Dəlixana divarını öpdü çinar budaqları... - Azər TURAN

Azər TURAN

Dalğaçı Mahmuddan sonra göylərin bilinməyən min bir rəngini və çalarını kəşf etmək olar, amma hansı şair göyləri yenidən rəngləmək istər? Poeziyada göylər bir dəfə Orxan Vəli tərəfindən boyanıb və o ikinci dəfə boyansa, bu sürreal poetik "rəngsazlıq" imitasiya və təqlid olacaq. Amma təqlidin olmaması üçün mənzərə sənətkarın içində insanlaşmalı, düşünən, yaşayan bir varlıq halına gəlməlidir (Sezann).

Parisdən Haitiyə adlamaqla postimpressionist üslubuna simvolist sirlər aşılayan Qogen "Hardan gəlirik? Nəyik?  Hara gedirik?" tablosunda, sənətşünasların fikrincə, estetik olduğu qədər də mistik bir vəsiyyətnamə yaratmışdı. Qogen bir kətan üzərində Əhdi-Ətiq almasından Əhdi-Cədid apokalipsisinə, alma dərən gənc Adəmdən alma yeyən yeniyetmə Həvvaya, doğuluşu simvolizə edən körpədən ölümü şəkilləndirən caynaqlı quşa qədər insanlığın bütöv genialogiyasını yerləşdirə bilmişdi... 

Dəli (və dahi) postimpressionist Van Qoqun rəngləri Edvard Munka sirayət etdikcə Munk impressionizmdən ekspressionizmə adladı. Qogen(mi, yoxsa Van Qoqmu?) özünü "müqəddəs, eyni zamanda, qudurmuş it kimi" hiss edən sənətkarın - Van Qoqun qulağını kəsdi və Van Qoqun qana bulaşmış qışqırtısı beş il sonra Munkun tablosundan eşidildi. "Özgə planetmiş düşdüyüm məkan!" (Siqbern Obstfeller). Çünki sənətin formasiyası, tipi dəyişmişdi... Sənətdə modernizm əyyamı başlanırdı. Van Qoq isə artıq intihar etmişdi.

"Ulduzlu gecə"nin postimpressionist mistikasından, palitrasından, bəlkə də sayrışan metafizik mavi aydınlığından sonra  "Dəlilər evinin bağçası"nda qan ətirli qırmızı rəng peyda oldu.

Al qırmızı rəngli "xunin" çiçəklər XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatnın səhifələrinə "Siyasəti-fürusət" göylərindən yağmışdı. Əvvəlcə, Dəli Şairin səmadan heyrətlə insanlara səslənib "nədir bu ruyi-ərzi qaplıyor al qanlar" - deyə fəryad qoparan mələyi, sonra da "Dəli Şairə Dəlilər Mühibbi olan bir quşun dilindən yardım edib" "Könüllərdən olub nabud hər bir hissi-lahuti" - deyən Dəlilər dostu - Məhəmməd Hadi...  

Sonra da Vaqif Səmədoğlu...

Əlin sınaydı, sanitar,

O qızı döydüyün yerdə.

Yumruğunla qız üzündə

Anamı söydüyün yerdə.

 

O qız sənin gözlərinlə

O ağaca baxmamışdı,

O qız o gün o ağaca

Elə-belə çıxmamışdı...

 

O qız çılpaq çinarın da

Başında hava görmüşdü,

Allahın atıb getdiyi,

Boş qalmış yuva görmüşdü...

 

Sən o qızı döyən zaman

Açılmamış güllər soldu,

Dəlixana həyətində

Bir ağac da dəli oldu...

 

Xışıldadı yer üzünün

Ən əlacsız yarpaqları,

Dəlixana divarını

Öpdü çinar budaqları...

Sanitarın döydüyü bu qızın sinirləri "Dəlilər evinin bağçası"nda - modernizmin ocağı başında pozulmuşdu.  Budaqları dəlixana divarına sığal çəkən ağac isə yüz il əvvəl Bakıda deyil, Sen Remidə dəli olmuşdu...