Nəzəriyyənin ədəbi mətnə nəzarəti - Kənan HACI - Kənan HACI

Kənan HACI

 

Son zamanlar sosial şəbəkələrdə modern və postmodern-eksperimental şeirin sərhədlərinin tez-tez "pozulduğu" müşahidə olunur. Bu fonda genetik və poetik yaddaşdan süzülüb gələn ənənəvi şeirə qarşı çıxanlar modernist modunda görünməyə çalışsalar da, əslində, modern və postmodern şeirin konsepsiyasından bixəbər olduqlarını ortaya qoydular. İstedadlı nəsil gəlir, amma əksəriyyətinin poeziya haqqında nəzəri bilikləri sıfrın altındadır. Zaman keçdikcə bu gənclərin poetik təfəkküründə hansısa bir gəlişmə müşahidə olunmur.

Ötən əsrin 30-40-cı illərində Orxan Vəli  "Qərib" ədəbi hərəkatını yaratmaqla bir qrup gənci bu poetik manifestin ətrafında topladı və türk şeirinə yeni nəfəs gətirdi. Türk şeirinin "mavi gözlü dev"i Nazim Hikmət isə Mayakovski xətti ilə klassik türk divan şeirindən qopdu və türk poeziyasında həm də yeni dil hadisəsi yaratdı. Bu missiyanı Azərbaycanda Rəsul Rza həyata keçirdi və bir müddət sonra onun da ardıcılları yetişdi: Əli Kərim, Fikrət Qoca, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Camal Yusifzadə və b. Altmışıncı illərdə ənənəçi şairlər bu gəncləri "top-tüfənglə" qarşıladılar, onları haqsız hücumlardan qoruyan yenə də Rəsul Rza oldu; novator  şair "Qayğı özü və qayğı sözü" adlı yazı ilə gənclərin müdafiəsinə qalxdı. Yuxarıda adlarını sadaladığım novator şairlər poetik fikrin üfüqlərini təkcə istedadın gücüylə genişləndirə bilməzdilər, davamlı mütaliə, nəzəri biliklər onları poetexnik novatorluğa gətirib çıxartdı. Bizim gənclik dünya poetik düşüncəsinin qarşısına əliyalın çıxır, dünyada gedən ədəbi prosesləri izləmədən, təkcə yeni deyim tərzi, bir-iki uğurlu metafora, təşbehlə işlərini bitmiş hesab edirlər. Linqvistik semiotikada mənanın çoxlu növləri mövcud olduğu kimi zaman keçdikcə şeirin də saysız növləri yaranır. Necə ki, ötən əsrin əvvəllərində Qərbi Avropa ədəbiyyatında kubizm, dadaizm, futurizm, sürrealizm və s. kimi avanqard cərəyanlar yarandı. Bu cərəyanlar öz manifestini yaratmaqla eyni düşüncənin daşıyıcısı olan şairləri ətrafına topladı. Bu proses özünün dahilərini yetişdirdi. Avropa rasionalizminə qarşı ortaya çıxan modernizmin dünya poeziyasına bəxş etdiyi nəhəng şairlərdən elə təkcə Tomas Eliotun adını çəkmək kifayətdir. T.Eliotun adını çəkmişkən, onun "Ənənə və fərdi istedad" adlı bir essesi var, poeziya haqqında düzgün təsəvvürün formalaşması üçün şeir yazan hər bir gənc bu esseni mütləq oxumalıdır. Bu esse şairliyə iddialı olanlar üçün ən yaxşı dərslikdir. Poeziyada texnarlığın sirlərinə yiyələnmək üçün də bu esse son dərəcə faydalıdır. T.Eliot görün nə deyir:  "Poeziya - müxtəlif emosiyaların axını və fərdi "mən"in ifadəsi deyildir, əksinə, ondan baş götürüb qaçmaqdır. Ancaq şübhəsiz ki, yalnız bu keyfiyyətin olduğu adamlar bilirlər ki, poeziyada onlardan qaçmaq nə deməkdir". Fərdi "mən"dən qaçmaq üçün isə nəzəri biliklərə yiyələnməli, poetik fəndlər işlətməlisən, eksperimentlərdən çəkinməməlisən. İkimininci illərin əvvəllərində poeziyaya gələn gənclərin əksəriyyəti eksperimental şeirlərlə diqqət çəkməyə çalışırdı və həmin şairlərin bəziləri bir müddət sonra irfan şeirləri yazmağa başladı. Bu, əlbəttə, özlüyündə pis hal deyil, yaradıcı proses bütün mərhələləri adlayıb öz doğma janrını tapana qədər müəllifini müxtəlif izmlərdə gəzişmələr etməyə sövq edir. İkiminincilərdən sonrakı nəsil içərisində diqqət çəkən imzalar (söhbət şairlərdən gedir) nədənsə çox azdır. Aqşin Evrən, Günel Şamilqızı, Oğuz Ayvaz, Seymur Su, Orxan Bahadursoy, Elşən Mehdi, Rəşad Nağı Mustafa mütəmadi izlədiyim imzalardır. Bu gənclər müasir insanın düşüncəsini poetik formada ifadə etməyi bacarırlar, sözün əyninə məzmunu ustalıqla biçirlər, şeirin yeni koordinatlarına artıq bələddirlər. 

Gənc yazarların əksəriyyətində iki qüsurlu cəhət var: bəziləri klassik ədəbiyyatı oxumadan Qərbə həddən artıq aludə olurlar, digərləri isə klassik ədəbiyyata qapanıb dünya ədəbiyyatına arxa çevirirlər. Bunların hər ikisi yanlış yoldur. Əlbəttə, bu fikir yuxarıda adlarını çəkdiyim gənclərə şamil edilə bilməz, sosial şəbəkələrdə tez-tez rast gəldiyim özündənmüştəbeh, öyrənmək istəməyən, şeirə dəxli olmayan cızmaqaralarını gülməli şəkildə müdafiə etməyə çalışan çoxluq bu gileydən öz payını götürə bilər. Sosial şəbəkə nəhəng bir xaosa çevrilib və bu xaotik məkanda diletant yanaşmalar baş alıb gedir.  Mən də onlara xitabən belə bir status yazdım: Kitab oxuyun! Onda daxili dünyanızın nə qədər zənginləşdiyini görəcəksiniz. Çox bildikcə az danışmağı öyrənəcəksiniz, daha az inkar edəcəksiniz, ittiham etməkdən, hökm verməkdən çəkinəcəksiniz, anlayacaqsınız ki, siz hələ heç nə bilmirsiniz!

Əslində, bu yazı da elə həmin statusun davamı sayıla bilər. Fikrimi daha əsaslandırılmış şəkildə çatdırmağa ehtiyac hiss etdim. Biz nəzəriyyədən çox bəhs etdik. Sual oluna bilər ki, ədəbi mətn mütləqmi hansısa nəzəriyyədən asılı olmalıdır? Praqmatik ədəbiyyatşünaslıq bunu qəti şəkildə rədd edir və belə hesab edir ki, mətn nəzəriyyənin nəzarəti altında olmamalıdır. Biopoetika məktəbinin nəzəriyyəçilərindən olan Cozef Kerrol "Nəzəriyyə, antinəzəriyyə və empirik ədəbiyyatşünaslıq" yazısında bu mövzuya geniş toxunub. Hansısa əsər yazılanda müəllif qarşısına məqsəd qoymur ki, bu mətn hansısa izmi ifadə edəcək. Müəllif sadəcə, zamanın ruhunu o mətndə əks etdirir, o başqa məsələdir ki, bizim dövr daha çox postmodern situasiyalarla zəngindir. Şairin baxış bucağı bu situasiyanı fərqli görə bilər, amma istənilən halda yeni söz demək üçün nəzəri biliklərə yiyələnmək vacibdir.

Rus şair və esseisti Mixail Ayzenberq müsahibələrindən birində deyir ki, dünya sürətlə dəyişir. İndi biz 4-5 il əvvəlki dünyada yaşamırıq. Minilliyin əvvəlində də dünya bu cür güclü və kəskin dəyişikliyə məruz qaldı. Bu gün isə insanla dünyanın münasibəti dəyişilib, poeziya da bu tələblərə müvafiq olaraq özünə yeni əsaslar axtarır. Şeirin yolu düzxətli deyil, sıçrayışlıdır, yenilik isə partlayışla gəlir. Bu sıçrayışlar isə daxili təlatümlərdən doğur. Yıpranmış, şablon ifadələrdən imtina etmək üçün zamanın ruhunu hiss etmək gərəkir. İnsanların libası zamana uyğun dəyişdiyi kimi şeirin də modu yeni söz tələb edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!