Cavanşir Yusifli - İlin ədəbi tənqidi: Zaman kontekstində baxış

 

Cavanşir Yusifli

 

İlin ədəbi tənqidi: Zaman kontekstində baxış

 

Qəribədir, həmişə tənqid haqqında danışanda, bir ilin, yaxud illərin yekunlarından bəhs edəndə belə, sözə birbaşa başlamaq çətin olur, gərək əvvəlcə tənqid haqqında düşüncələrini verəsən, "eşitdirəsən", daha sonra konkret nümunələri analiz etməyə başlayasan. Bunun niyə belə olması üzərində çox dayanmadan diqqəti sənətin mahiyyətinə hopan psixoloji problemə yönəltmək istərdim. Kimsə tənqid eşitmək istəmir, yaxud kimsə tənqidi dinləmək qədər səmimi ola bilmir, hamıya elə gəlir ki, bu anlayışı heç kəs onun qədər düzgün anlamır, başqa sözlə, nə qədər əli qələmli varsa, o qədər də "tənqid" var.

Yəni bizim üçün cari ədəbi prosesə tənqid gözüylə baxmaq çətindir. Keçən ilin sonunda "Ədəbiyyat qəzeti"nin layihəsi çərçivəsində çağdaş ədəbi tənqidin problemlərindən danışmaq üçün yığışdıq.  (Mən və-!) moderator tərəfindən nə qədər cəhdlər olsa da, kimsə məhz bu problemə girişmədi, hamı tənqidin yaxın və uzaq keçmişindən nələrsə dedi və beləcə mövzu qapandı. Hamı özünü tənqidin tarixindən danışanda rahat hiss edir, nəinki çağdaş durumundan. Bu, Füzulinin "miqdar" məsələsidirmi? (Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz...) Başqa sözlə, ədəbi proses necədirsə, tənqid də elə o cürdür. Cəmiyyət və onun həyatı ilə əlaqəsi olmayan ədəbi proses bir qayda olaraq dekorasiyalara qaçır, müxtəlif "izm"lərin arxasında gizlənir, bu gizlənpaç oyununda uduzan şübhəsiz ki, ədəbi mətnlər olur, bir də oxucu - müəllifin aldatdığı oxucu.

Eyni hadisə zaman-zaman ədəbi prosesdə də baş verir. Məsələn, poeziyada. 

Epik təhkiyədən fərqli olaraq (hekayə, roman) lirikada gerçəklikdən elə məqamlar seçilib təsvir sferasına qatılır ki, bunların sayəsində lirik qəhrəmanın əhvalı və nəzər nöqtəsi olaraq anidən, həm də tapılmış bir nəsnə kimi göstərilir.

Lirik əsəri diqqətlə oxuduqda orada ölçü və fəlsəfi məna baxımından üst-üstə düşməyən iki hissəni ayırd etməli oluruq:  təcrübi və ümumiləşdirici. Təcrübi (empirik) hissə həcmlidir, bizə təklif və təlqin edilən məkanın böyük bir hissəsini zəbt edir, ümumiləşdirici hissə isə yuxarıda qeyd etdiyimiz kimi, qəfildən, bir an içində meydana gəlir və empirikanın kənara atılmasıyla nəticələnir. Şeirin sonunda elə bil ki, bütün qənaətlər bir nöqtəyə düyümlənir, lirik qəhrəman bir baxışla hər şeyi - mətn boyunca "emal edilən" təcrübəni mənaya çevirir. Bu hardasa balet estetikasındakı "puante" deyilən hadisəyə bənzəyir (balerinanın baş barmağı üstündə durması).  Hər iki hal bizim ədəbi prosesdə müşahidə edilir və daha çox birincisi, yəni təcrübənin mənaya çevrilməməsi, yaxud təcrübənin yerli-dibli olmaması. Ədəbi tənqidsə bu hadisəyə "heç nə olmayıbmış kimi" baxır, differensiasiya aparmır, hadisəni qiymətləndirmir, onun içində itib-batır.  Ədəbiyyatda yeni şey dirilik deməkdir, yüz ilin yuxusundan ayılmaq, yeni, həm də gerçəkliyə qarşı olan mənalara qoşulmaq, onlarla nəfəs almaqdır. Nəticədə nə alınır? Zəif bir şeir üstündə dünyanın az qala bütün filoloji təcrübəsi "sınaqdan keçirilir", şair və onun mətni haqqında isti sözlər deyilir və yalançı tənqidlə yalançı ədəbiyyatın bu görüşü qəzet və jurnal səhifələrindən daşdanır. Nəsr tənqidində vəziyyət bundan da kədərlidir. Mətn təhlil edilmir, sitatlar, təhlil etməyə borclu olduğu mətndən qaçış və sair... Qəzetlərdə "Tənqid və mətn" rubrikası altında gedən yazıların demək olar hamısı bu şəkildədir. Tənqidçi "şirəli" sözləri bir kənara qoyub mətni təlil etmək, onun dərinliklərini kəşf etmək istəmir, daha doğrusu bunu bacarmır.

Bu məruzədə biz ənənəvi icmal janrının tələblərindən müəyyən dərəcədə yan keçməyə çalışdıq, yəni yekunlarla bağlı faktlara önəm verməkdənsə, fikrimizcə, ədəbi tənqiddə müşahidə etdiyimiz problemlərdən danışmaq daha sərfəli və faydalı olardı. Əvvəlcə ilin tənqid mənzərəsini əks etdirən bütün nəşrləri, qəzet və jurnalları bir yerə cəmlədik, bir kiçik təpə yarandı, düşündük ki, o təpəni vurub aşırmaq lazımdır ki, bəlkə arasından məziyyət və qüsurları bir cərgədə sıralaya bilən ideyalar doğdu...

Yazıçı Elçin Əfəndiyev də təqribən bu məsələni son yazısında ("Söz azadlığı tənqidimizə nə verdi?") duymuş və onu belə ifadə etmişdi: "...Tənqidimizin ümumi mənzərəsində, təəssüf ki, həmin aşağı hədd özünü açıq-aşkar göstərməkdədir və bunun bir səbəbi, əlbəttə, odur ki, "aşağı hədd" tənqidi olduğu kimi, "aşağı hədd" ədəbiyyatı da mövcuddur  və bu ədəbiyyat ədəbi prosesdə öz səviyyəsindən yuxarı qalxa bilməyən təhlilini və təqdimini tapır, o biri tərəfdən isə "yüksək həddə" malik tənqid həmin ədəbiyyat haqqında nəzəri-estetik meyarlara söykənən kəskin sözünü demir. Bir az da aydın söyləsək, tənqidimizin ümumi mənzərəsini bədii-estetik baxımdan bəsit və sönük ədəbiyyatın nəzəri-estetik baxımdan eyni səviyyəli təqdimatı, ciddi (professional) tənqidin isə susması yaradır, halbuki ciddi tənqid yalnız yüksək səviyyəli ədəbiyyat haqqında yazmaqla kifayətlənə bilməz, çünki onun ictimai fikirdəki missiyası səviyyəsiz əsərlər haqqında kəsərli sözünü tələb edir. Zəif yazılarla, bəsit və sönük maklatura ilə inzibati mücadilə mümkün deyil, heç kimi məhkəməyə vermək olmaz ki, niyə zəif yazılar yazırsan - zəif əsərlərin qarşısına dediyim həmin missiyanı boynuna götürmüş tənqid çıxmalıdır."

Dəqiqləşdirək: Elçin müəllimin dediyi "aşağı hədd" epizod deyil artıq, normadır və tənqiddən  də qabaq ədəbiyyatda. Sovet dönəmində boz ədəbiyyatın "öz markası" vardı, dərhal bilinirdi, bir zəif əsər haqqında (deyək ki, Cəlal Bərgüşadın "Boz atın belində" romanı haqqında) neçə-neçə tənqidçi yazırdı, bu əsər haqqında bu qədər danışılmağa layiq olmasa belə. İndi isə elə həmin tənqid şərait yaradır, "Boz atın belində"dən də aşağı hədd mətnləri təriflənsin. Demək, məsələ, geniş anlamda ədəbiyyat və tənqid məsələsi deyil,məsələnin kökü başqa yerdədir. Yuxarıdakı sitatda Elçin müəllim deyir ki, "Bir az da aydın söyləsək, tənqidimizin ümumi mənzərəsini bədii-estetik baxımdan bəsit və sönük ədəbiyyatın nəzəri-estetik baxımdan eyni səviyyəli təqdimatı, ciddi (professional) tənqidin isə susması yaradır, halbuki ciddi tənqid yalnız yüksək səviyyəli ədəbiyyat haqqında yazmaqla kifayətlənə bilməz, çünki onun ictimai fikirdəki missiyası səviyyəsiz əsərlər haqqında kəsərli sözünü tələb edir." Fikrimizcə, məsələ deyildiyinin əksinədir: ciddi (professional) sayılan (məhz sayılan-!) tənqid zəif əsərləri tərifləməklə məşğuldur, bunu görən, bununla razılaşmayan, ona qarşı çıxan tənqidinsə nəzəri-estetik baxımdan kasadlığı başqa bir problemdir. Nəzəri-estetik baza zəif olanda isə, əlinə qamçı götürməlisən. Onların öz adları da yaranıb: facebook tənqidçiləri. Bildi-bilmədi, hər şey haqqında fikir irad edən, mühakimə yürüdən, təhdid və şantaj edən tənqidçilər. Yəni tənqid indi mahiyyətdən qaçmaq üçün çox danışmaq sənətinə çevrilib.

 

Ədəbi prosesdə tənqidi fikir və təfəkkür təkcə tənqidçilər tərəfindən yaranmır, bütün dünya ədəbiyyatının təcrübəsi də sübut edir ki, bu prosesdə yazıçılar, şair və dramaturqlar da (hətta esseistlər belə!) iştirak edir.   Bəzi tənqidçilər obyektiv korrelyat anlayışını personaj və ya şairin, yaxud onların hər ikisinin emosiyasını ifadə edən obraz və ya obrazlar sırası kimi təqdim edirlər. Məsələn, "Prufrok" şeirində "həyatımı kofe qaşığıyla ölçdüm" obrazı Prufrok və Eliota xas olan fanilik, boşluq hissini ifadə edir.

Bu mənada müşahidələrimizə görə xalq yazıçısı Anarın "525-ci" qəzet və "Ədəbiyyat qəzeti"ndə dərc edilən yazıları ədəbi prosesdə çözülməsi vacib olan, yeni ideyaların yaranmasına təkan ola biləcək məqamları tutan  yazılarını qeyd etmək istərdim. Onun "Şairliyindən böyük şair" yazısı keçən il vəfat edən Yevtuşenkoya həsr edilsə də, başqa mətləblərə də yön verməsi ilə seçilir. Yazıçı qeyd edir ki, "Sovet dönəmində heç bir ədəbi nəsil ictimai-siyasi şüura  altmışıncılar qədər  təsir etməyib. Buna görə də Yevtuşenkonun "Rusiyada şair olmaq şairlikdən böyükdür" fikrinə əsaslanaraq,  onu bir az da genişləndirərək və dəqiqləşdirərək deyə bilərəm ki, keçmiş Sovet İttifaqında şair, yazıçı olmaq şairlikdən, yazıçılıqdan daha böyük vəzifə idi. Əlbəttə, altmışıncı illərdə ədəbiyyata  gəlmiş yaradıcı insanların arasında retroqradlar, mühafizəkarlar, geriçilər də az deyildi, amma ədəbiyyat tarixində termin kimi "altmışıncılar" ifadəsini məhz  bu nəslin mütərəqqi, irəliçi, açıq fikirli yaradıcılarına  aid  edirlər. Bu baxımdan altmışıncıların cəmiyyətin ictimai-siyasi şüuruna təsirini hətta siyasi xadimlərin özləri də etiraf edirlər." Və mətləb əlbəttə ki, tam olaraq heç altımışıncılarla da əlaqəli deyil. Bu bir ədəbi düsturdur: şair o zaman şairliyindən böyük olur ki, dərin və təsirli, sxematiklikdən və qafiyəpərdazlıqdan uzaq ritmi və fikirləriylə sosiuma, onun qəliz və ziddiyyətli həyatına müdaxilə etsin, sözünü desin. Ənənəvi janrlarda - qoşma, gəraylı biçimində yaxşı şeirlərə qulaq asıb zövq alırıq, ancaq elə bu şəkillərdə ictimai məzmunu dərin olan şeirlər dünya, həyat  və gerçəklik haqqında bildiklərimizin sınırlarını genişləndirir.

...2017-ci ildə geniş anlamda götürdüyümüz tənqidin klassikaya  münasibətindən bir-iki söz demək lüzumu yaranır. Klassiklər-Səməd Vurğun, S.Rüstəm, R.Rza haqqında nə qədər ittihamçı, əsassız, fakta və əxlaqa söykənməyən yazılar çap edilsə də, hərdən ağıllı, bütün bu hərc-mərcliyi aradan qaldırmaq gücündə olan yazılar da meydana çıxır. Adını çəkdiyimiz "Ədəbiyyat qəzeti"ndə bu kimi nadir nümunələrə rast gələ bilərik. Məsələn, diqqət edin: "...Universitet illərində akademik Fuad Qasımzadə bir xatirə danışmışdı. Səməd Vurğunun vəfat xəbəri "Kommunist" qəzetinin birinci səhifəsində şairin böyük  fotosu və nekroloqla birgə çap edilmişdi. Qəzetin arxa səhifəsində isə diqqəti cəlb etməyən kiçik bir xəbər vardı: "Mir Cəfər Bağırov haqda ölüm hökmü icra edildi". Bəli, tarix Səməd Vurğunun ölümü ilə hər şeyi yoluna qoyurdu, xalqın böyük şairi baş məqalə, qəddar tiran isə barmaq boyda xəbərlə tarixə vida edirdi. Lakin tarixin bu ironiyasını anlamayan məhdud təfəkkürlü insanlar hələ də yaşayır. Əslinə baxsan, elə bolşevizm də budur, stalinizm də budur, maosizm də budur. Bu cür məhdud düşüncəli insanlar sayəsində stalinizm mövcud ola bilmişdi". Şair özü yazırdı ki:

 

Çarxını vurduqca dövranın əli,

Bəzən ağlar olur, bəzən gülməli,

İnsanın ən böyük eşqi, əməli

Bəzən aslan kimi çırpınır darda,

Bəzən də qərq olur fırtınalarda...

 

Tənqidlə bağlı başqa bir qabarıq problemi nəzərə çaprdırmaq istədik, yeri gəlmişkən deyək, bu problem ədəbiyyatşünaslıq və nəzəri fikrə də güclü şəkildə nüfuz edib. Araşdırmalarda problem və ya mətləblə bağlı digər tədqiqatçılara yalnız sitat səviyyəsində müraciət. 

Ədəbi tənqidin bədii mətnlərə münasibətində başqa bir problem dəxli olmayan təfsirçilik və şərhçilikdir. Bir qayda olaraq bizim ədəbi prosesdə bu tipli yazılara "esse" yarlığı yapışdırılır, halbuki esse dünya ədəbiyyatında ən ciddi janrlardan biri hesab edilir. Müasir dünyanın ən tanınmış fikir adamlarından, poetik simalarından biri Adonisin fikrincə, "Bildiyim şeylər haqqında düşünürəm, bildiyim şeylərdən yazıram. İrs olaraq qəbul etdiyimiz düşüncə və metod nəzəriyyəsinin mahiyyəti məncə budur. Hər hansı ərəb onun üçün özlüyündə aydın olamayan şeylər haqqında deyil, əksinə aydın olan nəsnələr haqqında düşünür. O, əvvəlcədən yazılan şeylər haqqında düşünür. Ancaq biz artıq bildiyimiz şeylər haqqında düşünəndə və yazanda, doğrudan-doğruya düşünmürük və yazmırıq. "  Bəli, məsələ budur: əvvəlcədən məlum olan şeylərdən danışmaq düşünməmək və yazmamaqdır. Bu baxımdan Rahid Uluselin Vaqif Bayatlı Odər haqqında qələmə aldığı məqaləyə diqqət yetirək. "Bayatlı Odər dünyadan yalnız özünəxas bir poeziya ərsəyə gətirdiyi üçündür ki, bu poeziyanın hər bir həssas insanda özünəxas bir dünya yaratmaq potensialı da var. Əzəl dünya şair dünyasında yenidən yaranıb, onu oxuyanın dünyasında təzədən cücərdikdən sonra özünə baxarkən, yəqin, düşünür və öz sahmanına bir daha əl gəzdirir, - şairlə, onu oxuyanlarla birgə... Vaqif, poeziyasında, poeziya dilində, düşüncəsində sənə o qədər doğmadır ki, sanki səninlə bir dam altında böyüyüb, sənin yatdığın beşikdə yürünüb, səninlə bir ananın döşündən süd əmib." Belə. Alim deyir ki, şair özünəxas, orijinal bir poeziya yaratdığı üçün bu poeziya hər bir həssas insanda da bir ayrıca dünya yarada bilir. İlkin dünya buna tamaşa edib öz sahmanına əl gəzdirir. Fikrimizcə, çox əcaib fikirdir. Buna qalsaydı, Höte, Hölderlin, Adonis, Çeslav Miloş... kimi şairlərin inşa etdiyi dünya çoxdan qələbə çalmışdı. Ədəbiyyatın bu tipli lokal qələbələrlə heç bir əlaqəsi yoxdu. Rahid Uluselin məqaləsində bizi təmin etməyən, zahirən parlaq, xoşagələn təsiri bağışlasa da, burada əslində prosesin ziyanına olan, müasir tənqid prosesinin qüsurlarını səciyyələndirən cəhətlər var. Adonisin fikrincə, "Poeziyada əvvəl və son yoxdur. Poeziyada sərhəd yoxdur. Buna görə də bizim vəzifəmiz onun üfüqləri haqqında düşünməkdən ibarət deyildir. Onu öyrənməli, yaxud əzbərləməli deyilik, onunla bərabər getməliyik. Onu sətirbəsətir oxumağa ehtiyac yoxdu, onu elə oxumaq lazımdır ki, sanki açıq məkana tamaşa edirsən." Başqa sözlə desək, Rahid müəllimin dediyi kimi, poeziyanın məqsədində dünyaya paralellik yoxdur, ona qarşı durma var, sualdan sual çıxarmaq, bunu sonsuza qədər davam etdirmək var. Ən ümdəsi isə, bədii mətn, xüsusən şeir mətni dünyanı izah etmir, şərh vermir, onu tamamlayır, gerçəkliyə nüfuz edib onun içində ona qarşı duran struktur yaradır. 

Esse janrı. Yuxarıda qeyd elədik ki, bu janrdaqələmə alınan yazıların böyük əksəriyyəti həsbi-haldan o yana getmir. İstisnalar da var. Hətta bir kitablıq. Rüstəm Kamalın "Güzgü günü" esselər toplusu. Bu topluda Rüstəmin Müşfiq, Əli Kərim, Mirzə İbrahimov, Zəlimxan Yaqub, Yusif Vəzir, Mirzə Cəlil, Vaqif Səmədoölu, Mir Möhsün Nəvvab, Kafka, Nizami Cəfərov, Asəf Zeynallı, Məmməd Araz... haqqında esseləri mükəmməl tənqid nümunələri kimi də götürülə bilər. Müəllif haqqında danışdığı insan (sənətkar) və əşyanı bir-iki nöqtədən elə bil (və qəsdən-!) tələsik görüntüləyib onların həyat və yaradfıcılıqlarını elə bir məqama bağlayır ki, həcmcə kiçik mətndə müəlliflə forma, insanla taleyi arasındakı sirli münasibət və bağlar mətnə çevrilir. Yəni sənətkarın ömür, həyat, tale mətniylə onun yaratdığı mətnlər arasında metafizik bağ hardadır? Əli Kərim haqqında essesindən: "...Vaxtilə E.Benvenistdə "Ümumi dilçilik" oxumuşdum ki, ərəb dilində 3-cü şəxs əvəzliyi "olmayan, yox olan" mənasında müəyyən edilir. "O" həm də artıq ölümün adıdır. (L.Tolstoyun "İvan İliçin ölümü" povestində "ölüm, ağrı" sözləri, "Hərb və sülh"də Andrey Balkonskinin yuxusunda "ölüm" üçüncü şəxsdə verilir). Əli Kərimin məkan mifologiyası üçün "uzaq" ayrıca dəyərə, mənaya malikdir. "Uzaq" - qürbətin, qəribliyin, qeyb aləminin adıdır. Taleyin mistik işarəsidir. Bir şeirində "Qəribsədim uzaqlarda deyir". Bu kiçik esselər sənət adamının tale, ömür süjetinin onun özcə mətnlərinin içindən keçirməyin gözəl nümunələridir.

2017-ci ədəbi ilində müxtəlif qəzet, jurnal və saytlarda təşkil edilən yeni kitabların müzakirələri, rəngarəng layihələr də diqqəti cəlb edir. AYB-nin orqanları - "Azərbaycan", "Ulduz" jurnalları və "Ədəbiyyat qəzetində" yer alan ədəbi-tənqidi yazılar, xüsusilə müzakirə məqsədi ilə təqdim edilən layihələr fikimizcə, ədəbi prosesin canlanması üçün stimul yaradır. "Ədəbiyyat qəzeti"ndə "Bir şeir, iki rakurs", "Hekayə diskurs kimi" layihələri, vaxtaşırı olaraq dünya ədəbiyyatı ilə oçerklərin və tənqidi yazıların, habelə, hər il "Ədəbi ilin yekunları"nın çapı, "Azərbaycan" və "Ulduz" jurnallarında gənc müəlliflərlə əlaqədar təhlil yazılarının verilməsi diqqətəlayiqdir. Bu sıraya "sim-sim.az", "artkaspi" və "kulis.az" ədəbiyyat portalalrının fəaliyyətini də daxil edirik. "Sim-sim.az" portalında şair Qismətlə dünya və Azərbaycan ədəbiyyatı, habelə, filoloji fikrinin nümayəndələri haqqında video söhbətlərin təşkili, "kulis"də "Azərbaycan ədəbiyyatının dünəni", "artkaspi" portalında təşkil edilən müsahibələr və sair layihələr müasir dövrü, onun poetik təcrübəsini tam anlamağa yardımçı olur. Facebook sosial şəbəkəsində ayrı-ayrı tənqidçi və ədəbiyyat adamlarının fəaliyyəti fikrimizcə diqqətəlayiqdir. İndi bunu deməyimiz sizə qəribə gələ bilər, ancaq zamanın axışı lakonik, yığcam formaların yaranmasına doğrudur və gec-tez burada çox müsbət dəyişikliklərin meydana gəlməsinin şahidi olacağıq. Nəyə görə? Sosial şəbəkədə uzun-uzadı yazılarla sözün yaxşı mənasında effekt yaratmaq , diqqəti bu və ya digər ədəbi problemə yönləndirmək mümkünsüzdür. Bu şəbəkənin bir üstün cəhəti də onun ictimai fikirlə əlaqəli olması, ona təsir və müdaxilə etmək niyyətli olmasındadır. Bu sosial şəbəkədə hələ ki, dedi-qodu və anormal yanaşmalar üstünlük təşkil edir, çox zaman ədəbi həyatdakı açıq qalmaqallar da buraya "copy-paste" üsulu ilə transfer edilir. Ancaq perspektiv elədir ki, bu şəbəkə hamıya açıqdır, normal və şəffaf münasibətlər kontekstində tənqidin "fb. janrı" kağız, monoqrafiya, sicilləmə məqalə janrını üstələyəcəkdir.

Sonda bəzi ümumiləşdirmələr aparmaq qalır.

Beləliklə, 1) milli tənqiddə bədii əsərlərinin ciddi araşdırılma ənənəsi itmək üzrədir. Səbəblərdən biri:  tənqid təfəkkürü mutasiyaya uğrayıb, müstəqilliyini itirib, tənqid bazarlıq meydanına çevrilib. Tənqidə bu qədər ehtiyac olduğu bir zamanda onun belə deyək, naxələfliyi dəhşətli proqnozlar doğurur. Əvvəllər bir əsəri tənqid edən adam ikinci təsadüfdə onu tərifləməyə ən azı utanardı, indi utanmaq nədir, bu işi bir neçə dəfə, təkrar-təkrar (buna karusel üsulu deyilir), usanmadan görən adamlar var. 2) Tənqid forma və janr spesifikası etibarı ilə da kasıblaşıb. Resenziya janrı əsərin təsvirinə çevrilib. Hətta kitab-resenziyalar var. Ədəbiyyatşünaslıq əsərlərinin bir qismi bu gündədir. Tənqiddə publisistik ton ola bilər və vacibdir, ancaq başdan-ayağa publisistləşməsi artıq qorxulu tendensiyadır. 3) Tənqid münasibətdir, çox ciddi münasibətdir, onun ilkin funksiyası əsərə valeh olmamaqdır, onun ritmi və intonasiyasını nəqarata çevirməməkdir. Ancaq bizim tənqiddə, tutaq ki, poeziyadan yazanda "Roma Papasından daha artıq dindar olmaq" tendensiyası özünü göstərir.

Nəhayət, belə bir qüsurlu tendensiyanı da xatırladım: süni texnarlığa qaçmaq. Bu konteklstdə Marsel Prustla əlaqəli Lidiya Ginzburqun bir mülahizəsiylə fikrimi tamamlamaq istərdim: "... Prust o novatorlar cərgəsinə aiddir ki, onlar ayrı-ayrı elementləri icad etmək eşqinə düşmürlər, əksinə elementləri başqa, tam fərqli şəkildə "danışmağa" məcbur edirlər".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!