Daha "...bir nəzər". Səhv nəzərləri sərf-nəzər etmə vaxtı - Nizaməddin Mustafa

 

Şeirin və şairin sosial statusu

Əvvəli burada

Osmanlı ədəbiyyatında ilk maddeyi-tarixlərə hələ XIII əsrdən təsadüf edilsə də, mütəxəssislərin yazdığına görə, bunun bir yaradıcılıq sahəsi kimi etiraf olunması İstanbulun fəthindən sonra baş vermişdir. Belə ki, ilk İstanbul şəhrəmini olmuş Xızır bəyin ilkin cəhdləri ilə divan ədəbiyyatında bir sənət növü kimi işlənməyə başlayan tarixnamələr XV əsrdə Əhməd Paşanın yaradıcılığında dolğunlaşmış, yüz il sonra isə artıq ədəbi ənənə halını almışdır.  Füzuli, Mühibbi, Səlimi, Bağdadlı Ruhi, Sabit, Nabi, Osmanzadə Taib, Nazim kimi tanınmış sənətkarlar tarixnamələr yazmışsa da, bu sənət "qızıl dövrü"nə XVIII əsrdə çatmış, Nədim (56 tarix), Fitnat xanım (51 tarix), Sünbülzadə Vəhbi (33 tarix), Əndərunlu Fazil (32 tarix), Raşid, Seyyid Vəhbi, Əsədzadə Faiz, Hasib, Sami, Növrəsi, Qədim, Küçükçələbizadə Asim, Həşmət (hərəyə 18 tarix) və başqa şairlərin əsərləri ilə böyük inkişaf tapmışdır. Bir təriqət şairi olduğu halda, Şeyx Qalib belə 68 maddeyi-tarix söyləmişdir. Lakin "tarix düşürmə" sənətinin ən böyük ustadı, heç şübhəsiz, qaynaqlarda "müvərrix" deyə xatırlanan Adanalı Seyid Osman Süruridir. Onun 2 minə yaxın tarix mənzuməsinin müəllifi olduğu söylənilir.

Bir qədər kəskin səslənsə də, XIX əsr Osmanlı şeirində dominant mövqeyə məhz tarix(namə)lərin çıxdığını söyləmək olar. Qısa və nisbətən irihəcmli (qiteyi-kəbir) qitələr şəklində yazılan tarixnamələr Azərbaycan şeirindən fərqli olaraq burada sayca bütün başqa şəkillərdə yazılan şeirlərin cəmindən artıqdır. O vaxtacan qələmə alınmış tarixnamələrin də ümumi sayı XIX əsrdə yazılanlarla müqayisəyə gəlmir.  Yeni tikililərdən (saray, qəsr, məscid, məktəb-mədrəsə, təkkə, çarşı-bazar, hamam, emalatxana, bağça, çeşmə, türbə və s.)  tutmuş təntənəli mərasimlərə (cülus, bayramlar, şahzadələrin doğum və sünnətləri, sultanların toyları), dövlət məqamlarına təyinatlara, hərbi səfər və qələbələrə, sülh anlaşmalarına, səfirlərə verilən ziyafətlərə qədər maraq doğura biləcək irili-xırdalı bütün hadisələr tarixləşdirilir. Padşahlarla bağlı tarixlər xüsusi məcmuələrdə (məs., Faiz və Şakirin tərtib etdikləri "Məcmueyi-təvarix") toplanır. Keçəçizadə İzzət Mollanın tarixləri kəmiyyəti və mövzuları nöqteyi-nəzərindən bu mənzumələr arasında xüsusi yer tutur. Başda Sultan II Mahmudun həyatı ilə əlaqədar hadisələr, onun tikdirdiyi memarlıq əsərləri, müxtəlif binalar, divanxana, hovuz, anbar, tərsanə, səmaxana, mehtərxanalar, saldırdığı bənd və qəbiristanlıqlar, çəkdirdiyi yollar, çeşmələr olmaqla yaşadığı dövrün siyasi və sosial hadisələrinə, önəmli şəxslərin təyinat, doğum və ölümlərinə, İrandan səfir gəlməsi, vəqfiyyə, ev almaq, saqqal buraxmaq, quyruqlu ulduzun görünməsi, intihar hadisələri, 1821-1822-ci illərin vəba epidemiyası və b. mövzularda tarixnamələr yazmış İzzət Mollanın bu qəbildən ümumilikdə 358 şeiri vardır. O, demək olar ki, bu tipli mənzumələrin mövzu diapazonunu tam əhatə edib. Amma bir məsələ də nəzərə alınmalıdır ki, tarixnamə mövzuları eynən digər ədəbi mövzular kimi, tarixən şairlərin əqidə və dünyagörüşündən, poetik-üslubi mənsubiyyətindən asılı olaraq dəyişkən bir palitra təşkil edir. Nədimin tarixnamələrini təhlil edən araşdırmaçılar bu şeirlərin 63%-nin sosial tikililərlə bağlı olduğunu yazırlar. Şeyx Qalibdə isə bu göstərici 32%-dir. O, dünyəvi məsələlərdən daha çox axirət məsələləri ilə maraqlandığı üçün, tarixlərinin çoxunu nüfuzlu şəxslərin ölümünə həsr edib. Nədim isə bu mövzuya Qalib qədər önəm verməyib. Nədimin mövzularından biri də  gəmi inşasıdır, Qalib bu mövzuya yerli-dibli toxunmayıb və s. Nəzəri xüsusi cəlb edən cəhət isə bu dövrdə tarixnamələrin məzmun-mündəricə etibarilə türk-İslam şeirinin bir sıra ənənəvi forma və növlərini əvəzləməsidir. İzzət Molla sürgündə ikən şahzadə Əbdülməcidin doğumu və bəzi başqa vəsilələrlə yazdığı tarixi mənzumələrində qürbətdəki sıxıntılarını, padşaha sədaqətini bildirməklə yanaşı, üzrxahlıq edir, mərhəmət diləyir, səsini İstanbula çatdırmağa çalışır. Yaxud sevimli həmkarı və həmsöhbəti Halət Əfəndinin faciəli ölümünə mərsiyə yazmasa da, 5 beytlik tarix qitəsi ilə güclü bir mərsiyə effekti yarada bilir. Həmin praktikanın Azərbaycan şeirində də tətbiq olunduğunu Həsən Qarabağinin Natəvan, Mirzə Sadıq Piran və Məhəmmədəli bəy Məxfinin, Şirvan şairlərindən Ağaəli Nasehin isə Seyid Əzimin vəfatına maddeyi-tarixlər yazmaları sübut edir (N.Qarayev, Ə. Cəfərzadə).

Amma əlbəttə ki, Osmanlı şeirində tarixnamələrin əvəzlədiyi və özündə ehtiva etdirdiyi ən mühüm tematik şeir növü mədhiyyədir. İzahat və ekskurslarımız bir qədər uzun alınsa da (amma faydasız və yersiz saymırıq), nəhayət, mətləbin üzərinə qayıdırıq. Söz budur ki, XIX əsr Osmanlı şairləri, guya rəsmən mədhiyyə yazmamış kimi görünsələr də, bu, aldadıcıdır. Onlar əslində, söylədikləri tarxinamələrin böyük qismi ilə sultanı və nüfuzlu əyan-əşrəfi dolayı üsulla mədh etmişlər. Misal kimi 1827-ci ildə Türkiyənin ilk müasir təhsil ocaqlarından olan "Məktəbi-Tibbiyyə"nin yaradılması haqqında İzzət Mollanın tarixnaməsinə diqqət yetirək. Sonradan oğlu Fuad paşanı da oxudacağı bu məktəbi təhsil və mədəniyyətdə yenilik kimi qiymətləndiriən şairin əsas tərif obyekti, sözsüz ki, Sultan II Mahmuddur:

 

Tifli-məktəbvəş qalur yanında Harunür-Rəşid

Bəhs açılsa məbhəsü-izan Xan Mahmuddan.

Çıxmadı bir şey ki, andan olmaya dünyaya xeyr

Çox təfəccül eylədüm divan Xan Mahmuddan.

Dür gibi əz-cümlə bu dari-hünər Tophanədə

Oldı peyda Qülzümi-ehsan Xan Mahmuddan.

Cündünə təlimi-cəng ətfalına təlimi-elm

Olmada əltafi bipayan Xan Mahmuddan.

İzzəta, ustadi hər fəndür nola bu nəzm ilə

Afərin məchul idərsəm şan Xan Mahmuddan.

Cövhəri-elmin açıldı kanı bu tarixdə

Dərsi gəl al məktəbi-irfan Xan Mahmuddan.

 

Hər şeyi bir tərəfə buraxıb, təkcə şeirin rədifini nəzərə almaq belə bu şeiri  mədhiyyə hesab etmək üçün yetərlidir. İzzət Molla Sultan II Mahmudun islahatlarını dəstəkləməklə qalmır, ustalığını həm də bunun üçün kamil bədii vəsilələr və ifadə vasitələri tapmaqda  nümayiş etdirir. Sultanın sərəskərlərə mənzil vermək üçün köhnə bir sarayı təmir etdirməsinə yazılan tarixnamə, əslində, cəmiyyət miqyasında aparılan köklü dəyişiklikləri əks etdirən bədii sənəd kimi qiymətləndirilə bilər:

 

Oldı məmurəsi sultani-cihanın dünya

İtdi sanman yalınız əski sarayı ihya

Gül gibi tazələnüp döləti-Ali-Osman

Buldı bu gülşəni-köhnə yenidən nəşvü-nüma...

 

Şair həm tarixi faktı təsbit edir, dəqiq bilgi verir, həm də hadisənin ictimai mahiyyətini açmaqla islahat müəllifi olan sultanın tarixi xidmətlərini göstərir.                                                                                                             

 

Şeirin və şairin sosial statusu-3: Azərbaycan, XIX əsr

 

Bəs bu dövrdə Azərbaycan ictimai fikrində şeirin və şairin yeri, cəmiyyətdə şeirə-sənətə hakim baxış, ayrı-ayrı zümrələrinin şair əməyinə verdiyi qiymət necədir? Bu suala cavab vermək üçün hökmən nəzərə almalıyıq ki, ölkəmiz də içində olmaqla, türk-İslam dünyasının sonradan sovet quruluşunda yaşamış böyük bir hissəsinin çar Rusiyası tərəfindən ilhaq və işğal edildiyi, hakim görüş və dəyərlərin diametral dəyişdiyi, ənənəvi sosial institutların alt-üst olduğu bir dövrdən danışırıq. Əlbəttə ki, bütün bunlar klassik mədəniyyət (o cümlədən, ədəbiyyat və şeir) təsisatlarının yeniləşməsini tələb edən ciddi sosio-kultural faktorlardır və küll halında bir ədəbi anlayış kimi "zəmanə" kateqoriyasında cəmlənə bilir.  Kompleks səciyyəli "zəmanə" məfhumunu  XIX əsrə aid bütün ünsürləri ilə birgə tam halda əhatə etmək burada, imkan xaricində olsa da, bir xətti izləməyə böyük lüzum var ki, bu da şeirin və şairin yeni statusunu müəyyən etməkdən, sənətin stimullaşdırılması, maddi və mənəvi dəstəklənməsi məsələsini aydınlaşdırmaqdan ibarətdir. Türk-İslam şeiri üçün ənənəvi xüsusatların bir çoxunun artıq sıradan çıxdığını nəzərdə saxlasaq, bu şeirin yaşama və yuxarıda da qeyd olunduğu kimi, süqut yox, inkişaf etmə səbəblərini anlamaq həm ümumi mədəni konteksti, həm də ədəbiyyat tarixinin ayrı-ayrı təzahür faktlarını adekvat  qiymətləndirmək baxımından vacib məsələdir. Digər tərəfdən qaynaqlar məhduddur, bir çox hallarda əlçatan deyil, olanlar da yaxşı öyrənilməyib, yaxud tendensioz xarakterlidir. Məsələn, Ə.B.Haqverdiyev o zaman Azərbaycan ədəbiyyatı nə vəziyyətdə idi? - sualını belə cavablandırır: "İranın lirik şairləri Sədi və Hafizin təsiri altında inkişaf edən poeziya qəzəllərdən, varlı şəxslərə həsr edilən mədhiyyələrdən ibarət idi. Müftəxor şairlər varlıların ətrafında fır-fır fırlanırdılar".

Doğrudanmı bu zənginlikdə poeziya müftəxor şairlər tərəfindən yaradılmışdır və belə bir şey, ümumiyyətlə, mümkündürmü? Sual, əslində ritorikdir. Zənnimizcə, araşdırılan ədəbi dövrün ən parlaq əksini bədii mətnlərin özündə axtarmaq daha səmərəli üsuldur. Müşahidələr göstərir ki, S.Ə.Şirvaninin əsərləri bizi maraqlandıran məsələlərə həqiqətən ayna tutan ən dəyərli mənbələrdəndir.  Zəmanənin "məliküş-şüəra"sı, "səramədi-dövran"ı kimi tək yaşadığı Şirvan regionunda deyil, ətraf bölgələrdə də yaxşı tanınan və sayılan (bu isə əlavə üstünlüklər verməmiş deyildi) Seyid Əzimin mənzum məktublarının (bunların sayı 100-dən artıqdır) təsvir və təhlili, bu təkamül mərhələsində də türk-İslam mədəniyyətinin hərəkətverici qüvvəsi olaraq qalan şeirin sosial funksional spesifikasını üzə çıxarmağa geniş imkanlar açır. Ondan başlayaq ki, böyük şair "Miskin dünyadan şikayət" adlı qəsidəsində:

 

Cahan mülkündə zər müşkülgüşadır

Nə mətləb istəsən ondan rəvadır.

Əgər bir kəsdə olsa mali-dünya

Təmamən xalq onuylə aşinadır.

Gədani zər qılır aləmdə sultan

Əgər sultan ola bizər, gədadır.

Bu söz şərən əgər küfr olmasaydı

Deyərdim filhəqiqət zər xudadır...

 

- sözləri ilə təkcə zəmanəsindən gileylənmir, şikayətnamə yazmır, əslində daha çox XIX əsr Azərbaycan mühitinin panoramını verir. Söz və zər, sənət və sərvət, maddi və mənəvi zənginlik motivləri türk-İslam şeirində, hətta bir qədər də geniş götürsək, bütövlükdə Şərq poeziyasında polyar qütblər kimi daim qarşı-qarşıya gətirilmiş, şairlər söz adamı olaraq, dünya malına etinasızlıq təbliğ etmiş, sözü maddi aləmin yox, ruhi, mənəvi aləmin predmeti sanmışlar. Şeir maddi aləmdən neçə qat yüksəkdə dayanan bir gerçəkliyin substansiyası kimi anlaşılmışdır. Seyid Əzim "Məhəmmədtağı Qümriyə cavab" qəsidəsində şair həmkarının bir fikrini ("Bizə bu misrəi axırda, ey Qümri, demişdin kim, "Qoyun, canım, məni Dərbənddə şüğlüm kəsbü-kar olsun") məhz həmin kontekstdə cavablandırmış, yazmışdı:

 

Səni əvvəldə şüğlündən edən təbi-qəsirindir

Dəxi bundan sonra şüğlün həmişə kəsbü-kar olsun.

Yəqin kəsb əhlisən, canım-gözüm, əl çəkmə şüğlündən

Gərək kəsb əhli şairlik büsatından kənar olsun.

Yaraşmaz şair olmaq, filhəqiqət, əhli-bazarə

Gərək tacirlər içrə şəxs sahib-etibar olsun.

Bu şairlikdən əl çək, çəkmə əl öz kəsbü karından

Nə layiqdir bu silkin əhli hər bir nabəkar olsun...

 

Lap axırda, məqtə beytində isə Seyid Əzim özünə (və şairlik büsatını kəsbkarlıqdan, söz adamı olmağı bazar adamı olmaqdan üstün tutan digər həmkarlarına) müraciətlə demişdi ki: Həmişə taciri-eşq ol, səfa mülkündə sövda qıl /Əlində nəqdi-can mayə, xəridin zülfi-yar olsun... Seyid Əzim şairləri "eşq taciri", onların sərmayəsini "nəqdi-can", mətahlarını "zülfi-yar" adlandırır, yəni, onun nəzərincə, maddi alverlə məşğul olmaq  şairə yaraşan iş  deyil, onun ticarəti mücərrəd anlayışlar, "xəridi" (xırıd etdiyi məhsul) isə qeyri-maddi söz və obrazlarladır. Nəzərə alaq ki, bu düşüncə tərzi dünyanı başına götürmüş kapitalist münasibətlərinin Azərbaycana yenicə ayaq açdığı dövrün (əlavə edək ki, "vəhşi kapitalizm" dövrünün) hakim baxışları ilə daban-dabana ziddir. Buna rəğmən, şair dediklərinin "boş söz" olmasını ağlına belə gətirmir, onun səmimi fikri budur ki, sidq-ürəkdən bağlandığı şeir doğrudan da müqəddəs və mövcudluğunu maddiyatın fövqündə sürən bir məşğuliyyət növüdür. Başqa sözlə, zər - özgələri üçün bəlkə də gədanı sultan etmək qüdrətinə malikdir, lakin bunun şairlərə aidiyyəti yoxdur, onlar üçün gəda elə gəda, sultan isə sultandır. Açıq-aşkar görsənir ki, "zər-söz" qarşıdurması, bu ümumbəşəri universal problem Seyid Əzimin yaradıcılığında konkret və real mahiyyət daşıyır, hətta şəxsi cizgilər alır:

 

Gərək bu fəsldə evlərdə yansın şəmi-Novruzi

Gərək hər çarşənbə süfrələrdə xüşkbar olsun.

Uşaqlar şövq ilə bayramə geysin rəxti-əlvanlar

Bəzənsinlər çiçək tək cümlə, rəşki-laləzar olsun.

Nə gördü xüşkbarı Aişəm, nə şəmi-Novruzi

Nə həm bir rəxti-əlvan kim, bəzənsin, aşikar olsun. 

Əgər bundan ziyadə şərh qılsam hali-zarımdan

Budur xövfim ki, mirati-zəmir içrə qübar olsun...

 

"Hacı Mehdiquluya" yazdığı məsnəvidə Novruz sıxıntılarını bir qədər də açıq və yerli-yataqlı ifadə edir:

 

Bu gecə cümlə xəlq olur xürrəm

Bu rəvadırmı mən tutam matəm?

Ola hər xanə şəm ilə rövşən

Eyləyim zülmət içrə mən məskən?

Şəm yox, nöqlü xuşkəbarım yox

Nisyə almağa etibarım yox.

Şairəm, şerdir mənim karım

Dürri-şer ilə dolmuş anbarım.

Şerə baqqal xuşkəbər verməz,

Şer bir nəxldir, səmər verməz.

 

"Hacı Ağabəy oğlu Əliyə" yazdığı qitədən, habelə bir çox başqa mənzumələrindən aydın olur ki, bu sıxıntı yalnız Novruz tədarükü ilə bağlı deyil, şair xroniki ehtiyac içindədir: Ey dəftəri-izzü çah, bir dəftər olur Yazsam ki, əgər filan-filanım yoxdur...

Ardı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!