Sən kimsən, Novruzəli?! - Mehman Qaraxanoğlu

Mətnlə işləyən adam heç bir "kənar səsi" eşitmədən qulağını yalnız mətnin köksünə söykəməlidir. Biz "Poçt qutusu"ndan hansı mübhəm səslərin gəldiyini bilmək istəyirik. Niyə məhz "Poçt qutusu"? Sualın cavabını tanınmış qələm adamı Elçin Şıxlının dilindən eşidək: "Sovet dönəmində Mirzə Cəlilin bu hekayəsini bolşevizmin Azərbaycanı avamlıqdan xilas etməsinə bir nümunə kimi tədris və təqdim edirdilər. Hələ indiyədək də ermənilər bizlərlə müxtəlif mübahisələrdə fenomenal Novruzəli avamlığından bir arqument kimi istifadə edir və deyirlər ki, siz türklər avamsınız. Adətən, cavabında özünütənqidin yalnız böyüklərə xas olduğunu söyləyirik… amma dediyimizə, deyəsən, heç özümüz də inanmırıq".

Azərbaycan ədəbiyyatşünaslığı Novruzəliyə münasibətdə xanın tutduğu yolla gedib - onun "avamlığına" qəh-qəh çəkib gülüb, vəssalam. Amma cüzi "fərq" də vardır; xan hekayənin sonunda bir qədər fikrə gedir, təəssüf ki, ədəbiyyatşınaslığımız heç bunu da eləməyib. İstisnaların olması isə danılmazdır: "Bizə görə, elmi və mədəni mühitimizin Mirzə Cəlil dövrünün yeni mərhələsi başlanır". (İ.Həbibbəyli)  "Novruzəli haqqında fərqli düşünmək mümkündürmü? Kanonları pozmaq olarmı?" suallarını qoyub maraqlı nəticələrə gələn Təyyar Salamoğlu kimi. Tədqiqatçı Novruzəlinin avam olmadığını iki arqumentlə əsaslandırır: Birincisi, qəhrəmanın poçt qutusunu tanımaması onun avamlığına dəlalət etmir. Doğrudur, razılaşırıq! Bugün də elə ziyalılarımız var ki, qələmlə yazır, heç kompüteri açıb-bağlaya bilmir. İnsanın bilməmək haqqını onun əlindən kim ala bilər! İkincisi, katdadan divanxanaya gedib şikayət edən adam necə avam ola bilər? Təyyar Salamoğlu hər iki suala məntiqlə cavab verir. Lakin biz tədqiqatçının bu suallarını təkrarən qoymağa məcburuq. Çünki Novruzəlinin "avamlığı"nı göstərən arqumentlər bir yana qalısn, mətndən hətta onun "üsyankar" olmasını bəlirlədən səslər də eşidilməkdədir. Həm də əlavə olaraq aşağıdakı sualları qoyub ona cavablar axtaracağıq: 1. Həqiqətənmi Novruzəli avamdır, yoxsa özünü düşünülmüş şəkildə avam göstərir? 2. Novruzəlinin dövlət qulluqçusuna əl qaldırmasının kökündə nə durur? 3. İki buzovu oğurlanmış (məhz oğurlanmış!) Novruzəli niyə bəs belə əlimyandıda xana "sovqat" gətirir? 4. Novruzəlinin ədəbi-psixoloji arayışı necə olmalıdır? 5. Xan obrazının  geniş təhlili bizə nə verəcək? 6. "Poçt qutusu"ndan Mirzə Cəlil necə görünür? 7. Hekayənin başlıca qayəsi nədir?

Birinci sualdan başlayaq. Novruzəlinin avam olmadığını göstərən detallara diqqət yetirək. Xan ondan "nəçərnik divanxanasını" tanıyıb-tanımadığını soruşanda o, sualdan ustalıqla yayınıb deyir:  "Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim...". Xan onun sözünü kəsib ardını deməyə qoymur. Əvvəla, Novruzəli artıq katdadan şikayət etdiyini söyləyir. Bunu həm də xanın diqqətinə çatdırır. Məlum olur ki, bu, buzovun itməkliyi ilə bağlıdır. Adama elə gəlir ki, xanın da bu hadisədən xəbəri vardır. İkincisi, gətirdiyi şey-şüyləri yerbəyer edərkən katdanın onları incitdiyini bildirir. Səbəbini isə özünəməxsus bir şəkildə - katdanın özgə tayfadan olması ilə əlaqələndirir. Yazıçı, tayfa psixologiyasının qatı daşıyıcısı olan Novruzəlinin daxili dünyasını bircə cümlə ilə ortaya qoyur. Həm də göstərmək istəyir ki, Novruzəli yeri gələndə hadisənin mahiyyətinə vara bilir. Novruzəlinin gətirdiyi arqumentin həqiqət olduğunu qəbul etməyə bilmərik. Çünki çağımızda da bu psixologiya işləyir. Üçüncüsü, biz iki buzovun "itməsi" olayının üstündə xüsusi dayanmalıyıq. Kəndli üçün bunun nə olduğunu xəyalınızda canlandırın. Buzovlar tapılsaydı, Novruzəli şikayət etməyəcəkdi. Deməli, onlar oğurlanıb. Onda katda hara baxır? Novruzəlinin şikayətinə bəraət qazandırmış oluruq. Amma o, bunu xanın başı üstündən edib. Məlumat isə xana ötürülüb. Ona görə də xan bu faktın üstündən sükutla keçmək istəyir. Səbəb məlumdur: Divanxananın ünvanına Novruzəlinin ağır ifadələr işlətməsindən qorxur. Dördüncüsü, xanın həyətinə bir yüklü ulaqla gələn Novruzəlinin əsl niyyəti açılır. O, şikayətinin boşa çıxdığını gördükdən sonra həftə sona çatmamış xanı məsələdən agah etmək istəyir. Lakin "uyğun" zamanın seçilməməsi durumu qəlizləşdirir. Xan yazdığı məktubu tez göndərməlidir. Novruzəli də başına gələn qəziyyəni tez anladıb getməlidir. Hekayədə qəribə bir dinamika hökm sürür.

İkinci sualın cavabına gəlincə deməliyik ki, Novruzəli, məktubları poçt qutusundan götürüb aparmaq istəyən dövlət məmuruna oturan yerdə əl qaldırmır. Həmin səhnədə onun xarakterinin başqa gizlinləri açılır. O, əhvalatı bu cür nəql edir: "... Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı?". Birincisi, Novruzəli nəinki özünün, hətta xalqın, o cümlədən, ağasının da haqqını müdafiə etməyə hazırdır. Dilsiz-ağızsız Novruzəli birdən-birə şirə dönür. İkincisi, özgənin malına göz dikən onun bir nömrəli düşmənidir. Bu məqamda onun altşüuru da hərəkətə keçir. Çünki bir az əvvəl onun iki buzovu oğurlanıb. Dövlət qulluqçusu onun gözündə birdən-birə potensial bir oğruya çevrilir. Belə məqamda onun qarşısını kim kəsə bilər? Üçüncüsü, məlum olur ki, Novruzəlinin şəriətdən də az-çox xəbəri vardır. Bütün bu daxili-psixoloji qabarmalar anidən baş verir. Novruzəlinin yerində bir başqası da olsaydı, bu cür hərəkət edərdi. Axı Novruzəli "kafirin" yaxasından tutub yerə çırpana qədər ona həm də heç olmasa ağasının məktubunu qaytarmağı xahiş edir, yalvarır. Heç bir nəticə hasil olmayandan sonra o, zora əl atır.

Üçüncü sualın cavabını müəyyən qədər birinci sualın cavabından aldıq. Novruzəli birinci dəfə deyil ki, xanın qapısına gəlir. Ən yaxşı halda mükafatı: "- A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?" ənənəvi sualıdır. Amma Novruzəlinin budəfəki gəlişi bir qədər fərqlidir, ekstremal xarakter daşıyır. Gətirdiklərini nümayişkaranə şəkildə dilə gətirməsi də fikrimizi sübut edir. Onun təhtəlşüurunda oturuşan fikir budur: Katdadan şikayət etmək. Bəlkə də bir həftə öncə divanxanaya etdiyi uğursuz şikayət olmasaydı, xanın qapısına belə əlimyandıda gəlməzdi. Novruzəli uğursuzluğa düçar olduğunu tam anlayır. Nə katda, nə də  nəçərnik divanxanası onun şikayətinə məhəl qoymur. Şkala ilə götürsək, belə alınar: Aşağı və yuxarı instansiyalara artıq şikayət edilib. Qalıb orta instansiya. "Orta"nı da xan təmsil edir. Belə götürəndə və əslində də belədir, kontekst bizə Novruzəlinin çox ağıllı və tədbirli hərəkət etdiyini deyir.

Dördüncü sualı cavablandırmaq üçün bizə psixoanalitik təhlil lazım olacaq. Novruzəli təmiz, abırlı və ləyaqətli bir Azərbaycan kəndlisidir. O, haqsızlığa, ədalətsizliyə qarşı özünəməxsus dirəniş nümayiş etdirir. Belələrini susdurmağın klassik yolları rejimə bəllidir: Onu bezdirib mübarizə aparmaq əhvalını soyutmaq. Novruzəli dövlət strukturları arasında var-gəl edən yüzlərin, minlərin ümumiləşdirilmiş bir obrazıdır. Həyatında zəncirvari bir şəkildə bir-birinin arxasınca baş verən xoşagəlməz hadisələrin fonunda Novruzəlinin əməli ona verilən cəza ilə tərs mütənasibdir: "Vallah, hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə...  Xan, başına dolanım, di gör günah kimdədi?". Novruzəli özündə olmadığını özü də etiraf edir. O, öz davranış və hərəkətlərinə sahiblənə bilmir. Bu, əsl ruhi-emosiya pozğunluğu və ya affekt halıdır. Bəs "qanun keşikçiləri" nə edir? Onu döyə-döyə, qol-qabırğasını sındıra-sındıra aparıb atırlar qazamata. Belə çıxır ki, nəçərnik divanxanasının saldatları bir həftə öncə haqlı şikayət etdiyinə görə bu kişinin dərsini vermək üçün məqam axtarırlarmış. Belə çıxır ki, Novruzəlini göydə axtarırdılar, yerdə düşüb onların əlinə.  Novruzəlinin xana verdiyi sual da ibrətamizdir: "Xan, başına dolanım, di gör günah kimdədi?". Bir əsrdən çoxdur ki, kişinin bu sualı cavabsız qalıb. Biz isə gör nəyin davasını edirik: Poçt qutusu, belə gəldi, poçt qutusu belə getdi. Burada avamlıqdanmı söhbət gedir?

Beşinci sualı cavablandırmaqla Novruzəli obrazının qaranlıq tərəflərinə də işıq düşəcəyini düşünürük. Bütün hadisələr xanın İrəvana getməsi ərəfəsində baş verir. Xan səfərə görəcəyi işlərlə əlaqədar çıxmaq istəyir, lakin dostuna məktubunda daha çox naxoş övrəti üçün əndişələndiyi görünür və otaqların peçlərini qabaqcadan yandırmalarını təvəqqe edir. Minillərdən üzübəri gələn ailə dəyərlərinə hörmətlə yanaşması xanın aristokrat təbiəti, ailəcanlılığı və diqqətcilliyini ortaya qoyur. Amma Novruzəliyə münasibəti çox təzadlıdır. Xanla Novruzəli sanki iki zaman vaakumundadırlar. Birincisində məktubunu poçtxanaya vaxt itirmədən aparılmağını istəyən xan tələsir, Novruzəli "gecikir".   İkincisində Novruzəli qaranlıq düşdüyünə görə evə tələsir, xan isə onu gecikdirir. Nəhayət, xanla Novruzəli zamanlarının kəsişə bilmədiyi sonuncu ağrılı səhnə yeddi ay yarımdan sonra xana gəlib çatan xəbərdən məlum olur. "Qulluqçunu bihörmət eləmək barəsində" üç ay navaxt kəsdilər; amma Novruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İravanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi". Sonuncu cümlə bizə çox şey deyir. Deməli, pristavla danışığın da bir səmərəsi olmur. Xanın yalnız Novruzəliyə görə fikrə getməsini söyləsək, absurd olar. O həm də çar üsuli-idarəsinin xanlıqlar sülaləsini tədricən sıxışdırb, zəiflədib gücsüz bir hala gətirməsinə görə fikrə gedir. Mirzə Cəli dahiyanə bir uzaqgörənliklə bu prosesin son mərhələlərini təsvir edir. Xanlıqların əllərində olan imtiyazlar da Novruzəli ilə bir yerdə qazamata atılır. Artıq xan gücsüzdür.

Hər bir mətn öz müəllifi haqqında müəyyən informasiyanı ehtiva edir. "Poçt qutusu" da istisna deyildir. Altıncı sualımız da buna yönəlikdir.

XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyət ürəkaçan deyildi. Çarizmə qarşı sosial ədalət uğrunda mübarizə aparan qüvvələr yaranırdı. Maarifçi demokratların yaydığı fikirlər yeni dövrdə müstəmləkəçiliyə  qarşı mübarizə müstəvisinə keçirdi. Fəhlə-kəndli hərəkatları tədricən təşkilatlanırdı. Yeni qəzet və jurnalların nəşri ictimai düşüncədə demokratikləşmə meyillərini artırırdı. Məlum olduğu kimi, Mirzə Cəlil də yeni - satirik "Molla Nəsrəddin" jurnalının nəşri uğrunda mübarizə aparırdı. Onun mübarizəsi ilə "Poçt qutusu"nun qəhrəmanı Novruzəlinin çarizmin inzibati-idarəçilik sisteminə qarşı apardığı passiv mübarizəsi arasında haradasa paralellər tapmaq olar. Jurnal çapı üçün Mirzə Cəlil də idarələrin qapısını döyürdü. Lakin müsbət cavab ala bilmirdi. Novruzəliyə yazıçının rəğbəti açıq-aşkar sezilir. Novruzəli mübarizə əhvalının ilkin daşıyıcılarındandır. Mirzə Cəlil Novruzəlinin simasında həm də özünün XX əsrin əvvəllərindəki naməlum, bulanıq, tragikomik əhval-ruhiyyəsini ortaya qoyurdu.

Sonuncu suala cavab olaraq deməliyik ki, hekayənin ideya istiqamətləri bu günəcən tam açılmayıb. Birmənalı olaraq, Novruzəliyə avamlıq damğasını basmaq doğru deyildir. Bu qiymətləndirmədə yazıçının da ədəbiyyatşünaslara "kömək etməsi" göz qabağındadır. Mirzə Cəlil nəsrində adlar şərtiliklər üzərində qurulub. "Məmmədhəsən əminin eşşəyinin itməkliyi", "Saqqalı uşaq", "Pirverdinin xoruzu", "Kişmiş oyunu", "Buz" və s. əsərlərdə bu, açıq-aşkar sezilir. "Poçt qutusu" da belə ədəbi oyunlar üzərində qurulub. Hadisələrin ümumi fonunda poçt qutusu kiçik bir detal rolunu oynayır. Çox dərin laylara endiriliən mahiyyət isə külçə şəklində, yəni tam deyil, xırda təfərrüatlara bölünüb səpələnmiş haldadır. Təhlilçi onları bir yerə yığmağı bacarmalıdır. Hekayənin başlıca qayəsi bu təfərrüatların cəmindədir: 1. İmperiya siyasətinin ucqarlarda tüğyan elədiyi bir dövrdə dövlət strukturları arasındakı boşluqlar və onların Novruzəliləri asanlıqla uda bilən əjdaha xisləti hekayədə ustacasına təsvir edilmişdir. 2. Novruzəli çarizmin inzibati-idrəçilik sisteminə qarşı öz kəndli ampulasında mübarizə aparanların ümumiləşdirilmiş tipik bir obrazıdır. 3. "Bir qədər fikir eləyən" Vəli xanların qurd-quşları qorxutmaq üçün tarlada basdırılan müqəvvalara necə çevriliməsinin ictimai-siyasi mexanizmi və anatomiyası göstərilmişdir. Onların yolu gec-tez "Bəlkə də qaytardılar?" sualından keçəcək. 4. Həm Novruzəli, həm də Xan sosial status baxımından fəqrli görünsələr də, eyni bir total basqının fəsadlarını paylaşırlar. Xan da Novruzəli aqibətini yaşamağa məhkumdur. Sadəcə, tezi-geci vardır.

Vaxtilə böyük yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal obrazlı şəkildə demişdir: "Biz "Poçt qutusu"ndan çıxmışıq".  Çıxmışıq, amma necə? Bu, ayrı bir mövzunun sualıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!