Nizaməddin Mustafa - Səhv nəzərləri sərf-nəzər etmə vaxtı

Müşahidələr göstərir ki, Seyid Əzim xroniki ehtiyac içində yaşasa da, hacətdən çox minnətdarlıq mənzumələri yazmağa həvəslidir, başqa sözlə, artıq aldığı ənamlara görə mədhiyyəni daha rahat və şövqlə söyləyir. Belə şeirlərində qabarıq nəzərə çarpan poetik incəlik, "nüktədanlıq" xahiş-minnət səciyyəli mənzumələrində xeyli sönükləşir və zəifləyir. Bu psixoloji ikiləşmə bəzən şairin öz-özünü tənqid və hətta həcv etməsinə gətirib çıxarır.

 

Əvvəli ötən saylarımızda

S.Ə.Şirvaninin mənzum məktublarına bir küll halında nəzər saldıqda onun müxtəlif vəsilələrlə təxminən 40 şəxsə (onların da çoxu şerin-sənətin qiymətini bilənlər idi) 60-a yaxın təmənna ifadəli mənzumə həsr etdiyi aydın olur. Bu mənzumələr daha çox klassik mədh, təbrik-eydiyyə, gözaydınlığı, hacət, giley-güzar, üzrxahlıq və təvəqqe, ümidvarlıq, təşəkkür və s. mündəricəsi daşıyır. Hər birinə misal göstərməklə fikrimizi aydınlaşdırmağa çalışaq.

Mədh:

Mən deməzmidim, könül,

                        qəm çəkmə dərdi-fəqrdən

Kim olur bir gün ki,

                       axır dərdüvə dərman gəlir?

Mən deməzmidim ki, qalmaz çox da bijən çahdə

Qurtarırsan qüssədən çün

                        Rüstəmi-dastan gəlir? (...)

Gər səni Qeysər desəm,

                        vardır qüsuri nəzmimin,

Gər səni Kəsra desəm, əlbəttə,

                        kəsri-şan gəlir. (...)

Sərvəra, alinəjada, şahi-gərdun rüfəta,

Ey ki, vəsfindən təni-əfkarə hər dəm can gəlir -

 

"Fərhad Mirzəyə" qəsidə; 

Təbrik-eydiyyə:

 

Seyyida, sən gülü vəsf eyləmə, güldən nə bitər?

Qulu bəy mədhini qıl, ta sənə xələt versin.

Sənə noruzdə hər il eləyib ənam əta

Yenə mədh eylə, bu il könlüvə behcət versin.

Əli bəy vəsfini qıl, vəchi ələnnəqd olsun

Nisyə sözdən nə bitər, nəqd ilə nemət versin.

Qulu bəy nəqdşünasi-şüəradır, Seyyid

Var ümidim ki, sənin şerüvə qiymət versin.

Hər nə kamın ola bir rəng ilə eylər hasil

Razı olmaz ki, sənə rəngi-xəcalət versin -

"Əli bəyə" qəsidə); 

Gözaydınlığı:

 

Yəni ki, xuda hacıya çudü kərəmindən

Bəxş eylədi fərzəndi-mütəhhər, gözün aydın! -

 

"Hacı Rüstəm bəyə" qəzəl;

 

Hacət:

İndi səndən qalmışam müşküldə,

                                   imdad istərəm

Təşnəkaməm, şəfqətin abi-Fəratımdır mənim.

Müxtəsər, var bir atım kim Zülcənahi-əsrdir

Filhəqiqə həm qolumdur,

                        həm qanadımdır mənim.

Ol Buraqım, Rəfrəfimdir, izzü-cahım, dövlətim

Həm səlatım, şövkətim,

                       xümsüm, zəkatımdır mənim.

Bir neçə gündür qalıb heyvan samansız, arpasız

Heyf ol bədbəxtü kəmtale ki, atımdır mənim.

Öldü at, ey dust, qıl arpa-saman əncamını

Sanma kim arpa-saman

                        qəndü nəbatımdır mənim -

"Qulu bəyə" qəsidə;

 

Giley-güzar:

Məqsədim Novruz vəsfindən nə eydi-tazədir

Yüz belə eyd oldu, hərgiz karə saman olmadı (...)

Çoxları feyzə çatıb ol mənbəi-ehsandan

Kimsə Seyyiddən siva, məhrumi-ehsan olmadı.

Kəbəyi-iqbalını səy ilə övsaf eylədim

Navdani-rəhmətindən feyz baran olmadı.

Var ümidim ki, bu gün Novruzdur, etsin əta

Hacıdan gərçi mənə

                        Qurbanda qurban olmadı -

 

"Hacı Molla Qəniyə qəsideyi-digər";

 

Üzrxahlıq və təvəqqe:

 

Məazalla, şikayət söylədim, səhvü xəta qıldım

Və lakin bir gileydir eylərəm,

                        ey bəy, sana səndən.

Bu il qoydu məni avarə bu gərduni-dulabi

Uzaşdı bir qədər bu Seyyidü-bəxti-qəra səndən.

Kəsildi ol kərəmlər, ol səxalər, lütfü-ehsanlar

Ki, hər il bitəvəqqe

                     hasil olmuşdu mana səndən -

 

"Kərim bəy Şıxəlibəyova" qəsidə;

Ümidvarlıq:

Keçən il eyd-Novruz idi, gördüm lütfü ehsanın

Bir ildir indi zövqü xatiri-zarımda peydadır.

Yenə vardır ümidim ki, bu il, ey mürşidi-kamil

Görüm əltafü-ehsanın ki, xatir pürtəmənnadır -

 

"Mir Əbdülqəni ağaya" qəsidə;

Təşəkkür:

Gəldi Novruz, yenə mövsümi-işrət görünür

Mötədil oldu, hava, özgə lətafət görünür. (...)

Xassə kim, göndərib,ey saqi, Həsən bəy ənam,

Yenə asari-səxa, lütfi-inayət görünür.

Etmədi gör ki, inayətdə fəramuş məni

Bakıdan xitteyi-Şirvanə inayət görünür.

Darxanəmdə səmavar, dəxi çayım, qəndim

Gecələr xaneyi-dövlətdə ziyafət görünür.

Göndərib Mehralı bəy mehrə gəlib

                                   çay ilə qənd

Yenə öz əbdinə asari-şəfəqqət görünür.

Çay otağımda yenə çay kimi cari olub

Kasələr içrə yenə şirəvü şərbət görünür.

Bu iki bəhri-səxa, sərvəri-alişandan

Seyyidi-bisərü samana inayət görünür -

 

"Həsən bəy Nəbibəyova və

Mehrəli bəyə" qəsidə)

Bəzən eyni şeir mətnində təşəkkürlə hacət, güley-güzarla mədh və s. xəlitə təşkil edir. Amma hər bir halda müraciət edən tərəf olmasına baxmayaraq (çıxılmaz durumlarda, misal üçün, "Hacı Ağabəy oğlu Əliyə" qitəsində yalvardığını da görürük: At qaldı samansız, neçə gün səbr elədim Səbr eyləməyə dəxi təvanım yoxdur. Qurbanın olum, bunun sərəncamı üçün Səndən qeyri bir kəsə gümanım yoxdur), şairin özünü sındırmaq və alçaltmaq bir yana, xahiş və ricası ilə asılı vəziyyətə düşmədiyi, bunun mövcud adətlər çərçivəsində bir davranış  olduğu qarşı tərəfə hiss etdirilir, bəzən açıq şəkildə bildirilir:

Nəqd filməclis əgər sən

                        həm sərəncam etməsən

Dad əlindən eylərəm ta kim,

                        həyatımdır mənim. 

Şairin kiminsə əlindən dad etməsi aydındır ki, həmin şəxsin el içində bədnam olması demək idi və belə bədnamçılıqla ad çıxarmaq heç kimə sərf etməzdi. Amma Seyid Əzim hər təhdidini hələm-hələm gerçəkləşdirməyən, öz sözünə və şəxsiyyətinə qiymət qoyan, daha çox qarşısındakını "qorxudub" istədiyinə nail olan şair idi. Əlbəttə, qarşı tərəfdən hörmətsizlik, saymazyanalıq gördüyü hallarda bir bəyə yazdığı mədhiyyə xarakterli şeirdə o birini aşağılamağı da var idi ("Əhməd bəyə" qəsidəsində Uğurlu bəy haqqında deyirdi:

Təng olub axır Uğurlu bəyə yazdım namə

Möhrəmiz salmadı ol tasə səda, Əhməd bəy.

Qənim olsun görüm öz adı onun nazirinə

Mustafadə yox imiş hiç səfa, Əhməd bəy.

Şeyxəlibəylidə tək bircə Kərim bəydi kişi

Gəlməyib, gəlməyəcəkdir ona ta/y/, Əhməd bəy...

Var ümidim ki, Kərim bəy görə bu əşarı

Bəndədə bilməyə bu işdə xəta, Əhməd bəy).

Şair kimdən nə istədiyini də, kimə necə yanaşmaq lazım olduğunu da yaxşı bilir, tanımadığı, şöhrətini uzaqdan-uzağa eşitdiyi şəxslərə ağız açmır, şeir yazıb göndərmir, özünü ucuz salmır. Çoxdan tanıdığı, ünsiyyət qurduğu  şəxslərə sözünü birbaşa, kəsə və zarafatyana deyir, hacətini dilə gətirmir, onların özlərinin maraqlanmasını gözləyir. Bu sırada Mahmud ağa xüsusi yer tutur.  Şamaxı sakini olduğu bilinən bu mötəbər şəxslə şairin münasibəti məhrəm və səmimidir. Birbaşa özünə ünvanladığı 4 qəsidədən əlavə, Seyid Əzimin başqa şeirlərində də Mahmud ağa dövrünün savadlı, bir neçə dil bilən, səxavətli, musiqi, muğam, söz-sənət adamları ilə istiqanlı əlaqələr saxlayan şəxsiyyətlərindən biri kimi dəfələrlə xatırlanır. "Şamaxının vəziyyətinin təsviri" mürəbbesində zəlzələdən sonra doğma şəhərinin üzləşdiyi problemləri Tiflis, Peterburq və Moskvada yüksək mənsəbli çar məmurlarına çatdırmaq üçün əhali tərəfindən vəkil edilmiş 4 nəfərlik heyətdə Mahmud ağanın yer aldığını  xüsusi nəzərə çatdıran şair yeri gələndə, onu haqsızlıqlardan müdafiə etməyi də özünə borc bilir. Misal üçün, Şamaxıda ağanın qonağı olmuş Humayun Şuşaya qayıtdıqdan sonra onun haqqında hədyan danışdığı üçün Seyid Əzim tərəfindən həcv edilir:

...Neyləmişdi sənə Mahmud ağa,

                                   ey ruhi-rəvan?

Şərm edib gözləmədin həqqi-nəmək,

                                   hörməti-nan

Gedibən Qələyə həqqində danışdın hədyan,

Filhəqiqə, nə onu, sən özüvi xar elədin.

Ağanın neməti-əlvanı gözündən gəlsin!

Süfreyi-bəzmi-Süleymanı gözündən gəlsin!

Kababı, çaxırı, büryanı gözündən gəlsin!

Meyi olsun cigərin qanı, gözündən gəlsin!

Çünki həqqində olan feyzini inkar elədin...

 

Şair özünə yaxın bildiyi Mahmud ağaya qəsidələrini məzəli üslubda yazıb və bu da müəyyən mənada təbiidir:

Gəlmişəm xidmətüvə gözləyirəm

Lütf ilə çeşmi-inayət səndən.

Seyyidə lazimədir vasil ola

Nəqd bir cameyi-xələt səndən.

Yaz bəratimi bu gün eylə əta

Ta yetə qəlbə məsərrət səndən.

Yazmış idim sənə də əşarı

Ki edim hasili-hacət səndən. (...)

Sahiba, ərzimi ki, guş etdin

Gör nədir indi ləyaqət səndən.

 

Zarafat öz yerində, amma sənətin qayda-qanun məsələsinə gəlincə, Seyid dostlarına yazdığı şeirlərdə xüsusilə ciddi hədd-hüdud gözləyir: üzgörənlik göstərmir, tərifin şitini çıxarmır, onların və özünün haqqında artıq-əskik söhbətlərin yayılmasına imkan  vermir. Mahmud ağaya bir qəsidəsində ona müraciətlə deyir ki, əgər bu mədhdən təmənna güdməsəydim, onu yüz qat artıq edərdim:

 

Vəli eybi budur mədhdən var bir təmənnası

Təmənna olmasa istər ki,

                        mədhi səd həzar olsun.

 

Yeri gəlmişkən, şair burada həm də şair-məmduh münasibətlərinə baxışını əks etdirir. İdealda şair kimisə mədh edirsə, bunu təmənnasız etməlidir. Şairlərə yaxşılıq fikrinə düşənlər də bundan təmənna güdməməlidirlər. Əlbəttə ki, bu ideal baxış əvvəllər də gerçəkliklə toqquşmuşdu, Seyidin yaşadığı dövrdə isə çox güclü deformasiyaya məruz qalmışdı. Lakin mənzum müraciətlərindən də gördüyümüz kimi, tək Mahmud ağa yox, şairin Şamaxıda və ya ölkənin başqa yerlərində yaşayan xeyirxahları, mədh etdiyi şəxslər əksər hallarda sənətə qərəzli niyyətlərlə, yaxşı ad çıxarmaq üçün, şan-şöhrət qazanmaq üçün yox, sadəcə hörmət və xeyriyyəçilik naminə dəstək göstərən həqiqi bəylər, ağalar, hacılar idi. "Hacı Mehdiquluya" sərlövhəli məsnəvisində şair bu cəhəti xüsusi vurğulayırdı:

 

Qalmış idim məəttəlü heyran,

Bir kəsə gəlməyirdi hiç güman.

Etdi piri-xirəd məni hali

İndi yaz Haciyə bu əhvali.

O səni, qorxma, şadkam eylər,

Lütf ilə məğziyül-məram eylər.

Şöhrət üçün o eyləməz ehsan

Lütfü ehsanıdır onun pünhan.

 

Müşahidələr göstərir ki, Seyid Əzim xroniki ehtiyac içində yaşasa da, hacətdən çox minnətdarlıq mənzumələri  yazmağa  həvəslidir, başqa sözlə, artıq aldığı ənamlara görə mədhiyyəni daha rahat və şövqlə söyləyir. Belə şeirlərində qabarıq nəzərə çarpan poetik incəlik, "nüktədanlıq" xahiş-minnət səciyyəli mənzumələrində xeyli sönükləşir və zəifləyir. Bu psixoloji ikiləşmə bəzən şairin öz-özünü tənqid və hətta həcv etməsinə gətirib çıxarır. "Hacı Ömər bəy Şirvaniyə" qəsidəsində bu, daha aydın görünür:

 

Şikayət eyləyirdim dün gecə yüz ahü-zar ilə

Çəkirdim rişteyi-nəzmə ki,

                        çəkmişdim nələr bəydən.

Zəbani-pənd açıb bir

                        yari-danadil ki, ey Seyyid

Qiyas etmə təmamən

                      bəyləri sən bir nəfər bəydən.

Tutaq ki, bəylərin vardır ziyanı qeyri kəslərçün

Təvəqqe əhlisən sən, şairə olmaz zərər bəydən.

Gözündən gəlsin ol ənamü ehsanlar, o nemətlər

Ki aldın gah buğda, gah pul, gah atü xər bəydən.

Belə bədxərclik kim, səndə var tab eyləməz dərya

Əgər mədən ola, canım, qutarır simü zər bəydən.

Gərəkdir səndən etsin əlhəzər bəylər əcəbdir bu,

Utanmazsan ki, bəs sən eyləyərsən əlhəzər bəydən?..

 

Amma bütün hallarda Seyid Əzimin mənzumələrinin ən əlamətdar xüsusiyyəti dilə gətirilməsi heç də asan olmayan mətləblər üçün də həm məntiqi, həm də bədii cəhətdən kamil, duzlu-məzəli (və gözəl!) ifadə üsulları tapa bilməsidir. Diqqət yetirin və cəhd edin ki, ifadənin qüsursuzluğuna heyrətlənməyəsiniz:

 

Sahiba, Mahmud ağa, lütfü mürüvvət dəmidir

Eyləyib Seyyidi-miskinə xəyanət buğda.

İndi beş aydı ki, məndən qaçıb ol ruysiyah

Qoyub avarə məni-zari bu nikbət buğda.

Tutmuşam indi sorağın, sizin anbardadır

Qorxuram ki, qaça ordan dəxi xəlvət buğda.

Babamız Adəmin ol qəlbiqara düşmənidir

Eyləyib həzrəti-Həvvayə ədavət buğda.

Qoyma anbarda qalsın, onu ixrac eylə

Nə bilir nanü nəmək, rəsmi-məhəbbət buğda!

Ver mənə ta ki, dəyirmanda onu un tək əzim

Çox veribdir məni-biçarəyə xiffət buğda. (...)

Qərəz oldur ki, bu il həm dəxi bildirki kimi

Edəsən Seyyidi-biçarəyə inayət buğda.

 

Yaxud da:

 

Varmı yadunda ki, Bakudə didüm saat alaq

Vədə verdin verəsən sən mənə digər saat.

İmdi üç aydu ki, dörd aya gedir, yox əsəri

Quş olub yoxsa gögə uçdi, tapub pər saat.

Gərçi mövcud idisə illəti-təxiri nədür?

Yoxsa yadundan olub məhv o kafər saat (...)

Dedim: ey çərx, mənim va/r/, Ağa bəg tək şahim

İstəsə yer yüzü hər gün olu yeksər saat...

Müxtəsər, tuli-kəlamımdan, əya kani-kərəm

Seyyidi-zarə gərəkdür ola zivər saat.

 

"Ağa bəy Soltanzadəyə"

Əslində eyni bədii struktura malik bu iki yumoristik mənzumənin birində şair umacağını hasil edəcəyinə əmin olduğundan, ikincisində isə şübhə etdiyindən söz üzərində zərgər kimi işləyir. Birinci halda halallıq almaq, ikincidə sözün gücü ilə hacətini Ağa bəyin boynuna qoymaq üçün. Amma ədəbiyyat tarixi rakursundan nəzər yetirəndə şeirin əhəmiyyəti onun yazılma səbəbi yox, bədii dəyəri ilə ölçülür. "Mənzumə" adlandırdığımız bu örnəklər isə bədii dəyəri baxımından nə Seyid Əzimin özünün, nə də başqa şairlərin digər janr və şəkillərdə qələmə aldıqları şeirlərdən geri qalmır. Əksinə, əlavə informasiya yükü daşıdığı üçün qiyməti daha da artır. Bir sıra hallarda Osmanlı şeirinə xas tarixnamələrdə olduğu kimi, şair mədhiyyədən birbaşa yox, tamam başqa məqsədlə yazdığı mənzumənin, yada düşmüşkən, yeri gəlmişkən, ehtiyac duyulan tərkib hissəsi kimi istifadə edir.  S.Ə.Şirvaninin müxtəlif mənzumələrində Rusiya imperatoruna münasibətini göstərən şeir parçaları buna misal göstərilə bilər. Qeyd etmək lazımdır ki, böyük şairin rus çarına ithafları bu qəbildən olan nadir nümunələrdir və son vaxtlar daha çox diqqət çəkməkdə, qəribə, hətta anormal bir hal kimi qiymətləndirilməkdədir. Həqiqətən, ədəbiyyatımızda Rusiya çarının şəninə Seyid Əzim kimi açıq mətnlə və birbaşa təriflər yazan, onun, habelə Romanovlar sülaləsinin digər üzvləri üçün dualar edən ikinci bir şairlə rastlaşmırıq (hərçənd 1850-ci illərin əvvəllərində canişin Mixail Vorontsovun tapşırığı ilə Rusiya vəliəhdi, çar I Nikolayın oğlu II Aleksandrın Qafqaza gəlişi şərəfinə M.F.Axundovun farsca qəsidə yazdığı bilinir. Burada Axundovun çar hökumətinə münasibətini əks etdirən "Kapitan İqranoviç haqqında" mədhiyyəsini də yada salmaq yerinə düşər). Maraqlıdır ki, biz görmək istəməsək də, Seyid Əzim ithaflarında çara minnətdarlığının səbəblərini gizlətmir. Bu, ilk növbədə Şamaxı zəlzələsindən sonrakı dövrdə hökumət tərəfindən zərərçəkmişlərə yardım göstərilməsidir. "Şamaxının vəziyyətinin təsviri" mənzuməsində oxuyuruq:

Qəhtdə, zəlzələdə üsrətimiz gördü əyan

İmperaturi-müəzzəm bizə qıldı ehsan.

Nəqd pul, möhləti-tövci, həm əta eylədi nan,

Filhəqiqət ki, bu dövlətdə səxavət görünür.

Həqq edə Sani Aleksandra daim rəhmət

Eyləsin mənzili-məvasını baği-cənnət.

Verməsin salis Aleksandra hərgiz afət

Ki, bu övladdə asari-ədalət görünür...

 

"Rəbiül-ətfal" dərsliyinin "Nazimin ifadəsi" adlı başlanğıc hissəsində də  eynimotivli şeir parçası yer almışdır. "A.S. Puşkin haqqında" qəsidəsində isə şair (çar və ailə üzvləri istisna edilməklə, Puşkin Seyid Əzimin qiymət verdiyi  milliyyətcə rus olan yeganə şəxsdir) sanki çara və hakim xanədana həmd-səna etmək üçün yaranmış fürsətdən sui-istifadə edir: 

 

Xudaya, baqi olsun dövləti-sultan Aleksandr

Ki, əhli-elmə etdi ehtiram ol şahi-bihəmta...

Həmişə qıl dua, Seyyid, bu şahi-qədrdan üçün

Ki oldur əhli-Qafqazə vəliyyi-neməti-kübra.

İlahi, qıl özün, qardaşların, həm oğlunu daim

Bəlalərdən səlamət, cümleyi-düşmənlərin rüsva.

 

Adətən, mədhlərini əsaslandırmadan sözə başlamayan Seyid Əzimin Puşkindən danışdığı yerdə qəfildən çarın tərifinə keçməsi, əlbəttə, qəribə görünür. Lakin XVIII-XIX əsrlərdə Osmanlı və İranla permanent müharibələr aparan Romanovlar xanədanının müsəlmanlara, o cümlədən, Azərbaycan türklərinə münasibəti nəzərə alınanda şairin məqsədi aydınlaşır. Məsələ burasındadır ki, tez-tez baş verən müharibələr zamanı çarizmin Osmanlı və İranla həmsərhəd bölgələrdəki siyasəti yerli əhaliyə ziyan verəcək dərəcədə aqressivləşir, münasibətləri nisbətən yumşaltmaq vəzifəsi isə təbii ki, vətənpərvər ziyalıların üzərinə düşürdü. Seyid Əzimin çara və xanədan mənsublarına bəzən yerli, bəzən yersiz mədhlər söyləməsi də məhz bununla bağlı idi. Nəsrlə başlayıb, məsnəvi ilə davam edən "Həsən bəy Məlikova" müraciətində şair "Əkinçi" qəzetinin bir həftə nəşr olunmamasından qorxuya düşdüyünü dilə gətirir və Zərdabiyə xitabən yazırdı:

 

Qəzetin olmadı bu həftə əyan

Yüz yerə getdi zənnü fikrü güman.

Belə fikr eylədik olub məsdud

Zaye oldu o gövhəri-məqsud.

Çünki hər işdə macəra görünür

Hər sözü söyləmək xəta görünür.

Çün bu günlərdə nəqli-qisseyi-cəng

Bizlərə ərsəni edibdir təng.

Tabeyik gərçi biz şəhi-Rusə

Bir xələl dəyməyibdi namusə.

Gərçi ixlasımız firavandır

Heyf kim, adımız müsəlmandır.

 

Xələflərindən, xüsusilə böyük Sabirdən fərqli olaraq (Sabir, ümumiyyətlə, Azərbaycanın Rusiyaya ilhaq edilməsi faktını heç bir şeirində dilinə gətirmir, sanki unutmaq və unutdurmaq istəyirdi) Seyid Əzim reallığı görür və göstərir: "şəhi-Rusə" tabeçilik məsələsini etiraf edir, bunun namusa xələl gətirmədiyini vurğulayır, müsəlmanların hökumətə xəyanət etmədiklərini söyləyir və... adımızın müsəlman olmasından heyifsilənir - təəssüflə bildirir ki, hökuməti müsəlmanlar barədə böhtanlara asanlıqla inandırmaq mümkündür. Seyid Əzim müharibə dövrünün təhlükələrini yaxşı başa düşdüyü üçün "Əkinçi"yə görə (əslində milli-mədəni dəyərlərimizə görə) haqlı narahatlıq keçirir. Bu  məqam eyni zamanda onu da düşünməyə əsas verir ki, Seyid Əzimin çarı mədh etməkdən təmənna və məqsədi öz millətinin taleyi üçün dərin məsuliyyət daşıyan bir şairin Azərbaycan cəmiyyətində rus iqtidarına və hakim xanədana loyal münasibət bəslənildiyini nəzərə çarpdırmaqdan, müsəlmanların gözdən salınmasına imkanı çatdığı qədər mane olmağa çalışmaqdan başqa heç nə ola bilməzdi.

 

Birinci hissənin sonu

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!