Nizaməddin Mustafa - Daha "...bir nəzər" - Səhv nəzərləri sərf-nəzər etmə vaxtı

Mərsiyəçiliyin bütün digər amillərlə bir sırada həm də şeirimizin qədim ənənələrindən olması əhəmiyyətli faktor kimi xüsusi vurğulanmalıdır. İdeologiya və ictimai tələbat öz yerində, şeir tarixinin şərəfli keçmişi, məşhur sələflərlə səsləşmə zərurəti mahiyyətcə ənənəvi səciyyə daşıyan türk-İslam poeziyasında mərsiyə yaradıcılığını labüdlüyə çevirirdi. İndi, üstündən aşağı-yuxarı iki yüz il müddət keçdikdən sonra müəyyən etməyə çalışmaq ki, Mir Həmzə Seyid Nigari, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Xurşid Banu Natəvan, Mir Möhsün Nəvvab, Abdulla bəy Asi, Seyid Əzim, Sabir, Ağadadaş Sürəyya, Məşədi Əyyub Baki, Molla Hüseyn Dəxil... ta Əliağa Vahidə qədər onlarla şairimiz mərsiyələrini konkret olaraq hansı amilin təsirin altında yazıb- absurd olardı. Amma bu arasıkəsilməz prosesdə Nizamidən, Xaqanidən, Füzulidən gələn poetik ənənə faktorunun heç də sonuncu rolu oynamadığı şəksizdir. XX əsrin ilk yarısında Sabir, Əbdülxaliq Cənnəti, Məşədi Azər, Haşım bəy Saqib, Ə.Vahid kimi geniş erudisiyaya malik şairlərimiz yaradıcılıqlarının ilk dövrlərində olsa belə mərsiyə və növhəcata meyil göstərmişlərsə, bu, əlbət ki, həm də ənənələrə hörmət naminə olmuşdur.

 

Əvvəli ötən saylarımızda

Qumrini bütün həyatı boyu tərifləyəcəyinə vəd verməyə, Həssani-ərəb, Sipehri, Şüha kimi əfsanəvi şairlərlə qiyaslamağa Seyid Əzimi vadar edən yeganə səbəb onun Kərbəla şəhidlərinin vəsfində tutduğu ardıcıl mövqe, bu yoldan dönməzliyi ola bilərdi. Böyük sənətkar, bəlkə də bir şair kimi yox, bir seyid kimi cəddinin (seyidlər Həzrət Əlinin və Kərbəla çöllərində qanlarına qəltan edilmiş imamların nəvələri hesab olunur) mədhini həyat amalına çevirən Qumri qarşısında öz borcundan çıxır.    

Mərsiyə şeirlərinin yüksək populyarlıq tapmasını şərtləndirən başqa bir amil də  Kərbəla hadisələrinin ictimai yaddaş və şüurda tutduğu yerlə, İslam  tarixinin unudulmaz bir səhifəsini təşkil etməsi ilə bağlıdır. M.F.Köprülü XIII əsr ədəbiyyatından bəhs edərkən yazır: "İslam ideologiyasının bu əsrdəki bol məhsulları arasında "siyer" kitabları, Fatmaya, Həsən və Hüseynə, Kərbəla faciəsinə aid əsərləri, mövlud kitablarını saya bilərik". Həmin dövrlərdən, bəlkə bundan da əvvəllərdən etibarən Kərbəla faciəsi ictimai-kütləvi şüurda bütöv bir ideyalar məcmusunu- şəhadətin müqəddəsliyi, insanın öz əqidəsi, dini, imanı uğrunda ölümə getməsinin, ən pis şəraitdə belə ləyaqət və şərəfini qoruya bilməsinin mənəvi ucalıq mərtəbəsində qəbul olunması və s. rəmzləşdirmişdi. Bu hadisələrin şəhid personajları hər bir azərbaycanlı üçün müqəddəs şəxsiyyətlər sayılmaqla yanaşı, həm də dini-əxlaqi fəzilətlərin həmişəyaşar simvolu kimi düşüncə və duyğularda kök salmışdı. Ölümsüz Kərbəla qəhrəmanların başında İmam Hüseyn, onun qardaşları, oğulları, Əhli-beyt üzvləri, bu hadisələrin şahidi olmuş bacısı Zeynəb xanım dururdu. F.Köçərlinin təbirincə, "həqq yolunda və eşq aləmində nə qədər ağır cəfalara və böyük bəlalara giriftar" olmağın rəmzi sayılan İmam Hüseyn obrazı hələ Füzulinin "Hədiqətüs-süəda"sından (xüsusilə əsərin sonundakı "Mərsiyeyi-həzrəti-İmam Hüseyn əleyhissəlam" adlı ayrıca bölmədən) üzü bəri türk-İslam şeirinin tərənnüm obyektinə çevrilmiş, həqiqət və ədalət ideallarından dönməzlik təcəssümü kimi mənalandırılmışdı. Racinin İmam Hüseynin dilindən bacısı Zeynəbə etdiyi xitab üstündən əsrlər keçsə də poetik diskursun  dəyişmədiyini göstərirdi:

Bacı, əhdim budu, bu çöldə gərək qanə batam

Qanımı Əkbərimin qanına şövq ilə qatam.

Can verib təşnə, gərək isti qum üstündə yatam

Cismi-məcruhum ilə, sineyi-suzanım ilən.

Əhli-Kufə yetirər zülmünü itmamə, bacı,

Bədənimdə dəxi qoymazla qala camə, bacı.

Nizələrdə apararlar başımı Şamə, bacı,

Bədənim yerdə qalar peykəri-üryanım ilən.

 

Daha sonralar Əliağa Vahid də İmam Hüseyn fədakarlığını ilahi insan eşqinin ən böyük simvolları ilə qiyaslandırır və üstünlüyü ona verir:

Eşq mülkini Hüseyn tək kimsə abad etmədi,

Kimdi Mənsur, kimdi Məcnun,

                        böylə bir ad etmədi,

Üz verib yüz qəm ona, bir ləhzə fəryad etmədi,

Mərhəba, səd mərhəba, bu aşiqin sevdasına. 

Bu və bu kimi mərsiyələr Ömər Faiq Nemanzadənin  məhərrəm mərasimlərinin simvolikası haqqında dedikləri ilə səsləşir, bəzi hallarda onun qoyduğu aktual suallara cavab verirdi: "Lazım deyilmidir bilək ki, nə üçün bu riqqətəngiz, o ciyərsuz hal ilə şəhadətə, o dəhşətamiz surət ilə fədai-canə razı oldu? Şəksiz ki, qeyrət və həmiyyəti qəlbi ali hümmətinə sığmayan bu millət aşiqi şəhadəti-ölümü, xeyr, bu ölüm surətində əbədi varlığı, əsarət və həqarət ilə yaşamağa tərcih verdi. Şəksiz ki, təlüqatının, hümmətinin hüququnu mühafizə etmək, hürr və müstəqil yaşamaq, özgələrə boyun əyməmək ən birinci müqəddəs niyyəti idi. Şəksiz ki, niyyət buyurduğu kimi həyat olmadığı surətdə məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali-milliyyəsi yolunda qurban olmağı canına minnət bildi". Yeni, maarifpərvər ziyalılar nəslinin görkəmli nümayəndəsi Ömər Faiqin sözləri XIX əsrdə mərsiyəçiliyin poetik fikirdəki yerini mühafizə edərək, möhkəmləndirməsinin Kərbəla rəmzlərinin yaşarılığı ilə şərtləndiyinə daha bir sübutdur. Bunların bir-biri ilə əlaqəsi qırılmazdır: Kərbəla rəmzləri türk-İslam ədəbi fikrində kök salmış mərsiyəçilik ənənəsinin ideoloji mündəricəsini, mərsiyə şeiri isə müsəlman ideologiyasının ən mühüm mövcudluq formalarından birini təşkli edir.

Mərsiyəçiliyin bütün digər amillərlə bir sırada həm də şeirimizin qədim ənənələrindən olması əhəmiyyətli faktor kimi xüsusi vurğulanmalıdır. İdeologiya və ictimai tələbat öz yerində,  şeir tarixinin şərəfli keçmişi, məşhur sələflərlə səsləşmə zərurəti mahiyyətcə ənənəvi səciyyə daşıyan  türk-İslam poeziyasında mərsiyə yaradıcılığını labüdlüyə çevirirdi. İndi, üstündən aşağı-yuxarı iki yüz il müddət keçdikdən sonra müəyyən etməyə çalışmaq ki, Mir Həmzə Seyid Nigari, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Xurşid Banu Natəvan, Mir Möhsün Nəvvab, Abdulla bəy Asi, Seyid Əzim, Sabir, Ağadadaş Sürəyya, Məşədi Əyyub Baki, Molla Hüseyn Dəxil... ta Əliağa Vahidə qədər onlarla şairimiz mərsiyələrini konkret olaraq hansı amilin təsirin altında yazıb- absurd olardı. Amma bu arasıkəsilməz prosesdə Nizamidən, Xaqanidən, Füzulidən gələn poetik ənənə faktorunun heç də sonuncu rolu oynamadığı şəksizdir. XX əsrin ilk yarısında Sabir, Əbdülxaliq Cənnəti, Məşədi Azər, Haşım bəy Saqib, Ə.Vahid kimi geniş erudisiyaya malik şairlərimiz yaradıcılıqlarının ilk dövrlərində olsa belə mərsiyə və növhəcata meyil göstərmişlərsə, bu, əlbət ki, həm də ənənələrə hörmət naminə olmuşdur. Bu fikrə o fakt da haqq verir ki, ən müxtəlif dövrlərdə və bölgələrdə yaşamış, ən müxtəlif təmayüllü şairlərin qələmindən çıxan mərsiyələr heyrətamiz dərəcədə oxşar bədii-estetik cizgilərə, ümumi normativ poetikaya malikdir. Bu şeirlərin böyük  qisminin müraciət, mükalimə, bədii sual və nidalar tərzində yazılması  təsvir olunan hadisələrin dərin dramatizmini, fəciliyini adekvat ifadə etmək məqsədi daşımışdır. Aşağıda ədəbiyyat tariximizdə mühüm yer tutmalarına şəkk-şübhə olmayan bir neçə şairimizin Kərbəla müsibətinə həsr etdikləri parlaq mərsiyələrdən örnəklər veririk. Nəzər salaq və həm də bir məsələni özümüz üçün aydınlaşdıraq: hansı yaxşı idi- əza məclislərində böyük şairlərin bədii dəyər daşıyan belə əsərlərinin oxunması, kütləvi şeir zövqünün daha da zənginləşməsi, yoxsa analoqu olmayan nəhəng bir auditoriyanın bugünkü kimi istedadsız şairlərin ixtiyarına buraxılması?

Məhəmməd Füzulidən:

Tədbiri-qətli-Ali-Əba qıldun, ey fələk,

Fikri-qələt, xəyali-xəta qıldun, ey fələk.

Bərqi-səhabi-hadisədən tiğlər çəkub

Bir-bir həvaleyi-şühəda qıldun, ey fələk.

Abbasqulu ağa Bakıxanovdan:

Kərbəla, saxlagilən nəşi-Əliəkbərimi

Verirəm çünki əmanət sənə gülpeykərimi (...)

Necə bəs qaninə qəltan görüm qamətini

Görmədim hiclədə, səd heyf, qəmər tələtini,

Salmadım qaməti-rənasına toy xələtini

Aldılar çünki əlimdən bu vəfapərvərimi...

 

Qasım bəy Zakirdən:

Bu nə mahdır ki, həddən keçib iztirabi-Zeynəb

Fələk üzrə mehrü mahi eləyib kəbab Zeynəb.

Dedim əndəlibi-zarə ki, nə ah-zardır bu?

Dedi: -Bu fəğanə bais ələmi-cənab Zeynəb.

Gülü-sünbülü çəməndə bu gün əşkbar gördüm,

Buları edib pərişan yəqin inqilabi-Zeynəb (...)

Hamı dustunun günahın

                        sən özün bağışla, yarəb,

Bədəli-qəmini-gülsüm beruxi-pürab Zeynəb.

Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən,

Behəqi-fəğani-Zəhra, behəqi-əzabi-Zeynəb.

 

Xurşid Banu Natəvandan:

 

Söylə Hüseynə, ey səba,

            Kərbübəlayə gəlməsün,

Gəlsə, düşər bu dəştidə

            dərdü-bəlayə, gəlməsün.

Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,

Zülm ilə qanına batar türreyi-müşki-ənbəri

Bəlkə Firənkətək apar cümleyi-ali-heydəri

Zibhi-əzim üçün bu gün

            kuhi-Minayə gəlməsün.

 

Mirzə Ələkbər Sabirdən:

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə

Gördü zülfü tökülüb, çün şəbi-leyla üzünə.

Gəldi şurə, dedi: -Ey şəmi-şəbistanım oğul,

Yetmədin kami-muradə məhi-tabanım oğul,

Həşrədək dildə qalıb çıxmadı bu canım, oğul,

Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.

 

Əliağa Vahiddən:

Ver xəbər, badi-səba, Yəqubə, sonra Hacərə,

Ağlama İsmailə, ya Yusifü-mahpeykərə,

Ölmək üçün zinət eylər Leyli oğlu Əkbərə

Bir baxın eşqü-Hüseynə, Əkbərü Leylasına...

 

Nəhayət, türk-İslam ədəbiyyatında mərsiyə şeirinin yalnız Kərbəla müsibəti ilə, məhərrəmlik təziyələri ilə bağlı yazılmadığını və müstəsna olaraq dini səciyyə daşımadığını da unutmaq olmaz. Mərsiyələrin, belə demək mümkünsə, dünyəvi qolu müsəlman xalqlarının İslamaqədərki folklorundan, sinkretik xarakterli dəfn mərasimlərindən, ağıçılıq ənənələrindən gəlir. Tədqiqatçılar bu tipli mərsiyələrin qədim nümunələrinə Dəvdəkin təxminən VII əsrdə böyük alban hökmdarı və sərkərdəsi Cavanşir Mehraninin ölümünə yazdığı ağını (İ.Həbibbəylinin təbirincə, "qəsidə"ni), ərəb şairi əl-Xansının  qitələrini və s. misal gətirirlər. N.Gəncəvinin Xaqaninin ölümünə yanıqlı misralar həsr etdiyi məlumdur: "Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır". Abdulla Kabili (XVII əsr) tərəfindən tərtib edilmiş "Təzkirət-ət-təvarix"də (şərqşünas Əkrəm Bağırovun fikrincə, bu təzkirə Orta əsrlərin görkəmli tarixçisi Seyyid Raqeminin maddeyi-tarixlər toplusu olan "Tarixi-raqemi" kitabına əlavələr kimi qələmə alınmışdır) Xaqaninin şeyx Hafiz Əbu Əli əl-Ətar Həmədaniyə mərsiyəsindən altı beyti də daxil edilmişdir.

Osmanlı tarixinin bir çox faciəvi hadisələri də mərsiyələrdə əks olunub. XV əsrdə Cem sultanın qardaşı II Bəyazidlə hakimiyyət davası əsnasında  İstanbulda qalmış oğlu Oğuz cəlladlar əlində boğulub öldürülmüşdü. Bu xəbəri eşidincə dəhşətli sarsıntı keçirən sultan taleyindən sonsuz giley və şikayət ruhunda yazdığı 33 beytlik mərsiyəsində fələyə üsyan etmiş, qürbət ellərdə çəkdiyi zülmlərin ağrı-acısını dilə gətirmişdir: "İşidenden şah Oğuz xanın şəhid olduğunu Derd ile oldu Frengistanda Cem məcnun, felek. Canımı yakdınu yıkdun ömrümün divarını Bidi-eyvanun yıxılsın aşağa geçsin, felek". XVI əsrin tanınmış türk şairlərindən Taşlıcalı Yəhya bəyin şahzadə Mustafanın qətlinə yazdığı mərsiyə şairin öz iradəsinin əleyhinə olsa da (Rüstəm paşanın fitnəsi ilə oğlu Mustafaya qəsd etmiş Qanuni Süleymandan qorxduğu üçün Yəhya bəy, rəvayətə görə, mərsiyəsini divanına daxil etməmiş, özü öləndən sonra oxunacağı ümidi ilə gizlətmiş, lakin başqa bir şəxsin əlinə keçən şeir dildən-dilə düşmüşdür) xalq arasında məşhurlaşmış və bir çox nəzirələr üçün zəmin olmuşdur. Doğrudan da, böyük sədaqət və ürək yanğısı ilə, eyni zamanda üsyankar bir ruhda yazılmış çox səmimi bir şeirdir:

 

Medet, medet, bu cihanun yıkıldı bir yanı

Ecel celalileri aldı Mustafa hanı.

Vebalde koydular al ile Ali-Osmanı

Geçerler idi geçende o merdi meydanı

Felek o canibe döndürdü şahi-devranı

Yalançının kuru böhtanı, büğzi punhanı

Akıttı yaşımızı yakdı nari hicranı...

Əli Yavuz Akpınar Kazan-tatar ədəbiyyatı klassiklərindən Qabdrəhim Utız (Əbdürrəhim Otuz) İməninin 1789-cu ildə həyat yoldaşı Həmidə xanımın ölümünə yazdığı iki şeiri misal gətirərək, diqqəti bunların tatar şeirində sadə insana və qadına həsr olunmuş ilk mərsiyələr olduğuna yönəldir. R.Əskər türkmən şairi Miskin Qılıcın tarixi mövzuda "Batır Nəpəs" adlı mərsiyə-dastan yazdığını, N. Məmmədov isə M.F.Axundovun məşhur "Puşkinin ölümünə Şərq poeması"nın ənənəvi "müsibətnamə"lərə (dünyəvi mövzulu mərsiyələrə-N.M.) yaxın bir əsər olduğunu vurğulamışdır. Ə.H.Tanpınar Ə.Hamidin doğulduğu illərdə, yəni, XIX əsrin 50-ci illərində "...mərsiyənin tarixi mənzumələrdən sonra yavaş-yavaş ön plana keçdiyini" qeyd edir. Göründüyü kimi, mərsiyə bu əsrin sonlarına qədər bütövlükdə türk-İslam poeziyasının işlək tematik şəkillərindən biri kimi dəqiq və aydın şəkildə izlənilir.

 

davamı gələn sayımızda

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!