Sərxan XAVƏRİ - Zamanın poetik "stop kadr" anı - Mətnin metafizik struktur səviyyəsi - III məqalə

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Füzulinin bütün poeziyası müxtəlif həyati situasiyaların fotolarından ibarətdir. Füzuli həyati situasiyaların elə məqamlarını poetik fotolarda dondurub bizə təqdim edir ki, o foto bir tərəfdən gerçəkliyin dəmir məntiqinə əsaslanır, digər tərəfdən ya miqyasın böyüdülməsi, ya da tərs məntiq hesabına həmin həyati məntiqin özü əleyhinə çevrilir. "Heyrət, ey büt..." beytində heyrətdən küçənin ortasında donub qalmış müqəvvanın heykəl hesab edilməsi real məntiqə əsaslanır. Bu mənada obrazlaşdırma səviyyəsində gerçəkliyin məntiqinə necə deyərlər, hörmətlə yanaşılır. Lakin əslində isə gözəllik qarşısında heyrətdən donub qalmaq özü başqalarının bu donmuş şəxsi heykəl hesab etməsi real məntiqin əleyhinədir. Fəlsəfi baxımdan situasiya zamana tabedir. "Heyrət, ey büt..." beytində də Füzuli müəyyən bir zaman anını ümumi zaman axınından alıb fotolaşdırır. Bu an beytdə "surətin gördükdə" ifadəsilə faktlaşan aşiqin məşuqu gördüyü andır. Situasiyaya da həmin zaman anında baxılır.

 

Füzulinin  "Heyrət, ey büt..." beyti bədii mətnin semantik  təhlili prizmasından

Biz ötən yazımızda qeyd etdik ki, "situasiya" Füzuli poeziyasının təhlilində kateqorial anlayışlardan biri kimi əsas götürülməlidir. Daha sonra "Heyrət, ey büt..." beytinin poesemantik təhlili əsasında beytdə aşiq və məşuq münasibətlərinin yaratdığı  teatral situasiyanı izah etdik.

"Heyrət, ey büt..." beytinin metafizik struktur səviyyəsinin izahı üçün "situasiya" anlayışına fəlsəfi aspektdən yenidən qayıdılması zəruridir. Mövcud elmi ədəbiyyatlarda "situasiya"  hadisələr çoxluğunun başvermə təkaktlılığı və təkrarsızlığı kimi tərifləndirilir. Yəni müəyyən zaman və məkan şərtləri daxilində ayrı-ayrı elementlərin qarşılıqlı münasibətlərinin doğurduğu  həyati vəziyyət situasiya kimi dəyərləndirilir. Burada elementlərarası münasibətlər xüsusilə əhəmiyyətlidir. Çünki situativliyi doğuran ən başlıca xüsusiyyət məhz elementlərarası münasibətdir.

Tədqiqatçılardan Nikolay  Qartman yazırdı ki, situasiya insanın istənilən təşəbbüsünü yalnız şərtəndirmir, həmçinin rəsmiləşir, yəni həyata keçirir. Buna görə də insan situasiyada hərəkət etməyə məcburdur. Bu o deməkdir ki, situasiya həm də qərar qəbuluna təhrikdir ki, insanın azadlığı da məhz qərar qəbulunda seçim çoxluğundan asılıdır.

Bədii mətndə situasiyanı izah baxımından isə Avstriya filosofu Lüdviq Vinqenşteynin maraqlı mülahizələri vardır. Qərbdə dilin fəlsəfəsi üzrə ən yaxşı filosoflardan biri hesab olunan Vinqşteynin bu mülahizələri  Füzuli poeziyasında situativliyin elmi izahı baxımından düzgün metodoloji yanaşma təqdim edir. Ümumiyyətlə, dili gerçəkliyin obrazı hesab edən Lüdviq Vinqenşteynə görə, obraz  gerçəkliyin modelidir. Filosofun yanaşmasına görə, təsəvvürdə canlandırılan istənilən real üçölçülü situasiya modelləri müxtəlif obrazlardır. Bu mənada obrazın elementləri reallığın obyektlərinin göstəriciləri, obraz elementləri arasındakı münasibətlər isə faktda obyektlərin münasibətləridir. O, bu mürəkkəb obraz-gerçəklik münasibətlərini aydınlaşdırmaq üçün belə bir sadə müqayisə təqdim edir: situasiya öz başçısının, babanın və ya atanın ətrafında toplaşmış ailədir, obraz isə ailə fotosudur. Məlumdur ki, fotoşəklin elementləri ailə üzvlərinin ayrı-ayrı avtoportretlərindən və interyerin digər detallarından təşkil olunmuşdur. Belə olan halda aydın olur ki, obraz elementlərinin konfiqurasiyası obyektlərin situasiyadakı münasibətlərini əks etdirir. Başqa sözlə, obraz elementlərinin konfiqurasiyası fotoşəkildəki ailə üzvlərinin şəklin çəkilmə anındakı yerləşməsini əks etdirir.

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Füzulinin bütün poeziyası müxtəlif həyati situasiyaların fotolarından ibarətdir. Füzuli həyati situasiyaların elə məqamlarını poetik fotolarda dondurub bizə təqdim edir ki, o foto bir tərəfdən gerçəkliyin dəmir məntiqinə əsaslanır, digər tərəfdən ya miqyasın böyüdülməsi, ya da tərs məntiq hesabına həmin həyati məntiqin özü əleyhinə çevrilir.

"Heyrət, ey büt..." beytində heyrətdən küçənin ortasında donub qalmış müqəvvanın heykəl hesab edilməsi real məntiqə əsaslanır. Bu mənada obrazlaşdırma səviyyəsində gerçəkliyin məntiqinə necə deyərlər, hörmətlə yanaşılır. Lakin əslində isə  gözəllik qarşısında heyrətdən donub qalmaq özü  başqalarının  bu donmuş şəxsi heykəl hesab etməsi real məntiqin əleyhinədir.

Fəlsəfi baxımdan situasiya zamana tabedir. "Heyrət, ey büt..." beytində də  Füzuli müəyyən bir zaman anını ümumi zaman axınından alıb fotolaşdırır. Bu an beytdə "surətin gördükdə" ifadəsilə faktlaşan aşiqin məşuqu gördüyü andır. Situasiyaya da həmin zaman anında baxılır. 

"Heyrət, ey büt..." beytində zaman anı daxilində müşahidəyə, seyrə əsaslanan bir neçə situasiya vardır. Burada situasiya situasiya içərisindədir:

1. Aşiq məşuqənin surətini görüb donub küçənin ortasında qalır - aşiq məşuqəni müşahidə edir.

2. Küçənin ortasında donub qalmış müqəvvanı kənardan başqası görüb onu şəkil,  cansız rəsm hesab edir - müşahidə edən müşahidə olunur.

3. Şair aşiqin məşuqəni müşahidə edərkən küçənin ortasında donub qalmasının kənar şəxs tərəfindən müşahidə edilməsini müşahidə edir - müşahidə edənin müşahidə olunması situasiyası şair tərəfindən müşahidə olunur.

4. Nəhayət, oxucu şairin küçənin ortasında heyrətdən donub qalmış aşıqin başqa bir şəxs tərəfindən müşahidə edildiyini müşahidə edən şairi müşahidə edir - müşahidə edənin müşahidə edilməsinin müşahidə edilməsi müşahidə olunur. 

Bu mürəkkəb müşahidə prosesi fəlsəfədə "idrakı idrak" adlanır. Onun mahiyyətini anlamaq üçün müasir Azərbaycan fəlsəfi düşüncəsinin ən orijinal təfəkkür sahiblərindən olan, görkəmli filosof Füzuli Qurbanovun bu xüsusda bir mülahizəsi ilə tanış olaq. Filosof yazır ki,  dünyanı fəlsəfi-elmi müşahidə özünümüşahidədən başlanır. Müşahidə situativ mahiyyətlidir. Elə bir müşahidə nöqtəsi yoxdur ki, müşahidə zamanı insan özünü müşahidə edə bilsin.

Füzulinin "Heyrət, ey büt..." beytində Əlahəzrət  Fəlsəfənin Füzuli Qurbanovun timsalında  hökm kimi irəli sürdüyü bu qanunauyğunluq sanki pozulmuş olur. Və yaxud da beytdə onun pozulmasına ciddi bir cəhd ifadə olunmuşdur. Füzuli sanki poeziyanın qeyri-adi gücü hesabına möcüzə göstərməyə, peyğəmbərlik etməyə cəhd edir. Bu alınmadıqda isə sehrbazlıq hesabına olsa da, möcüzə effektinə nail olmağa çalışır. O, obrazlı ifadə etsək, müşahidə zamanı insanın özü-özünü müşahidə etməsinə cəhd edir. Bu möcüzəyə inam, sehrbazlıq təsiri bağışlasa da, beytdə fəlsəfi baxımdan güclü bir effektin yaranmasına səbəb olur.

Vaxtilə Baxtin yazırdı ki, özünüifadə özünü həm başqası, həm də özün üçün obyektə çevirmək deməkdir ("idrak həqiqəti"). Bu obyektivləşdirmənin birinci səviyyəsidir. Həmçinin, mətndə özün obyektə çevrilən özə münasibətini də ifadə etmək mümkündür ki,  bu da obyektivləşdirmənin ikinci mərhələsidir. Bu halda  xüsusi söz obyekt olur və ikinci səsə çevrilir. Artıq  bu ikinci səsdən mənaya heç bir kölgə düşmür. Çünki o sözün cismində  obyektivləşdirilmiş və materiallaşdırılmış təmiz münasibəti əks etdirir.

"Heyrət, ey büt..." beytində "öz" həm özünü özü üçün, həm də başqaları üçün obyektləşdirmişdir.

"Heyrət, ey büt..." beytinin əsasında dayanan emosional yaşantının yaşanması anı ilə bizim aramızda beş yüz ildən artıq zaman məsafəsi vardır. Lakin bu emosional yaşantıdan biz abidə kimi deyil, həyati situasiya kimi bəhs edirik. Bu barəda çoxsaylı mülahizələr vardır. Füzulinin Azərbaycan bədii düşüncəsini öz təsir orbitinə salıb uzun əsrlər boyu onu inkişafdan qoyması haqqında  məşhur mülahizə hamıya məlumdur. Bu barədə çox yazılıb, çox danışılıb. Yəqin ki, bu cazibənin indiyə qədər deyilməyən bir mühüm səbəbi də mətnin sosial kommunikativ funksiyası ilə bağlıdır ki, hesab edirik beytin metafizik struktur səviyyədə təhlili üçün bu aspektin də üzərində dayanmaq lazımdır.

Yuriy Mixayloviç Lotman mətnin sosial kommunikativ funksiyasından bəhs edərkən onun aşağıdakı əlaqə tiplərini ayırıb fərqləndirir:

1. Ünvanlayanla ünvanlanan arasında qarşılıqlı əlaqə;

Bu aspektdən yanaşıldıqda, "Heyrət, ey büt..." beyti bir linqivistik konstruksiya əsasında emosional yaşantı daşıyan mətn bütövü kimi  informasiya daşıyıcısından - şairdən auditoriyaya yönələn məlumat funksiyasını yerinə yetirir.

2. Auditoriya ilə mədəni ənənə arasında qarşılıqlı əlaqə;

Bu aspektdən yanaşıldıqda, " Heyrət, ey büt..." beyti mətn tipi kimi kollektiv mədəni yaddaş funksiyasını yerinə yetirir. O mənada ki, o, emosional yaşantının linqvistik modelinin sinxron olaraq normativləşdirilməsi, mənsub olduğu sosial-mədəni çevrə üçün (deyək ki, Füzuli üçün oğuz-səlcuq mədəni çevrəsi üçün) kütləviləşməsi funksiyasını da yerinə yetirir.

3.Oxucuların bir-biri ilə qarşılıqlı əlaqəsi;

Bu aspektdən yanaşdıqda, "Heyrət, ey büt..." bütün diaxron zaman axını boyunca oxucuların şəxsiyyətinin yenidən təşkilində mühüm rol oynayır. Oxucuların struktur özünüariyentasiyası  metamədəni konstruksiyalar vasitəsilə onların ünsiyyətində rol oynayır. Lotman qeyd edirdi ki, bu situasiyada  mətn mediator funksiyasını yerinə yetirir.

4. Oxucunun mətnlə qarşılıqlı əlaqəsi;

Biz əvvəlki yazılarda Füzuli beytlərinin mənsub olduğu poetik konstruksiya sistemi daxilində mərkəzdənqaçma meyilləri, xüsusi statusluluğa cəhdi barədə söz açmışdıq. Bu xüsusiyyət Füzulinin "Heyrət, ey büt..." beytinə xüsusən aid olduğundan burada mətn müəllif və oxucu arasında vasitəçi olmaqdan çıxıb onlarla bərabərhüquqlu həmsöhbətə şevrilir.

5. Mətn və mədəni kontekst arasında qarşılıqlı əlaqə;

Bu aspektdən "Heyrət, ey büt..." beyti bir mətn kimi özünün  sosial kommunikativ funksionallığını  həm sinxron, həm də diaxron müstəvidə reallaşdırır.

Biz hesab edirik ki, heyrətamiz Füzuli əbədiyaşarılılığı onun müəllifi olduğu mətnlərin qeyd olunan sosial kommunikativ funksionallığında axtarılmalıdır. Sadəcə olaraq Füzulidə mətnin sosial kommunikativ funksionallığı başqalarından fərqli olaraq sanki diaxron miqyassızlıqda, zamansızlıqdadır. Bu mətnin energetik gücü ilə bağlıdır.  Burada üzərində xüsusi dayanılmalı olan bir linqvopsixoloji aspekt də vardır ki, bu ayrıca bir söhbətin mövzusudur.