Mahirə Quliyeva - Məmnunluğumu gizlətmək istəməzdim...

...Oxucular haqlı olaraq məni qınayaraq "bu iş, elə "Ədəbiyyat qəzeti"nin ümdə vəzifəsi deyilmi?!" -deyə bilərlər. Vəzifəsidir... Amma icraçı işini yerinə yetirərkən, ona sevgi dolu əməyini qatırsa, özəl münasibət bəsləyirsə, bunu qiymətləndirməmək olmaz. Ədəbiyyat özünün müxtəlif janrlardan yazılmış mövzuları ilə insan əxlaqını kamilləşmə zirvəsinə yönəldir, dünyanı isə mənəviyyat və vicdan hesablarına hazırlayır. Bu anlamda "Ədəbi proses"in mahiyyətinə dəyər verməyə heç bir ehtiyac qalmır.

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2018-ci il iyun ayının 4-də "Ədəbi proses-2017" mövzusunda Yaradıcılıq müşavirəsi keçirdi. Bir növ 2018-ci ilin elmi bucağından 2017-ci ilin ədəbi prosesinə, biri digərini tamamlayan janrların təhlilinə nəzər salındı. Ənənə şəklini almış bu proses Ədəbiyyat İnstitutunun tarixində uzun, həm də yaddaşlarda xoş xatirələrlə həkk olunan bir inkişaf yolu keçmişdir. Məsələnin ən maraqlı tərəfi isə bu prosesin ilk öncə təməlini qoyan və prosesi ardı-arası kəsilmədən davam etdirən alimlərimizin yad edilməsidir. İnstitutumuzun 85 illik yubileyi ərəfəsində bu prosesin təkamül yolunun gedişində mühüm rolu, əməyi olan alimlərimizin bir çoxu, zənnimcə elə hamısı "Quran"ın "Hicr" ("Daşlı Sahə") surəsinin 9-cu ayəsində, hətta Quran kəlməsi yerinə işlədilən "zikr" sözünün müvafiq mənası ilə xatırlandılar. Bu zikr kəlməsinin müəyyən məna tutumu ilə elmdə bizə örnək olan, cismən var olmasalar da, əsərləri ilə mənəviyyatımızı zənginləşdirən, hətta məktəb yarada bilmiş müəllimlərimiz və alimlərimizə sevgi dolu sayğılarımızı bildirməklə yanaşı, Allahın rəhmətini də qazanmağa çalışmışıq. Geniş dinləyici auditoriyası olan Yaradıcılıq müşavirəsində iştirak edən qonaqların tərkibi də özəl idi. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan da bu tədbirdə iştirak edirdi. Bu məqamda Azər Turanın bir fikrini xatırlatmaq yerinə düşərdi: "Yazıçılar Birliyi və Akademiyanın Ədəbiyyat İnstitutu vahid yaradıcılıq prosesinin qoşa qanadıdılar."

Azər Turana gəlincə, məncə, bizim ona bir təşəkkür borcumuz var. Bu da qəzetin baş redaktorunun "Ədəbiyyat qəzeti"nin bütöv bir nömrəsini "Ədəbiyyat qəzeti"nin xüsusi buraxılışı" adı ilə "İlin ədəbi yekunları" başlığı altında "Ədəbi proses-2017"-yə ithaf etməsinə bağlıdır. Məqaləni yazmazdan öncə, düşünürdüm ki, qəzetin baş redaktoru və redaksiya heyətinə təşəkkürümü epiloq şəklində yazım. Sonra fikrimdən daşındım. Nədən?! Məncə, səbəbi ilə hamı razılaşacaq. Ədəbiyyat İnstitutunda elə bir tədbir, elə bir konfrans və ya müşavirə yoxdur ki, bu şəxslər orda iştirak etməsinlər. Onlar Ədəbiyyat İnstitutunun nailiyyət və qayğılarına, uğur və sevinclərinə qəlbən bağlı olduqlarını öz əməlləri ilə çox möhtəşəm şəkildə büruzə verirlər. Əti dırnaqdan ayırmaq olmaz, deyiblər. Bu baxımdan yanaşdıqda adı çəkilən hər iki şəxs Ədəbiyyat İnstitunun fəxri əməkdaşları kimi də dəyərləndirilə bilər.

Azər Turanın institutumuzla bağlı söylədiyi fikirlər deyilənləri bir daha təsdiqləyir: "Ədəbiyyat qəzeti hər il davamlı olaraq ilin ədəbi yekunlarına həsr olunmuş ənənəvi müşavirənin materiallarını dərc edirdi. Amma bu dəfə məruzələri həmişəki kimi... pərakəndə şəkildə deyil, bir özəl sayda təqdim etmək qərarına gəldik və sözü Ədəbiyyat İnstitutuna verdik."

Bax, elə bu sözə görə sizə minnətdarıq.

Oxucular haqlı olaraq məni qınayaraq "bu iş, elə "Ədəbiyyat qəzeti"nin ümdə vəzifəsi deyilmi?!" -deyə bilərlər. Vəzifəsidir... Amma icraçı işini yerinə yetirərkən, ona sevgi dolu əməyini qatırsa, özəl münasibət bəsləyirsə, bunu qiymətləndirməmək olmaz.

Ədəbiyyat özünün müxtəlif janrlardan yazılmış mövzuları ilə insan əxlaqını kamilləşmə zirvəsinə yönəldir, dünyanı isə mənəviyyat və vicdan hesablarına hazırlayır. Bu anlamda "Ədəbi proses"in mahiyyətinə dəyər verməyə heç bir ehtiyac qalmır.

İclasda, "Ədəbi proses"in əvvəlki dönəmlərinin fəal iştirakçılarından olan professor Şirindil Alışanlı əvvəllər bu prosesin bir janr ətrafında keçirildiyini xüsusi vurğuladı. Son illərin ədəbi prosesində isə məruzələr bütün janrlar ətrafında yazılmışdır. Ədəbi prosesin məhz bu şəkildə fəaliyyəti  akademik İsa Həbibbəylinin adına bağlıdır.

Müxtəlif janrlar üzərində qurulmuş çoxçalarlı məruzələr və onların müəllifləri haqqında məlumat qəzetdə öz əksini tapıb. Hər bir məqalə, müəllifinin təfəkkür, düşüncə tərzinin məhsulu olmaqla yanaşı, həm də böyük zəhmət və müşahidələrinin nəticəsidir. Bəzi məqalə müəllifləri heç bir müzakirəyə ehtiyacı olmayan, aksiomlaşan qənaətlərə gəliblər. Məruzələr içərisində "İcmal tənqidindən monoqrafik dərinliyə" məqaləsi başda olmaqla, filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın "İlin ədəbi mənzərəsi" məqaləsi həm mövzusunun çoxyönlülüyü, əhatəliyi, həm də ədəbi proses haqqında sistemli məlumatların təqdimi baxımından böyük əhəmiyyətə malikdir.

Məqalə, ölüm labüd olsa belə, ölümlərini qəbul edə bilmədiyimiz yazar və alimlərimizin yad edilməsiylə başlanır. Müəllif, məqaləsinin ümumi mənzərəsini müsabiqələr, mükafatlar, elmi həyat, ədəbi həyat, nəsr, poeziya, tərcümə, esse, tənqid və ədəbiyyatşünaslıq üzərində qurur. Onun cəlbedici yazı tərzi də marağımıza səbəb oldu. Beləki, Elnarə xanım nəzər diqqətimizə çatdırmaq istədiyi məsələni ritorik sual üstündə quraraq, dinləyici və oxucusunu fikrən mətləbə yönəldir. E.Akimovanın məsələlərin təhlilinə yanaşma tərzi də birmənalı və özünəməxsusdur: "Biz keçmişin estetik mədəniyyətini müasir təsəvvürdən çıxış edərək dərk edirik. Bu həm düzdür, həm də dərindən səhvdir."

Bu təhlildə müəllif "səhv"i və "düzü" bir məqama gətirərək mütəqabilləşdirmiş,  özünəməxsus yanaşma tərzini dolğun ifadə edə bilmişdir.

Və ya onun "... kimisə tarixi ədəbi prosesin inkişaf kontekstindən ayırıb, tədqiqat predmetinə çevirmək metodoloji yalnışlıqdır."

Bəli, bu yanaşma tam real yanaşmadır və bizim buna ehtiyacımız var.

Tənqidçi E.Akimova akademik İsa Həbibbəylinin ədəbiyyat tarixçiliyi istiqamətində ilboyu nəşr etdirdiyi məqalələri əldə əsas tutaraq yazır: "... tarixi-ədəbi prosesin xarakter və çalarlarını dərk etmədən, müasir prosesi təhlil etmək və qiymətləndimək, onun şərhinə və dərkinə girişmək metodoloji baxımdan doğru deyil."

Müəllif "Elmi həyat" başlığı altında institut rəhbərliyinin təşəbbüsü ilə xaricdə çap olunan kitablar və tanınmış alimlərin yubiley mərasimləri haqqında da məlumat verir.

2017-ci il həmçinin Molla Pənah Vaqif və Hüseyn Cavid ili kimi də yadda qaldı, yazır Akimova. İl boyu Molla Pənah Vaqifin 300, Hüseyn Cavidin 135 illiyilə bağlı müxtəlif tədbirlər, konfranslar, elmi sessiyalar keçirilmiş və məqalələr toplusu çap olunmuşdur.

Zənnimcə, Molla Pənah Vaqifin 300 illiyi münasibətilə dünya dillərində çap olunmuş şeirlər kitabını, onun ön sözünün müəllifini və hətta İstanbulda Turizm Nazirliyi və Milli Kitabxananın birgə iştirakı ilə TÜRKSOY tərəfindən kitabın təqdimat mərasimini də qeyd etmək zəruri idi. Vaqifin 300 illiyi münasibətilə AMEA-ın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qərarı ilə "Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında" adlı kitab da nəşr olunmuşdur.

İnsana qanad verən, onu hərəkətə gətirən, ruhuna ruh qatan poeziyadır. Məqaləsinə fransız yazarı Jül Renarın "Yenə şeir, hey şeir. Bir misra da poeziya olaydı!"-sözlərilə başlayan filologiya elmləri doktoru Vaqif Yusifli poeziya ilə şeir arasındakı uçurumu ürək ağrısıyla qeyd edərək, mərhum şairimiz Fikrət Sadığın bir şeirini söylədi. Bununla da şeir və poeziyanın kəsişən, lakin Azərbaycan xalqı tərəfindən məqbul sayılmayan tərəflərini göstərdi:

 

Mən sayım, sən sadala

Gör kimlər şeir yazır

Mühəndislər, polislər

Həkimlər şeir yazır.

Bunu bildim, tanıdım

Ta kimlər şeir yazır?!

Elmdən yorulanda

Alim də şeir yazır.

 

Vaqif müəllim, sizi çox gözəl başa düşürəm. Hətta öz həyatından küsənlər də, mənfəəti azalanlar  belə indi şeir yazır. Amma onu da qeyd edək ki, ariflər poeziya ilə şeirin fərqini gözəl bilir və dünyaya şairlik naxışı ilə gələn bu insanlar öz  alın yazılarına peşman olmurlar. Fikrimi Səməd Vurğunun sözləri ilə ifadə etsəm, daha düzgün olar:

 

Arifləri dindir ki, nədir şeir ilə sənət!

Şair yaranan ömrə peşiman ola bilməz!

 

Nədənsə, indi "şeir həvəskarları" ifadəsi leksikonumuzdan çıxarılıb. Çox təəssüflər edirəm!

Amma şeir yazıb, onun mizan-tərəzisini pozanlara, şairlər cərgəsinə can atanlara bir ləff sözüm var:

 

Şairəm, dinlə gör nə deyir ilham:

Mən söz xiridarı, söz sərrafıyam

 

Dünyada hər kəsin öz sənəti var,

Şairin əlində söz sənəti var.

 

Şahiddir gecələr od tökən ürək,

Sözlər qələm ilə güləşən pələng.

 

... Sən özün bilirsən, mənim əzizim

İşimiz, gücümüz ayrıdır bizim,

 

Dünyada nə qədər iş var, sənət var.

Birindən yapışar aqil adamlar.

 

Hər kəs öz yerini tapsa həyatda,

Sanki xəzinə var, başının altda.

 

Məsələ burasındadır ki, özünü üç və ya dörd ixtisasın sahibi kimi göstərənlər, əslində hər şeydən xali olanlar, "sevdiyi sənəti intixab edə bilməyənlərdi." Sellər, çaylar daşanda, (yəni aqil insanlar bunu oxuyanda) bu sayaq şeirlər yuyulub atılacaq. S. Vurğunun sözləri ilə desək:

 

Qəlbin, ürəyin odlarına yanmasa bir söz

Dillərdə, ağızlarda o dastan ola bilməz!

 

Bütün bunlara rəğmən Vaqif Yusifli Azərbaycan şeirinin mütərəqqi tərəflərini də sevərəkdən qeyd etdi, poetik ustalığı ilə seçilən cavan, hətta sənətə bağlı olan qocaman şairlərin Azərbaycan sənətinin başında durduqlarını, əsl poeziyanı layiqincə çiyinlərində daşıdığını vurğuladı:

 

Sən Allah, bu gülü yasa aparma

Bu gül ləçəyində başqa həyat gör

Bu qızıl güllərdən mənə qanad hör...

 

Məqalə müəllifi haqlı olaraq bu şeir parçasını insanın iç dünyasına hopan bir kəlam, bir poetik ahəng kimi dəyərləndirir.

Məqalədə nəzər-diqqətimizi cəlb edən məsələlərdən biri də Yusiflinin 50-60 yaşlı şairlərin fərqli bir özəlliyə malik olmalarını qeyd etməsi, şeirimizin yaşarı ənənələrinə üz tutmasıdır:

 

Bu dünya Nizami dünyası imiş,

Bu dünya Nəsimi dünyası imiş,

Gör hara gəlmişəm ürək eyləyib?!

 

Müəllif yazır ki, Zirəddin Qafarlının bu şeiri ənənəyə bağlı zəncirin qırılmaması kimi dəyərləndirilməlidir.

Mən düşünürəm ki, istər poeziya olsun, istərsə də nəsr, əgər kökünə, milli zəmininə, əvvəlki dönəm ədəbiyyatlarına bağlı deyilsə, onun ədəbiyyata gəlişi, yaşamı Bakı yelinə bənzər...

Vaqif Yusifli poeziyamızın bir sıra nöqsanlı yönləri ilə yanaşı şərbəst şeirə də münasibətini bildirdi: "Bəzən unudulur ki, sərbəst şeirdə də ritm olmalıdır, obrazlı ifadələr işlənməlidir, sərbəst şeir danışıq səviyyəsinə endirilməməlidir..."

Düşünürəm ki, sərbəst şeir yazmaq daha böyük məharət tələb edir. Əks halda nəsrin şeirdən fərqi nədir?!

Müəllif tanınmış ustad şairlərin haqqında məlumat verməklə yanaşı, gənc şairlərimizin bu sahədə bir addım irəlidə olduqlarını da qeyd etməyi unutmadı.

Məqalə boyu poeziyada iki təzadlı tərəflər haqqında mülahizələr yürüdən Vaqif müəllim şeir və poeziya arasında uçurum yaradan həqiqətləri də gizlətmədi: "... Şeirimizdə bəzi istisnaları nəzərə almasaq, fəlsəfi ruh, fəlsəfi düşüncə arealı zəifləməkdədir."

 

Mən düşünürəm ki, poeziya vurğunu olan Vaqif Yusifli öz poetik qəlbini dinlədiyi üçün məqaləsini müsbət notlarla bitirməyi qərarlaşdırdı. Onun Fikrət Qocanın "Dağınıq duyğular" poemasının son misralarını nümunə gətirməsi Azərbaycan poeziyasının zirvəsini göstərir:

 

Uğrunda ölüb-dirilmişik.

Azadlığın dadını

Hələ indi bilmişik,

Bir də ölən deyilik!!!

Biz hamımız bir canda

Bütöv Azərbaycanda

Yaşamağa gəlmişik!

 

Cavanşir Yusiflinin tənqidlə bağlı məqaləsini oxuyanda bir alimin yanğılı-acılı hayqırtılarının şahidi oldum. Sözü, fikri demək istəyən, haqqı-ədaləti bərqərar etmək istəyən, lakin onu kimsənin ədavət şəklində qəbul etməməsi üçün çıxış yolu axtaran bir alimin səsini... Müəllifin səmimi şəkildə reallığı əks etdirməsi mənə ləzzət etdi: "Kimsə tənqid eşitmək istəmir, yaxud kimsə tənqidi dinləmək qədər səmimi ola bilmir..."

Cavanşir müəllim fikrini ehtiyatla söyləsə də, bir alim olaraq mövqeyindən də dönmür: "... başqa sözlə, nə qədər əli qələmli varsa, o qədər də "tənqid" var."

Onu da qeyd edək ki, Şərqin ən seçilmiş, hətta qızıl suya salınmış və Kəbə divarlarından asılan şeir nümunələri Ukaz bazarlarında səsləndirilərək müəyyən tənqidçilərin ələyindən keçmişdir. Ədəbiyyatı formalaşdıran, düzgün məcraya yönəldən tənqiddir. Ancaq nəzərə almaq lazımdır ki, tənqid müəyyən adab qaydalarına riayət üstündə qurulmalıdır.

Cavanşir müəllim, Füzulidən gətirdiyiniz misal / Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz/ ürəyimdən bir tikan çıxartdı.

Cavanşir Yusifli fikrini daha bir maraqlı məqamla davam etdirərək yazır: "...Cəmiyyət və onun həyatı ilə əlaqəsi olmayan ədəbi proses bir qayda olaraq dekorasiyalara qaçır, müxtəlif "izm"lərin arxasında gizlənir, bu gizlənpaç oyununda uduzan şübhəsiz ki, ədəbi mətnlər olur, bir də oxucu - müəllifin aldatdığı oxucu.

Cavanşir müəllim, bu "izm"ləri nə dedin!!! O da lazımdır, amma yerində və məqamında....

Mən "Ədəbi proses-2017"-dən yazmağı təsadüfən qərara almadım. Bəzən tənqid obyekti kimi ərsəyə gələn bir iş "bəy tərifi" ilə yola salınır. Əksinə, bəzən isə tərifəlayiq bir əsər tənqid obyekti olaraq kölgəsiz ağacın altında gömülür. Həyatdır da!

"Ədəbi proses-2017"də belə məqamların yer alması, artıq alimlərin mövcud elmi-ədəbi hərəkata öz münasibətini tutarlı şəkildə bildirməsi ilə nəticələnməyə başlayıb.

Müəllifin milli tənqidin vəziyyəti barədə söylədiyi fikirlər bu gün ədəbiyyatın meyarı kimi çıxış edən ədəbiyyatın vəziyyətini açıq-aydın göstərir: "... milli tənqiddə bədii əsərlərin ciddi araşdırılma ənənəsi itmək üzrədir. Səbəblərdən biri: tənqid təfəkkürü mutasiyaya uğrayıb, müstəqilliyini itirib, tənqid bazarlıq meydanına çevrilib."

Cavanşir müəllim, yeri gəlmişkən bir zarafat eləyim. Bəlkə tənqidin əsası Şərqdə  "Ukaz" bazarında qoyulduğundan tənqid bazarlıq meydanına çevrilib. Lakin o bazar elmə, bu bazar isə elmsizliyə xidmət edir.

Maral Yaqubovanın "Ədəbiyyat nəzəriyyəsinin səviyyəsinə ümumi baxış" adlı məqaləsinə biganə qala bilməzdim. Çünki mən özüm 47 ildən artıqdır ki, klassik Azərbaycan, ümumən Şərq nəzəriyyəsi ilə məşğulam. Müəllifin yazdıqlarını ümumən məqbul qəbul etsəm də, onun bir abzaslıq fikri ilə qətiyyən razılaşmıram: "Məlumdur ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi respublika miqyasında nəzəri fikrin akademik, eyni zamanda ədəbiyyat nəzəriyyəsi profilli yeganə elmi tədqiqat mərkəzidir. Ədəbiyyatın ümumi nəzəri məsələlərinin, klassik Azərbaycan və Şərq ədəbiyyatlarının nəzəri problemlərinin, bədii tərəqqinin inkişaf qanunauyğunluqlarının kompleks tədqiqi, ədəbi-bədii tənqidin metodlaşdırılmasının araşdırılması; Azərbaycan ədəbiyyatının tarixi poetikasının tədqiqi, bədii obrazlarının, janr və bədii ifadə vasitələrinin təkamülünün araşdırılması şöbənin tədqiqat istiqamətini təşkil edir. Lakin nədənsə, "Ədəbi proses-2017"də adıçəkilən məqalədə şöbənin qeyd olunmuş istiqamətləri tam şəkildə öz əksini tapmır. Bu, iradımın birincisi. İkinci iradım isə, klassik Azərbaycan və Şərq ədəbiyyatının ümumi nəzəri məsələlərinin öyrənilməsinin şöbənin adına bağlılığınadır. Məqalədə bu aspektdə heç bir tədqiqat işi öz əksini tapmır.

Əziz oxucular! Klassik ədəbiyyatın nəzəriyyəsini, yəni Şərq nəzəri sistemini yazmaq üçün öncə şərq dillərini, "Qurani-Kərim"i bilmək ən ümdə məsələlərdəndir. Şərq nəzəri sisteminin, bir sistem olaraq, Azərbaycanda heç kimin düşünə bilməyəcəyi qədər uzun tarixi bir yol keçdiyini və ilkin mənbələrin tərcümələri əsasında ərsəyə gəldiyini qeyd etmək istərdim. Ilk öncə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan "Elmlərin açarı" əsəri, sonra azərbaycanlı alim Məhəmməd Qəzvininin ona yazmış olduğu "Xülasə" əsəri və nəhayət, Sədəddin Təftəzaninin "Xülasə" əsərinə aydınlıq gətirən iki - "Mufəssəl" və "Muxtasar" əsərlərinin tərcüməsi ilə ərsəyə gəlib. Bu, işin birinci mərhələsi. İkinci mərhələdə isə, bədiiyyatın söz və məna gözəlliklərinin klassik ədəbiyyat üzərində araşdırılmasıdır. "Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı" kitabım, yəni 11 kitabdan ikincisi 15 illik əməyimin nəticəsi kimi işıq üzü görüb. Bir məqamı da qeyd etmək istərdim. Bizim Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi və nəşrində zamanın fövqündə duraraq çoxlu işlər görmüş alimlərimiz -  Həmid Araslı, Məmməd Arif, Mirzağa Quluzadə, Mir Cəlal Paşayev, Məmməd Cəfər, Əziz Mirəhmədov, Pənah Xəlilov kimi alimlərimiz var. Hələ mən Yaşar Qarayev, Bəkir Nəbiyev və İsa Həbibbəylini demirəm. Onda hər bir əsəri mahiyyət etibarı ilə bir şöbənin əməyinə bərabər tutulan bu alimləri necə dəyərləndirək?! 

Akademik İsa Həbibbəylinin "İcmal tənqidindən monoqrafik dərinliyə" ifadəsini "Ədəbi proses-2017"-ə şüar qəbul edərək, reallıq və həqiqətləri qorumaq lazımdır.

Bölgələrdə ədəbi həyat məsələsinə ədəbi prosesdə yer ayrılması, zənnimcə ən lazımlı məqamlardandır. Çünki, ümumi ədəbiyyatın formalaşmasında bu bölmənin xüsusi yeri var.

Professor Vüqar Əhmədin "Elm və bədii yaradıcılığın qovşağında" adlı məqaləsi də alimlərimizin elmlə yanaşı, bədii ədəbiyyatdakı potensialını göstərmək baxımından əhəmiyyətlidir. "Yaradıcılıq Birliyi"nə rəhbərlik edən Vüqar Əhməd məqaləsini maraqlı bir cümlə ilə bitirir: "Bizim ədəbiyyatşünas alimlərin nəsr əsərləri haqqında yekun olaraq deyə bilərik ki, bu povest və hekayələrin ideya-bədii dəyəri onlardakı istedad və səmimiyyətin gücündədir.

Mən də düşünürəm ki, filoloq bədii ədəbiyyatı, ədəbiyyat isə filoloqun təfəkkür tərzini tamamlayır. Bu anlamda elmi-ədəbi yaradıcılıq istiqaməti əməkdaşlarımızın bir-birinə yaxın olmasını, bir-birinin iç dünyasını tanıması baxımından ən gözəl vasitədir. 

 

Göründüyü kimi, "Ədəbi proses-2017"də müxtəlif janrların qısa, lakin dolğun mənzərəsi öz  real əksini tapıb. Bu anlamda janrların müəyyən qisminin həyatın nəbzindən geri qaldığı da söylənildi. Zamanla əsərlərinin oxucuları olduğumuz yazarlar və şairlər bu gün alim təhlilinin qənaətlərini yenidən nəzərdən keçirərək, əsərlərinə bir daha diqqət yetirməlidirlər. Bu anda Füzuli və Hüseyn Cavidin beytləri yadıma düşdü:

 

Mən kiməm? - Bir bikəsü biçarəvü bixaniman,

Taleim aşüftə, iqbalım nikun, bəxtim yaman.

 

...Qoymadı dövrani-çərx öz halimə xürrəm məni,

Şad ikən aləmdə çərx etdi əsiri-ğəm məni.

 

Füzuli

 

Və ya:   

 

Sormayın əsla, kimim bən? Ya nəyim?

Şimdi bən bir qayğısız divanəyim.

 

Cavid

 

Zamanın hər bir dövründə "dövrani-çərx"in özəllikləri nəzərə alınmalıdır.  Bu gün sürətli qatarın sərnişinləri olan gəncliyin ruhunu, zamanın nəbzini əldə əsas tutaraq əsərlər yazmaq mütləqdir.