ya əvvəlki məhəllələrinə, ya da məzarlığa gedər, anası və qardaşlarını ziyarət edərdi.

On dörd yaşında ibtidai sinfi bitirdi. Rouz çox çalışsa da, İrvin onu başqa məktəbə göndərmədi. Köhnə əşya və ayaqqabı təmir etdiyi dükanına aparıb işlətməyə başladı.

Dükanı Klayd çayının dənizə yöküldüyü, limana yaxın bir küçədə idi. Artur dükana gələn kimi limandakı gəmiləri, ətrafdakı iş yerlərini, barları gəzir, düzəldiləsi ayaqqabı, çanta, hətta geyimləri yığıb gətirir, təmir edildikdən sonra da sahiblərinə çatdırırdı.

İşi yorucu olsa da xoşuna gəlirdi. Müştəri axtarakən həm bəxşiş alır, həm də bütün gün İrvinlə bir yerdə olmaqdan canını qurtarırdı. Qısa zaman ərzində liman və ətrafdakı bütün dükanları, fabrikləri, kiçik-böyük atelyeləri, barları, otelləri tanıyıb öyrəndi. Qlazqonu hər gün yenidən kəşf edirdi.

Gəzib dolanarkən bir yandan da atasını axtarırdı. Onun işləməsindən İrvin də, Rouz da  razı idi.

Hazırladı:

Nərmin CAHANGİROVA