Tarixi roman yazsaydım... - Rüstəm Kamal - Rüstəm KAMAL

İnşa yazının konspekti

Rüstəm KAMAL

Orta məktəbdə "Tarixi roman yazsaydım…" mövzusunda inşa verilsəydi, görən, nə yazardım?

Bu "inşa" həmin sərbəst düşüncələrin kiçik "salnaməsi"dir. Amma səmimi etiraf edirəm: tarixi romanın mahiyyətini hələ də tam anlaya bilməmişəm.

Elçinin "Baş" romanı tarixi romandır, yoxsa bu millətin tale metaforasıdır - pritçadır? İsa Muğannanın "GÜRUN" romanının süjeti ruhların (Nizami ilə Qızıl Arslanın) dialoqu kimi qurulub.

Ç.Hüseynovun "Fətəli fəthi"ni, "Doktor N"-ini müəyyən qədər tarixi roman təsnifatına daxil etmək olar. Amma onun "Merac"ına - peyğəmbərimizin qutsal aurası ilə süslənmiş, Şərq nəzm elementlərini özündə birləşdirən bu qeyri-adi əsərə tarixi roman deməyə dilim gəlmir.

S.Rüstəmxanlının tarixi romanlarının  demokratik-liberal nəfəsi yeni yanaşmanı tələb edir.

Frederik Beqbederin 11 sentyabr 2011-ci il faciəsindən bəhs edən romanı tarixi romandır, yoxsa…

Lev Tolstoy "Hərb və sülh"də bir çox tarixi faktları şüurlu surətdə, bilərəkdən təhrif edibdi.  Makinaçı qadın Tomas Mannın "İosif və onun qardaşları" romanının əlyazmasını yığandan sonra heyrətini gizlədə bilməmiş və demişdi ki, artıq o dövrü tamam anladım.

Lion Feyxtvanger qədim İudeyaya və Roma imperiyasına həsr olunmuş trilogiyasında ("İudeya müharibəsi", "Oğullar", "Gün gələcək") "qubernatorlar"ı görürük. Amma tarixdən məlumdur ki, qədim Roma əyalətlərində qubernator olmayıb. Bəlkə yazıçı müasir alman gerçəkliyini qədim Roma perqamentinə köçürmək istəyib?

Cozefina Teyin "Zəmanə qızı" detektivi III Riçard dövründən bəhs edir - tarixi romandır? Aqata Kristinin "Qədim Misir" silsiləsindən olan detektivlərini hansı təsnifata şamil edək? Aqata Kristinin ikinci əri ser Maks Mallonen tanınmış arxeoloq idi, Ramzes dövrünün bilicisi kimi tanınmışdı.

Detektiv demişkən, əgər bir gün mən də cəsarət edib (mövzunu satıram!) Pənahəli xanın aldadılıb aparılaraq Şirazda müəmmalı ölümündən detektiv yazsaydım, onu tarixi roman kimi qəbul edərdi?

Tələbəlik illərində öz gözümlə görmüşəm. 80-ci illərdə rus əsilli fransız yazıçıları Ann və Serj Qolonun "Anjelika" seriyasından olan romanları üçün rus xanımları kitabxanalarda növbəyə düzülürdülər. A.Çapıqinin "Stepan Razin",  A.Tolstoyun "I Pyotr" romanlarını kiloqramlarla maklaturaya təhvil verirdilər ki, bu "nağılları" əldə etsinlər.

Görəsən, yazıçının öz əsərini tarixi roman adlandırmaqda məqsədi nədir? Ümumiyyətlə, tarixi roman janrı mövcuddurmu?

Romançı tarixdə nəyi axtarır? Əslində hər yazıçı bu janrda "fəlsəfə daşını" axtarıb tapmaq istəyir, tarixdə gizli mənalar aşkarlamaq amacındadır. Yaxud  tarixi kostyumlarla müasir "tamaşanı oynayır". İ.Şıxlı bir məqaləsində yazır: "Tarixi əsərə yalnız tarixi əsər kimi baxmağın və ya müasirlik problemini ancaq bu gündən bəhs edən əsərlərlə məhdudlaşdırmağın yanlış fikir olduğu hamımıza məlumdur, əsl yazıçı hansı dövrə müraciət edirsə-etsin yaşadığı cəmiyyətin, zəmanənin bədii-estetik və ictimai idealları mövqeyindən çıxış edir, tarix məqsəd olmur, vasitə olur". ("Daim axtarışda") İsmayıl müəlliminə tezisindən belə anladım ki, "a qızım, sənə deyirəm, a gəlinim, sən eşit" prinsipi tarixi romanın əsas məqsədidir, yəni, əgər Azərbaycan ədibi sosializm düşərgəsinə qoşulmuş ölkələrin inqilabi -  azadlıq hərəkatına həsr etdikləri əsərlərilə bağlı bu gün qalxıb deyə bilər ki, mən senzuranı aldatmaq üçün Vyetnamdan, Kubadan, Yəməndən danışmışam, əslində isə Azərbaycanın azadlığını nəzərdə tutmuşam...

Orta əsrlər Azərbaycan tarixindən yazmaq çətin və mürəkkəb məsələdir. Çünki tarixin təsviri dilin tarixidir. Trabzon gözəllərinin eşqinə "hu" deyib savaşa gedən Ağqoyunlu bəylərini təsvir edərkən "Dədə Qorqud" dilini bilmək kifayət etmir. Topqapı oğuznaməsini də oxumaq lazımdır.

Mənə elə gəlir ki, bizim tarixi dramlarımız tarixi romanlarımızdan daha effektlidir və inandırıcıdır. N.Nərimanovun "Nadir şah"ında və Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar"dakı tarixi həqiqətə daha çox güvənirəm…

Ağa Məhəmməd Şah Qacar Azərbaycan tarixinin ən faciəli qəhrəmanlarından biridir. Qacarın həyatından macəra romanı da yazmaq olar, amma müdhiş psixoloji roman da pərdə arxasında fiziki naqisliyi ilə baş-başa qalan canavarın psixoloji sarsıntılarını  yazmağa gücüm çatardımı?..

Mən tarixi roman yazsaydım, əsərə mütləq yumor qatardım. Oktavio Pas deyirdi ki, yumoru məhz romançılar icad ediblər. Yumor gülüş, ələsalma deyil, komikliyin xüsusi növüdür. Yumor tarixi tamaşa saxta dəyərlərin daxil edilməsinin qarşısını alır. Tarix burulğanında çapalayan "uğursuz qəhrəmanın", "kiçik adamın" zavallı taleyinə həssas olmağa imkan verir.

Mən tarixi roman yazsaydım, millətimə sevgimi hər səhifədə, hər epizodda dönə-dönə gözə soxmazdı. Başqa etnik qrupların nümayəndələrini təsvir edərkən nifrət püskürməzdim. Ədalətli olmağa çalışardım…

Mən tarixi roman yazsaydım, keçmişin və tarixi şəxsiyyətlərini ideallaşdırmazdım, hadisələrin metafizik, mistik qanunauyğunluğunu müəyyənləşdirməyə cəhd edərdim.

Bu günün tarixi romanı çoxüslubluğu (polistilistikanı) tələb edir: bir romanda üslubların qanunauyğunu və harmonik vəhdətini istəyir: elmi araşdırmalardan sitatlar, esse, lirik-patetik elementləri, hətta bazar-şəhər folkloru mətnləri və s. bir araya gələ bilər. Fərqli üslubların qovuşması mənbələrə, şərhlərə fərqli bucaqdan baxmağa imkan verirdi.

Mən yazıçı olsaydım, XIX Azərbaycan tarix səhnəsinin "yadelli"sindən - Xasay xan Usmiyevdən ayrıca tarixi-bioqrafik roman yazsaydım və cəsarətlə Şuşa şairlərinin həcvlərindən nümunələr, A.Dümanın "Qafqaz" əsərindən parçalar, rus şairlərindən sətri tərcümələri bu mətnin "hörüyünə hörərdim". Uzaq hərbi qarnizondan Şuşaya gələn məktubları, axırda isə Xasay xanın son monoloqunu daxil edərdim...

Mən Selcan xatunun bioqrafiyasını yazsaydım, əsərə Trabzon memarlığı ilə bağlı esse, Haynrix fon Ditsin bioqrafiyasını, İstanbul alman səfirliyindən bəzi sənədlərini və "Dədə Qorqud" qəhrəmanlarını daxil edərdim və onları tarixi  hadisələrin real şahidləri edərdim.

Yazıçını oxucunun tarixi necə dərk etməsi maraqlandırmamalıdır. Yazıçı özünə hörmət qoymalıdır ki, oxucu da onun hörmətini saxlasın. Ona görə də "müəllif" kateqoriyası vacib şərtdir. Necə ki, Lev Tolstoyun, Tomas Mannın kişilik enerjisi bu möhtəşəm mətnləri ərsəyə gətiribdir...

Mən tarixi roman yazsaydım, uydurma müəllifin arxasında gizlənməzdim. Qoy oxucu mənim öz "müəllif" səsimi eşitsin. "Müəllif" tarixi personaj və ya hadisə qarşısında məsuliyyətini hiss etməlidi…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!