Daha "...bir nəzər" - Səhv nəzərləri sərf-nəzər etmə vaxtı - Nizaməddin MUSTAFA - Nizaməddin MUSTAFA

Nizaməddin MUSTAFA

Əvvəli burada

Nəsrin yeniləşməsi prosesindən söz açırıqsa, onun qədim tərcümə (təbdil) sənəti ilə qırılmaz bağlılığı mütləq qeyd olunmalıdır. Bu yolda "ilk qaranquş" sayılan Abbasqulu ağa Bakıxanovun "Riyazül-qüds" (1820) əsəri Füzulinin "Hədiqətüs-süəda", Hüseyn Kaşifinin "Rövzətüş-şühəda" və Məhəmməd Bağır Məclisinin "Cilaül-üyun" ("Gözlərin işığı") əsərlərindən  sərbəst faydalanma üsulu ilə yazılıb. Əsəri nəzirə və tərcümə kimi qiymətləndirən alimlər də var və onların arqumentlərini qəribçiliyə salmaq düz olmazdı. Müəllif səcli nəsrlə Kərbəla hadisələrinin, İmam Hüseyn müsibətinin təsvirini vermiş, yeri gəldikcə, öz şeirlərindən də istifadə etmişdir. Bakıxanovun ikinici  nəsr əsərinin - "Kitabi-Əskəriyyə"nin (yazılma tarixi 1837-ci il göstərilir) mövzusu isə XIX əsr həyatından götürülmüşdür və hekayə dövrün müəyyən səciyyəvi əlamətlərini əks etdirir. Mövzu və məzmun etibarilə nisbətən yeni görsənsə də, nəsrdə janr yeniliyi iddiaları zəminində bu əsəri "Riyazül-qüds"dən fərqləndirəcək məxsusi əlamətlər, heç də nəzərəçarpacaq deyil. Hekayənin müqəddiməsindən (Allaha həmd və səna, şükür və niyaz, Məhəmməd Peyğəmbərin ruhuna səlavat və s.) başlamış sonluğuna qədər klassik nəsrə xas olan qəliblər - Quran ayələrinə istinadlar, şeir-nəsr ardıcıllığı, özündən əvvəlki bədii mətnlərlə intertekstuallıq, təhkiyənin ali, "gözəl üslub"da ifadəsi (hətta müəllifin də bunu nəzərə çarpdırması) və s. "Kitabi-Əskəriyyə"nin "bütövlükdə Şərqin məşhur mücərrəd-romantik və dini-mistik poemalarının açıq təsiri" (Nadir Məmmədov) altında qələmə alındığına dəlalət edir. Belə bir ehtimal da var ki, Bakıxanov yaradıcılığının erkən dövrünə aid olan bu hekayəni Dərbəndin nüfuzlu din xadimlərindən Məhəmməd Tağı ibn Məhəmməd Qasımın "Kitabi-Zərbəli" əsəri əsasında  yazmışdır. Hekayənin  yeniliyi olsa-olsa, konkret zaman və məkanda baş verən hadisələrdən, cəmiyyətin aşağı təbəqələrinin həyatından bəhs etməsi, qəhrəmanların "sadə xalqın içindən çıxması" və şəriət hökmləri ilə bağlı   ənənələrdən hamı kimi əziyyət çəkməsidir. Üstəlik, nasirin təbliğ etdiyi mütərəqqi ideyalar hələ rüşeym halındadır və elə buna görə də "Kitabi-Əskəriyyə"nin bir bədii əsər kimi realist Azərbaycan hekayəsini nə şəkli, nə də məzmun və quruluş cəhətdən təmsil eləyə bilməməsi fikri ədəbiyyat tarixçiləri arasında geniş yayılmışdır. N.Məmmədovun sözlərinə görə, Bakıxanov "Kitabi-Əskəriyyə" hekayəsində bu janrın tələblərinə cavab verən ilk bədii əsəri yaratmağa cəhd göstərsə də, bu, yalnız cəhd olaraq qalmışdır.

Sonrakı nəsr əsərlərindən İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada fransız dilində çap etdirdiyi "Rəşid bəy və Səadət xanım" hekayəsinin süjet və kompozisiya baxımından daha mükəmməl təsir bağışladığı, yeni dövrün ictimai münasibətləri ilə bağlı maraqlı nüanslar əks etdirdiyi söylənilir, amma, məlum səbəbdən, bu əsərin türk-İslam (Azərbaycan) ədəbiyyatının inkişafına təsirindən danışmaq mümkün deyil. İsmayıl bəyin ziyarət təəssüratlarını qələmə aldığı "Səfərnamə" isə ənənəvi səyahət və ziyarətnamələrin tipik nümunəsidir.

Bir sıra tanınmış tədqiqatçılar M.F.Axundovun "Aldanmış kəvakib" (1857) əsərini "poetik sisteminə görə Azərbaycan nəsr düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsinin ilk mükəmməl nümunəsi" hesab etsələr belə, ideya-məzmun xüsusiyyətlərinə görə böyük mütəfəkkirin utopik-islahatçı baxışlarını əks etdirən və İran tarixinə həsr olunan bu hekayəsində  də ənənəvi tarix və vaqeənəvisliyin izləri qabarıq nəzərə çarpır: əsərin süjeti XVII əsrin əvvəllərində İsgəndər bəy Münşi tərəfindən qələmə alınmış "Tarixi-aləmarayi-Abbasi"  ("Dünyanı bəzəyən Abbasın tarixi") salnaməsindən götürülüb.  Amma süjet-kompozisiya quruluşu və s. nöqteyi-nəzərindən  Qərb nəsrinə doğru müəyyən  addım atılması da diqqətdən yayınmır. Mirzə Fətəli özü əsəri janr baxımından "roman" adlandırır. M.Osmanoğlunun qeyd etdiyi kimi, Mirzə Yusif xana 8 noyabr 1875-ci il tarixli məktubunda o yazırdı: "Roman yazmaq da, avropalıların istilahınca, dram adlanan bu kimi əsərlər növündəndir. Təəssüf ki, bizim xalqımız bu fəndən hələ tamamilə xəbərsizdir. Hətta "Cami-Cəm" kitabının mütərcimi şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman Tiflisdən keçərkən mənə dedi: - Mirzə Fətəli, "Tarixi-aləmara"da Yusif Sərracın hekayəsi sənin yazdığın qədər müfəssəl deyildir. Sən nə üçün o qədər təfsilatı əlavə etmişsən? Mən ona dedim: - Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim? Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək, o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman deyirlər"... Əlbəttə, "Aldanmış kəvakib" hələ klassik Avropa romanı deyil, amma onun klassik türk-İslam nəsri nümunələrindən xeyli qabağa getdiyini də görməzliyə vurmaq olmaz. Əsəri Qərb tipli roman kimi yox, "Azərbaycan ədəbiyyatında daha artıq dərəcədə mühüm janr hadisəsi" kimi nəzərdən keçirən Elçin "Aldanmış kəvakib"in hekayə  olduğunu vurğulayarkən, görünür, məhz bu oxşarlığa və məhz bu fərqə əsaslanır və yazır ki: "...hekayəni bir janr kimi Azərbaycan ədəbiyyatının faktı edən "Aldanmış kəvakib" oldu".

  İllüstrasiya: Əzim Əzimzadə "Aldanmış ulduzlar"

"Azərbaycan nəsr düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsi" haqda yuxarıdakı obrazı davam etdirsək, deyə bilərik ki, Mirzə Fətəlinin "Aldanmış kəvakib" ilə, nəsr düşüncəsini yerindən tərpətməyə, hərəkətə gətirməyə müvəffəq olduğuna şübhə yoxdur. Yerdəyişmədən danışmaq isə, hələlik, çox tezdir. Təfərrüata varmadan deyə bilərik ki, izlədiyimiz dövrdə yaranan digər nəsr nümunələri də bundan qabağa getmir. Misal üçün, əsrin ortalarında M.Ş.Vazehin İvan Qriqoryevlə birlikdə gimnaziya tələbələri üçün hazırladığı "Kitabi-türki" müntəxabatına xeyli mənsur məzhəkə və hekayət, təmsil və s. daxil edilmişdi. Lakin Vazehin Şərq ədəbiyyatından - nağıl və rəvayətlərdən sərbəst tərcümə və təbdil yolu ilə yazdığı kiçik hekayə, miniatür və təmsillər üçün bəlkə hətta "yerində saymaq" ifadəsini işlətmək, daha doğru olardı. 

Deyilənləri ümumiləşdirsək, etiraf etməliyik ki, nəzərdən keçirilən əsərlər içərisində Qərb tipli nəsrin kamil bədii  nümunələri yox dərəcəsindədir. Olsa-olsa, klassik türk-İslam nəsrinin öz bətnində yetişən rüşeymlərdən, yaxud kənar təsirlərin hələ üzvlənməmiş, maddi simasını tam şəkildə tapmamış ifadəsindən söz aça bilərik. Bir sözlə, hələlik yeni nəsrin yaranması üçün münbit də olmasa, müəyyən zəmin yaranmaqdadır. Artıq əsrin sonlarına doğru Mirzə Əbdürrəhim Talıbov məhz həmin zəmində əxlaqi-tərbiyəvi, alleqorik səciyyəli "Kitab yüklü eşşək", Hacı Zeynalabdin Marağayi isə "İbrahim bəyin səyahətnaməsi" (I cildi 1897, II-III cildləri isə 1906 və 1909-cu illərdə çap olunmuşdur) kimi diqqətəşayan əsərlər yazırlar. Maraqlı cəhət budur ki, həmin müəlliflərdə əlavə təsirlər hissolunacaq dərəcədədir, özü də bunu görmək nə qədər asan olsa da, təsirlərin mənbəyini (türk-Osmanlı, Rusiya, tatar, İran...) müəyyənləşdirmək, boynumuza alaq ki, bir o qədər asan deyil. Osmanlı və tatar ədəbiyyatlarında Avropa tipli yetkin nəsr əsərlərinin (romanların) formalaşdığı bu dövrdə qarşılıqlı mübadilələr elə çalpaşıq-çulğaşıq, ədəbi proses elə qarışıq və dərindir, hadisələr isə elə  sürətlə cərəyan edir ki, üstündən bu qədər vaxt keçəndən sonra xüsusi araşdırmaların belə bu mövzuya aydınlıq gətirəcəyinə ümid azdır. Hər halda, təsir və mübadilələrin türk-İslam ədəbiyyatının öz doğma zəminində getdiyini düşünmək daha məntiqli, daha möhtəməldir. Əsrin sonlarında Azərbaycanda ortaya çıxan və bizə gəlib çatan əsərlər arasında yeni bədii nəsrin meyarlarına daha çox  uyğun gələni Cəlil Məmmədquluzadənin hekayələri, ələlxüsus da ölməz "Danabaş kəndinin əhvalatları"dır. Təəssüf ki, yazıçı bu əsəri 1894-cü ildə yazsa da, naməlum səbəblərdən öz  sağlığında nəşr etdirməmişdir (əsər ilk dəfə 1936-cı ildə çap olunub). Azərbaycan ədəbiyyatının ilk romanı isə Nəriman Nərimanovun "Bahadır və Sona"sı (I hissə 1896-cı, II hissə 1899-cu il) sayılır (Yaşar Qarayev məhz onu "saf nəsr əsəri" adlandırmaqda haqlıdır). Nəhayət, 1898-1900-cü illərdə  Sultan Məcid Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani" romanı (dilogiya: I hissə - "Müəllimlər iftixarı", II hissə - "Gəlinlər həmayili"), sonrakı illərdə C.Məmmədquluzadənin, Ə. Haqverdiyevin, N.Nərimanovun, Y.V.Çəmənzəminlinin və başqa yazıçıların çoxsaylı hekayə və povestləri  nəşr olunur, bir sözlə, Azərbaycan bədii nəsri artıq inkişaf mərhələsinə qədəm qoyur. Yalnız bu dövrdə - XIX-XX əsrlərin qovuşağında Azərbaycan nəsr düşüncəsində Şərqdən Qərbə (dolayı yolla və ya birbaşa) doğru yerdəyişmənin həqiqətən də özünü tam mənası ilə göstərməyə başladığını cəsarətlə deyə bilirik. Hətta səbəb kimi bir neçə mühüm amili də  göstərmək mümkündür. Bunlardan birincisi, rus-tuzem (rus-tatar) məktəblərində, imperiyanın ali təhsil ocaqlarında, habelə xaricdə təhsil almış azərbaycanlı ziyalıların ilk nəslinin məhz həmin illərdə müstəqil generasiya kimi ictimai fikir sahələrinə nüfuz etməyə başlamasıdır. İkinci faktor kimi, Avropa (rus) ədəbiyyatından türk dillərinə ilk tərcümələrin (baxmayaraq ki, Azərbaycanda bunların əksər qismi poeziya nümunələri idi) bu dövrdə meydana çıxması nəzərə alınmalıdır. Üçüncü və ən əsas səbəb isə, zənnimizcə, Osmanlı ədəbiyyatında yeni nəsrin təşəkkül tapmasıdır ki, bu barədə bir neçə söz söyləmədən keçmək düzgün olmaz.

Osmanlı və tatar ədəbiyyatlarında yeni nəsrin təşəkkülü

Qədim bədii tərcümə və təbdil ənənələrinin yeni nəsrin yaranmasında önəmli rol oynaması müddəası Türkiyə ədəbiyyatı faktları ilə də təsdlənir. Bu zəngin irsin başlıca mənbəyini əsrlər boyu Şərq ədəbi fikrinin ərəb, fars, türk, hind, əfqan-tacik dillərində parlaq örnəkləri təşkil etmiş, müsəlman xalqları bir-birlərinin və başqa xalqların ədəbi məhsullarını çevirmiş və mənimsəmişlər. Avropa ədəbiyyatının ilk bədii nəsr nümunəsi Türkiyə türkcəsində 1862-ci ildə dərc olunub: Fransua Fenelonun "Telemak" əsəri Yusif Kamal Paşa tərəfindən orijinaldan deyil, ərəb dilinə tərcümədən çevrilmişdi. Bununla Avropa bədii nəsri də türk dilinə tərcümələrin yeni bir istiqamətini  təşkil etmiş olur. Ta 1880-ci illərə qədər  istər orijinaldan, istərsə ikinci dillərdən türkcəyə çevrilən Qərb ədəbi nümunələri  silsilələr şəklində qəzetlərdə yayımlanır, V.Hüqonun "Səfillər", D.Defonun "Robinzon Kruzo" romanları böyük maraq doğurur. Paralel olaraq 1870-1880-ci illərdə bir-birinin ardınca Əhməd Midhət Əfəndinin, Əmin Nihatın, Şəmsəddin Saminin, Namiq Kamalın, Mahmud Əkrəm Rəcaizadənin, Xalid Ziya Uşaqlıgilin və b. orijinal nəsr əsərləri ("Qissədən hissə", "Lətaifi-rəvayət", "Müsamirətnamə", "Təəşşüqi-Tələt və Fitnət", "İntibah", "Araba sövdası", "Fəlatün bəy və Raqib əfəndi", "Səfilə", "Nəmidə" və s.) çapdan çıxır. Mövcud türk-İslam və öyrənilən Avropa nəsr üslublarının sintez edilməsinə müxtəlif mövqelərdən coxsaylı cəhdlər göstərilir ki, bu da ilk türk romanlarının ümumi və birləşdirici əlaməti sayıla bilər. Bəzi hallarda açıq təqlidçiliyə yol verilməsi belə təəccüb doğurmur. Ə.H.Tanpınar yazır: "Kamal "İntibah"ı 1873-1875-ci illərdə türk dilində bu növə (yəni romana-N.M.) bir örnək yaratmaq üçün qələmə almışdı. Romanın müqəddiməsində deyilir: "Onların (qərblilərin) bir takım əsari-nəfisəsinə təqlid edər və Şərqlə Qərbin fikri-kamal və bikri-xəyalını izdivac etdirməyə çalışırız"". Axtarış-sınaq  dövrü xeyli uzansa da, fransız romanları stilində nəsr yaradıcılığı Osmanlı ədəbiyyatında o qədər geniş miqyas və vüsət tapır ki, tezliklə təsirləri digər türkdilli ədəbiyyatlarda da əks-səda verməyə başlayır. Musa Akyigidin "Hüsaməddin Molla" əsəri  (1886) Kazan-tatar ədəbiyyatında ilk roman təcrübəsidir. Elə həmin il Məhəmməd Zahir Bigiyev bu janrda "Uluf, yaxıd gözəl qız Xədicə", 1890-cı ildə isə "Günahi-kəbir" əsərlərini qələmə alır. Böyük maarifçi Qaspıralı İsmayıl bəy 1887-ci ildə "Firəngistan məktubları"nı nəşr etdirir, ardınca "Darürrahat müsəlmanları"nı yazmaqla, Krım-tatar ədəbiyyatında Qərb tipli yeni bədii nəsrin təməlini qoyur. Görkəmli Kazan-tatar ruhanisi, ədəbiyyat və fikir adamı Rizaəddin Fəxrəddin 1898-1899-cu illərdə "Səlimə, yaxud iffət", 1903-cü ildə isə "Əsma, yaxud əməl və cəza" romanları ilə bu prosesi daha da gücləndirir. Osmanlı təcrübəsindən bəhrələnən türk-İslam romançılığının yeni əsrə vahid məcrada inkişaf edən  bir cərəyan kimi daxil olduğunu ehtimal etmək üçün, deyilənlər, zənnimcə, yetərli və tutarlıdır. Adıçəkilən romanlarda mövzu, məzmun, mündəricə, dil-üslub oxşarlıqları o qədər böyükdür ki, axının eyni mənbədən gəldiyinə şübhə yeri qalmır. Nəzərə çarpan rus və Avropa (istər rus, istər türk dilləri vasitəsilə, istərsə də bilavasitə) təsirləri isə türk-İslam ədəbiyyatının daxilindən gələn axını daha da gücləndirərək, ana qaynağa qoşulan yeni qollar və şaxələri xatırladır. Bu cəhətdən tatar nəsri türk-İslam ədəbiyyatında Qərb yönümlü nəsr cərəyanının inkişaf xüsusiyyətlərini əks etdirən dəqiq indikator, belə demək mümkünsə, lakmus kağızıdır. Qeyd edək ki, ilk tatar romanlarının yeni Osmanlı nəsrinin təsiri altında olması (oxucuya xitab etmə üslubuna, romanların adının "yaxud" bağlayıcı ilə iki qismə bölünməsi kimi xırda nüanslarına qədər) çoxdan isbat edilmiş məsələdir.

Diqqət yetirdikdə Azərbaycan ədəbiyyatının da bu prosesdən kənarda qalmadığını görə bilirik. Yusif Vəzir Çəmənzəminlinin 1914-cü ildə yazılmış bir məqaləsi var- "Qulluq və əsirlik". Mədəniyyətimizin müxtəlif sahələrində Azərbaycan xalqının əsarət altında yaşadığı qədim dövrlərin izlərini aşkarlayan nasir məqalənin bir yerində yazır: "Keçək hekayənəvisliyimizə: bura da bir təqlidçilik meydanına dönüb... Qəhrəmanlar bir-birilə Osmanlı dilində danışırlar. Özləri də Avropa həyatına bənzər bir ömür sürürlər. Oğlan qıza görüş təyin edir, görüşürlər, bir-birilə ədəbi dildə danışırlar, bir-birinə şeir oxuyurlar. Qız da bilikdə, məlumatda, istedad və qabiliyyətdə oğlandan geri qalmır. Deyirsən: "Pərvərdigara, bu yazıçılar hansı məişəti belə təsvir edirlər?" Məgər biz o qədər mədəni olmuşuq ki, qızlarımız oğlanlar ilə görüşüb danışa bilirlər? Məgər qızlarımızın biliyi və təcrübəsi o qədər genişdir ki, hər şeyi lazımınca dərk eləyib düşünürlər?.. Yox, qardaşım, bizim məişət belə deyil!" Zənnimizcə, Azərbaycan nəsrinin türk təsirində olmasını deyəndə də, bunu təqlidçilik kimi qiymətləndirəndə də Yusif Vəzir haqlıdır. Ancaq onun mövqeyini düzgün anlamaqdan ötrü kiçik bir arayışa ehtiyac var. Yazıçı burada türk romançılığının ilk dövrünə xas olan fransız təqlidçiliyinin zaman keçdikcə, "Sərvəti-fünun" və daha sonrakı ədəbi cərəyanlar dövründə getdikcə gücləndiyini və görünür, türk-İslam ədəbiyyatının digər qollarına da yayıldığını nəzərdə tutur. Bizim üçün daha maraqlı olan isə budur ki, sovet dövrü ədəbiyyat tarixçiləri bu tendensiya və onun daşıyıcıları (yazarlar və əsərlər) barədə susmağa, hər halda Yusif Vəzir qədər açıq danışmamağa üstünlük vermişlər. Türk təsiri altında yaradılmış həmin əsərlərin çoxu itib-batmış (proletar senzurası, repressiyalar və s. ucbatından), unudulmuş, yaxud sadəcə tədqiqat-təbliğat dairəsindən kənarda saxlanılmışdır. Yaddan çıxarmayaq ki, biz o dövrün ədəbi təsərrüfatı haqqında informasiyanı hər şeydən əvvəl son dərəcə siyasiləşdirilimiş ədəbi icmallardan almağa məhkum olunmuşuq. Amma xoşbəxtlikdən  bəzi istisnalar da var. Misal kimi Abdulla Şaiqin macərapərəst sevgi  məktublarından ibarət romantik-sentimental səciyyəli "İki müztərib, yaxud əzab və vicdan" adlı (ada diqqət yetirməli!) romanını misal göstərə bilərik. Müəllif bu romanı yazmağa 1905-ci ildə başlamış, lakin sonralar da üzərinə qayıtmışdı. A.Şaiqin 1912-ci ildə nəşr olunan "Bədbəxt ailə" romanında da türk nasirlərinin təsiri gözlə görünəcək dərəcədə aşkardır...

...Beləliklə, söylənənlər əsasında bəzi ilkin və aralıq nəticələr çıxara bilərik.

Birincisi. Haqqında danışılan dövrdə ədəbiyyatımızda yeni janrların yaranması faktdır, lakin bu fakt yalnız "təməlatma" dərəcəsində önəm daşıyır. Yəni, o dövrdə dramaturgiya və yeni nəsrin yalnız təməli qoyulmuş, bu janrlar "gəldikləri" yad ədəbi mühitdə çətinliklər bahasına olsa da, qəbul edilmiş və inkişaf yolu tapmışdır.

İkincisi. Yeni janrların təməlinin qoyulması ədəbi olmaqdan daha çox fövqəl-ədəbi ictimai-mədəni təlabatla şərtlənmiş və mövcud çoxəsrlik ədəbiyyatın məxsusi təkamül prosesindən kənarda yox, türk-İslam ədəbiyyatının daxili inkişaf qanunauyğunluqları məcrasında baş vermişdir. Əksini sübut etməyə çalışmaq ədəbiyyatın təbiətini inkar etməkdən başqa bir şey deyil (bu mənada Elçinin fikri ilə razılaşmamaq olmaz: "Ədəbiyyatın tarixi sübut edir ki, onun təbiəti, spesifikası, əgər belə demək olarsa (güman edirəm ki, olar!), "ədəbi inqilaba", "ədəbi qəfilliyə" yaddır, onun yolu təkamül yoludur".)

Üçüncüsü. Yeni yaranan janrlar, sözsüz ki, ədəbiyyatın ümumi atmosferinə təsir etmişdir və etməli idi. Lakin sözügedən dövrdə nə dramaturgiya, nə də xüsusilə, yeni nəsr (konkret olaraq Azərbaycan mühitində!) hələ mövcud ədəbiyyatın mahiyyətini dəyişəcək qədər güc toplamamışdı. Odur ki, bu janrların yaranmasını yeni ədəbiyyatın təşəkkül tapması (hətta yeni bir mərhələ)  kimi qələmə vermək ən azı tələskənlikdir. Dramaturgiyanın inkişafı teatrla bağlı olduğu üçün, onunla işimiz yox, amma nəsrin XIX əsrdə hələ  zəif olması, poeziya ilə müqayisəyə gəlməməsi inkaredilməzdir. Yuxarıda Mirzə Fətəlinin 1871-ci ildə söylədiyi bir fikri misal gətirmişik. Üstündən ən azı 30 il keçəndən sonra S.M.Qənizadə eyni fikri başqa sözlərlə təkrarlayaraq yazırdı: "İndiki bu mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə gedib, zülf və kakilə mədh və rəcəz oxumaq hünər deyil, məsxərəbazlıqdır. İndi hekayənəvisliyə meyl etmək, oxucunun həyatına, tərbiyəsinə müsbət təsir göstərən həyati nəsr əsərləri yazmaq lazımdır". Doğrudur. Amma deyilənlər dolayısı ilə həm də onu göstərir ki, S.M.Qənizadənin təmsil etdiyi yeni nəsr tənqid etdiyi köhnə şeiri mövqeyindən sıxışdırmaq gücündə deyil, hər halda 30 illik mübarizə hələ nəticə verməyib. M.Ə.Sabirdən danışarkən Elçin də etiraf edir ki,  "Köhnə ilə yeni arasındakı rəqabətdə köhnənin say üstünlüyü milli oyanışa müqavimət göstərirdi".

Dördüncüsü. Yeni yaranan janrlar populyar da deyil. Baxmayaraq ki, ictimai fikrin müasirləşməsinə, təbiri-caizsə, "yeni insanın formalaşdırılması"na hesablanıb, üstünlükləri hamı tərəfindən sosial-mədəni məqsədlər nöqteyi-nəzərindən (bədii-estetik yox!) etiraf edilir, amma, misal üçün, 1892-ci ildə Eynəli bəy Sultanovun "Novoye obozreniye" qəzetində çap etdirdiyi "Azərbaycanlılar nə oxuyurlar" məqaləsində nə bir dram, nə bir nəsr əsərinin (yaxud müəllifinin) adına rast gəlmirik və bu hal, mütləq bir ədəbi həqiqəti əks etdirir.

Beşincisi və ən əsası. Yeni janrlar XIX əsrə qədər kəsişməyən çoxluqlar kimi səciyyələndirilə bilən Şərq (bizim misalda türk-İslam) və Qərb ədəbiyyatları üçün təmas nöqtəsi olur. Diffuziya üçün, açığı, çox azdır. Bu kiçik nöqtəni şişirdib, "avropalaşma" (oxu: ruslaşma) dərəcəsinə çatdıran Sovet ədəbiyyatşünaslığının indiki ardıcılları istəsələr də, istəməsələr də bunu etiraf etməlidirlər. Müşahidələr göstərir ki, belələri bundan iki yüz il əvvəlki prosesləri "ədəbiyyatımızın nə qədər tez qərbləşdiyini desək, bir o qədər xeyrimizə olar" düşüncəsi  ilə qiymətləndirməyə həvəsiyir, amma məsələləri daha da  dolaşdırmaqdan başqa heç nəyə nail ola bilmirlər. Ən optimal mövqeyi yenə Elçin nümayiş etdirir, Azərbaycan ziyalılığında Şərq-Qərb kəsişməsindən bəhs edərkən yazır: "Və illər ötdükcə bu kəsişmə bədii-estetik vəhdətə çevrilməyə başladı və bu istiqamət artan xətlə inkişaf edərək, Mirzə Fətəli, Mirzə Cəlil, Üzeyir bəy, Hüseyn Ərəblinski yaradıcılığından keçərək, Şövkət Məmmədova, Bülbül, Qəmər Almaszadə, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov yaradıcılığına gəlib çıxdı, ədəbiyyatda yeni janrlar yarandı, poeziya ilə bərabər proza da bu ədəbiyyatın simasını müəyyənləşdirdi, ədəbi-bədii dil tam şəkildə formalaşdı və milli ilə bəşərinin vəhdəti bir küll halında Azərbaycan mədəniyyətini xarakterizə edən ən mühüm cəhətə çevrildi". Yəni, deyilənlər yalnız sovet dövründə (özü də erkən sovet dövründə yox!) başa gəlib. Burada "poeziya ilə bərabər proza da bu ədəbiyyatın simasını müəyyənləşdirdi" təbiri apardığımız qiyabi polemika baxımından xüsusi əhəmiyyətə malikdir. Çünki XIX əsrdə ədəbiyyatımızın simasını məhz poeziyanın müəyyənləşdirdiyini aşkar şəkildə ifadə edir.

Ardı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!