Xanım Zairova - Azərbaycan və Qərb ədəbi əlaqələrinin izi ilə

 

Ədəbi əlaqələr müxtəlif millətlər arasında çoxcəhətli mədəni əlaqələrin meydana gəlməsinə, milli və bəşəri dəyərlərin qovuşaraq daha geniş məzmun kəsb etməsinə şərait yaradan mühüm sahələrdən biridir. Bu baxımdan, Azərbaycanın müxtəlif xalqlarla ədəbi əlaqələri ədəbiyyatlarımızın qarşılıqlı şəkildə inkişafına geniş zəmin yaratmışıdr. O cümlədən, Azərbaycanın Avropa mədəniyyətinə inteqrasiyası milli-mənəvi dəyərlərimizin  daha da zənginləşməsinə, bədii ədəbiyyatın geniş yaradıcılıq imkanları qazanmasına yardım etmişdir. Bu səbəbdən də ədəbiyyatların qarşılıqlı əlaqələr zəminində inkişafının tədqiqi ədəbiyyatşünaslığın qarşısındakı  aktual məsələlərindən biridir.

"Hər bir xalqın ədəbiyyatı milli zəmində artıb inkişaf edir, müəyyən ölkənin, müəyyən xalqın daxili qanunauyğunluğu və tarixi həyatı ilə şərtlənir, öz orijinal bədii ənənələrini davam etdirir. Hər bir milli ədəbiyyat təcrid olunmuş şəkildə deyil, digər ədəbiyyatlarla yaradıcı əlaqədə və qarşılıqlı hərəkətdə inkişaf edir, onlarla zənginləşir. Həmin milli ədəbiyyatların başqa ədəbiyyatlarla həqiqi qarşılıqlı əlaqələrini araşdırmadan onun dəyərli keyfiyyətlərini, milli xüsusiyyətlərini tam və dərindən dərk etmək mümkün deyil" (Lomidze Q.M. Puti razvitiə sovetskoy mnoqonaüionalğnoy literaturı. Moskva, 1967, 114).

Məruzəmizdə ədəbi əlaqələr bir neçə istiqamətdən nəzərdən keçirilmişdir:

1. Bədii tərcümə (xarici dillərdən Azərbaycan dilinə və Azərbaycan dilindən  xarici dillərə)

2. Dissertasiya və elmi məqalələr

3. Beynəlxalq konfranslar, simpoziumlar.

4. Elmi müəssisələr, Birliklər arasında əlaqələr, müqavilələr, birgə layihələr

5. Yazıçı və şairlərlə, ədəbiyyatçılarla, səfirlərlə gorüşlər

Müxtəlif xalqların ədəbiyyatlarının qarşılıqlı təsirinin öyrənilməsində, ədəbi əlaqələrin beynəlxalq ünsiyyət formasına çevrilməsində bədii tərcümənin mühüm rolu var. Tərcümə ədəbi əlaqələr sisteminin tarixi keyfiyyətlərini bilavasitə ehtiva edir. Bədii tərcümə müxtəlif millətlərin ədəbiyyatlarının qarşılıqlı öyrənilməsində  və ədəbi əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.

Dilimizə çevrilən əsərlər içərisində epik növün janrları çoxluq təşkil edir. Tərcümələrin bir qismi müxtəlif qəzet, jurnal və toplularda oxuculara təqdim olunmuşdur. Azərbaycan dilinə tərcümə edilən əsərləri belə təsnif etmək olar:

a) Bədii tərcümələr (nəsr və poeziya nümunələri)

b) Nobel mükafatçıları haqqında yazılar

c) Dünya yazıçılarının ədəb-nəzəri görüşlərini ifadə edən məqalələri

d) Dahilərin məktubları

e) Dünya ədəbiyyatı haqqında ədəbi mozaika

Bədii  tərcümə nümunələrinə bu sahədə xüsusi çəkiyə malik olanARNK yanında Tərcümə Mərkəzinin nəşrlərində, habelə  Mərkəzin "Xəzər" jurnalında, "Aydınyol" qəzetində, Azərbaycan Yazıçılar Birliyinin nəşrləri olan  "Azərbaycan", "Ulduz", "Dünya ədəbiyyatı" jurnallarında və "Ədəbiyyat qəzeti"nin səhifələrində təsadüf olunur. Həmçinin, edebiyyatqazeti.az, aydinyol.az, literaz.com, sim-sim.az, avanqard.net, manera.az, kult.az, kulis.az, axar.az saytlarında da Qərb ədəbiyyatı nümayəndələrinin bədii əsərlərindən tərcümələrə və bədii tərcümə məsələlərinə dair yazılarına yer ayrılmışdır.

ARNK yanında Tərcümə Mərkəzinin nəşr etdiyi kitab və topluları, xüsusilə də mərkəzin "Azərbaycan ədəbiyyatı antologiyası"nı, Azərbaycan ədəbiyyatı nümunələrini müxtəlif dillərə tərcümə etməsi və dünyaya təqdim etməsi, dünya ədəbiyyatının nümunələrini ölkəmizdə işıqlandırması, Yazıçılar Birliyinin Dünya Ədəbiyyatı seriyasından olan nəşrləri və topluları, "Parlaq imzalar" və "Qanun" nəşriyyatının nəşrləri də xüsusi vurğulanmalıdır.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti də diqqətələyiqdir.  2017-ci ildə Mərkəzin "Dünya ədəbiyyatı" jurnalının birinci sayı İngiltərə, ikinci sayı isə Moldova ədəbiyyatına həsr edilmişdir. Hər iki nömrədə bu ölkələri təmsil edən ədiblərin olduqca maraqlı əsərləri yer almışdır.

İngiltərə ədəbiyyatına həsr edilmiş dərgidə poeziya, proza və dramaturgiya nümunələrinin tərcümələri ilə yanaşı, ingilis ədibi, Nobel mükafatçısı Tomas Sternz Eliotun ədəbi yaradıcılıq barədə yazıları və Nobel nitqi də yer almışdır. Bundan əlavə, bu ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində İngiltərənin görkəmli yazıçısı Culian Barnsın "Aqibət duyğusu" romanı (tərc. S.Hüseynli) nəşr edilmişdir.

Moldova ədəbiyyatına həsr edilmiş dərgidə yer alan "Azərbaycan-Moldova ədəbi əlaqələrində yeni səhifə" başlıqlı material ölkələrimiz arasındakı bugunki ədəbi əməkdaşlıq əlaqələrinə həsr edilmişdir. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Moldovanın görkəmli şairi Arkadie Suçevyanunun "Qağayı ilə göndərilən məktub" bilinqva (ikidilli) şeirlər toplusu (tərc. S. Babullaoğlu və Qismət) və tanınmış yazıçı İqor Volnitskinin "Mənə ölməyi öyrət" (tərc.A. Yaşar) romanı nəşr edilmişdir. Həmçinin, Moldovada Azərbaycan nəsri antologiyası çapa hazırlanır. Kitaba akademik İsa Həbibbəyli "Ön söz" yazmışdır.

Eyni zamanda qeyd olunmalıdır ki, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində "Nabokovun mühazirələri" və "Ədəbiyyatsız dünya" (tərc. Qismət) nəşr edilmişdir. 2017-ci ildə "ATV kitab" layihəsi çərçivəsində kitabların çap olunmasında Bədii Tərcümə vəƏdəbi Əlaqələr Mərkəzi yaxından iştirak etmişdir.

2. Dissertasiyalar və elmi məqalələr

2017-ci ildə Azərbaycan-Qərb ədəbi əlaqələri həm də dissertasiya və elmi məqalələr səviyyəsində də tədqiq olunmuşdur. Sədaqət Səlimova "Fransiz dilçiliyi tarixində türkologiya məsələlərinin tədqiqi", Gülnarə Əliyeva "F.M.Dostoyevski və H.Cavid yaradıcılığında humanizm problemi", Ləman Pənahova "XX əsr Böyük Britaniya postkolonial ədəbiyyatında multikulturalizm", Aqşin Əliyev "Valter Skott və XX əsrin I yarısı Azərbaycan tarixi romanı", Röya Mürşüdova "Çağdaş Azərbaycan və alman ədəbiyyatında roman janri (1980-2005-ci illər)", Aliyə Əhmədova "Toni Morrisonun poetikasi", Gilə Hüseynli  "Çağdaş Amerika bədii ədəbiyyatında postmodernizmin inikas xüsusiyyətləri (Don Delillo və Pol Oster yaradıcılığı əsasında)", Günel Cənnətova "Ingilisdilli yəhudi ədəbiyyati II Dünya müharibəsindən sonraki Amerika ədəbiyyati kontekstində", Natiq Adilov "İngilis-amerikan ədəbiyyatinda Hun mövzusu" filologiya üzrə fəlsəfə doktorluğu; Sevinc Rzayeva "Reseptiv estetika və XX əsr almandilli ədəbiyyat", Həmidə Əliyeva "Qərbi Avropa ədəbiyyatında yaxın Şərq mövzusu (Epik poeziya materialları əsasında)" Leyla İmaməliyeva "Rus və Azərbaycan ədəbiyyatlarında hekayə janrının tipologiyası (XIX əsrin sonu - XX əsrin əvvəlləri)" filolgiya üzrə elmlər doktorluğu üzrə dissertasiya yazmışlar.

Azərbaycan-Qərb ədəbi əlaqələrinin inkişafında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun da xidmətləri çox olmuşdur. Ədəbiyyat İnstitutunun "Ədəbi əlaqələr", "Ədəbiyyat məcmuəsi", "Poetika.izm" toplularında Qərb ədəbiyyatına, ədəbiyyatşünaslıq məsələlərinə həsr olunmuş elmi məqalələr dərc olunmuşdur. 

3. Beynəlxalq konfranslar,

simpoziumlar.

Beynəlxalq filoloji konfrans və simpoziumların da ədəbi əlaqələrin inkişafında xüsusi rolu var. Bu baxımdan Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2017-cı ildə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə (Türkiyə, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Özbəkistan, Macarıstan, Bosniya, Hersoqovina, Belçika, Çin, İran, İordaniya, Pakistan, Gürcüstan) keçirilən beynəlxalq ədəbiyyatşünaslıq konfranslarında və simpoziumlarında, beynəlxalq sərgilərdə iştirakı vurğulanmalıdır. 2017-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən bir sıra beynəlxalq elmi konfranslar -"Məhdimqulu Fəraqi  - dostluq və qardaşlıq nəğməkarı", Özbəkistanın xalq şairi Camal Kamalın anadan olmasının 80 illiyi münasibətilə "Camal Kamal və Azərbaycan Ədəbiyyatı", Azərbaycan şairi  və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan "Ey Nəsimi, cahanı tutdu sözün...", "Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri" - xüsusi əhəmiyyət  kəsb edir.

4. Elmi müəssisələr,

birliklər arasında əlaqələr,

müqavilələr, birgə layihələr

Hazırda elmi müəssisələr arasında bağlanmış bir sıra müqavilələr, memorandumlar, protokollar da  ədəbi əlaqələrin inkişafına təkan verir. Belə  ki, "Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri" adlı konfrans zamanı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi arasında qarşılıqlı anlaşma haqqında üçtərəfli memorandum (8 dekabr 2017) imzalanmışdır. Digər müqavilə isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) arasında əməkdaşlıq müqaviləsidir (27 aprel  2017). Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Qeyd olunan sənədlərdə ədəbi əlaqələrin inkişafına xidmət edən, bədii ədəbiyyatın tərcüməsi və təbliği istiqamətində layihələrin reallaşdırılmasına dair müddəalar da öz əksini tapmışdır.

5. Yazıçı və şairlərlə,

ədəbiyyatçılarla, səfirlərlə gorüşlər

Müxtəlif xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirlik nümayəndələri, şair və yazıçılarla görüşlər ədəbi əlaqələrin  inkişafında mühüm rol oynayır. 2017-ci ildə Ədəbiyyat İnstitutunda Kolumbiya yazıçısı, professor, Q.Q.Markes yaradıcılığının tədqiqatçısı Conrado Zuluaga, iranlı yazıçı Mustafa Məstur və İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi ilə, ARNK yanında Tərcümə Mərkəzində Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo və konsulu xanım Kelly Chaib De Mares, Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Eduardo Cavallero, Çex Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini cənab Petr Vaqner, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət müşaviri cənab Yohan Şitterer, Ukrayna  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Oleksandr Mişenko, Kuba Respublikasının  Azərbaycandakı səfiri cənab Alfredo Nieves Portuondo, Rumıniya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku və xanımı Mihaela İanku, Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenye, İspaniya Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab İqnasio Sançes Taboada, Almaniyanın Vürtsburq Universitetinin professor Ziqlinde Hartman ilə görüşlər keçirilmiş, ölkələrimiz arasında ədəbi və mədəni əlaqələrdən, qarşılıqlı dostluq münasibətlərindən bəhs edilmiş, ədəbiyyatşünaslıq və bədii tərcümə məsələləri, qeyd olunan ölkələrin ədəbiyyatlarının Azərbaycan dilinə  tərcüməsi və nəşri, habelə Azərbaycan ədəbiyyatı nümunələrinin bu ölkələrdə nəşri, Beynəlxalq kitab sərgilərində təqdimatı, kitabların  xarici  ölkələrin aparıcı kitabxanalarına yerləşdirilməsi kimi məsələlər müzakirə edilmiş, belə görüşlərin gələcəkdə ölkələrimiz arasında ədəbi əlaqələrin daha da genişlənib mökəmlənməsinə  təkan verəcəyi vurğulanmışdır.

2017-ci ildə Azərbaycan-Qərb ədəbi əlaqələri daha da inkişaf etmiş, bədii tərcümə vasitəsilə Qərb ədəbiyyat nümunələri Azərbaycan oxucusuna, habelə, Azərbaycan ədəbiyyatı nümunələri xarici ölkələrin oxucularına təqdim edilmiş, elmi tədqiqat işləri yazılmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!