Hekayə diskurs kimi: TUT BUDAĞI, ƏRİK BUDAĞI VƏ SARI BÜLBÜL - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Elçin mənə ədəbiyyatın yolunu tanıdan və sevdirən imza olub. Ona görə yaradıcılığının bütün tərəfləri haqda söz deməkdə çətinlik çəkməmişəm. Çünki Elçin qələmindən çıxan mətnləri yalnız sənət faktı olaraq deyil, həm də milli məfkurə və amal adına yazılan əsərlər kimi qəbul edib onlara güvənmişəm. Mənə görə ədəbi dövriyyəyə qatılan istənilən mətnin yaşama haqqı yalnız elmi-nəzəri, bədii-estetik məziyyətlərinin sanbalı ilə ölçülməməlidir, onlar həm də bədii-estetik dəyər və sərvət olmalıdır, milli yaddaşa, ictimai əxlaqa, sosial tərəqqiyə xidmətin miqyası ilə tutum qazanmalıdır. Elçində bu meyar həmişə qorunub, şaxələnən yaradıcılığında müstəqil dövlət təfəkkürü və istiqlal təlimi ilə bağlı mətnlərlə, bütün zamanların millət, din, şəxsiyyət və milli "mən" anlayışına, bədii-estetik ideallarına xidmət edən əsərlərlə zamanı və yaddaşı ifadə edib, onu tarixi və estetik özünüdərkin faktına çevirə bilib. 

***

Ötən məqalələrimin birində yazmışdım, oxuduğum vaxtdan təsirindən ayrılmadığım hekayə "Baladadaşın ilk məhəbbəti" olmuşdu deyə. Əslində bura Elçinin əksər hekayələrinin adını yaza bilərəm. Hələ tələbəlik illərindən sevdiyim bir hekayə vardı: "Bozluq içində iki nəfər". Bu hekayənin içimdə dərin şırım açan ağrısının təsiri ilə magistr mövzumu Elçinin hekayələrindən götürmüşdüm. "Nərdivanın birinci pilləsi"ndən başlayaraq bütün sevdiyim hekayələrin təhlilini aparmışdım elmi işimdə. Unudulmaz Yaşar Qarayev diplom müdafiəsində mövzumla bağlı alovlu çıxışımı dinləyib sənədlərimi aspiranturaya təqdim etməyi ərz etmişdi o andaca. Sonrası da məlum... Bəzən bir təəssürat insan həyatında həlledici məqama çevrilir. "Bozluq içində iki nəfər" -  bu hekayədən başlanan yolçuluq bu günə qədər uzandı, onun müəllifi ilə eyni zamanın və ictimai-siyasi, ədəbi-tarixi proseslərin canlı iştirakçısına çevrilmək taleyini yaşadım. Həm də yeni əsərlərlə dolğunlaşan bir tərcümeyi-hala şahidlik edərək, bu əsərləri ilk çap məqamında mütaliə etməyin şansını qazanaraq, zövqünü yaşayaraq... 

***

"Hekayə diskurs kimi" layihəsi ilə əlaqədar Elçinin müasir dövr hekayələrindən hansını təhlilə cəlb etməyimlə bağlı tərəddüd keçirmədim. Hərçənd seçim etmək çətin idi, çünki yaradıcılığının sovet epoxasına düşdüyü illərdə olduğu kimi müstəqillik dönəmində də milli arsenalımızı zənginləndirən bir-birindən fərqli və rəngarəng hekayələrin müəllifi Elçin olmuşdur. Sadəcə mənim son oxuduqlarım arasında cazibəsindən, estetik aurasından qopmadığım bir mətn vardı artıq: "Tut Budağı, Ərik Budağı və Sarı Bülbül"... 

***

Elçinin janr etibarilə nağıl kimi təqdim etdiyi "Tut Budağı, Ərik Budağı və Sarı Bülbül" mətnini oxuyandan sonra içimdən keçirdiyim ilk fikir bu oldu: "Nağıl niyə? Bu ki, gözəl bir eşq hekayətidir"... Hekayənin təəssüratı o qədər dərinlərə işləmişdi ki, mətndəki epiqrafı belə unutdurmuşdu mənə. Sən demə müəllif  nahaq yerə mətnə Şekspirin "Romeo və Cülyetta"sından Knyazın bu fikrini epiqraf seçməyibmiş: "... yoxdu dünyada bundan da qəmli dastan".

Hekayədəki qısa məzmun və süjetin əsasında gözəl bir Eşq məqamı dayanır. Elçin bu məsum mövzunu orijinal bədii texnika ilə, alleqoriyanın mətnaltı deyimi ilə ifadə edir. Dərindəki mətləb, sevgi hisslərinin gizli anlamı məhz alleqoriyanın dili ilə təcəssüm tapır. Sevginin hakim kəsildiyi ruhun çarpışmalarını, həsrət və gözəllik duyğusunu açmaq üçün müəllif maraqlı bədii priyom-üslub kimi məhz alleqoriyadan ustalıqla yararlanır.

Günü-gündən ucuzlaşan, dəyərini itirən bu dünyada sevgi mövzusuna müraciətin özü artıq fərqli yanaşma, həssas mənalandırma tələb edir. Gərəkdir ki, daha fərqli düşüncə sferalarına gedib çıxasan. Bu duyğu Elçinin "Tut Budağı, Ərik Budağı və Sarı Bülbül"  hekayəsində ağaclar üzərində köçürülməklə orijinal bədii interpretasiyada təqdim olunmuşdur.

İki ayrı ağac budaqları sevgi adlı qatda kəsişirlər, onların duyğusu səssiz hisslərin inikasından yaranan təəssüratlar fonunda verilir. Hekayədə iki ağac, iki budaq və bir Sarı Bülbül iştirak edir. Tut budağı sevgi ilə doludur. Tumurcuqlamağa başladığı vaxtdan ətrafa sevgi dolu nəzərlərlə baxır, içi işıqla, fərəhlə aşıb-daşır. Bunun səbəbi o biri budaqlara məlum olmasa da Ana Tut Ağacına bəllidir: "Onların başa düşmədiyini Ana Tut Ağacı yaxşı bilirdi: bəli, eyni günəş idi, eyni ay, ulduz idi, Ana Tut Ağacının torpağın dərinlərindən sovurduğu eyni su idi ki, budaqlarına paylayırdı, eyni hava idi ki, nəfəs alırdılar, ancaq bütün bunlarla bərabər, bir səbəb də var idi ki, o səbəb təzə Tut Budağına daha artıq istək, həvəs gətirir, daha artıq qüvvə verirdi və o istəyin, həvəsin, o qüvvənin adı - sevinc idi.

O Tut Budağı bu dünyaya göz açdığı andan sevinirdi: sevinirdi ki, günəşin belə istisi var, sevinirdi ki, gecələrin bu cür Ayı, ulduzları var, bütün ətrafda qış yuxusundan oyanmış ağaclar da onun çox xoşuna gəlirdi və sevinirdi ki, o ağaclar da tumurcuqlayır, yarpaq açır, qol-budaq atır, sevinirdi ki, torpağın cürbəcür yamyaşıl otu hər tərəfi bürüyürdü, güllər, çiçəklər açılırdı və gün işığının hərarəti ətrafdakı o yamyaşıl otu da, o gülü, çiçəyi də üşüməyə qoymurdu". 

Amma Ana Tut Ağacının bildiyi kimi, bunun adı hələ sevgi deyildi, sevinc idi, sevgi sonra gələcəkdi. Sarı Bülbülün nəğməsində nəzərləri qarşı tərəfdəki Ərik Budağına tuşlananda kəşf edəcəkdi sevgini özündə. Tut Budağı bu sevgiyə addım-addım yol gəlir. İçindəki ilham və ekstaz, mənəvi duruluq və işıq seli, dünyanı böyük sevinc və həvəslə varlığına çəkmək nəhayətsizliyi sevgini mükafat kimi yetirir bu balaca, fidan Tut Budağına. Yaşamağın sevgidən başqa mənasını tanıtmır ona: "O Ana Tut Ağacından bir az aralı, üzbəüzdə bir Ərik Ağacı da qış yuxusundan oyanıb, yarpaqlamışdı və Sarı Bülbül o Ərik Ağacının da bu yaz pırtlayıb boy atmış bir budağına qonub, bitmək bilməyən o gözəl nəğməsini oxuyurdu.

Sarı Bülbül Ərik Budağının təptəzə qırmızımtıl-yaşıl yarpaqları arasından güclə görünürdü, ancaq Tut Budağı Sarı Bülbülün nəğməsinə qulaq asa-asa, qəribədir, Sarı Bülbülə yox, heç özü də bilmədən o təzə Ərik Budağına baxırdı və həmin anlarda o Ərik Budağının da yarpaqlarından bir titrəyiş keçdi, onun qırmızımtıl-yaşıl yarpaqları diksinərək dikəldi".

Müəllif bəri başdan bizi budağın sevgiyə mübtəla olacağı situasiyasına hazırlayır sanki. Füzulinin "Leyli və Məcnun"unda olduğu kimi: "Zatında var idi çün məhəbbət, məhbubu görüncə tutdu ülfət". Qarşı tərəfdə Ərik Ağacı da var. Bir budağı Tut Ağacının budağı kimi işıqla, sevgi ilə dopdolu olan. Bu hiss iki budağı ağacın digər budaqlarından fərqləndirir. Tut Budağı özü üçün "kəşf etdiyi" bu xəfif sevgi ilə fərəhlənir. Ərik Budağı da qarşı tərəfdən ona doğru axıb gələn işıq selinə qarışıb xoşbəxt görünür. Onları bir-birinə doğru itələyən də içlərindəki sevgi tumurcuqlarıdır.

Hər şey də elə bu məqamdan başlayır. Nə qədər ki, bu sevgi ətrafa qarşı yönəlmişdi onlar günü-gündən böyüyür, çiçəkləyir, gözəlləşir, açılırdılar. Elə ki, bir sevda düşür içlərinə, ardınca həsrəti, nisgili gətirir, dünya iki budağın məsum səssizliyi arasına sığışır, dərinliyin zirvəsinə çəkilirlər.

Bu hissin, bu duyğunun belə bir bədii priyomla gerçəkləşdirilməsi yazıçıdan daha artıq ustalıq tələb edir. Çünki sevgi təntənəsi insan üzərində deyil, ağac üzərində yaşanır. O incəlikləri, o hissi dərinliyi vermək hər yazıçıya müəssər olan məsələ deyil. Amma unutmayaq, sevgi mövzusu Elçin nəsrində həmişə mənəvi-estetik ərazini təşkil edib. Bu, yazıçıya həm də mənəvi təmizliyin gəlib çatdığı zirvə məqamının ifadəsi üçün lazım olub. Burda başqa bir qanunauyğunluq da özünü göstərir. Məlumdur ki, alleqoriyaya meyil daha çox sufi mətnlərində nəzərə çarpır. Sənətdə fəlsəfilik və ürfanilik duyğusu çoxalanda bədii rəmz və alleqoriyalara meyil artır. Daxili təmizlənmə, dünya nəfsindən uzaqlaşma məqamında Eşqin vəsfi insanı kamilliyə doğru səslənişdə kara gələn ən tutarlı bədii priyoma çevrilir. Elçinin də yaşın bu dönəmində ürfani qatın ən uca məqamına yetməsi, dünya nizamı və dərkini sevgidə görməsi qanunauyğun hal olmalıdır: "Eşq imiş hər nə var aləmdə"... Son yazdığı "Baş" romanı və ard-arda çap olunan hekayələrində də Elçinin idrak fənni kimi sevgi məqamlarına həssaslığı, həyatın suallarına cavabı məhz ürfani-ilahi qatlarda araması konsepsiya səviyyəsindədir. Bu hekayədə də eşqin ilahi  mahiyyətinə işarələr var.

Baxmayaraq ki, yazıçı "Tut Budağı, Ərik Budağı və Sarı Bülbül" mətnini janrına görə nağıl adlandırıb. Uşaqlar üçün yazıldığı üçün deyil amma. Elçinin nağıl adı ilə təqdim etdiyi heç bir mətn uşaqlar üçün nəzərdə tutulmayıb. Bəlkə içindəki uşağı qoruyub saxlayanlar üçün? Həyata, dünyaya dan yerinin işığından baxanlar, sevə biləcəkləri ana qədər uşaq qalmağı bacaranlar üçün?! Ona görə bu nağıllarda nəyisə uydurmağa ehtiyac qalmır, müəllif sadəcə adi dünya və məişət sevgisini əbədiyyət qatına qaldırmaq üçün romantik bir pritçanı obrazlaşdırır. Poeziya intəhasızlığı içrə yazılmış hekayə ilə müəllif bəlkə də belə bir fikir ötürür ətrafa: ağaclar da sevir. Onlara bir az başqa gözlə baxmağı aşılayır. İnsan özünü  Tanrı, dünya və təbiətlə birlikdə dərk edəndə bütöv olur axı: "Ərik Budağı ilə Tut Budağının baxışları bir-birinə zillənmişdi, onlar baxışlarını bir-birlərindən ayıra bilmirdilər və elə bil, bu dəm həmin baxışlardan başqa da nə isə istəyirdilər, nə isə çatışmırdı, ancaq onlar bir-birlərinə baxmaqdan başqa nə edə bilərdilər?

Və elə bu vaxt Sarı Bülbül qəflətən susdu, hər tərəfə sükut çökdü, ancaq bu sükut həmişəki sükutdan fərqli idi - fərq nədə idi? - Tut Budağı da, Ərik budağı da bunu bilmirdi, ancaq o fərqi hiss edirdilər və Sarı Bülbül qəflətən də havaya qalxıb, ağacların arasında dövrə vurdu, sonra da eləcə qəflətən uçub o Tut Budağına qondu.

Qəribədir, Sarı Bülbül onların bir-birinə zillənmiş baxışlarını görmüşdü?

Yəni quşlar ağacların baxışlarını  görə bilir?

Onda bəs, Sarı Bülbül niyə o böyük, o qollu-budaqlı tut ağacında həmin Tut Budağına qondu?

Və Sarı Bülbülün balaca və zərif caynaqları Tut Budağını qucaqlayanda, budağa elə gəldi ki, Ərik Budağı ona toxundu və bu hiss onun daxilindəki sevincə elə təsir etdi ki, elə bil, o sevinc də bir zəmi idi, birdən-birə çiçəklədi, gül açdı - bu, elə güclü bir duyğu oldu ki, hətta bayaqdan Sarı Bülbülün nəğməsinə qulaq asa-asa mürgüləyən Ana Ağac da diksindi, əvvəlcə Tut Budağına, sonra bütün ətrafa baxdı, ancaq bir şey görmədi, heç nə də başa düşmədi - yəqin ona görə ki, daha qocalmışdı və dünyanın qəribə işləri artıq onun yadından çıxmışdı".

Hekayədə incə və dərin lirizm var. Elçin nəsrini digərlərindən ayıran əsas özəllik budur, zənnimcə. Elçində bədii sözün məqsəd və siqlətini, incəlik və dəyərini onun natural ölçüləri deyil, məhz dərinlik miqyasları təyin edir. Elə oxucudan da adekvat həssaslıq və dərinlik tələb olunur. Əks halda, məsələn, eşq, etibar, vəfa duyğusu kimi anlayışların dərinlik ölçülərindən xəbərsiz oxucu "Tut Budağı, Ərik Budağı və Sarı Bülbül" hekayəsinin ruhsal qatına çətin qalxa.

Çünki burada Elçinin bədii təfəkküründən süzülən hər bir poetik fikrin öz real həqiqi ifadə çaları ilə bahəm romantik-ilahi, ruhi-mənəvi qatları da ehtiva olunur. Elçin sevginin gücü haqqında poetik nağıl ərsəyə gətirir. Tut və Ərik Budaqları ağacın digər budaqlarından ayrılaraq mənasızlıqda məna axtarmağa, dünyanı özləri üçün maraqlı etməyə çalışırlar. Müəllif amansız bir həqiqəti anladır əslində. Həyat sevgidir. Sevgi varsa yalnız ağac budaqları deyil, dünya yaşıl ola bilər. Elçin bu hissin insana təsir gücünü əbədi bir təlatümə təşnəlik kimi ifadə edir, Sevgi budaqların canında tumurcuq kimi çiçəkləyir,  onların bütün varlığını saran güclü bir işıq topasına dönür. İki körpə budağının arasında gerçəkləşməkdə olan sevgi aktını müəllif səssiz-səmirsiz, yalnız duyğuların axarında, addım-addım təsvirə çəkməklə canlandırır. Nağıl-hekayə keçmişin səssiz filmlərini xatırladır. Hər şey görüntüdədi, daxildədi, səssiz baş verir. Mətn boyu heç bir dialoqa yer verilmir. Sevgi səssiz yaşananda dərindi, güclüdür - bu da məntdən hasil olan idrak məqamlarından biridir görünür. 

"Tut Budağı, Ərik Budağı və Sarı Bülbül" hekayəsinə dərin bir emosiya hakimdir. Amma bu emosiya süjetə hərəkətlilik vermək məqsədi daşımır, əksinə bu hərəkətlilik asta, ahəstə nəql olunan əhvalatda əriyir, ağacların susqun estetikasında, ləngərli ahəngində bütövləşir. Müəllif pafosa meyil etmədən, dəqiq, incə detal və rakurslarla budaqların sevgi dolu dünyasını  təsvir edir.

Bir də Sarı Bülbül var mətndə. Budaqların lal sükutunda gizlənən nisgil, ürpərti, həsrət, sevgi duyğuları Sarı Bülbülün nəğməsində, budaqlara həzin toxunuşunda təcəssüm olunaraq özünəməxsus bədii effekt yaradır. Bülbül bir budaqdan o birinə toxunmaqla nəfəsdən-nəfəsə od daşıyır sanki. İki ürək arasında vasitəçiyə çevrilir: "Sarı Bülbülün Tut Budağını qucaqlamış incə caynaqlarından gələn hərarət günəş istisinin hərarəti deyildi, bu, nəsə, başqa bir duyğuydu və bu duyğuda bir doğmalıq var idi, bu duyğu Tut Budağının bütün varlığına yayılırdı, bu duyğuda o doğmalıqla bərabər, xoş bir naməlumluq da var idi - bəlkə bu, həmin ərəfə hissiyatının davamı idi? - ancaq Tut Budağı elə bir həyəcan içində idi ki, heç nə fikirləşə bilmirdi.

Sonra Sarı Bülbül yenə nəğməsinə başlayıb, o sükutu pozdu, bir müddət də o gözəl nəğməni ötdü, sonra birdən susub, pırıltıyla havaya qalxdı və uça-uça gözdən itdi, ancaq Tut Budağı istəmirdi ki, Sarı Bülbül uçub getsin, Tut Budağı istəyirdi ki, Sarı Bülbül təzədən Ərik Budağına qonsun və onun balaca, zərif caynaqları Tut Budağının deyə bilmədiklərini Ərik Budağına çatdırsın".

Sarı Bülbül bu iki budağa sevgini tanımağa, hiss etməyə, təmas qurmağa, bir növ "ünsiyyətə" girmələrinə kömək edir, onların içində bir qasırğa, sevgi fırtınası yaradır. Oxucunun fikri, düşüncəsi bu üçbucaq şəklində qurulmuş sevgi triosunun təsvirinə fokuslanır. Amma mətndəki dinamikaya xələl gəlmir, getdikcə daxilə doğru hərəkət edən düşüncə və fikir axarı, poetik incələmələr hekayədəki lal sevginin səssizliyini nizamlayır, ideal ahəng və harmoniya əmələ gətirir: "Sarı Bülbül o nəğməsində nə deyirdi? - Tut Budağı quşların dilini bilmirdi, ancaq Sarı Bülbül o nəğməni ötdükcə, Tut Budağına elə gəlirdi ki, elə bil, bu nəğməni ona Sarı Bülbülün gözəl səsiylə Ərik Budağının özü oxuyur.

Sarı Bülbülün zərif caynaqlarındakı o hərarət, əlbəttə, Ərik Budağından gətirdiyi hərarət idi və Tut Budağı bunu bütün incə varlığı ilə duyurdu. Tut Budağı bunu duyduqca, elə bil, onun içinə işıq dolurdu, elə bil, o, hava ilə yox, gün işığı ilə nəfəs alırdı.

Sarı Bülbül nəğməsini kəsdi, bir neçə an ətrafa çökmüş sükuta qulaq asdı və havaya qalxdı, uçub getdi, ancaq dünyanın ən gözəl işi o oldu ki, bir müddətdən sonra Sarı Bülbül yenə uçub gəldi, yenə Ərik Budağına qonub, nəğməsinə başladı, yenə havaya qalxıb, ağacların arasında bir dövrə vuraraq uçub zərif caynaqları ilə Tut Budağını qucaqladı və yenə nəğməsinə başladı".

"Tut Budağı, Ərik Budağı və Sarı Bülbül" hekayəsindəki bütün təsvirlər bu üslub konkretliyinin içindədir, sevgiyə aid bütün həssaslıqları müəllif hekayənin fraqmentinə çevirə bilir. Məsələn, hər dəfə Sarı Bülbül toxunduğu Ərik Budağının hənirini Tut Budağına gətirib toxunduranda budağın daxilindən elə gizilti keçir ki, hətta Ana Tut Ağacı bunu dərinlərdə hiss eləyir. Gözəl mənalanmadır! Bu mənalanmalar hekayənin hər detalında qarşımıza çıxır.

Sarı Bülbül bu münasibətin, romantik yaşantıların təkanverici faktoruna çevrilir. Hekayədə yalnız Eşq orbiti var. Hər şey onun içində təsvir olunur, cəmləşir, hətta təbiət belə bu hüsnün əsirinə çevrilir. Sarı Bülbül də aşiqlərin orbitində fırlanır, bu ərazini özünə məskən seçir, məhz bu məkanda ən gözəl nəğmələrini oxuyur.  Amma bütün eşq dastanları kimi bu hekayət də qəmli şəkildə tamamlanır. Sarı Bülbülün gəlişlərinin arası qəfil kəsilir, daha uçub budaqların üstünə qonmur, bir budağın hənirini o birisinə çatdırmır: "Sarı Bülbül hər səhər beləcə uçub gəlirdi və Ərik Budağı da, Tut Budağı da səhəri beləcə onun nəğməsi ilə açırdılar, ancaq bir gün sübh alatoranı da işıqlandı, gün də çıxdı, günorta da oldu - Sarı Bülbül uçub gəlmədi. Tut Budağı da Ərik Budağı da yarpaqlarını  qaldırıb bir-birlərinə baxa-baxa Sarı Bülbülü gözlədilər, ancaq sarı Bülbül gəlmədi.

Bir gün də keçdi, iki gün də keçdi, üç gün də keçdi - Sarı Bülbül gəlmədi və hissiyatı Tut Budağına dedi ki, nəsə olub, Sarı Bülbül bir də heç vaxt uçub gəlməyəcək, bir də heç vaxt Ərik Budağına qonub nəğməsini başlamayacaq, zərif caynaqları ilə onu qucaqlayıb, Ərik Budağının dediklərini ona çatdırmayacaq".

"Quşu uçan budaqlar"ın son şərqisi çalınır sanki. Ruhu ölən budaqların quruması onların iztirablarının təzahür və ifadə şəkli kimi gerçəkləşir. Bu məqamdan, mükəmməllikdən ayrılmaq hər iki budağın sonunu yetirir. Eşq olmayan dünyada yaşamaq mənasız görünür. Çünki eşq ən böyük mənəvi sərvətdir: "Ana Tut Ağacı Tut Budağını bürümüş bu qüssəsini hiss edirdi və bunu payızın yaxınlaşması ilə yozurdu, fikirləşirdi ki, eybi yox, payız bitəcək, sonra qış gələcək, Tut Budağı yatacaq, yazda yuxudan oyanıb təzədən yarpaqlayacaq, böyüyəcək, sevinəcək.

***

Yay bitdi, payız gəldi, sonra qış, sonra da növbəti yaz gəldi və qupquru  qurumuş Tut Budağı daha tumurcuqlamadı.

Həmin yaz Ana Tut Ağacı həmişəkindən daha artıq qol-budaq atmışdı, qayğıları çoxalmışdı, yəqin buna görə də keçən ilki kiçik bir budağın quruması onun üçün elə də mühüm bir hadisə olmadı və Ana Tut Ağacının bundan da xəbəri olmadı ki, üzbəüzdəki o Ərik Ağacının keçən ilki bir budağı da qupquru quruyub".

Nağılın strukturundan və fakturasından görünür ki, müəllif eşq dastanlarının bədii-estetik parametrlərində düşünüb, sevgi hissinin ifadəsi üçün xarakterik motivlər mətnin aparıcı qüvvəsinə çevrilib. Digər tərəfdən, Azərbaycan nəsrində ağac estetikası var: təmizlik və saflığa işarə. Ağac saflığa qayıdış, katarsisə çağırış kimi semantikləşib. Elə Elçinin "Çinar ağacı" hekayəsi var bu xüsusda. Günahlara bürünmüş qəhrəman çinar ağacı ilə ünsiyyətə girib qəlbini saran ağırlıqdan xilas olmağa can atır. Bu mətndə isə Ağac sevginin daşıyısıcı kimi götürülür, için saflıq məqamına vurğu kimi daha da poetikləşdirilir. Sonda ağac budaqlarının quruması - məhv olmasının təkan impulsları da elə Elçinin digər əsərlərindən gəlir. Ümumiyyətlə, Elçinin nəsrində  həyatın panoram lövhələri, sosial mənzərələri, həyatın iztirabları, tarixin gedişatı, xalq taleyi kimi ali məqamların ifadəsi bütöv bir Obrazda təmərküzləşmiş və abtraksiya olunmuşdur. Ona görə onun mətnlərindəki əksər obrazlar bizə tanış görünür, sanki yazıçı bütün Missiya məqsədli məsələləri bir Obraza həvalə və etibar edir.

Adətən həyatı idrakda, mənəvi əhval və ovqatda müəyyən mərhələlər var ki, yazıçı ömrün hansısa məqamında addım-addım onlara yetir. Elçində isə belə bir hərəkət sxemi yoxdur, çünki yaradıcılığı əvvəldən dünya, "mən" və varlıq deyilən aləmin qütbündə qərar tutub. "Tut Budağı, Ərik budağı və Sarı Bülbül" hekayəsi mənəvi və əxlaqi evolyusiyaya yazıçının qatdığı növbəti əsərdir, həyatı, varlığı bütün mahiyyəti ilə göstərən bədii-fəlsəfi spektrdir. Bu mənada, sosial mənasının olması da labüd görünür. Pozulan meyarlara, xaosa, dünyanı dərk amillərinin deqradasiyaya yönlənməsi məqamlarına alternativ verilir bu sevgi. Onun  fonunda dünyanın sevgisizliyi,  insanların sevgidən uzaqlığı, yadlığı daha aydın görünür və düşündürür.

***

"Mən məmur deyiləm, yazıçıyam", - demişdi müsahibələrinin birində. Mənə elə gəlir ədəbiyyatın, sənətin nə olduğunu azacıq anlayan insan üçün Elçin həmişə məmur yox, yazıçı olub. Şəxsən mən Elçini həmişə yazıçı kimi görmüşəm. Yazıçı Elçinin sözünün mötəbərliyinə inanmışam. Bu inamı mənə onun çoxyönlü yaradıcılığının siqləti aşılayıb. Fenomenal yazıçı obrazını yaradıb qarşımda. Elçinin özəlliyi də bundadır, məncə. Sağlığında fenomen olmağı bacarmaq statusunda! Ona görə dünənimizdə və bugünümüzdə olduğu kimi ədəbi fikir həyatımızın gələcəyində də Elçin faktı olacaqdır!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!