"Ora" - vətəndir - "dağları buludlardan uca" - Mətanət VAHİD

Esse

Mətanət VAHİD

Bizim bir kəndimiz varıydı orda

Dağlar buludlardan uca olardı.

Yoldaşı döyüşdə ölən qadınlar

İyirmi beş yaşında qoca olardı.

 

Nənələr varıydı ağzı dualı

Yaylığı gül qoxan, üzləri nurlu.

Dərdi məzaracan özüylə gedən

Nənələr varıydı kişi qürurlu.

 

Babalar yarıtmaz nəvələrinə

Kəndin dəlisini misal çəkirdi.

Kişilər atlara qamçı vururdu,

Qadınlar belinə sığal çəkirdi.

 

O kənddə mollalar arıq olardı,

Falçılar həmişə ümid verərdi.

Xəstəyə həkimlər baxardı, ancaq

Hamının şəfasın "seyid" verərdi.

 

İndi nə o kənd var, nə o adamlar,

Babam da səngərdən o yanda qaldı.

Dünyayla axirət sərhədi ruhun

Erməni sərhədi məzarın aldı.

   Bu misralar gənc şair Elşən Mehdinindir. "Orda bir kənd vardı" nisgili üzərində qurulmuş bir neçə şeir oxumuşam bu vaxta kimi. Bəzən şeir aldadıcı olur, sentimental duyğular seli effekt partlayışı yaradır. Bu üzdən oxuduğumdan bəzən təsirlənsəm də, qısa müddətdə unutmuşam. Təxminən iki həftə öncə oxuduğum bu misralarsa neçə gündür beynimdə dolanır; həm də şeir kimi yox, daha çox köhnə, ağ-qara fotoşəkil kimi...

Diqqətlə incələsək, heç də hər sözün yerinə oturmadığı qənaətinə gələcəyimiz  bu şeiri mənimçün fərqli edən nə idi bəs? Qüsurların olduğunu gözardı etmədən də dərin podtekstə malik, rəngarəng düşüncə çalarları ilə zəngin mətnin kökləndiyi əhval-ruhiyyənin, oxucunu içinə çəkib apardığı mənzərənin təsvirinin gözəl olduğunu dana bilmərik.

Sanki bu şeir sonuncu bəndi ilə başlanır: "erməni sərhədi"nin ikiyə böldüyü vətən yarı keçmiş, yarı indidir. Bəlkə də, bütün ömrü boyu o kəndi görməyən, şəhərin gur işıqları altında böyüyən gəncin gen yaddaşıdır bu vətən.

Çağdaş ədəbiyyatda vətənpərvərlik şeirlərini ən çox gənclərdən gözlədiyimiz halda, onlar sanki çaş-baş qalıblar. Az qala "hansı vətən?" sualına cavab tapmaq gərək olur ilk növbədə. Bayramlar başıpapaqlılara başqaxıncı olub - "torpağı tapdaq altında olanın bayram etmək haqqı yoxdur" deyə. Matəm günlərində "kişiyə ağlamaq yaraşmaz" nidası asılır başları üstündən. Beləcə vətəni paramparça sevmək haqqı olub-olmadığını bilməyən insanların yaratdığı poeziyada da bu şaşqınlığı izləməli oluruq.

23 ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq. Bununla belə, hər il sərhəddən onlarla ölüm xəbəri alırıq. Müharibə başlayanda hələ dünyaya gözünü açmamış biri üçün onu təsvir etmək necə bir duyğudur? Bugünkü Azərbaycan gənci üçün müharibə sərhədin o tərəfində qalmış baba məzarıdır. Çünki itirilmiş vətən yalnız xatirələrdə yaşayır, zamanla o xatirə xəyal kimi gəlir, şəkillənir. Elə ilk misradanca görürük, "Ora" - vətəndir - "dağları buludlardan uca"... Az qala, nağıl kimi...

Nədənsə Elşən Mehdinin bu misralarını oxuyanda Söhrab Tahirin "Vətən" şeirini xatırladım:

Mən Vətən deyirəm, gözlərim dolur,

Məgər sən göz yaşı olubsan, Vətən?..

Əriyib, elə bil, bir damcı olub,

Qəmli gözlərimə dolmusan,Vətən!

1961-ci ildə yazılmış bu şeirdə də Vətən şəklini dəyişmiş, dərdə dönmüş, döyüşkən arzulara çevrilmiş bir yurd yeridir. Elə o illərdə ürəyi Böyük Azərbaycan eşqilə döyünən şair "Bəs nə vaxt döyüşdən, vuruşdan keçib \ Böyük azadlığa çevriləcəksən?!" ritorik sualını verir. Sözüm onadır ki, gənc müasirimizin şeirində bu arzu sözə dönüb misralarda yerini almasa da, bütün şeir öz ruhu, ahəngi ilə böyük bir dönüş arzusudur - keçmişə qayıdış, özünə, vətənə dönüş...

Pasifist deyiləm, vətən torpağının düşməndən qorunmasının tərəfdarıyam. Lakin hər sətrindən, hər kəlməsindən saxta pafos tökülən müharibəyə çağırış ədəbiyyatını sevmirəm, sevməyəcəyəm. Müharibə mənimçün yiyəsiz qalmış bir cüt əsgər çəkməsi, qolsuz gəlinciyini sinəsinə basmış körpə meyiti, gözləri təəccüblə bərələ qalmış qadın cəsədidir... sadalamağa gərək varmı? Ən gözəl müharibə əsərləri heç vaxt müharibəyə çağırış etməyib, əksinə, faciənin miqyasını göstərməklə nəticələrinin nə qədər acı, özünün nə dərəcədə gərəksizliyini göz önünə gətirib. Hətta Sürəyya Berfenin məşhur "Kıbrıs" şeiri də. "Çağırışçı" ədəbi tənqidin əksinə olaraq, bu fikirdəyəm ki, bu şeir məhz müharibəni pisləyən ən gözəl əsərlərdən biridir. Burada düşmən tərəf yoxdur, yalnız itirən tərəf var. Nə olur-olsun, müharibə prosesinin özü artıq məğlubiyyətdir. İtkilərin təsviri hər bir halda müharibəni pisləyən, onun əleyhinə olan ədəbi faktdır.

Ədəbiyyatın (ümumən sənətin) gücü düşmən tərəfləri qarşı-qarşıya qoyub nifrət təlqin etməkdə, qisasa çağırışda yox, müharibənin obrazını təqdim edərək məhz ona nifrət aşılamaqdadır. Elşənin şeirində müharibə obrazını görürük: burada ondan öncəki kənd - yurd yeri təsvir olunur - onlar vardı, indi yoxdur və onların bugünkü yoxluğu  müharibənin nəticələridir. Bu gün var olmayanı təsvir etməklə şeir, əslində, bu yoxluğun səbəbini əks etdirir. Şeirdəki ağrı hissi müharibəyə savaş açır. Burada ənənəvi qəhrəmanlıq motivləri, çağırış, ya şikayət yoxdur... Bir nağıl var sanki və müəllif "İndi nə o kənd var, nə o adamlar" deyə, itkilərin miqyasını göz önünə gətirərək, olmayanı yaşadır - yaddaşında və bax beləcə nəqlində.

Böyük vətənlə fəxr edirik, yuxularımıza isə kiçicik vətən girir - küçəmiz, məhəlləmiz, evimiz... İnsana vətəni küçə-küçə, ev-ev doğmalaşır və böyük bir Vətən sevgisinə çevrilir. Elə bu şeirdəki qocalar və qarılar da, gənckən qocalmışlar da, həkimi, seyidi, falçısı da - hamısı vətəndir - əməlləri, duyğuları, doğruları, yanlışları ilə birgə. Pismi, yaxşımı? - deyə sorğuya çəkilmədən sadəcə xatırlanan, xatırladılan parçalarıdır vətənin.

Elşən Mehdinin şeirində o kəndi "ağzı dualı", "kişi qürurlu" nənələrin xeyir-duasını alaraq böyümüş, yetkinləşmiş bir "qoca"nın nağıla bənzəyən əhvalatı kimi "dinləyirik". İndi o kənd yalnız xatirədir. Bəlkə də o kəndi heç zaman görməmiş, yalnız xəyalında canlandıran, yaşayan, məcburən tərk edən və xəyallarını xatirəyə çevirən insanın yaddaşıdır. Vətən -  torpağın hər çiçəyinin qoxusunda, hər daşının soyuğundadır, hər qarısının dua və alqışında, hər qocasının tərif və danlağında... Doğma yurdu xatırlamaqda özəl olanı sevmək və unutmamaqdır məqsəd.

Mənimsə bu sətirləri yazmaqda məqsədim sadəcə o şeirin təsirindən qurtulmaq idi. Çünki mənimçün yazmaq - əksərən xilasdır, fikirlərini qarışdıran, beynini zəbt edəndən qurtuluşdur - elə ki fikirlər mətnə dönüşür, sən də azad olursan.

15 fevral