Almaz Əliqızı - "Güney Azərbaycan nəsri" - Antologiya

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra keçilməz sədlər aradan qaldırıldı. Bu gün Güneydə gedən ədəbi prosesi yaxından izləmək imkanı yarandı. Bu mənada 2017-ci ildə "Nurlar" nəşriyyatında çapdan çıxmış "Güney Azərbaycan nəsri" (Antologiya) kitabı son dövr Güney Azərbaycan ədəbi prosesi ilə yaxından tanış olmaq baxımından maraq doğurur. Kitabı tərtib edənlər, nəşrə hazırlayanlar, redaktoru və ön sözün müəllifləri professor Vaqif Sultanlı və filologiya elmləri doktoru İrəc İsmayıldır. Tərtibçilərin də qeyd etdikləri kimi, "Kitabın nəşri parçalanmış Vətənin diqqətdən kənarda qalan zəngin ədəbi irsinin sistemli şəkildə tanıdılması, bütöv Azərbaycan bədii nəsrinin canlı mənzərəsinin yaradılması məramına söykənir. Təbii ki, bir antologiyada bütövlükdə Güney Azərbaycan nəsrinin əhatəli şəkildə təqdim olunması imkan xaricindədir. Baxmayaraq ki, Güney Azərbaycan bədii nəsri poeziyadan xeyli cavan olsa da, özünə görə kökləri və tarixi ənənələri vardır. Təbrizli Əbdürrəhim Talıbovun, Marağalı Hacı Zeynalabdinin, Məmmədəli Manafzadə Sabitin XIX əsrin sonları və XX əsrin əvvəllərində yaratdıqları romanlar, hekayələr, Seyid Cəfər Pişəvərinin felyetonları, irihəcmli "Zindan xatirələri" və s. əsərlər sonrakı dövrdə yaranan nəsr əsərlərinin sələfi olmuş, onun üçün ləyaqətli nümunə rolunu oynamışdır. Mirzə Əbdürrəhim Talıbov əsərlərində elmi maarifçiliyi, Avropa inkişaf tərzinin rasional şəkildə Şərq həyatına tətbiqini ön plana çəkirdisə, Hacı Zeynalabdin Marağayi də məşrutəçilik, spesifik İran parlamentarizmi, elmi inkişaf və ehtiraslı vətənpərvərlik ideyalarını irəli sürürdü. Həmçinin, Məmmədəli Manafzadə hekayələrində qürbətdə əzab çəkən həmvətənlərini bəlalardan qurtarmağa çağırır, S.C.Pişəvəri isə yazılarında Güney Azərbaycanın istiqlalına, millətin dil azadlığına, ictimai ədalətsizliklərə qarşı mübarizəyə səsləyirdi. Bu ideyalar, çağırışlar özündən sonrakı bədii nəsrin ideya istiqamətini formalaşdırdığı kimi, onun növlərini, janrlarını və inkişafını təyin etməkdə də müstəsna əhəmiyyətə malik oldu. "Güney Azərbaycan nəsri" antologiyasında da yuxarıda göstərdiyimiz xüsusiyyətlər - sələf-xələf münasibəti bir daha təsdiqlənir. Təsadüfi deyildir ki, tərtibçilər antologiyanı "başlanğıc"dan bu günə qədər prinsipi əsasında toplamağa çalışıblar. Şübhəsiz ki, topluya bütün nəsr nümunələri deyil, bədii nəsr örnəklərindən seçmələr daxil edilmişdir. Antologiyaya Güney Azərbaycan nəsrinin tanınmış və görkəmli simaları ilə yanaşı, gənc yazıçıların yaradıcılığından da örnəklər salınmışdır. Antologiyanın diqqəti cəlb edən ümdə xüsusiyyətlərindən biri də budur ki, antologiya müəllifləri hər bir nasirin yaradıcılığından müəyyən nümunələri kitaba salmaqla, hər bir nasir haqqında da tərcümeyi-hal xarakterli lakonik məlumat verməyə çalışmışlar. Bu isə Quzey Azərbaycanda Güney nəsri haqqında, xüsusilə də geniş oxucu kütləsinin informasiya almasına xidmət edir. 569 səhifəlik antologiya Zeynalabdin Marağayidən başlayaraq hal-hazırda magistratura tələbəsi olan İlqar Müəzzinzadəyə qədər olan böyük bir dövrü əhatə edir. Təbii ki, bu qədər böyük bir ədəbi dövrün nasirlərinin əsərlərinin hamısını bir antologiyaya toplamağın qeyri-mümkün olduğunu dərk edən müəlliflər daha münasib bildikləri nasirləri və onların yaradıcılıqlarında olan bəzi bədii nümunələri oxuculura təqdim etməyə çalışmışlar. Yeri gəlmişkən qeyd edək ki, Güney Azərbaycan nəsri müxtəlif ədəbi məktəblərlə zəngindir. Bu ədəbi məktəblər içərisində Təbriz, Ərdəbil və Zəncan ədəbi məktəbi zənginliyi, müxtəlif ədəbi çalarları ilə seçilir. Oxuculara təqdim olunmuş "Güney Azərbaycan nəsri" antologiyasında təqdim olunmuş nasirlərin sırasında Təbriz və Ərdəbil ədəbi məktəbinin nümayəndələri üstünlük təşkil edir. Təqdim edilmiş bədii nümunələrdən bir daha aydın olur ki, Güney Azərbaycanın tarixi, yəni müxtəlif dönüm məqamları onun tarixinə sirayət etdiyi kimi, ədəbiyyatına da təsirsiz qalmamışdır. Hadisələrin dinamik inkişafı, cəmiyyətdə baş verən müxtəlif proses və hadisələr ədəbiyyata da öz təsirini göstərir. Bu təsir yalnız bədii nəsr nümunələrinin məna və məzmununda deyil, estetik yanaşmada da hiss edilir. Aydın məsələdir ki, yuxarıda adlarını çəkdiyimiz tanınmış simalarla dünyanın, qloballaşma dövrünün yazarları arasında həyata, hadisələrə münasibət müxtəlif olduğu kimi, nəsrdə onların bədii əksi və təsvirində də köklü fərqlər özünü göstərir. Məlumdur ki, sovet dönəmində (Şimalda), şahlıq rejimində (Cənubda) sosial-siyasi və etiraz ruhlu əsərlər yarandı. Ancaq bunlar əsərlərin alt qatında daha çox ifadə edilirdi. 80-ci illərin sonunda Milli Azadlıq hərəkatının başlanması ilə əlaqədar olaraq sanki, ədəbiyyatda da bir canlanma, yeniləşmə, fikilərin açıq-aşkar deyilməsi prosesi başlandı. Tədricən dünyanı bürüyən qloballaşma, texnologiyanın inkişafı ilə əlaqədar olaraq ölkələrdə baş verən müxtəlif lokal müharibələrin təzyiq və ağrılarına dözə bilməyən insanın buna üsyanı, insanlığa qarşı bütün olanlara etirazı başlanır ki, bu da ədəbiyyatda - poeziyada və nəsrdə postmodernist düşüncənin yaranmasına gətirib çıxarır. Məsələn, Güney Azərbaycanın tanınmış nasiri Nazir Mənzurinin "Qaraçuxa", "Son nağıl, son əfsanə" romanlarında olduğu kimi. Qeyd edək ki, antologiyaya yazıçının "Qaraçuxa" romanı salınıb. Ümumiyyətlə, ingilis, fransız və fars dillərini mükəmməl bilən Nazir Mənzurinin türkcə əsərlərindən əlavə onun "Çahar bode zəbani" adlı kitabı da son illərin məhsuludur. Mənən və ruhən xalqına çox bağlı olan bir şəxsiyyətdir. Mənzuri yazır ki, "Mənim yazdığım əsərlərin mövzusu xalqımızın həyatı ilə bağlı olduğu kimi, həm də mənə uşaqlıqdan tanış olduğum və bildiyim məsələlərdir". Onu da qeyd edək ki, onu bir çox əsərlərində düşündürən mifik düşüncədir. Elə buna görə də əsərlərində, xüsusilə "Qaraçuxa" romanında maraqlı məsələlərə toxunur. Heyvanların sürgününü, maralların insan ağlına baş əymədən əhliləşə bilmədiklərini, ilanların ağır-əzablı yollarla sürgünə getmələrini, hər il sürgündən keçdikləri yollarda nə qədər ilanların əzab-əziyyətə dözməyərək yollarda qalaraq tələf olduqlarını gündəmə gətirməklə çağdaş dövrümüzün problemlərini gündəmə gətirməyi bacarır. Mənzuri o yazıçılardandır ki, demək olar ki, əsərlərinin bir çoxunda və ya digər dərəcədə toxunduğu bir məsələ var. Bu da insan üçün qan yaddaşının əsas olduğu, onun çox zaman ölmədiyi problemidir. Bu yazıçıya görə düşüncənin dörd yolu var. Ayin-mifik düşüncə, elmi düşüncə, dini düşüncə və xürafi düşüncə. Demək olar ki, bütün yaradıcılığının əsasında bu düşüncə durur.

Antologiyaya salınan "Qaraçuxa" romanı da dediklərimizi özündə ehtiva edən əsərlərdəndir.

Yuxarıda qeyd etdiyimiz kimi antologiyaya klassiklərlə bərabər nisbətən sonrakı illərdə yazıb-yaradan və məşhur olan Pənahi Makuli, Həbib Sahir, Gəncəli Səbahi, S.Behrəngi, Q.Sayedi, Qulamrza Səbri Təbrizi, Əli Daşqın, Rza Bəraheni, Mərziyə Üskuyi, Əziz Səlami və digər artıq tanınan və ədəbiyyatda öz sözlərini demiş sənətkarların da yer alması diqqətəlayiqdir. Bunların sırasında yalnız Azərbaycanda və İranda deyil, həmçinin, Avropada da kifayət qədər tanınan, əsərləri əsasında ssenariləşdirilib filmlər çəkilən Qulam Hüseyn Sayedinin də "Fəqir" və "Sonsuz səfər" adlı hekayələri antologiyada yer alıb. Əslən psixiator olan Sayedi dünyada tanınmış dramaturq, nasir, alim, həkim kimi mürəkkəb yaradıcılıq yolu keçmiş Gövhər Murad təxəllüsü ilə tanınmışdır. Təsadüfi deyildir ki, 1960-cı illər onun yaradıcılığının ən məhsuldar dövrü kimi ədəbiyyat tarixinə düşür. Sayedi bu illərdə "İntizar", "Gəlin", "Dünyanın ən gözəl atası", "Vərəzil kəndinin əli çomaqlıları", "Ev görüşü" və s. pyeslərini, "Ünvansız vahimələr", "Qorxu", "Qəbir və beşik", "Təntənəli gecə", "Bəyəldə yas" əsərlərini, "Top", "İlxıçı", "Xiyar", "Hava əhli" monoqrafiyalarını və bunlardan başqa 17 romanını yazır. Bernard Şounun "Piqmaliyon", Eliya Kazanın "Amerika, Amerika", Artort Cerslidenin "Özünüdərk" əsərlərini tərcümə edir. Göründüyü kimi, Q.Sayedi, yalnız Azərbaycan, İran daxilində deyil, sərhədləri aşıb dünya miqyasına çıxan, Avropa və Amerikanın qabaqcıl yazıçıları ilə rəqabət apara bilən bir sənətkar olmuşdur. Əfsuslar olsun ki, yaradıcılığı fars dilində olan sənətkar öz vətənində lazımı qədər tanınmamış və məşhurlaşmamışdır. Bundan fərqli olaraq bu böyük yazıçı Rusiya və Avropada daha çox tanınmış, qismən rus və Avropa dillərinə əsərləri tərcümə olunmuşdur. Rusiyada Vera Borisovna Klyaştorina adlı bir ədəbiyyatşünas Q.Sayedinin yaradıcılığı haqqında tədqiqat xarakterli bir neçə məqalə də yazmışdır. Dəfələrlə həbs olunmuş, ağır işgəncələrə məruz qalmışdır. İran İslam inqilabının qələbəsindən sonra müxalif mövqe tutan yazıçı 1982-ci ildə ölkəni tərk edərək Fransaya mühacirət etmişdir. Fransada mühacirətdə olarkən bir neçə ssenarilərini yazmış, "Əlifba" jurnalının nəşrini davam etdirmiş, bədii əsərlərini yazmaqda davam etmişdir. Ümumiyyətlə, Güney Azərbaycan ədəbiyyatında magik realizm üslubunda yazan nasir və dramaturq kimi tanınmışdır. Ana dilində "Qurdlar" adlı bir pyesi var. Fransada vəfat etmiş və orada dəfn olunmuşdur. Düşünürük ki, bu qədər zəngin yaradıcılığa malik şərəfli və keşməkeşli həyat yaşayan bu böyük sənətkarın Quzey Azərbaycan oxucularına (tərcümə ilə olsa da) tanıtdırılması çox vacib  və şərəfli bir işdir.

Müasir Güney Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, həyatı təlatüm və keşməkeşlərlə dolu olan, ömrünün əsas illərini millətin maariflənməsinə həsr etmiş Səməd Behrənginin "Balaca Qara balıq" və "Adət" hekayələri də antologiyaya daxil edilmişdir. Çünki onun "Qalaca Qara balıq" hekayəsi aşıladığı ideyaları, təlqinedici fikirləri, səfərbəredici məzmunu ilə Güney ədəbiyyatında seçilir. Maraqlı məzmunu və süjet xətti, cəsarətli ideyaları, rəmzi çağırışları və yüksək poetikası ilə məşhur olan bu əsər Cənub nəsrinə böyük şöhrət gətirmişdir. Mühitin şaha "ləbbeyk" dediyi, mədhiyyəçiliyin, təriflərin qəzet, jurnal, kitab səhifələrindən göyə sütunlandığı bir zamanda belə aktual bir mövzuda kəskin ruhlu mübariz bir əsər yazmaq və çap etdirmək həm böyük istedad, həm də sonsuz cəsarət istəyirdi. S.Behrənginin 1969-cu ildə İtaliyanın Baloniya şəhərində keçirilən uşaq kitabları müsabiqəsində birinci yer tutub qızıl medal alan, italyan, türk, fransız, ingilis, rus dillərində çap edilən "Balaca Qara balıq" əsəri öz şöhrəti ilə Güney Azərbaycan nəsrinin səviyyəsini və yeni inkişaf mərhələsindəki mövqeyini göstərir. Bu cür kəskin əsərlər yazmasının nəticəsi idi ki, 23 yaşında Araz çayında müəmmalı şəkildə boğuldu. Maraqlı və bizi razı salan məsələlərdən biri də Güney Azərbaycan qadın yazarlarının da antologiyada yer almasıdır. Xüsusilə, əsərlərinin dərin sosial məzmunu, sərt realizmi ilə seçilən, yaşadığı az zaman müddətində İran şahlıq rejiminə qarşı mübarizə aparan, 27 yaşında rejim tərəfindən qətlə yetirilən Mərziyə Üşkuyinin, daha çox şair kimi tanınsa da, kiçikhəcmli hekayə və miniatürlərlə tanınan, 2010-cu ildə Türkiyəyə mühacirət edən Məlihə Əzizpurun, əsərlərini həm türkcə, həm də farsca yazan, mifik qaynaqlardan bəhrələnərək psixoloji detallara daha çox üstünlük verən Ruqiyyə Kəbirinin, Ulduz Sadiqin, bir neçə nəsr kitablarının müəllifi olan Fəranək Fəridin, ana dilində təhsil almaq üçün vətənin Güneyindən Quzeyinə gələrək Bakı Dövlət Universitetinin filologiya fakülttəsində təhsil alan, vətəndə hekayə, şeir və miniatürlərilə tanınan, əsərlərində daha çox şərti-metaforik üsluba yer verən Ruqiyyə Səfərinin ədəbi-bədii əsərlərini çox vaxt "Zöhrə" və "Mütalib" imzalarıyla nəşr etdirən Zöhrə Vəfainin də antologiyada yer almaları Güney Azərbaycan nəsrinin uğuru olduğu kimi, antologiyanın da zənginliyinə zəmin yaradır.

Kitabın bütün müsbət xarakterli cəhətlərini qeyd etməklə yanaşı arzu xarakterli kiçik bir istəyimiz də var. N.Mənzurinin "Qaraçuxa" romanından bir parça kitaba daxil edilib. Yada salmaq istərdik ki, həmin romanı (həcmi o qədər də böyük deyil) tam şəkildə 2003-cü ildə "Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı" kitabına biz daxil etmişik. Düşünürük ki, əsərləri tərtib edərkən onun dilinin, yəni Güneyin özünəməxsusluğunu əks etdirən dialekt və şivəsinin ədəbi dilimizə uyğunlaşdırmağın o qədər də tərəfdarı deyilik. Bu, hər şeydən öncə Quzeyin oxucularına Güneyin dialekt və ləhcəsi haqqında məlumatlı olmağa xidmət edər. Dialektoloqlarımız isə bu barədə çalışmalar əldə edə bilər. Böyük zəhmətin qarşısında bunlar cüzi qüsurlardır (əgər buna qüsur demək mümkünsə).

Antologiyanı parçalanmış vətənin diqqətdən kənarda qalan, zəngin olduğu qədər də maraqlı olan ədəbi irsinin öyrənilməsi, təbliğ edilməsi, tədqiqatlar aparılması yolunda atılmış müsbət addım kimi qiymətləndirir, tərtibçilərə uğurlar arzulayırıq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!