Yazıçının zamanı və zamansızlığı - Tehran ƏLİŞANOĞLU

 

Yazıçı Zamanı qabaqlayır, Sabahı bugündən xəbər verir. Sabahlar gəlirmi-gedirmi, bugünlər dünən olur, ötürmü-qalırmı, bir də baxıb görürük ki, bütün olmuşları - olayları - "sabahları" axı bizə o, yazıçı, Elçin xəbər vermişdi... Bəlkə də elə onun, Yazıçının yazılarına-yazdıqlarına bələnib-bürünüb, söylədikləri ilə oturub-durub, düşünüb-daşınaraq Sabahlara yol açmış, Sabah ünvanlarına gəlib-çıxmışıq... 

Son yarım əsrdə olduğumuz-oluşduğumuz-yaşadıqlarımızla identifikasiya etsək, eyniləşdirməli olsaq, Elçinin olduqca zəngin-çoxrəngli-əsrarəngiz yaradıcılıq və təxəyyül dünyası içrə İnsan və həqiqət axtarışlarını bir söz, bir məxrəcə gətirə bilərik: darıxan insanlar, darıxan qəhrəmanlar... Sosial əhatədən, yabançı mühitdən, cəm-iyyətdən, ümumən taledən-tarixdən-zamandan, həyatından darıxan insanlar...

"Darıxan qəhrəmanlar" ifadəsini ədəbiyyatımızda ilk dəfə İlyas Əfəndiyevə şamilən işlətmişəm. Elçin qəhrəmanlarının tipologiyası da eynən həmin ərazilərdən nəşət edir. Lap ilk əsərlərindən - "Min gecədən biri", "Açıq pəncərə"dən lap son əsərlərinəcən - "Kölgə", "Qəbristanlıq əhvalatı", "Missiya", "Çingiz xanın daşları", "İntihar", "Böcəklər" və s.-cən Elçin yaradıcılığının poetikasını böyük bir dünyəvi darıxqanlığın ifadəsi, başqa sözlə fəlsəfi dekadans müəyyən edir...

Elçin ədəbiyyatımızda məşhur 60-cılar cərəyanının öncüllərindən sayılır. Amma mənim incə bir müşahidəmə görə, yazıçı Elçin həmişə bu sırada-missiyada həm də bir qədər darıxmışdır. Əslində, mənimcə, Elçin 60-cılar içərisində daim 70-cilərin (sabahın) nümayəndəsi olmuşdur; yaşca da, hünərləri ilə də, elə yaradıcılıq ruhu və xarakteri etibarilə də...  

Erkən istedadı sayəsində 60-cılar sırasına çox tez yazılmış Elçin, gəl ki, ən cavan olmaqla bu gəlişmədə "kiçik qardaş" mövqeyinə heç vəch qane olmamış, hər növ yeni və yeni-yeni çabaları ilə hər zaman sıradan fərqli hünərlər göstərmişdir. Habelə haşiyə olaraq onu da əlavə etmək olar: bilavasitə ictimai və məsul postlara da həmkarlarından qabaq sahib olmuş ədib, Yazıçılar İttifaqının katibi kimi də, "Vətən" Cəmiyyətinin sədri kimi də, Baş nazirin müavini vəzifəsində də Sabahları günün ixtiyarına çəkib-gətirməkdə mahir olmuş, eyni rahatlıqla da vəzifə stolunu yazıçı masasına təhvil verməyi bacarmışdır...    

Ali məktəblərin filoloji fakültələrində Elçin nəsrini mən ruh və tip etibarilə mənəvi axtarışlar, mənəvi çabalar nəsri kimi təfsir və tədris edirəm. Bu ki: məşhur 60-cılardan kimsə ekzistensial, kimisi mental, kimlərsə hətta lokal-məhəlli planda qəhrəmanlar irəli çəkir, qəti imperativlər ortaya qoyurlar. Mənimcə, Elçin qəhrəmanları daha loyal, imperativlərdən kənar, daxilən narahatdırlar; ekzistensial-mental-sosial... - 60-cılar şinelində təkrarən olmaqdan sanki darıxır-darılır, yeni Zamanın (sabahın) sorağında, yenə və yenə mənəvi-psixoloji çabalar göstərirlər...

60-cılardan kimisi toplum həqiqətlərindən gəlir, kimisi millət sevdasından, kimsə də Xalq-xəlqi-mentalitet axtarıcılığından; amma Elçin metafizikası illüziyalardan xali, cavabsız-sorğusuz, birbaşa İnsandan, İnsan fərdindən, İndividdən, Xislətdən başlanır... Deməyim o ki: həssas olarsaq, bizdə 60-cılar son realistləri təmsil edir; Elçin isə 60-cılar içində ilk modernist yazıçımızdır...

Bəlkə buna görədir, məsələn, 60-cıların başında gedən Anarla bir addımlığında gələn Elçin arasında dünyalar (yazıçı dünyaları) qədər fərq-məsafə var. Birisi Zamanla oynayır, birisi zamansızlıqla, birisi daima Zamanladır, digəri həmişə dışında, birisi diaxron stixiyada çarpışır, digəri stixik sinxroniyada...     

Elçinin tarixi qəhrəmanları Tarixdən bezardır ("Mahmud və Məryəm"i, "Baş"ı, "Ölüm hökmü"nü anaq), müasir qəhrəmanları hər cür sosialçılıqdan (1970-1980-ci illər povest və hekayələrini, "Ağ dəvə"ni yada salaq), "milli" qəhrəmanları mental coğrafiyadan (məşhur "Abşeron hekayələri"ni xatırlayaq)... Hər birisinin də canında eləcə buxovlardan uzaq İnsan olmaq, sevmək-sevilmək, var olduğunu doyunca hiss etmək, yaşamaq çabası-narahatlığı-nigaranlığı; fərdi maraqlar və  Fərdin maraqları... Axı birbaşa İnsan (!), İnsan həqiqəti (!) yanında (ətrafında, fövqündə) nə varsa, cümləsi yalandır!

Bir yazımda da sezmiş, sızdırmışam: Elçinin yazıçı üslubu, təhkiyəsi, cümləsi də həmin "yalan-palan" - nağılçılıq üzərində; realist deyil, magik (-realist) tərzdə, de-konstruktiv səciyyədədir. Hadisə danışmır, ətrafında gəzişir və öz həqiqətini - "mif"ini söyləyir; epik təsvirini vermir, hər növ ekzistensial-mental-sosial kontekstlərlə "oynayır": sanki İnsan darıxmaqlığının (həqiqətinin) anatomiyasını cızır... Ki, "psixoloji konstrukt" sırf İnsanı, İnsan xislətini görükdürə bilsin.

Təsadüfmü məgər, inqilablar-müharibələr- qlobal kataklizmlərdən yorulmuş XX əsr insanının ən böyük həqiqəti - absurdizmə, absurd həqiqətinə də yazıçılarımızdan ən tez məhz Elçin yetişdi; XX yüzilin sonunda. "Dünya oyunxanədir..." - bir çox maarifçilərin, neomaarifçilərin, realist və romantik azadlıq aşiqlərinin, istiqlal cəfakeşlərinin fikri-düşüncəsi-intibaları olmuşlara-olaylara-olacaqlara qarışdığı dəmdə Elçinin absurd-pyeslərindən qəfil qabaran həmin mövqe hətta heyrətləndirdi də... Axı yazıçı bütün olmuşları- olayları- Sabahları bizə xəbər verəndir; məhz Elçin bütün müstəqillik illəri uzunu azadlığın-istiqlalın-sərbəstliyin tamını ən nəhayət dada bilmiş milli insanın absurdunu yaza bildi...

Mən Elçinin son dərəcə orijinal nağıl-hekayələrinin heyranıyam. "Müdrik hekayələr" adlandırdığım bu əsərlərdə absurd - janrda, ifadə tərzində, bədii strukturda yox, birbaşa məzmun qatında, fəlsəfi ideyada gizlənib... Lakin sirrinə varmağa çalışdığım şəksiz həqiqət budur ki, müdriklik Elçinin yazıçı əqidəsi və mövqeyində həmişə, ilk mətnlərindən vacibən olmuş və vardır. Müdrik o kəsdir ki, ömrün dəyəri və dünyanın faniliyini, həyatın, zamanın və zamansızlığın sirrini zirvə çağında yox, lap əvvəldən bilsin...

75 yaşın mübarək, sevimli Yazıçı! Haqqında yazdığım məqalələrdən ibarət kitaba Önsöz olaraq nəzərdə tutduğum yazını təbrik olaraq yubiley yaşına ünvanladım.

03.05.2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!