Quşlar saatla yox, işıqla başlayır oxumağa... - Azər TURAN

"Və yazarsan adını rəsmin bir köşəsinə..."

Azər TURAN

1985-in yayı. Tayqa meşəsi. Gecə. Meşənin bütün quşları qəfil və bir ağızdan ötməyə başlayır. Bu polifonik quş xorunun, əslində, işıqla, günəşlə ilgili olduğunu bir neçə dəqiqədən sonra əsgərlik dostum, rəssam Ucal Haqverdiyevlə söhbətim zamanı xatırlayacam... Ucal öz məxməri səsiylə "Qalx, Fransua, quşlar arıtıq çoxdan Allahı salamlayıb" - deyə Fransua Millenin anasının hər səhər oğlunu yuxudan oyadarkən söylədiyi sözləri yada salacaq. Ucalın bu xatırlatması bir yandan da yaddaşımda Vaqif Səmədoğlunun misralarını oyandıracaq: "Quşlar saatla yox, işıqla başlayır oxumağa..."

***

Jak Prevertin "Bir quşun rəsmini çəkmək üçün" şeirinin Rusiyada da, Türkiyədə də orta məktəblərin 5-ci sinfində öyrənilməsi tövsiyə edilir... Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, estetik dünyagörüşünün formalaşdırılması baxımından şeirin doğurduğu intibalar çoxdur...

***

"Bir quşun rəsmini çəkmək üçün" "aralarında məntiqi əlaqə olmayan iki gerçəyin yaxınlaşması"ndan, Bretonun və Reverdinin ortaq təbirincə, iki işığın toqquşmasından yaranıb. Şeirin rus interpretasiyasına görə, həyat gözəldir, amma rəssam onu daha da gözəlləşdirə bilər.

Prever şüurardından, fəhmdən, röyadan, instinktiv, sövq-təbii düşüncədən yola çıxaraq, "sənət əsərinin yaradılışında əqlin və məntiqin nəzarətini" rədd edib. Məntiq "məhbəslərin ən iyrəncidir" (A. Breton). Ona görə də sürrealist Prevert bu şeirdə ənənəvi məntiqin sədlərini  dağıdır. Bəlkə də  real məntiqdən imtina edərək, sürreal məntiqsizlikdən metafizik məntiq törədir. Həm bu, həm də bunun əksi. Yəni bu şeir bir fransız şairinin irfanıdır. Türk interpretasiyasına görə, "tablo dünyadır, quş fiquru insanın özüdür. İnsan bir kənara çəkilib özünün gəlməsini gözləyir."  Bəlkə də Nazim Hikmətin dediyi kimi:

ben beni bir daha ele geçirsem,

-ab-ı hayat içersem demiyorum-

kapılar bir daha açılsa

ben bu haneye bir daha girsem

yaşardım yine böyle kan revan içinde

yine böyle aşk ile sersem,

ben, beni bir daha ele geçirsem...

Prevert quşu azadlıqdan qəfəsə salır və qəfəsin içində estetik iqlim qurşağı yaradır.

Görəcəksiniz, bu şeirdə hüzurun melodiyası misradan misraya necə uçur, sözdən sözə necə qonur...

***

 Yuxarıda qeyd etdiyim kimi, "Bir quşun rəsmini çəkmək üçün" şeirinin Rusiyanın da, Türkiyənin də orta məktəblərinin 5-ci sinfində öyrənilməsi tövsiyə edilir... Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, estetik dünyagörüşünün formalaşdırılması baxımından şeirin doğurduğu intibalar çoxdur... Görünür, sabahlı ədəbiyyat yaratmağın yolu zövqü, təfəkkürü uşaq yaşlarından etibarən bu kimi ciddi estetik dalğaya kökləməkdən keçir.

 

Jak Prever

Bir quşun rəsmini çəkmək üçün

Öncə bir qəfəs rəsmi yaparsan

Qapısı açıq bir qəfəs

Sonra quş üçün

Bir şey çəkərsən içinə

Sevimli bir şey

Yalın bir şey

Gözəl bir şey

Yararlı bir şey

Sonra götürüb bir ağaca

Asarsan bu rəsmi

Bir baxçada

Bir qoruqda

Ya da bir ormanda

Gizlənib gözləyərsən ağacın arxasında

Səs çıxarmaz

Qımıldamazsan

Quş bəzən tez gələr

Amma uzun illər gözləyə də bilər.

Qərar verməzdən öncə

Usanmayacaqsan

Gözləyəcəksən

İllərlə gözləyəcəksən gərəkirsə

Rəsmin başarısıyla heç bağlılığı yoxdur çünki

Quşun tez ya da gec gəlməsinin

Gələcəyi olub da gəldimi quş

Səs çıxarmaq yox

Qəfəsə girməsini gözlərsən

Girdimi qəfəsə fırçanla

Üsulluca qapısını qapayarsan

Sonra quşun bir tükünə toxunmadan

Bütün qəfəs tellərini bir-bir silərsən

Yerinə bir ağaç rəsmi çəkərsən

Budaqlarının ən gözəlinə qondurarsan quşu.

Təbii nə yapraqlarının yaşılını unudacaqsan

Nə yellərin sərinliyini

Nə də yay sıcağındakı böcək səslərini

Otlar arasında.

Sonra gözləyərsən ötsün deyə quş

Ötməzsə çox pis

Rəsm çox pisdir deməli

Ötərsə gözəl olduğunun rəsmidir

İmzanı ata bilərsən artıq

Bir tük qopararsan üsulca

Quşun qanadından

Və yazarsan adını rəsmin bir köşəsinə.