Qatarlar və Çəhrayı qız - Cahanxanım SEYİDZADƏ

"Bu dünyada qatarlar gedər"

Cahanxanım SEYİDZADƏ

 

Bir neçə gün sonra Azərbaycanın xalq yazıçısı, eləcə də uşaqlıq xəyallarımın formalaşmasında əvəzsiz rolu olan Elçin Əfəndiyevin 75 illik yubileyidir. Bu münasibətlə, Elçin müəllimə ünvanlanmış bütün təbriklərə mən də qoşulur, Azərbaycan ədəbiyyatına qazandırdığı əsərlərə görə öz adımdan təşəkkür edirəm.

 

Məncə, hər bir yazıçının sevilmə səbəbi, hər bir oxucunun sevmə səbəbi kimi müxtəlif olur. Və görkəmli yazıçıların əksəriyyətinin  yolu öz oxucusu ilə əvvəlcə hekayələrində kəsişir. Hekayələr əsas ünvana gedən cığırlar kimi oxucunu müəllifin gələcək böyük əsərlərinə qədər ötürürlər. Mənə Elçin Əfəndiyev yaradıcılığına istiqamətlənməyimdə "bələdçilik" edən, eləcə də xəyal dünyamı daha da genişləndirən "Bu dünyada qatarlar gedər" hekayəsi olub. Bizim yolumuz  məhz bu hekayədə - içindən "Bakı - Moskva", "Bakı - Novosibirsk, "Xarkov - Bakı", "Bakı - Odessa", "Mahaçqala - Bakı" qatarları keçən "Əbiligilin kəndində" kəsişib.

Dəqiq xatırlayıram ki, onda çox uşaq idim. O qədər uşaq idim ki, hələ "həyat" sözü ilə "həyət" sözünü bir-birindən fərqləndirə bilmirdim. Nə orfoqrafik, nə də məna cəhətdən... Mənim üçün həyat elə səhər açılan kimi əynimi, ayaqqabılarımı geyinib oynamaq üçün qaçdığım həyətimizdən ibarət idi. Onda həyətimiz mənə dünya boyda böyük gələrdi. Amma bilərdim ki, uzaqlarda lap, lap uzaqlarda başqa həy(a)ətlər də var. Yarı anamın danışdıqlarından, yarı da adını çəkdiyim bu hekayənin də olduğu müxtəlif kitablardan. Və bilirdim ki, o uzaqlara qatarlarla getmək mümkündür. Dənizlərə uzaq olan yerlərdə yaşayan uşaqların nağılları da, yuxuları da qatarlar olur həmişə. Elə ümidləri və xəyalları da... Uzaqlardan ümid gətirən və uzaqlara xəyallar aparan qatarlar.

Bizim kəndimizdən qatar keçməzdi. Mənə görə dünyanın bütün qatarları çox uzaqlardan keçərdi, yalnız Əbiligilin kəndindən.

Bu hekayə mənim uşaqlıq illərimin ən ləzzətli kəşflərindən biri  idi. Hər dəfə başqa bir maraqla oxuyar, başqa bir zövqlə xəyala dalardım. Gah qatarların getdiyi yerlər barədə düşünər, gah sirkə gedən heyvanları və onların sirkdə göstərdikləri tamaşaları gözümdə canlandırmağa çalışar, gah da nə vaxtsa mənim də bu qatarlarla Əbiligilin kəndindən keçərək uzaq, böyük şəhərlərə gedəcəyimi xəyal edərdim: "Əbiligilin kəndi dəmir yolundan yarım kilometr aralıdakı dağın ətəyində idi. Bu kənd il on iki ay dumanlı-çiskinli olardı və bu dumanın-çiskinin içindən gecəgündüz qatarlar keçərdi. Gecələr bu qatarların səsi kəndin bütün evlərinə dolardı və bu qatarlardakı adamlar, bu qatarların daşıdığı avtomobillər, gedib-gəldiyi böyük-böyük şəhərlər kəllayı otaqda palazın üstündə salınmış yorğan-döşəyin içində Əbilinin gözlərinin qabağına gəlirdi".

Lakin hər oxuduğumda məni həvəsdən salan, qorxudan bir gerçək var idi. Çəhrayı qız! Bir gün o qatarların birindən çəhrayı ayaqqabılı, çəhrayı corablı, çəhrayı paltolu, çəhrayı yanaqlı, çəhrayı papaqlı bir qız düşdü. Və Əbilinin adına, "palçıq-peyinli" üst-başına gülməklə, Əbilinin almaq üçün səbrsizliklə yay günlərini gözlədiyi şokoladı bircə gözqırpmıında oyuncaq kimi ayaqlarının altına atıb əzməklə onun xəyal dünyasını sarsıtdı, ürəyini incitdi.  Bu çəhrayı qız Əbili kimi mənim də dünyama yad idi, hər dəfə oxuyanda mənim də qəlbimi incidirdi. Axı ikimizin də peşəmiz dərslərimizdən, gündəlik işlərimizdən geriyə qalan zamanda xəyal qurmaq, arzulamaq idi. Doğrudan da görəsən, niyə uzaqdakı uşaqlar bizdən fərqlənirdilər və ya doğrudan da fərqlənirdilərmi?! Mənə maraqlı olan suallardan biri də o idi ki, görəsən niyə hekayəni yazan müəllif ümidli olduğumuz və xəyallara inandığımız məqamda o qız vasitəsilə bizi qorxudur, reallıqlarla üzləşməyimizi, hər an bizi incidə biləcək bir Çəhrayı qızın varlığını xatırlatmağa çalışırdı. Axı Əbili üçün də, mənim üçün də o qatarları seyr etmək, uzaqlara səyahət edən insanlar barədə düşünmək əvəzedilməz bir duyğu idi. Niyə hər dəfəsində bu Çəhrayı qız birdən peyda olur, ya Əbilinin  tez bitməsin deyə aramla yediyi şokoladı ayaqlarının altına əzir, ya da bir insanın ona yazdığı şeirləri qatarın pəncərəsindən tullayaraq kefimizi pozurdu. Bəlkə də heç dünyada belə bir qız yox idi... Nədənsə,  mənim üçün Çəhrayı qız uzaq şəhərlərdə yaşayan uşaqları təmsil edirdi və bu həqiqət mənim bir gün həmin yerlərdə yaşamaq xəyallarımı qorxudurdu.Mənə elə gəlirdi ki, uzaqlardakı bütün uşaqlar Çəhrayı qız kimidir.

Uşaqlıq xəyallarıma qovuşmağım çox çəkmədi. On yaşım olanda mənim üçün uzaq dünya sayılan Bakıya gəldim. Qorxa-qorxa, çəkinə-çəkinə, hardasa Çəhrayı qızla qarşılaşacağım düşüncəsi ilə. Lakin biz Çəhrayı qızla heç vaxt rastlaşmadıq. Vaxt ötdükcə bu qorxunu da, o qızı tapmaq istəyimi də tədricən unutdum...

Ta ki Nəcib Məhfuzun "Güllələnmiş xəyallar" adında bir hekayəsini oxuyana qədər. Bu hekayə mənə Çəhrayı qızı yenidən xatırlatdı. Yenə bir qatar stansiyası, yenə uzaqlardan gəlib uzaqlara gedən, özləri ilə ümidlər gətirib, xəyallar aparan qatarlar.  Və yenə Çəhrayı qız. Hekayənin qəhrəmanı qatarlardakı adamlara siqaret satan Cahşadır. Əyni nimdaş olduğu üçün sevdiyi qız tərəfindən bəyənilməyən Cahşa əsirləri aparan qatarda əynini yeniləmək və sevdiyi qıza xoş görünmək üçün əsgərlərə geyimlərinin qarşılığında siqaret satır. Hekayənin sonunda geyindiyi kiteldən dolayı əsir olduğu zənn edilən Cahşa güllələnərək öldürülür. Bu sarsıdıcı səhnəni oxuyarkən illər öncə Əbiligilin kəndindən keçən qatarda ona həsr olunan şeirin yazıldığı kağızın üstündə süfrə açan, sonra da zibil kimi çölə tullayan, Əbilinin adına, "palçıqlı-peyinli" üst-başına gülən Çəhrayı qızı xatırladım. Çox güman ki, Cahşanın güllələnməsinə  səbəb olan da məhz o idi. Bu qız qatarla çox uzaqlara -  Cahşanın vətəninə qədər getmiş, Əbilini incitdiyi kimi onu da incitmişdi...

Onunla  bir dəfə də iranlı şair Qeysər Əminpurun şeirində "rastlaşdıq":

 Qatar gedir,

Sən gedirsən,

Bütün stansiya gedir...

 Artıq əmin idim:  Bu şairi tərk edib gedən yenə də həmin Çəhrayı qız idi. Heç dəyişməyən, insanları incitməkdən yorulmayan, özünə şeirlər yazdıran və onları cırıb tullayan Çəhrayı qız.

Daha sonralar onunla təkcə qatar stansiyalarında yox, həyatın bütün məqamlarında, dünyanın bütün yerlərində rastlamağa başladıq. Oxuduğum hər romanda, baxdığım hər filmdə, tanıdığım hər insanın həyatında bir Çəhrayı qız mütləq var idi. Və bu "rastlaşma"lardan birində uşaq vaxtı cavabını axtardığım sualı illər sonra anlaya bildim. Elçinin ustalıqla obrazını yaratdığı Çəhrayı qızın peşəsi insanları heç gözləmədikləri zamanda, xəyalın şirin tamını daddıqları anda incitmək idi. Müəllif hekayəsində lap əvvəldən hər kəsi xəbərdar edir: "Bu dünyada qatarlar gedər". (Və ya bu dünya qatardır gedir) Və bu qatarlarda hər yerə səyahət edən bir Çəhrayı qız yaşayır. O uşaqlığından qocalana kimi insanları incidir. O bəzi uşaqların həsrətlə arzuladığı, hətta bəzilərinin dadını belə bilmədiyi şokoladı ayaqlarının altında əzir, ona yazılmış şeirlərin üzərində yemək yeyib sonra zibil kimi tullayır, günahsız, məsumca aşiq olmuş insanların ölümünə bais olur, şairləri və neçə-neçə insanları qatar stansiyalarında tərk edib gedir...

İndi mən "Həyat" sözünün mənasını bütün dərinliyi ilə fərqləndirə və anlaya bilirəm:

Həyat  bəzən Əbilinin səbirsizliklə gözlədiyi içində böyük hədiyyələr olan "lafet-mağaza" kimidir. 

Həyat bəzən illərlə qurduğumuz xəyalları, bitəcək deyə tədirgin olduğumuz xoşbəxtliyimizi  gec bitsin deyə Əbilinin qorxa-qorxa yediyi şokolad kimi bir göz qırpımında ayaqlarının altına atıb əzir.

Həyat bəzən bütün ömrümüzü, ən dəyərli anlarımızı qurban etdiyimiz sevgimizin, həsrətimizin üzərində lazımsız bir kağız parçası kimi "süfrə açıb", sonra da uzaqlara tullayır. 

Həyat bəzən arzularımızın qarşısına keçib reallıqlarla amansızcasna heç vaxt gerçəkləşməyəcək xəyallarımızı güllələtdirir.

Həyat bəzən o Çəhrayı qız olur...

Elçin Əfəndiyev bu səbəbdən mənim üçün əvəzedilməz müəlliflərdən biridir. Hələ uşaq yaşlarımda həyatın nə vaxtsa şıltaq bir Çəhrayı qız obrazında qarşıma çıxıb məni incidə biləcəyindən xəbərdar etdiyi üçün...