Alleqoriyadan simvolikaya... - Mehman Qaraxanoğlu - esse

Mirzə Cəlil, Allah sənə rəhmət eləsin!

Bizi Mirzə Cəlilin düşünmədiklərini də guya "zorən" onun boynuna qoymaqda, mətnlərini XXI əsrin baxış bucağından təhlil edib xırdalıqlarına qədər "təftiş" etməkdə suçlayanlar - fundamental konservatorlar vardır. Amma tutarlı (və ya "tutarsız!") arqumentləri yoxdur. Çünki Əlahəzrət "qoruyucu" mətndən bir millimetr də uzaqlaşmırıq. Ədibi, sözdə bütün zamanların ən böyük sənətkarlarından biri olduğunu deyirik, amma əməli işə gələndə bu fikri özümüzdən uzaq tuturuq. Deyəsən, onun XXI, XXII, XXIII... və sonsuz əsrlərin sənətkarı olduğunu hələ də həzm edə bilmirik.

Gözəl hekayələr xırda detallardan hörülür. 2015-ci ilin Nobel mükafatçısı Svetlana Alekseeviçin yaradıcılığı buna parlaq misaldır. Çernobıl kimi ümumbəşəri bir faciəni çox "mozaik", xırdadan da xırda detallarla təsvir edən yazıçı dünyanın diqqətini özünə yönəldə bildi. Bizim Mirzə Cəlil də hekayələrini təkxətli süjet üzərində qurmur, zahirən bir-biri ilə əlaqəsi olmayan xırda təfərrüatlara, dramatik situasiyalara və məkan dəyişimələrinə xüsusu önəm verərək mətni monotonluqdan xilas edir və "məxfi" oxu resepti təqdim edir. Mirzə Cəlil nəsri ritmik deyil, aritmikdir.

***

Dünya ədəbiyyatında Mirzə Cəlil qədər oxucusu ilə birbaşa kontakta girib onunla "oyun" oynayan az-az sənətkar vardır. Bu "oyun" əsərin adından, ilk açar sözündən, vergül, nöqtə, sualından, üç nöqtəsindən, epiqraf və sairədən başlanır.

Dahi Nizami "Yeddi gözəl"ində poemasının iki tip oxucu üçün nəzərdə tutulduğunu deyir: Surətpərəstlər və batinçilər (məzmun sevənlər) üçün. Nağılçılıq, hekayəçilik, saysız-hesabsız oyun elementləri birincilərin zövqünü oxşayır. Yer və göy müəmmaları fonunda insan fəlsəfəsinin ən mübhəm qatlarının açılışlarını görmək isə ikincilərin alnına yazılıb. "Yeddi gözəl"də hər bir hekayət bütöv bir insan ömrünü simvollaşdırır. Onlar eyni çayın ayrı-ayrı qolları kimi sonda gəlib bir nəhrə tökülürlər. Əsərdəki teatral elementlərlə məzmun dahiyanə bir şəkildə qovuşub. Şair özü bu barədə yazır:

Onun ("Yeddi gözəl"in - M.Q.)

 hər dənəsi əncir ləzzəti verir,

İçində isə badam ləpəsi vardır.

Surətpərəstlər üçün surəti qəşəngdir,

Məzmun sevənlər üçün də

məğzi (ləpəsi) vardır.

Bağlı bir mücrüdür, içi dürrlə dolu... (Nizami Gəncəvi. "Yeddi gözəl". Filoloji tərcümə Rüstəm Əliyevindir. "Elm" nəşriyyatı, Bakı-1983,  səh: 291)

Həqiqətən, ədəbiyyat "Düma ilə Coys arasında"dır. (Kamal Abdulla) Amma Mirzə Cəlil daha çox Nizaminin təqdim etdiyi oxu modelindədir. 

***

O, yaradıcılığa "Çay dəsgahı" adlı alleqorik pyesi ilə başlayıb. Bu əsəri 1889-cu ildə müəllim işləyərkən yazıb - iyirmi yaşında!  Ədibin çoxşaxəli və zəngin irsinin ilk konturları burada cızılıb. Diqqətdən bir qədər "kənarda" qalan bu əsərdə gələcək dahi necə görünür? Niyə məhz alleqoriya?

Əhvalat Hacı Rəhimbəyovun evində baş verir. Kresloda samovar, stullarda padnos, istəkan, qaşıq, maşa, çaynik, nəlbəki, truba oturub. Samovarın "giriş sözü"ndən məlum olur ki, xanla xanımı bugün içdiyi çayın rəngini, ətrini, dad və tamını bəyənməyib. Əsəbiləşib özündən çıxan xan məşvərətdə adıçəkilən bütün varlıqları qırmağı (öldürməyi!) əmr edib. Bəs çıxış yolunu hecə tapmalı? Ağıllı Padnos görün nə deyir: "Heç qəm etmə buna, baba Samovar, Bəndə Padnos bu dəm əlac tapar. Əlac odur ki, gərək bu saat biz - Əldə insaf biz tutaq hamımız. İttifaq eyləyək, olaq aqil, Ta görək həq, nədir, nədir batil. Səbəbini kəşf edək görək nə üçün, Nə çayın ətri var, nə rəngi bu gün?! "Günahkarlar" bir-bir danışandan sonra heç birinin günahı olmadığı məlum olur. Bəlkə, əsl günahkar qalıb kənarda? Bu fikir Padnosun ağlına gəlir: "İndi mən beylə məsləhət görürəm, Çağıraq Nökəri buraya bu dəm, Soruşaq biz həqiqətin ondan, Odu bəlkə bizi bəlayə salan". "Məhkəmə"yə çağırılan nökər əsl həqiqəti açıb deyir. O, indiyədək "qaynatdığı" suyun haradan götürüldüyünü bilmir. Qaynayıb-qaynamadığını əlinin üstünə tökməklə müəyyənləşdirir! Stəkan-nəlbəkini də kirli ətəyi ilə silir. Yekun söz Samovardan gəlir: "Bundan əqdəm dedim sizə mən özüm - Ki, tutaq insaf ilə hər işi biz, Bunu da indi siz nəzərdə tutuz. Nə üçün eşşəyi kənara qoyaq Və günahsız palanı taptalayaq?".

Böyük yazıçının ilk mətni bizə nə deyir? 1.Əsərin yazıldığı dövr - XIX əsrin sonları dünya tarixinin çalxanış dövrüdür. Azərbaycanda təkhakimiyyətlilik - monarxiya dayaqları çarizmin müstəmləkəçi Qafqaz siyasəti nəticəsində tədricən laxlamağa başlayır. Müstəsna imtiyazlar xanların əlindən alınır, onlar siyasət taxtasında piyadaya çevrilirlər. "Çay dəsgahı"nda alternativ bir hakimiyyət modeli verilir. Bu, gənc yazıçının arzuladığı demokratik bir idarəetmə formasıdır. Tumurcuq halında olan bu fikir onun sonrakı əsərlərində "çiçək" açır. 2.Milli birlik ideyasının təməli "Çay dəsgahı"nda qoyulur. Əsərin başlıca qayəsi budur:  "İttifaq eyləyək, olaq aqil". 3.Mirzə Cəlil bütün həyatı boyu haqqı nahaqqa verməyən, "düzə düz, əyriyə əyri" deyib, yalnız "pak və təmiz insafının" (vicdanının) səsinə qulaq asan nadir bir sənətkardır. Onun qəhrəmanlarını qütblərə bölmək çox çətindir. Çünki əsas hədəf onlar deyil, bütövlükdə mövcud despotik sistemdir. Gertsen yazırdı: "Müfəttiş" komediyasında Qoqol özünün müasiri olan Rusiyanın "xəstəlik tarixi"ni vermişdi". Bu fikirləri çək-çevir eləmədən Mirzə Cəlil haqqında da demək olar. O da Vətəninin "xəstəlik tarixi"ni yazırdı. Amma Qoqoldan fərqli olaraq öz məhəbbətini dərin coşqu və pafosla deyil, üstüörtülü, simvollarla, alleqorik bir tərzdə ifadə edirdi. Çünki o, yeniliyə tam açıq olmayan "təhlükəli" və həssas bir məkanda yaşayırdı. Hətta əsərlərindəki simvolik yer adlarına da ("Danabaş", "İtqapan", "Qapazlı" və s.) bu aspektdən yanaşılmalıdır. Bu adları orfoepiyasına görə deyil, kontekst daxilində  birbaşa qrammatik funksiyasına görə deşifrə edib "oxumaq" lazımdır. "Çay dəsgahı" "xəstəlik tarixi"mizin ilk səhifəsidir. 4. Haqq-ədalət divanı hər yerdə dürüst qurulmalıdır. "Nə üçün eşşəyi kənara qoyaq və günahsız palanı tapdalayaq?". Zaman və məkandan asılı olmayaraq, məhz günahkar tapılıb cəzalandırılmalıdır. "Çay dəsgahı"nın bir ideya istiqaməti də budur. 5. Mirzə Cəlil "Çay dəsgahı"nda ədəbi məramını çox aydın bəyan edir: Əsərin dili sadə (bəsit yox!) və çoxqatlı olmalı, süjetdə dramatiklik, fasiləsiz hərəkətlilik daima qorunmalı, personajların mənəvi arxeologiyasına diqqət yönəldilməlidir.

***

Alleqoriyasız nə Şərq, nə də Şərq ədəbiyyatı vardır. Şərq həmişə sirli olub. Alleqoriya həmin sirrin çoxaltma dərəcəsidir. Alleqoriyanı yalnız hərfi anlamda - fikrin gizli, dolayısı, üstüörtülü yolla ifadəsi kimi qəbul etmək doğru deyildir. O həm də diqqətcəkici üslubi bir keyfiyyət, bir ədəbi priyom, sirr, sehrlə dolu bir model kimi qavranılmalıdır. Şərqin "Kəlilə və Dimnə"si, "Min bir gecə"si vardır. Nizaminin "Xəmsə"sində də yetərincə alleqorik obrazlar tapmaq olar. Xüsusən,  "Yeddi gözəl" adından tutub strukturuna-mahiyyətinəcən alleqoriya üzərində qurulub. "Çay dəsgahı"nın da alleqorik formada yazılması təsadüfi hal sayıla bilməz. Əvvala, bu sahədə daşlaşmış bir Şərq ənənəsi mövcuddur. İkincisi, Mirzə Cəlil gələcək ictimai-siyasi və ədəbi-bədii hədəfləri haqda bizə mesajlar yollayır.

***

Sadə xalq leksikonu ilə ifadə etsək, Mirzə Cəlilin dili onun  başına (Yox, məhz bizim başımıza!) "bəla"dır, həm də onu bəlalardan qoruyub. Açıq-aşkar dil bizimlə oynayır. Dil mahir bir oyunçudur. Oxucunu fəndgirliklə dartıb mətnin içərisinə salır. Oyundan çıxmaq üçün variant və invariantlar köməyə gəlmir. Bütün müstəvilərdə belədir. Özünəqədərki cümlə qəliblərinin içərisinə sonsuz məzhəkəçilik, qaravəllilik, lətifəçilik və onların da içərisinə Rəqs Edən Hüzn doldurmaqla bizi "pis" vəziyyətdə qoyur.

Ədibin dili çoxqatlıdır. Üst qatı çox aldadıcıdır. Cümlələrində yüyrək bir dastan tonu vardır. Ən tragik səhnələr də onu dilində bir yüngüllük, rahatlıq kəsb edir. (Xatırlayın: "Danabaş kəndinin əhvalatları"ndakı "Yüngülvari bir müqəddimə"ni! O masştabda olan bir faciəni  Lağlağı Sadığın dilindən Qəzetçi Xəlilin yazıya alınması "anti-mətn"dir!). Elə bil sözlər ağırlıqdan xilas olurlar. "Göz yaşı içərisində gülüş" də bu halı tam ifadə edə bilmir. Lap olsun onun gizli "Molla Nəsrəddin" imzası! Adın özü də mahiyyətin gizlədilməsinə yönəlik işarələr sistemidir.

***

Mətnlərində heç cür "yaxalaya" bilmədiyimiz Mirzə Cəlili iki epiqrafında "yaxalaya" bilirik. Birincisi Sokratın sözləridir, "Danabaş kəndinin əhvalatları" əsərindədir: "Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman o səs pak və təmiz insafımın (vicdanımın - M.Q.) səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl etsə, çox sirlərdən agah olub, çox şeylər bilər". Bütün ömrü boyu pak və təmiz vicdanının səsini eşidib onun buyurduqlarına əməl edən dahi Mirzə Cəlil, görəsən, hansı sirlərdən agah olub, nələri bilib?! İkinci epiqraf haradasa birincini də deşifrə etməyə kömək edir: "Qoqol, Allah sənə rəhmət eləsin".

***

Qoqol və Bulqakov mistikasının qaranlıq tərəflərini çözən mistik şairimiz Adil Mirseyid yazır: "Bizim Mirzə də - Cəlil Məmmədquluzadə bir qış günü əlyazmalarını yandırıb. Deməli, əlyazmalar yanır... Allah sənə rəhmət eləsin, Qoqol!" - Mirzə Cəlilin səsidi, qeybdən gəlir...". Mirzə Cəlilin öz əlyazmalarını yandırmasını ilk dəfə Anarın "Anlamaq dərdi" essesindən öyrənib bildik. Sarsıldıq! Vaxtilə eyni aktı həyata keçirən Qoqolun önündə diz çöküb yalvaran uşaq kimi az qala deyəcəkdik: "Mirzə, bu nədir, nə edirsiniz, bəsdir".

***

" Mən ölüm, qoy çalsınlar, mən istəyirəm oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı: - Ədə, çalın! "Uzun dərə" çalın". Qurbanəli bəy öz taleyinin havasını çaldırır: "Uzundərə!". Çünki onun işi xalq arasında deyildiyi kimi, "Uzundərə"dir... Bu, Azərbaycan bəyliyinin "Uzundərə"sidir. Unutmayın, "Uzundərə" ruhən "Vağzalı"ya bənzəyir. Xanlığın və bəyliyin faciəvi köçü başlanır. İlk Vəli xanların ("Poçt qutusu") "əcəl zəngi" çalınır. Qurbanəli bəy kütləvi psixoz halına salınıb "Yallı" gedən toplumdan yalnız "Uzundərə" havasına rəqs etməklə fərqlənir. Yaxın keçmişimizdə həmin "Yallı"nı özümüz də getmirdikmi? Yazıçı kiçik bir hekayədə öngörümlə bütöv bir epoxanın real eskizlərini verir.

Qurbanəli bəy özü öz əli ilə kəfənə bürünüb axurda - tabutda uzanır. Hekayənin sonluğuna diqqət edin: "Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda. Qurbanəli bəy yerindən heç tərpənmədi.  Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə". Bəlkə də bu, dünya hekayəçiliyinin ən tragikomik səhnəsidir! Və ölü ilə əsl vidalaşma səhnəsidir. "Heç yerindən tərpənməyən" Qurbanəli bəyin sonrakı taleyini düşündünüzmü?!

***

Biz yanlış olaraq Qurbanəli bəyin "üstünə" bu qədər getmişik. Niyə qlava və katda obrazları bizim gözümüzdən "yayınıb?" Qurbanəli bəy qurban olsa da, heç olmasa öz adı ilə görünür. (Novruzəli də Yeni Əlidir - çarizmin inzibati-idarəçilik sisteminə qarşı mübarizə aparan Əlilərin ilki, yenisi) Hekayədə nə katdanın, nə də qlavanın adı var. Yenə də həmin alleqorik əhval, həmin məxfilik və gizlilik! Qurbanəli bəy təklərin - xüsusilərin, qlava və katda isə sonsuz çoxluğun təmsilçiləridir. Qurbanəli bəylər gedir, onlar isə hələ indi-indi səhnəyə gəlirlər. Pristavın həyətinə katda, qlava, yasavul və onların mirzələrindən başqa heç kəs girə bilmir. "İtin yiyəsini tanımadığı" bu həyətdə "pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb "haff" eləyirdilər, gah katdanın üstünə tullanıb "haff" eləyirdilər". İtlərin insanları tanıma instinktlərinə söz ola bilməz! Hətta itlər də qlava və katdanın hansı yuvanın quşu olduğunu hiss edirlər. Yaltaqlığı, şərəfsizliyi, quyruq bulamanı ən eybəcər "format"da nümayiş etdirən bu iki şəxsin yanında Qurbanəli bəy, ən azından, öz simasında - öləziyən bəylik ampulasında görünən birisidir.

***

"Qurbanəli bəy" hekayəsində gözə görünməyən, lakin bütün pis əməllərin və şərlərin mənbəyi olan bir obraz vardır: Şərab! Şərq ədəbiyyatında metaforalar arsenalının sərkərdəsi şərab ilk dəfə dahi Mirzə Cəlilin qələmi ilə yenilir, miskin və zavallı bir günə qalır. Lakin cəmi üçcə il sonra yazıçı şərabı qoruyucu bir zireh kimi "zülmət səltənəti"ndə tək qalan qəhrəmanının - İskəndərin əyninə geyindirir. İskəndər çönüb olur Kefli İskəndər! Lakin keflilik də İskəndəri xilas edə bilmir, sadəcə, o, danışan "Ölülər"dən birinə çevrilir, vəssalam...

Mirzə Cəlil, Allah sənə rəhmət eləsin!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!