"Atəbətül-həqaiq" ilinə dəyərli töhfə - Zülfiyyə İSMAYIL

Ədib Əhməd əxlaq kitabı xarakterli "Atəbətül-həqaiq" mənzuməsini "Kutadqu bilik" poeması kimi əruz vəzninin mütəqaqib bəhrində qələmə almışdır. Vəzni, bəhri saxlamaq şərtilə sənətkar türk şeirinin əsas forması sayılan dördlüklərdən də geniş şəkildə istifadə etmişdir. Bu əsərdə sufizm ideyaları tərənnüm olunur. Əxlaqi-didaktik məzmunda qələmə alınmış bu əsərdə əxlaqi saflıq, "Quran" kitabında əksini tapmış yüksək insani sifətlər, düzlük, doğruluq, dünya və axirət qayğıları təbliğ olunur.

 

Ədəbi-bədii fikir tariximizdə olduğu kimi,  dil və ədəbiyyatımızın inkişafında böyük yeri olan Ədib Əhməd Yügnəkin "Atabətül-həqaiq" adlı nəsihətamiz, əxlaqi-didaktik, fəlsəfi əsəri çox böyük dəyərə və əhəmiyyətə malikdir. Təəssüf ki, bu əsər və onun müəllifi Ədib Əhməd haqqında kifayət qədər məlumat əldə edilməmişdir. O, Daşkəndin şərqində Benakənd yaxınlığındakı Yügnək şəhərində  doğulub. Anadan kor doğulsa da, mükəmməl mədrəsə təhsili almışdır. O, çox bilikli, ağılı və dindar bir adam olmuş,  ərəb və fars dillərini yaxşı bilmiş, geniş dünyagörüşə və dərin zəkaya malik olmuşdur. Elə buna görə də ona xalq arasında "Ədiblər ədibi, faizillər başı" adlandırıblar.

Türküstanın mütəfəkkiri, türk-islam şairi Ədib Əhməd Yügnəki türk mədəniyyəti, ədəbiyyatı və dilinin inkişafı üçün münbit zəmin yaratmış Qaraxanlılar dövründə böyüyüb, yetişmiş, ümum türk ədəbiyyatını öz əsərləri ilə, müdrik kəlamları ilə zənginləşdirmişdir. Onun əxlaqi fikirlərinin qaynağı İslamdır. O türk milli adət və ənənələrinə, türk milli təfəkkürünə, türk folkloruna söykənərək özünün fəlsəfi fikirlərini mənzum şeirlərlə irəli sürmüşdür. Təəssüflə bildirməliyik ki, Ədibin yalnız bir əsəri "Atabətül-həqaiq" bu gün əlimizə gəlib çıxmışdır.  Qeyd etmək lazımdır ki, sovet hakimiyyəti dövründə nəinki ümumtürk abidələrini Azərbaycan dilinə tərcümə etmək, heç bu əsərlərdən bəhs etmək də mümkün deyildi. Müstəqillik illərində ədəbiyyatımızın və dilimizin qaynaqlarına - qədim və ümumtürk yazılı abidələrinin öyrənilməsi və nəşri işinə dövlət qayğısı xeyli artırılmış, bu iş üçün  münbit zəmin yaranmışdır. Məhz bu qayğı sayəsində "Divani-lüğət-it-türk", "Kutadqu bilik", "Divani-hikmət" kimi, ilkin Orta əsrlərin ümumtürk yazılı abidələri dilimizə tərcümə edilərək nəşr edilmişdir. Bu baxımdan həmin silsiləyə daxil olan möhtəşəm əsərlərdən biri - XII əsr şairi Ədib Əhməd Yügnəkinin "Atəbətül-həqaiq" poemasının dilimizə tərcümə edilərək  nəşr edilməsi diqqətəlayiq hadisədir.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtib edib nəşrə hazırladığı bu əsərin  ön sözünün müəllifi və elmi redaktoru akademik Nizami Cəfərovdur. Kitab yaxın günlərdə "Elm və təhsil" nəşriyyatında çapdan çıxmışdır.   Tərtibçi  əsəri müasir dilimizə uyğunlaşdırmaqla yanaşı,  kitaba "Ədəbiyyatımızın qaynaqları" başlığı ilə geniş bir müqəddimə yazmışdır. Burada qeyd olunur ki, təxminən 250 beytdən ibarət olan bu əsərin dünya muzey və kitabxanalarında bir neçə əlyazma nüsxəsi mövcuddur. Tərtibçi əsərdə işlənən sözlərin lüğətini hazırlamış, ona şərh və izah yazmışdır.  Eyni zamanda  "Atəbətül-həqaiq" abidəsinin əlyazmasının B nüsxəsinin tam mətninin faksimlesi kitaba daxil edilmişdir.

Ədib Əhməd əxlaq kitabı xarakterli "Atəbətül-həqaiq" mənzuməsini "Kutadqu bilik" poeması kimi əruz vəzninin mütəqaqib bəhrində qələmə almışdır. Vəzni, bəhri saxlamaq şərtilə sənətkar türk şeirinin əsas forması sayılan dördlüklərdən də geniş şəkildə istifadə etmişdir.  Bu əsərdə sufizm ideyaları tərənnüm olunur. Əxlaqi-didaktik məzmunda qələmə alınmış bu əsərdə  əxlaqi saflıq, "Quran" kitabında əksini tapmış yüksək insani sifətlər, düzlük, doğruluq, dünya və axirət qayğıları təbliğ olunur. Bu əsər dövrün hökmdarı Məhəmməd Dad İspəhsalar adlı bir türk bəyinə  ithaf olunmuşdur. Əsər uyğur əlifbası ilə Şərqi türkcə ilə yazılsa da, bu gün dilimizdə  işlənən "bilik", "yaxşı", "yaxınlıq", "bahalıq", "pul", "mən", "artıq" və s. kimi Azərbaycan kəlmələri işlədilmişdir.

Ədib Əhmədin bu əsəri aşağıdakı 13 başlıq altında ümumiləşdirilmişdir: 1.Allahın tərifi; 2.Dörd xəlifənin tərifi; 3.Böyük əmir Mühəmməd Dad İspəhsalar bəyin tərifi; 4.Kitabın yazılması səbəbi; 5.Elmin faydası və elmsizliyin zərəri haqqında; 6.Dilin mühafizəsi haqqında; 7.Dünyanm dönüklüyü haqqında; 8.Comərdliyin mədhi və paxıllığın tənqidi haqqında; 9.Təvazökarlıq və kibr haqqında; l0.Hərislik haqqında; 11.Kərəm, yumşaqlıq və digər yaxşı sifətlər haqqında; 12.Zəmanənin zalımlığı haqqında; 13.Kitab sahibinin üzrü haqqında.

Ədib Əhməd bilik qazanmağa son dərəcə böyük qiymət vermiş, biliyin həyatda mühüm faydasını, insanın mənəvi inkişafında biliyin əhəmiyyətini dəyərli fikirlərlə ifadə etmişdir. Şairə görə bilikli insan qiymətli gövhərə bənzər. O, göstərmişdir ki, insan ancaq biliklə səadət yolunu tapar: "Biliklinin sözü, öyüd, nəsihdir və ədəbdir: Biliklini əcəm də, ərəb də öydü. Bilik malı olmayan üçün, tükənməz bir xəzinədir. Bilik nəsibsiz üçün yenilməz bir nəsibdir". Ədib boşboğazlığın ağılsızlıq və savadsızlıq əlaməti olduğunu söyləyir. Dil haqqında Ədib Əhmədin müdrik kəlamlarında deyilir: "Ədəblərin başı dilini gözləməkdir; Dilini mühafizə altında tut, dilin qırılmasın; Əgər dil mühafizə altından çıxarsa, dişini qırar". Ədib Əhməd "Xəncər yarası sağalar, söz yarası sağalmaz" qədim ata sözündən çıxış edərək deyir: "İnsanı dil ilə hirsləndirmə; bil ki, ox yarası sağalar; Fəqət dilin açdığı yara sağalmaz". Ədib Əhməd çox danışmağın sonradan peşmanlıq verəcəyini insanlara bildirir, həmişə düşünərək danışmağı məsləhət görür: "Səfeh adamın dili başına düşməndir; Bir çox adamların qanı dilləri üzündən töküldü. Çox danışanlar arasında peşiman olan çoxdur, Dilini mühafizə altında saxlayanlardan peşiman olan kim var?". Ədib Əhməd yalançıların əxlaqilikdən uzaq olduğunu, insanlara yalançılardan həmişə uzaq durmağı tövsiyə edir, dilin ziynətinin doğru söz olduğunu bildirir və insanlardakı düzgünlüyə böyük əhəmiyyət verir: "Yalan söyləyən adamdan uzaq dur, qaç: Sən ömrünü doğruluq içində keçir. Ağzın və dilin ziynəti doğru sözdür: Sözü doğru söylə, dilini bəzə".  Müəllif qısa danışmağı, dilinə nəzarət etməyi, insanın mənəvi keyfiyyəti sayır: "Dilini sıxı tut, gəl sözünü qısa kəs, Dil qorunursa, özün qorunmuş olursan". Ədib Əhməd yalan və doğru sözü gözəl bədii lövhələrlə, obrazlı şəkildə oxuculara çatdırır.  Sirri saxlamaq və sirr verməmək haqqında Ədib Əhməd geniş yazmışdır: "Sirrini yaxşı saxla, kimsə bilməsin, Sözündən özünə peşmanlıq gəlməsin; Bütün gizli işlərin aşkar olub, Görən və duyan sənə gülməsin".

Müəllif sirri dosta da söyləməməyi tövsiyə edir və dolayı yolla başa salır ki, dostunun da dostu vardır, o da söylər dostuna: "Ən yaxın və inanılmış dostuna belə, qəti dostum deyib inanıb, sirrini söyləmə; Sirrini özündə səbr edib saxlamazsansa, Dostun da səbr edərmi? Bunu yaxşı anla". Ədib insanın dünyaya çox bağlanmamasını, pul, mal, dövlət toplamamağı, dünya varına aldanmamağı, ehtiyaclarını azla ödəməyi tövsiyə edir və deyir: "Mala bu qədər könül bağlamaq niyə; Bu mal səhər gələrsə, axşam yenə gedər".  Ədib məsləhət görür ki, dünya malına aldanma, o sonunda sənin deyil, başqasının qismətidir. "Dünya malı bu gün var, sabah yoxdur; Mənim dediyim mal başqalarının qismətidir. Hər dolan azalar, hər tam olan əksilər".

Ədib Əhməd əsərində insanların sadə, təvazökar olmalarını yüksək əxlaqi keyfiyyət sayır, onlara mənəmlikdən uzaq olmağı tövsiyə edir. O, hərisliyin ən pis xasiyyət olduğunu, onun sonunun peşmanlıq olduğunu bildirir: "Hərislik də insan üçün ən pis xasiyyətdir, Hərisliyin sonu qəm, peşmanlıq və həsrətdir; Zənginlik və fəqirlik Tanrının qismətidir; Hərislik insan üçün sadəcə boş bir zəhmətdir".

Ədib insanın xeyirxah, böyük kərəm sahibi olmasını, bağışlayan, mərhəmətli, mülayim olmasını məsləhət görərək belə yazır: "Müsəlmana qarşı şəfqətli və mərhəmətli ol, Özün üçün düşündüklərini müsəlman üçün də düşün: Sənə cəfa edənə, vəfa ilə müqabilə et; Nə qədər yuyulursa yuyulsun; qan, qan ilə yuyulmaz". Başqa bir beytində zəmanəsindən şikayət edir. Bu misraları oxuyarkən aydın olur ki,   Ədib özü də zəmanəsində rahat yaşamamışdır. O, zəmanənin korlanmasını insanların xislətində görürdü: "Dünya düşmənlik, cəfa və əziyyətlə doldu; Hansı bir vəfalı varsa, ara bir baxın. Sən (özün) pozulmusan, onun üçün dünya pozuldu Neyçün bu dunyadan şikayət edirsən".

Nəhayət, əsərin "Kitab sahibinin üzrü haqqında"kı son bölməsində  müəllif kitabını tərif edir, onun bir öyüd, nəsihət kitabı olduğunu və ondan sonra əbədi yadigar qalacağını bildirir:

Adım Ədib Əhməd, ədəb, pənd sözüm,

Sözüm burada qalar, getsəm də özüm,

Keçər yaz, gələr payız, gedər bu ömür,

Bu baharın, bu payızın ömrü tükətir.

Son olaraq qeyd edək ki, Ədib Əhmədin aforistik kəlamları bədii düşüncəmizin və fikir tariximizin inkişafında heç şübhəsiz böyük rol oynamış və bu gün də onun fikirləri aktual səslənməkdədir.   

Əsər birinci dəfə 1993-cü ildə nəşr olunmuşdur. İşıq üzü görməsindən 25 il keçəndən sonra əlavələr edilərək təkmilləşdirilmiş şəkildə oxuculara təqdim olunması  "Atəbətül-həqaiq" ilinə (YUNESKO 2018-ci ili "Atəbətül-həqaiq" ili elan etmişdir - Z.İ.)  dəyərli töhfədir.  Ədib Əhməd Yügnəkin "Atəbətül-həqaiq" kitabı ədəbiyyatımız, ədəbi dilimiz, eləcə də ümumtürk mədəniyyəti baxımından böyük əhəmiyyət kəsb edir.  Bu kitab dilçilər, ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.