Daha "...bir nəzər" - Səhv nəzərləri sərf-nəzər etmə vaxtı - Nizaməddin MUSTAFA - Nizaməddin MUSTAFA

Nizaməddin MUSTAFA

 

Əvvəli burada

Qəsidə, qəsidəçilik; sinkretizm

(davamı)

İslam (türk-İslam) şeirinin dayanıqlı janrları arasında sinkretiklik dərəcəsi ən yüksək olanı, şübhəsiz ki, qəsidədir. İslamiyyətdən əvvəl də ərəb poeziyasında mühüm yer tutan qəsidə ümummüsəlman mədəni arealında geniş yayılmış və ta XIX əsrin sonlarına qədər işlək şeir janrlarından biri kimi mövqeyini qorumuşdur. Nəzəriyyəçilər qəsidənin uzunömürlülüyünü onun mütəhərrik, polivalent və modifikasiyalara meyilli olması ilə izah edirlər.  Hələ IX əsrdə ibn Qüteybə üç hissəli normativ kompozisiya sxemi (giriş/nəsib; vəsf/təsvir; tərənnüm=mədh~mərsiyə~fəxriyyə) yaratmış və həmin sxem  qəsidə yaradıcıları üçün norma sayılmışdır. Eyni dövrün digər bir ərəb şeirşünası Tələb (815-904) də "Qəvaidəş-şeir" ("Şeirin qanunları") əsərində qəsidənin üç qisimdən ibarət (giriş/nəsib, səhra səyahətinin təsviri/rahib və mədh=tərənnüm səciyyəli sonluq/madih) olduğunu göstərmişdir (Əziz Mirəhmədov). Bəzi şərqşünaslar ərəb qəsidəsinin əsas mövzudan bəhs edən hissəsinin "qəsd" adı ilə, bəziləri türk qəsidəsində "nəsib" və "madih" arasında keçidin "girizgah" (səyahət) adı ilə fərqləndirilməsini, bir başqaları isə  qəsidənin tematik seqmentlərinin süjet və üslubca eynicinsli olmadığını, lakin bir-birilə, zəif də olsa, əlaqələndiyini vurğulamağı lazım bilirlər. Necə olursa-olsun, hər bir halda Tərəfə ibn əl-Abdin, İmrül-Qeys, Züheyr ibn Əbi Sulmə, Ləbid ibn Rəbiə, Əmr ibn Gülsüm, Əntərə ibn Şəddad, Haris ibn Hillizə, Meymin əl-Əşə, Ən-Nabiğə əz-Zübyani, Abid ibn əl-Abras kimi fühul şairlərin (ərəblərin həm yaxşı şairə, həm də cins dəvəyə "fəhl" dedikləri məlumdur) qəsidələri cahiliyyə dövrünün "müəlləqə"ləri (inciləri) sayılır. Qəsidənin qədim tematik əlamətləri barədə M.F.Köprülünün qənaəti böyük maraq doğurur: "İbn Haldun kimi alimlərin izahatından belə anlaşılır ki, ərəb qəsidəsi "mərsiyə, mədhiyyə, fəxriyyə, tagazzül" ("təğəzzül" dedikdə klassik şeirdə qəsidənin eyniölçülü hissələri arasında şairin başqa bir ölçüdə qəzəl verməsi başa düşülür - N.M.) kimi bir sıra müxtəlif ünsürlərdən tərtib edilmiş bir xəlitə təşkil edir. Daha doğrusu, bu ünsürlər qəsidə şəkli içində ayrı-ayrılıqda və müstəqil şəkildə mövcud olduğu üçün bu, bir "məcmuə"dir". Ustadın dediklərini bir qədər ümumiləşdirsək, qəsidə, əslində, ərəb və digər sonrakı müsəlman xalqlarının şeir tarixində tərənnüm duyğularının ilkin və ən əsas bədii ifadə forması olmuş, məhz bu cəhəti ilə üstünlük qazanmışdır. İslamın gəlişi ilə mövzu cəhətdən daha da zənginləşən bu irihəcmli lirik şeir forması Allahın varlığını və birliyini (tövhid), Peyğəmbərin böyüklüyünü tərənnüm edən (nət), Allaha yalvarış, hacət, dua  səciyyəli (münacat), əhli-beyt tərifindən, habelə, həyati sentensiyaların ifadəsindən ibarət hikmə/t/ kimi dini, dini-fəlsəfi məzmunlu şəkillərin yaranması üçün əsas rolunu oynamışdır. Qəsidə həm də İslam poeziyasının ən qədim ərəb mənşəli janrlarından olmaqla, zaman keçdikcə milli elementlərin təsiri hesabına müəyyən kompozisiya dəyişikliyinə uğramışdır. Tədqiqatçıların fikrincə, tədricən onun struktur seqmentlərindən vəsf (əsas tələblər: insan gözəlliyini, yaxud müəyyən bir əşyanı zərif, incə üslubda təsvir etmək və bu zaman təsvirin "həqiranə" olmasına yol verməmək) və mədh (əsas tələblər: Allahı və alinəsəb şəxsləri dəbdəbəli, ehtişamlı üslubda, yüksək pafosla patetik bir tərzdə tərənnüm etmək, təmtəraqlı vəzn tonallığı, obrazlı ibarə və ifadələr vasitəsilə onun qeyri-adi bir varlıq olduğuna əminlik yaratmaq) müstəqillik qazanmış, aşiqanə məzmunlu nəsib hissəsindən qəzəl əmələ gəlmiş, nəsibsiz yazılan qəsidələr isə qitəyə çevrilmiş, yaxud qitə ilə qovuşmuşdur. Məqsədimiz qəsidənin təkamül və transformasiya tarixini araşdırmaq olmasa belə Ə.H.Tanpınarın da müşahidə etdiyi bir maraqlı nüansı xatırlatmaqdan özümüzü saxlaya bilmirik: aşiqanə şeir də daxil olmaqla, bütün Orta əsr türk-İslam poeziyası bütöv götürdükdə başdan-ayağa tərənnüm üzərində inkişaf tapıb! Lirik şeirlərin hökmfərma obrazı olan sevgili/məşuqə əslində məzlum aşiqin könlünün sultanıdır və bu mənada məhəbbət və mədhiyyə poeziyası arasında fərq deyil, analogiya axtarmaq daha məntiqlidir. Bu ötəri qeyd böyük maraq kəsb etməklə bərabər, tərənnüm şeiri kimi qəsidənin yüksək sinkretik potensiyasını bir daha nəzərə çarpdırmağa imkan yaradır. 

Get-gedə xəlifə və padşahlara həsr edilən qəsidələrin ictimai funksiyası daha da şaxələnmiş, hökmdarların, onların ailə üzvlərinin, hakim xanədan mənsublarının, şahzadə və vəzirlərin mədh edilməsi şeirə verilən əsas ictimai tələblərdən birinə çevrilmiş, poeziya bununla yanaşı əyləndirmək, nəsihət və estetik həzz vermək, zövq oxşamaq, tarixə apelyasiya etmək və s. funksiyaları da yerinə yetirmişdir. Ərəb şairləri verilən sifarişlərə müvafiq olaraq baharı və sarayı (Büxtüri), gümüş cam və şərabı (Əbu Nüvas), zirehi (Əbül-Əla), hətta mozalanı belə (İbn Xəmdis) vəsf edə bilərdilər. Kriteriya nəyi yox, necə təsvir, vəsf etmək sayılırdı (Ə.Mirəhmədov). Y.Bertels Abbasi xəlifələrindən Harun-ər-Rəşidin sarayında şairlər arasında keçirilən mədh və vəsf müsabiqələrindən belə bəhs edir: bu zaman xəlifənin ləl-cəvahiratla bəzədilmiş qılıncına, büllur qədəhinə və ya atına, üzüyünə və s. ən yaxşı söz qoşanlar qalib sayılır, mükafatlandırılırdı. Nə qədər bəsit olsa da, bu və buna bənzər üsullar dolayısı ilə poeziyanın texniki imkanlarını artırır, əsas vəzifəni yerinə yetirməklə birlikdə obrazlı düşüncə və ifadə tərzinin təkmilləşməsinə xidmət edirdi. Ərəbşünaslar bu mülahizənin təsdiqi üçün Əməvi və Abbasi xəlifələrinin saraylarında məşhur mədhiyyə ustalarının himayə tapmasına, onlardan əl-Əxtal, əl-Fərəzdak, Əbu Nüvas, Əbu əl-Ətahiyə və b. zəngin bədii irsinə istinad edirlər. İ.Həbibbəyli Azərbaycan əsilli ərəb şairi (Malik Mahmudovun "məvali" adlandırdığı şairlərdən) Əbül-Abbas əl-Əmanın da mədhlər yazdığını qeyd edir. Qəsidəçiliyin (mədhiyyə və vəsfin populyarlığı hesabına) xəlifə saraylarında yüksək inkişaf səviyyəsinə çatması İslamın fütuhat prosesi boyunca digər ədəbi ənənələrlə bir sırada onun fars, türk... şeirində istiqamətləndirici rol oynamasını şərtləndirmişdir. Bu janrın hələ erkən fars-İslam poeziyasında möhkəm qərarlaşaraq, get-gedə dominant mövqe qazandığı, Rudəki, Ünsüri, Fərruxi Sistani, Mənuçöhri, Ənvəri kimi şairlərin təmsil etdikləri Xorasan üslubunda əsas mövzunun mədhiyyə olduğu məlumdur. M.F. Köprülüdən öyrənirik ki, qəsidə Qəznəvi saraylarında xüsusilə güclü inkişaf yolu keçmiş, Cahiliyyə dövrü örnəklərini xatırladan bəzi təqlidlərlə birgə fəxriyyələr, həcviyyələr, əhli-beytə aid mədhiyyələr, xüsusən də hökmdar tərifləri, onlara məxsus əşyaları (məsələn, padşahların atını vəsf edən şeirlərə "rəxşiyyə" deyilirdi), saray həyatını təsvir edən saysız-hesabsız mənzumələr yazılmışdır. Əcəm (qeyri-ərəb, daha çox, fars) qəsidələri, ələlxüsus bunların "afaqi" (təbiət təsvirli) müqəddimələri (Ə.Mirəhmədov "Ədəbiyyat terminləri" lüğətində "təşbib" adlandırır) üçün xarakterik olan tematik seqmentlər arasında bahariyyə, xəzaniyyə, şikvaiyyə (qışın təsviri, bəzi hallarda isə fəlakətlərdən, dünyanın faniliyindən, ümumiyyətlə, zəmanədən şikayət), saqinamə, həbsiyyə, fəthnamə və s. göstərilir. Bir sıra şeirşünaslar isə qəsidə ilə yanaşı qəzəlin də mədhiyyə, mərsiyə, həcviyyə, xəmriyyat, fəxriyyə, saqinamə səciyyəsi daşıya bildiyini qeyd edirlər.

 

Şairlər və saraylar; mədhiyyə, qəsidə

 (davamı)

Xilafət dövründən başlayaraq şairlər bütün İslam aləmində sarayların daimi sakinlərinə çevrilir ki, bu da hər şeydən əvvəl qəsidəçiliyin (mədhiyyə və analoqları) yüksək funksionallığı ilə əlaqədardır. Bu fikir ilk baxışda çox cəsarətli səslənsə də, ərəb şairi əl-Mütənəbbidən (915-965) üzü bu yana söz sənətkarlarının bütöv bir pleyadası haqqında təzkirələrdə, digər sənədli-tarixi əsərlərdə əksini tapan faktlarla, ən əsası isə ölməz ədəbi mətnlərlə özünü doğruldur. Xatırlamışkən, əl-Mütənəbbi Abbasilər xilafətinin süqutundan sonra Suriya, Misir, İraq, İran və b. müsəlman əyalətlərində yaranmış nisbətən kiçik dövlətlərin hakimlərinə məddahlıq  etmişsə də, xaraktercə məğrur, əyilməz və barışmaz adam olduğundan, heç bir sarayda duruş gətirməmiş, hökmdar və saray əyanları ilə mübahisə və münaqişələrdə ad çıxarmışdır. Əsərlərində yaxınlıq etdiyi saraylara münasibətinin ən müxtəlif məqamlarını əks etdirən şair ömrünün on ilini Hələb hakimi Əli ibn Abdullaha (tarixdə Seyf-əd-Dövlə əl-Həmədani adı ilə tanınır) xidmətdə keçirmiş, onun şəninə onlarla qəsidə söyləmişdir. Bizanslı kafirlərlə, müsəlman rəqibləri ilə müharibələr aparan, ərəblərin keçmiş şan-şöhrətini qaytarmaq naminə igidliklər göstərən bu əmir həm də elm və sənət xadimlərinin   himayəçisi kimi ad çıxarmışdı. Əbu-Firas, əs-Sənaübəri kimi şairlər də Seyf-əd-Dövlənin sarayına sığınmışdılar. Amma Əl-Mütənəbbinin yeri xüsusi idi. Şairin Seyf əd-Dövləyə həsr etdiyi iki qəsidə poetik gücünə görə daha çox seçilir. Bunlardan biri sırf mədhiyyə xarakterlidir; Əl-Mütənəbbi vəlinemətini müsəlmançılıqda yalnız Allaha isnad verilən "zamanın hakimi", "ölülərə can verən" və s. hiperbolik sifətlərə layiq görür, onu dəbdəbəli və mübaliğəli obrazlarla tərif edir. İkinci qəsidədə isə əmirdən gileylənir, ondan incikliyini dilə gətirir; səbəb də budur ki, Əl-Mütənəbbi onun hüzurunda rəqibi, farsdilli şair Halaveyh tərəfindən təhqir olunub, hökmdar isə onun tərəfini tutmaq əvəzinə, şairlər arasındakı söz savaşına etinasız yanaşıb. Müəyyən fəxriyyə ünsürləri də müşahidə edilən həmin qəsidəsində Əl-Mütənəbbi bədəvilər arasında keçirdiyi uşaqlıq illərini həsrətlə xatırlayır, səhra həyatının sərt, amma sadə şərəf və ləyaqət qanunlarını saray yaltaqlarının riyakarlığına qarşı qoyur, şərab və eşq şairlərinə rişxənd edir (bir çox ərəbşünaslar şairin Hələb sarayından üz döndərib, Misirə üz tutmasını da məhz bu insidentlə əlaqələndirirlər).              

Sonrakı dövrlərdən də bir neçə misal göstərmək, zənn edirik, yersiz olmaz. İ.Qəfəsoğlunun bildirdiyi kimi, Ünsüri, Fərruxi, Əscədi, Mənuçöhri, Qəzairi kimi görkəmli farsdilli şairlər Sultan Mahmud Qəznəvinin himayəsində yazıb-yaratmışlar. Rəvayətə görə, onun sarayında Ünsürinin başçılığı ilə 400-ə qədər maaşlı şair qəsidəçiliklə məşğul idi. Fərruxi Sistani min beytlik "Dövlətnamə" adlı məsnəvisini Sultan Mahmuda həsr etmiş, onun özünə, qardaşları Yusif  və Əmir Məhəmmədin hərəsinə 35, vəziri Meyməndiyə 45, digər bir Qəznəvi sultanı Məsuda mədhiyyə səciyyəli 11 qəsidə yazmışdır. Fərruxinin Sultan Mahmudun ölümünə yanıqlı bir mərsiyə ithaf etdiyi də məlumdur. Bundan başqa, mənbələrdə şairin Xorasan hakimi, Sultan Mahmudun qardaşı Yusifin hərbi yürüşlərində iştirak edərək, ordunu ruhlandıran şeirlər söylədiyi bildirilir. Sənai Qəznəvi ilk məsnəvisi "Karnameyi-Bəlx"i III Məsuda, ən məşhur əsəri  "Hədiqətül-həqayiq"i ("Həqiqətlər bağı", 1141) isə digər bir Qəznəvi hökmdarı Bəhram şaha həsr etmişdir. Firdovsinin Qəznəvilər ("Şahnamə" ilə bağlı Sultan Mahmudla onun arasında baş vermiş ixtilaf haqqında sonradan neçə-neçə rəvayətlər yarandı), Suzəni Səmərqəndinin Qaraxanilər sarayına yaxın olduqları tarixdən məlumdur. "Sindbadnamə" müəllifi Zahiri Səmərqəndi isə Qaraxanilərdən Qılıc Tamğac xanın inşa divanında çalışmışdır. Eyni dövrdə Azərbaycan şairlərinin böyük bir qismi Şirvanşahların, Eldəgizlərin himayəsində idi. Şirvanşahlar sarayındakı ədəbi məclisə məliküş-şüəra Əbülüla Gəncəvi başçılıq edirdi. Xaqani, Fələki və b. görkəmli şairlər həmin ədəbi məclisin üzvləri idilər (N.Qarayev). İ.Həbibbəyliyə görə, Atabəylər sarayında məliküş-şüərası Mücirəddin Beyləqani idi. Xaqani Şirvanşah Mənuçöhrə (bir neçə qəsidəsi var), Qiyasəddin Məhəmməd ibn Məlikşaha, Şeyxül-İslam Nəsirəddin İbrahimə, Xoy müftisi Rüknəddinə, "qazilər qazisi" Sədrəddin Əhmşada mədhiyyələr, Şeyx Hafiz Əbu əl-Əttar Həmədaniyə mərsiyə yazıb. Hətta saraylardan uzaq duran Nizami Gəncəvi də öz əsərlərini müxtəlif hökmdarlara (misal üçün, "Xosrov və Şirin"i (1180) Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə, "Yeddi gözəl"i (1197) Eldəgizlərin rəqibi olan Ağsunqurilər sülaləsindən Marağa hakimi Əlaəddin Körpə Arslana, "İskəndərnamə"nin (1200-1203) "Şərəfnamə" hissəsini Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr Məhəmmədə, "İqbalnamə" hissəsini Mosul hakimi Məlik İzəddinə) ithaf etmiş, "Leyli və Məcnun"u isə Şirvanşah I Axsitanın sifarişi ilə yazmışdı (hərçənd ki, mükafatlandırılmamışdı). Dərbənd hökmdarı Dara Müzəffərəddinin Nizamiyə Afaq adlı bir kəniz hədiyyə etdiyi, şairin bu qıpçaq gözəli ilə evləndiyi də tarixən təsdiqini tapan faktlardandır.

Davamı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!