Şeyx İzzəddin Həsənoğlunun bir qəzəli haqqında - Hüseyn HƏŞİMLİ

On üçüncü yüzillikdə yazıb-yaratmış Şeyx İzzəddin Həsənoğlu doğma dilimizdə lirik şeirləri dövrümüzə çatmış ilk Azərbaycan şairi kimi ədəbiyyat tariximizdə mühüm mövqe tutur. Hazırda elm aləminə şairin üçü Azərbaycan, biri fars dilində olmaqla cəmi dörd qəzəli məlumdur. Bu məqalədə biz İzzəddin Həsənoğlunun "Necəsən, gəl ey yüzü ağum bənüm" misrası ilə başlanan qəzəli barədə bəzi yeni məlumatları diqqətə çatdıracağıq.

Mətləbə keçməzdən öncə xatırladaq ki, həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara çıxarmış, 27-29 sentyabr 1972-ci il tarixlərdə Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl Qurultayında etdiyi "Sultan Qavri divanında naməlum şeirlər" adlı məruzəsində bu barədə elmi ictimaiyyətə məlumat vermişdir. Dinlənilmiş məruzələrin materialları Türkiyədə 1975-ci ildə çap olunmuşdur və B.Flemminqin təqdim etdiyi mətn daxilində Həsənoğlunun qəzəli də verilmişdir (Bax:Barbara Flemming.  Sultan Gavri Divanında Bilinmeyen Şiirler. / I. Turk Dili Bilimsel Kurultayına Sunulan Bildiriler (27-29 eylul 1972), Ankara: Türk Dil Kurumu Yayınları,1975, s.331-341) . Həmin elmi tədbirdə iştirak edən Azərbaycan alimi Fərhad Zeynalov  alman şərqşünası B.Flemminqin aşkarladığı qəzəl barədə "Ədəbiyyat və incəsənət" qəzetinin 25 noyabr 1972-ci il tarixli sayında dərc olunmuş "Həsənoğlunun azərbaycanca yeni şeiri" adlı yığcam məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır...

Həsənoğlunun Sultan Qavri divanında olan qəzəlindən əvvəl şeirin müəllifinin kimliyi  "Həsənoğlu fərmayəd" qeydi ilə bildirilmişdir. Həmin şeir belədir:

Necəsən, gəl, ey yüzü ağum bənüm?

Sən əritdün odlara yağum bənüm.

 

And içərəm səndən artuq sevməyəm,

Sənün ilə xoş keçər çağum bənüm.

 

Hüsn içində sana manənd olmaya,

Əsli yuca, gönlü alçağum bənüm.

 

Al əlimi irəyim məqsuduma,

Qoma yürəkdə yana dağum bənüm.

 

Sən rəqibə sirrini faş eylədün,

Anun ilə oldu şiltağum bənim.

 

Qışladum qapunda itlərün ilə,

Oldu kuyin uşda yaylağum bənüm.

 

Bən ölücək yolına gömün bəni,

Baxa dursun yara toprağum bənüm.

 

Toprağumdan bitə həsrətlə ağac,

Qıla zari cümlə yaprağum bənüm.

 

Bu Həsənoğlu sənin bəndəndürür,

Anı rədd etmə, yüzi ağum bənüm.

Aşkara çıxarılmasından ötən qırx beş ildən artıq müddət ərzində bir sıra ədəbiyyatşünaslar İzzəddin Həsənoğlunun "Necəsən, gəl..." mətləli qəzəl haqqında elmi qənaətlərini bölüşmüş, onu dolğun ədəbi nümunə kimi yüksək qiymətləndirmişlər. 

Burada biz həmin qəzələ yazılmış nəzirəyə və şeirin digər bir variantına diqqət yetirəcəyik. İzzəddin Həsənoğlunun  "Apardı könlümü..." şeiri kimi, "Necəsən, gəl..." qəzəli də poetik mükəmməlliyi ilə şöhrət qazanmışdır. Seyfi Sarayi Misirdə Sədi Şirazidən 1391-ci ildə etdiyi  "Gülüstan" tərcüməsinin sonuna Həsənoğlunun "Apardı könlümü..." qəzəlini artırıb ona yazdığı nəzirəni də verdiyi kimi, Misir hökmdarı  Sultan Qavri  də özünün şeirlər divanına şairimizin "Necəsən, gəl..." qəzəlini və həmin şeirin təsiri ilə qələmə aldığı nəzirəni də daxil etmişdir. Sultan Qavrinin həmin nəzirəsi budur:

İy yüzi gül, gülşenü bagum benüm,

Zülfünün zinciridür bağum benüm.

 

Ol kadar ok urdı gamzen bagruma,

Yüregümde kalmadı yagum benüm.

 

Vasl-ı sinün Tur-ı Sinadur bana,

İy dil-aram oldı turagum benüm.

 

Sen gelürsen sinüme baş kaldurup

Ayaguna düşe topragum benüm.

 

Dilbera, bin hacc u umre sayaram

Senün-ile her geçen çagum benüm.

 

Şol kara halün gibi hahi degül

Yüregümde dayima dagum benüm.

 

Görk içinde olmaya hüsnün gibi

Kadri yüce, gönli alçagum benüm.

 

Husreva, lutf eyle, rahm it Gavriye,

İy gözi nerkis, yüzi agum benüm.

(Mənbə: Orhan Yavuz. Kansu Gavrinin Türkçe Divanı (metin-inceleme-tıpkı basım). Selçuk Üniversitesi Türkiyat Araştırmaları Yayını: 2. Konya: Selçuk Universitesi Basım Evi, 2002 , s.106-107)    

Sultan Kansu Qavrinin haqqında danışılan qəzəlindən söz açan türkiyəli tədqiqatçı Orhan Yavuz öz kitabında, çox güman ki, diqqətsizlik ucbatından mexaniki bir yanlışlığa da yol vermiş, səhifəaltı qeyddə Həsənoğlunun Qavri qəzəlinə nəzirə yazdığını bildirmişdir (göstərilən kitabı,s.105). Halbuki  təxminən 1440-cı ildə doğulan, 1516-cı ildə dünyasını dəyişən Misir məmlük sultanı Kansu Qavriyə ondan çox-çox əvvəllər yaşamış İzzəddin Həsənoğlu necə nəzirə yaza bilərdi? Sultan Qavrinin divanında da  əvvəl Həsənoğlu şeiri, sonra isə Qavrinin nəzirəsi verilmişdir. Təsadüfi deyil ki, bəzi digər türk ədəbiyyatşünasları birmənalı şəkildə haqlı olaraq məhz Sultan Qavrinin Həsənoğluya nəzirə yazmasını bildirmişlər: "Sultan Gavri, Hasanoğlu'nun "Niçesin, gel iy yüzi agum menüm, Sen eritdün odlara yagum menüm" beyti ile başlayan şiirine, "İy yüzi gül Gülşenü begum benüm, Zülfünün zinciridür bağum benüm" şeklinde başlayan gazelle cevab vermiştir" 

Sultan Kansu Qavri də İzzəddin Həsənoğlu kimi, öz qəzəlini rəməl bəhrinin III növündə,  fAilAtün   fAilAtün   fAilün  təfiləsində yazmışdır.

Nəzərə alaq ki, Misirin şair hökmdarı yalnız azsaylı ustad sənətkarlara, o cümlədən  böyük şairimiz İmadəddin Nəsimiyə nəzirə yazmışdı və sultanın bir sıra şeirləri də öz növbəsində bəzi nəzirələrin qələmə alınmasına rəvac vermişdi, o zaman aydınlaşar ki, Kansu Qavrinin Həsənoğlu şeirindən təsirlənməsi təsadüfi olmayıb, "Necəsən, gəl..." qəzəlinin yüksək dəyərinə əsaslanır.

Sultan Qavrinin nəzirəsində qafiyələrin çoxu Həsənoğlu şeirində işlənənlərdir. Məsələn: yağum, çağum, toprağum, ağum, alçağum, dağum... Hər iki nümunə arasındakı mövzu, ruh, qayə, duyum və deyim tərzinin yaxınlığı da aşkar nəzərə çarpır. Bu oxşarlıq bəzi beytlərdə daha qabarıqdır. Məsələn, Həsənoğlunun:

Hüsn içində sana manənd olmaya,

Əsli yuca, gönlü alçağum bənüm,-

beyti müqabilində Sultan Kansu Qavri aşağıdakı beyti işlətmişdir:

Görk içinde olmaya hüsnün gibi,

Kadri yüce, gönli alçagum benüm.

Bunlarla yanaşı, Kansu Qavrinin Həsənoğluya nəzirəsinin ümumən ideya-bədii mükəmməlliyə, bir sıra orijinal deyimlərə malik olduğunu da vurğulamaq gərəkdir. Bu baxımdan 2-ci, 3-cü, 5-ci beytlər xüsusən təqdirəlayiqdir.

Həsənoğlunun "Necəsən, gəl..." qəzəli ilə bağlı bir maraqlı faktı da elmi ictimaiyyətimiz üçün gərəkli ola biləcəyindən diqqətə çatdırmaq istərdik. Türkiyəli alim  Ersen Ersoy 2013-cü ildə yayınlanmış  "XIV-XVI. yüzyıllar arasında yazılmış bazi şiirleri ihtiva eden bir mecmua  ve İbn-i Ömerin şiirleri" məqaləsində Parisdə milli kitabxanada saxlanılan bir əlyazmada bir sıra şairlərin əsərləri ilə yanaşı, İzzəddin Həsənoğlunun vaxtı ilə Barbara Flemminq tərəfindən aşkarlanmış  qəzəlinə də  rast gəldiyini nəzərə çatdırmışdır. E.Ersoyun yazdığına görə, Paris kitabxanasındakı əlyazmada qeydə alınan Həsənoğlu qəzəli B.Flemminq nüsxəsi ilə müqayisədə bir neçə beyt artıqdır. İnternetdə oxuduğumuz bu məlumatı dəqiqləşdirmək üçün tədqiqatçı Ersen Ersoyun e-mail ünvanını tapıb onunla əlaqə yaratdıq. Xahişimizə cavab olaraq Ersen bəy şairimiz Həsənoğlunun "Necəsən, gəl..." qəzəlinin Paris əlyazmasındakı variantını yazıb bizə göndərdi (Ersen bəyə dərin təşəkkürümüzü bildiririk- H.H.).

Həmin variantı sadəcə Azərbaycan orfoqrafiyasına uyğunlaşdırmaqla diqqətə çatdırırıq:

Səfa gəldün, ay yüzi ağum bənüm,

Sən əritdün yürəgüm yağın bənüm .

 

And içəm kim, səndən artuq sevməyəm,

Sənün ilə xoş geçər çağum bənüm.

 

Hüsn içində hiç manəndün olmaya,

Əsli yüca, gönli alçağum bənüm .

           

Al əlümi, irəyüm maksuduma ,

Yoxsa dağlar əridür  ahum bənüm.

 

Ay toğıcak aləmə şölə  verür,

Karanuda şəmü, həm çırağum bənüm.

 

Verr başunı, vermə sirrin kimsəyə ,

Şöylə təlim etdi ustadum bənüm.

 

Bən ölicək yar yolına kon bəni,

Baxa dursun yara toprağum bənüm.

 

Toprağumdan nə ki, bitərsə bənüm,

Zari kıla cümlə yaprağum bənüm.

 

Ta ölincə eşqini eltəm başa,

Gər Hasanoğlu durur adum bənüm.

Bu variantda da qəzəl doqquz beytdən ibarətdir. Amma 5-ci və 6-cı beytlər  B.Flemminq nüsxəsindən tamamilə fərqlidir. Həmin beytlərə diqqət yetirək:

Barbara Flemminq  variantında:

Sən rəqibə sirrini faş eylədün,

Anun ilə oldu şiltağum bənim.

 

Qışladum qapunda itlərün ilə,

Oldu kuyin uşda yaylağum bənüm

Ersen Ersoy variantında:

Ay toğıcak aləmə şölə verür,

Karanuda şəmü, həm çırağum bənüm.

 

Verr başunı, vermə sirrin kimsəyə,

Şöylə təlim etdi ustadum bənüm.

Bu iki variantın fərqli beytləri arasında da  duyum və deyim tərzi, dil-üslub xüsusiyyətləri tamamilə eynidir.  Bəlkə də, E.Ersoy variantındakı bu fərqli beytlər vaxtı ilə  qəzəlin tərkib hissəsi olub. Maraqlıdır ki, iki variantdakı analoji beytlər arasında məntiqi bağlılıq da nəzərə çarpır. Məsələn, B.Flemminq nüsxəsindəki 5-ci beytdə aşiq sirrini rəqibə faş etdiyinə görə gözəldən gileylənir. E.Ersoy variantındakı 6-cı beytdə isə aşiq sanki bunun davamı kimi ustadının nəsihətini xatırladır: lazım gəlsə, başını da ver, yəni canından da keç, amma kimsəyə sirrini vermə.

Variantların  məqtə (son) beytləri də, demək olar ki, fərqlidir. Amma onların hər ikisində Həsənoğlu eşqdəki sədaqətindən söz açır. Digər beytlər əsasən eyni olsa da, bəzi kiçik fərqlər nəzərə çarpmaqdadır. Bəlkə də, bu, katib xətasıdır. Yaxud da dildən-dilə keçib yayılan qəzəlin uğradığı dəyişiklikdir. Xatırladaq ki, orta çağlarda qəzəllər  həm də əzbərlənir, şifahi şəkildə yayılır, musiqi məclislərində  də oxunur, bütün bunların gedişatı boyunca bəzən dəyişikliklərə də məruz qalırdı. Ehtimal etmək olar ki, Həsənoğlu qəzəlini Parisdə aşkarlanmış cüngdə yazıya alan şəxs belə dəyişikliyə uğramış varianta əsaslanmışdır...

Deyilənlər bir daha göstərir ki, Şeyx İzzəddin Həsənoğlunun şeirləri geniş şöhrət qazanmış, ədəbi təsir dairəsinə malik olmuşdur.

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!