Güney mövzusuna konseptual baxış - Nizami Cəfərov - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Pərvanə Məmmədli artıq neçə illərdir ki, Güney Azərbaycanın ədəbiyyatını, mədəniyyətini, mətbuatını, ümumən mədəni-ictimai həyatını (varlığını!) sonsuz bir maraqla, məhəbbətlə, cəfakeşliklə araşdırır, geniş miqyaslı təhlillər aparır, elmi ümumiləşdirmələr, qənaətlər verir. Onun imzasına  ilk dəfə ötən əsrin 90-cı illərində Cənubla bağlı mətbuat səhifələrindəki yazılarda rast gəlmişəm. 2000-ci illərdə  "Xalq qəzeti"ndə Cənuba həsr olunmuş ayrıca bir rubrikanın aparıcısı kimi tanımışam.

Pərvanə xanımın yazılarının uğurlu olmasının səbəblərindən biri də ərəb və fars dilinə bələd olması və uzun illər boyu  mənbələr üzərində işləməsidir. Onun  yazıları  Azərbaycan elmi-ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Məsələn, "Molla Nəsrəddin" jurnalından 14 il öncə, 1892-ci ildə Təbrizdə "Şəbnamə" adlı Azərbaycan türkcəsində illüstrasiyalı ilk satirik dərgi haqda verdiyi bilgi mətbu tariximiz üçün dəyərli faktlardan sayıla bilər. Demək, "Molla Nəsrəddin" dən öncə Azərbaycan türkcəsində satirik dərgi mövcud olubmuş. Başqa bir maraqlı elmi fikir  görkəmli Azərbaycan mütəfəkkiri M. F.Axundovun indiyədək əldə olunmayan, ərəbcə yazılmış "Təlqinnamə" əsəri ilə bağlıdır. Bakıda 1905-ci ildə çap olunan "İrşad" qəzetinin farsca əlavəsində bizə naməlum olan bu əsərdən parçalar verilib. Onun belə tapıntı xarakteri daşıyan yazıları az deyil.

Onun "Varlıq" jurnalında ədəbiyyat məsələləri", "Cənubi Azərbaycan mətbuat tarixi", "Hər iki tayın gerçək aynası - "Azərbaycan" dərgisi",  "Cənubi Azərbaycan: ədəbi portretlər, şəxsiyyətlər", "Güney Azərbaycan ədəbiyyatı"(Çağdaş dövr) antologiyası və s. kitabları intellektual, məsuliyyətli (və vətənpərvər!) bir azərbaycanlı xanımın  heç zaman təravətini itirməyəcək əsərləridir ki, həmin yaradıcılıq məhsulları həm o tayda, həm də bu tayda elmi  ictimaiyyətin diqqətini cəlb etmişdir. Pərvanə xanımı fərqləndirən cəhətlərdən biri də Cənub mövzusuna fraqmental və ya ayrıca  götürülmüş bir problem biçimində deyil, ona əhatəli konseptual yanaşmağı bacarmasındadı.

Pərvanə xanım hər iki tayın  (əslində, ümumi Vətənin!) oxucularına, xüsusilə mütəxəssislərə son illərdə təqdim etdiyi kitablar günümüz üçün çox  aktual və gərəklidir. Ərəb əlifbasında  yazılmış, əlimiz çatmayan əsərlərin çoxundan xəbərsiz oluruq. Ona  görə də  bu səpkili əsərlər milli-mənəvi sərvətimizin öyrənilib tanıdılmasında müstəsna  əhəmiyyət daşıyır.

"Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər" kitabında XX əsr Cənubi Azərbaycanda ədəbi-bədii prosesin önündə gedən və yaratdıqları əsərlərlə bu prosesin inkişafına təsir edib zənginləşdirən Mirzağa Təbrizi, Həsən Rüşdiyyə, Tağı Rüfət, Həbib Sahir, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Həmid Nitqi, Məmmədəli Fərzanə, Cavad Heyət, Məmmədtağı Zehtabi, Haşım Tərlan, Krim Məşrutəçi -Sönməz, Bulud Qaraçorlu  - Səhənd, Həbib Sahir, Əli Təbrizli, Qulamhüseyn Saidi, Rza Bərahəni, Qulamrza Səbri və Əli Kamali eyni zamanda yaradıcılıqlarında Cənub mövzusuna geniş yer ayıran Rəsul Rza və Mirzə İbrahimov kimi tanınmış 20 ədəbi simanın portret oçerkləri verilib.

Bu kitabda Pərvanə xanımın öz təbiri ilə desək, İran maarifinin atası - Mirzə Həsən Rüşdiyyə, İranda "yeni şeirin öncülü"- Tağı Rüfət, ilk səhnə əsərlərini meydana gətirən - Mirzağa Təbrizi, klassik ədəbiyyatımızın kamil biliciləri - Qulamhüseyn Beqdeli, Həmid  Məmmədzadə, İranda ictimaiyyətlə əlaqələr elminin banisi - şair, türkoloq  Həmid  Nitqi, mistik realizmin  banisi - Qulamhüseyn Saidi, xalq  ədəbiyyatının yaddaş daşıyıcıları -Məhəmmədəli Fərzanə, Əli Kamali, Güney Azərbaycanda milli dirəniş hərəkatının simvolu, İranda türkologiyanın ideoloqu - Təbrizli Əli və bu kimi xalqına xidmət  göstərən şəxsiyyətlər  tanıdılır və yaradıcılıqlarından ətraflı bəhs olunur.

Kitaba "Cənubi Azərbaycan ədəbiyyatı tarixi" (XX əsrin I yarısı) ünvanını da vermək olardı. Əsərdə bəzi ədiblərin həyat və yaradıcılığı müəllif  tərəfindən ilk dəfə ətraflı tədqiq olunub.

Akademik Mirzə İbrahimovun təşəbbüsü və rəhbərliyi çap olunmuş "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" adlı dördcildlik kitabın davamı kimi ərsəyə gələn antologiyada son 40 ildə Güney Azərbaycanda yazıb-yaradan 100-ə yaxın yeni ədəbi nəslin nümayəndəsinin avtobioqrafiyası və əsərləri yer alıb. Antologiyada tək İranda deyil, dünyanın hər bir tərəfinə səpələnmiş güneyli gənc şair və yazıçıların əsərlərindəki ədəbi fikrin mənzərəsi,  yeni məzmun, forma axtarışları və eksperimentləri ilə qarşılaşır, xalq şeiri üslubunda, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazan yazarların şeir və hekayələri ilə tanış oluruq...

Azərbaycanın Güneyində dil, folklor, yazılı ədəbiyyat, ictimai həyat, xüsusilə mətbuat proseslərini diqqətlə izləyən, dərindən bilən müəllifin bu kitabdakı bir üstünlüyü onun sözün geniş mənasında mütəxəssis olmasıdırsa, bundan az əhəmiyyət kəsb etməyən ikinci üstünlüyü milli heysiyyəti, faktlara, hadisələrə milli  mövqedən yanaşması və mənəvi qürurudur. İstər Səttar xandan və ya Şeyx Məhəmməd Xiyabanidən, istər Şəhriyardan və ya Cavad Heyətdən bəhs etsin, Pərvanə xanım bütün hallarda həm kifayət qədər "soyuq" (obyektiv!) məntiq nümayiş etdirərək həqiqəti ortaya çıxarır, həm də bu böyük tarixi şəxsiyyətlərin, milli mücadilə qəhrəmanlarının tərcümeyi-halında (mübarizəsində) ifadə olunmuş "enerji"ni aşkarlayır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!