Küldən təpəcik olmaz - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

1

Bir möhkəm, ilk baxışdan sarsılmaz prinsipə güvənib yazan adamlar zaman keçdikcə elə bil ki, dünyanın zahirindən, ətrafın götür-qoy və min dürlü faydalarından yayınıb özlərinə çəkilir və özlərini yazırlar. "Bitdi, qurtardı" dediyin anda o dibsiz dərinliyi yenidən hiss edir, ora yollanır, orda qalıb gecələyir, bəzən də əliboş geri qayıdırlar. Və əliboş qayıdanda susa bilirlər. 

Bu şəkildə yazmaq ən ziyansız işdi.

Əks halda ən qorxunc bir şey. "Baxın mən yazıram, sizin üçün yazıram!"

 

2

Elə əsərlər, bədii mətnlər var ki, bizim zaman-zaman əldə etdiyimiz, qavrayıb ruhi təcrübə kimi yığdığımız nəsnələr haqqında sirr kimi görünənlərə işarə edir, yaddaşımızda biliklə biliksizliyi ayıran, yaxud qovuşduran şırımları oyadır. Vaxtilə oxuduğum "Sözün kimyası" kitabında bunu görmüşdüm. Yaxud Heyzinqanın "Orta əsrlərin payızı" tədqiqatında. Bəli, həm də elə tədqiqatlar da var ki, bizim duyub saxladığımız, dillə ifadə etmədiyimiz, yaxud heç bir vəchlə edə bilmədiklərimizi danışır, əlimizdən tutur. Ancaq nə olur-olsun, bu əl bir gün boşalır və boşalmalıdır da.

Ancaq indi söhbət elmi-tədqiqatdan yox, bədii mətndən gedir.