Məni axtaranda tapmağa nə var... - Vasif SÜLEYMAN

Elə başlığa çıxardığım misra da onundur - dilindən Əhməd Cavadın "Ölmə, qardaş, ölmə, düşmən çoxalır" sözləri düşməyən, adı və fəaliyyəti ilə Şəmkir mahalına şöhrət gətirən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl sünbül" mükafatı laureatı, əməkdar mədəniyyət işçisi, anadan olmasının 70 illiyi tamam olan sevimli şairimiz Məzahir Hüseynzadənin... Ömrünün əlli ilə yaxınını yaradıcı bir ziyalı kimi yaşayan şairin sözdən başqa daldalanacağı olmayıb:

Ruzigar başıma qar ələyib, qar,

Dözümdən yapışıb sal dayanmışam.

Məni axtaranda tapmağa nə var,

Dərdimin dalında daldalanmışam.

Bir şairi axtarmağın ən yaxşı yeri onun sözləridir, şeirləridir.  Məzahir Hüseynzadənin daldalanacaq yeri olan dərdi elə şeirlərinin də söykənəcək yeridir. Dərdimin dalında daldalanmışam, - deyən şair elə şeirlərimin misralarındayam, - demək istəyir. İllərdir ki, Azərbaycan oxucusu Məzahir Hüseynzadəni misralarında boy göstərən görür.

Qəribədir, son otuz ildə Azərbaycan poeziyasında ata həsrəti, ata nisgili ilə bağlı iki xüsusilə şairin şeirlərini içimi sökə-sökə oxumuşam - rəhmətlik Davud Nəsibin və Məzahir Hüseynzadənin. Ağrımı tanışdır, bilmirəm? Amma bildiyim odur ki, hər iki şairin  şeirlərində ağrını çatdırmağın özündə bir fərqlilik var. İstər-istəməz bu nisgili bundan gözəl ifadə etmək olmaz, - deyə düşünürsən:

Kövrək xasiyyəti pilədən-pilə,

Can qurban edərdi adamdan ötrü.

Sən demə adamlar bir yana, hələ,

Ölüm də ölürmüş atamdan ötrü.

Burda bir məqamı xatırlamaq yerinə düşər. Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə xəstəxanada müalicə olunarkən ulu öndər Heydər Əliyev ona baş çəkir. Bəxtiyar müəllim son vaxtlar mətbuatda uğurlu ədəbiyyat nümunələrinin çap olunmasından danışır. Bəxtiyar müəllim bildirir ki, cənab Prezident, indi cavanlarımız yetişir. Bizə bənzəməyən, yaxın gəlməyən, təzə bir yolla gedən cavan şairlərimiz yetişir. Dünən "Ehtiyac", ("Ata şapalağı") adlı şeiri oxudum, o, nə gözəl yazır. Atası rəhmətə gedib, şair deyir ki, mənim ata şapalağına ehtiyacım var. Deyir ki, qalx, mənə bir şapalaq vur, mən bu dünyanı dərk edə bilmirəm, bəlkə sənin şapalağın məni ayıltdı, bu dünyanı dərk edə bildim. Bizim ata nəsihətinə, ata öyüdünə ehtiyacımız var. Onun qolundan tutub irəli  aparmaq  lazımdır. Bəxtiyar müəllimin haqqında danışdığı "Ehtiyac" ("Ata şapalağı") adlı şeirin müəllifi Məzahir Hüseynzadə idi.  

Zaman-zaman dilimizin, mədəni tariximizin unutdurulması, yaddan çıxarılması məqsədli xarakter daşıyıb. Bu baxımdan yaradıcı adamın missiyası daha fərqlidir. Nə yaxşı ki, həyatı və fəaliyyəti ilə mədəni tariximizdəki haqsızlıqlara, bir vətəndaş olaraq, biganə qalmayan Məzahir Hüseynzadə kimiləri hələ də var. Belələrini öz böyük missiyasından yayındırmaq, yardımçı meydanlara çağırmaq uduzmaq qədər ağırdı. Bəlkə də dünyanın mizanı onu durultmağa çalışanların sayəsində hələ tam pozulmayıb. Məzahir Hüseynzadənin  şeirlərində vətən eşqi, torpaq yanğısı qırmızı xətt kimi keçir.

Əsgərəm, vuqarla sənə deyim ki,

Bu torpaq məni də bir oğul sayıb.

Çiynimdə şax duran paqon deyil ki,

Vətən əllərini çiynimə qoyub.

- deyən Məzahir Hüseynzadənin yaşantıları ilə yaradıcılığı tam bir vəhdət təşkil edir. Müsahibələrinin birində Məzahir müəllim deyir: "Əhməd Cavadın da, Hüseyn Cavidin də, Salman Mümtazın da, Müşfiqin də, Vəli Xuluflunun  və 37-nin məngənəsində varlığı çarmıxa çəkilən bir çox başqa sənətkarların da təkcə yaradıcılığı deyil, mənəviyyatı və yaşantısı bizim üçün məktəbdir. Ancaq təəssüf ki, bizdə itkilərimizə biganəlik olur. Və nəticədə Məhəmmədl Hadi kimi neçə-neçə dahimizin yaşadığı kimi görünməsinə nail ola bilməmişik. Çoxlarının irsini it-bata salmışıq. Bu gün torpaqlarımızı itirib unutqanlığa qapılan kimi yadıma Əhməd Cavadın "Ölmə, qardaş, ölmə, düşmən çoxalır" misrası düşür. Az qala, çığıra-çığıra bütün millətə "Unutqan olmayaq, düşmən baş qaldırır" demək istəyirəm".

M.Hüseynzadə həm də Şəmkir rayonunda fəaliyyət göstərən "Şəmkir inciləri" ədəbi məclisinin yaradıcısı olub. "Şəmkir inciləri" şəmkirli yazarların həyatında, sözün həqiqi mənasında, bir mərhələ olub. Məzahir Hüseynzadə gəncləri o mərhələdən qayğıyla, məsuliyyətlə adladıb desəm, yanılmaram.  "Şəmkir inciləri" ədəbi məclisində poetik sözün işığına neçə-neçə qələm əhli yığışmışdı. Şəmkirin inciləri sırasında bu gün imzası ölkə oxucularına yaxşı tanış olan Rəşid Vəliyev, Malik Həmid, Elbariz Məmmədli, Sahib Aslanzadə, Kifayət Dadaşova, Həsrət Kərimov, İlham Zamanoğlu, Vahid Məmmədov, Qayıb İsmayılov, Abbas Məmmədov, Dilarə Musayeva, Şəhla Nağıyeva, Sahib Mehdiyev, Adil Sadıqov, Şahəddin Əsədov, Müzadil Aqil, İlham Qaracəmirli, Qabil Yusifoğlu, Səbuhi Abbasov və digərləri var idi.

Sadə və şərəfli bir ömürlüyü var şairin. 18 fevral 1948-ci ildə Şəmkir rayonunda anadan olub. 1971-ci ildə Gəncə Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib.

"Bu sevda ilə" adlı ilk şeirlər kitabı 1978-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən nəşr olunub. Sonralar "Uğuruma anam çıxıb", "Şeytan qız", "Ehtiyac", "Səni sevən tapılar", "Qızıl  qan", "Ayrı nəyim var?", "18000 sözün kitabı", "7777" və  "Adını sən de"  adlı kitabları işıq  üzü görüb. 1991-ci ildə kənd mövzüsunda yazdığı şeirlərə görə "Qızıl sünbül" mükuafatına layiq görülüb. 1978-ci ildə gənc şairlərin respublika toplantsının, 1981-ci ildə gənc şairlərin ümumittifaq müşavirəsinin iştirakçısı olub. 1987-ci ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisidir. Şeirləri Sankt-Peterburqda çıxan "Neva" jurnalında, Donbasda nəşr olunan "Qardaşlıq bulağı" almanaxında, Gürcüstanın ədəbi dərgilərində dərc olunub. O, 1991-ci ildə çap olunan "Şeytan qız" kitabının qonorarını Milli Müdafiə Fonduna köçürüb.

1971-77-ci illərdə orta məktəbdə müəllim, 1977-80-ci illərdə məktəb direktoru, 1980-90-cı illərdə Şəmkir rayon Təhsil şöbəsində inspektor, 1992-93-cü illərdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, sonralar rayon Təhsil şöbəsi HİK-in sədri  vəzifələrində çalışıb.

... Beləcə... Ürəyində vətən, torpaq eşqi, dilində poeziya, başının üstündə Allah sevgisi onu ömrün  70-nə çatdırdı. Düz 35 il əvvəl başladı Məzahir Hüseynzadə ilə sözlü ünsiyyətiniz və hələ də yol gedir.

 

Məzahir HÜSEYNZADƏ

Ehtiyac

Ağsaqqal şilləsi gərəkdi mənə,

Dəyə qulağımdan, deyəm ki, varam.

Ay ata, nisgilin ürəkdi mənə,

Nisgilin olmasa yaşayammaram.

 

Bu qəmə çatılıb ürəyim yanar,

Dönər od-ocağın gözünə indi.

Ay ata, bir şillə vurammayanlar

Şillə vuran tutur özünə indi.

 

Torpağı bölünən, torpaq bölən də,

İndi qalib kimi görür özünü.

Bir şapalaq fırla, sevinim mən də,

Şillən beş qitəyə bölsün üzümü.

 

Qığılcım bəxş eylə sönən gözlərə,

Mənim odsuz qalan qara sacım var.

Ehtiyacım yoxdu usta sözlərə,

Ata şilləsinə ehtiyacım var.

 

Geriyə baxanda

Ruzigar başıma qar ələyib, qar,

Dözümdən yapışıb sal dayanmışam.

Məni axtaranda tapmağa nə var,

Dərdimin dalında daldalanmışam.

 

Daş üstə daş qoyub ucaltdım göyə,

Yollara  bircə daş diyirləmədim.

Evimiz var idi baş girləməyə,

İşimdə, gücümdə baş girləmədim.

 

Gözümün içində duran dünənim,

Nisgildən qalmadı, qəmdən qalmadı.

Taleyin tufanı çalxadı məni,

Əlimin tutalğac yeri qalmadı.

 

Başımın üstündə şimşək çaxanda,

Mən imdad dilədim, bircə dözümdən.

Çiynimə taleyin yükü çıxanda,

Tələbəliyim də düşdü gözümdən.

 

Darlıq eləyirdi papaq da mənə,

Ac kölgəm sürünüb yer yalayırdı.

Qənim kəsilmişdi yarpaq da mənə,

Düşəndə başımdan qapazlayırdı.

 

Tərslik eyləyirdi sərt illərimiz,

Elə bu xislətlə öyünürdülər.

Möhtacı olduğum şitillərimiz

Arxayın-arxayın böyüyürdülər.

 

Kədərin bircəsi, ərki idim mən,

Nə desəm edirdi,

Hamısı çin-çin.

Döyülə-döyülə bərkiyirdim mən,

Döyülə-döyülə sınmamaq üçün.

 

Atalar ölmür

Bir qəfil şıdırğı yağışa düşdüm,

Qopdu hıçqırığı kədər selinin.

Ölümün adını çox eşitmişdim,

Bu dəfə üzünü gördüm ölümün.

 

Bir ulduz axırdı ömrün göyündə,

Elə bil soğulub tükənirdi qan.

Dünyanın ən ağır yükü çiynimdə,

Yollar əyilirdi ağırlığımdan.

 

O qədər  dolmuşdu, göllənmişdi ki,

Qəm-kədər sarıdan gözlər tox idi.

Göz yaşı yollara çilənmişdi ki,

Qəbiristan yolunun tozu yox idi.

 

Mən idim sevinci ölən, üzülən,

Bu da qəm küləyi,

Kədərin ətri.

Göz yaşım deyildi axan, süzülən,

Gözüm tökülürdü atamdan ötrü.

 

Kövrək xasiyyəti pilədən-pilə,

Can qurban edərdi adamdan ötrü.

Sən demə adamlar bir yana, hələ,

Ölüm də ölürmüş atamdan ötrü.

 

Nisgilim misrama, sözümə  sığmır,

Harda göməşidi sevincim, nəşəm?!

Kiçik şəkillərin gözümə sığmır,

Ay ata,

Şəklini böyütdürmüşəm.

 

Səkkiz qat torpağa enibdi kökü,

Torpağa belə kök atan ölməyib.

Ölüm  ürəyimə girib görsün ki,

Atalar ölməyir,

Atam ölməyib.

 

O kişi

Nəriman Həsənzadəyə

Çiyni tab gətirməz altında qəmin,

İşə gözlərində qəm gölü gələr.

Daha papağını yan qoymaq üçün

Nə ürəyi gələr, nə əli gələr.

 

Fikir qaşlarını qaynaq edibdi,

Daha az görünür daraqlı teli.

İndi necə desin vəfat edibdi,

"Sevirəm" deməyə gəlmirdi dili.

 

Evdə başıkəsik bir durna kimi,

Suyu sıpqarılan bir səhəng qalıb.

Qanı qaralıbdı,"ağarıb günü",

Ən çoxu yadında qara rəng qalıb.

 

İndi xatirədi ütüyə kimi,

Bu ütü qırışlar çəkir alında.

Siqareti çəkir kötüyə kimi,

Diksinir, dodağı qarsalananda.

 

Ölümü görəndə böyüyüb gözü,

Boyuna əbədi həsrət ölçülüb.

Bir az da saralıb, soluxub üzü,

Başını qoyduğu yastıq kiçilib.

 

Alışar gizlicə, yanar gizlicə,

Yanıb qurtarmağı eyninə gəlməz.

Sarası gözünə gələr həmişə,

Hayıf, bircə dəfə evinə gəlməz.        

 

Anamın son qayğıları

Yaxşı ki, görmədi bu halı anam,

Alovum səngiyib, küldə qorammı?

Yüngül söhbətlərdən aralı anam,

Deyərdi, ölümə yaraşırammı?

 

Qəlbinin toxluğu gözündən daşar,

Deyərdi kasıb ol, çörəkli ol sən.

Deyərdi ki, armud ürəyə oxşar,

Çox ək ağacını, ürəkli ol sən.

 

Qadağa qoymuşdu naləyə, küyə,

Sıxıb dodağını səssiz danışdı.

Çiynim ağırlıqdan ağrıyar deyə

Anam bilə-bilə arıqlamışdı.

 

İpək saçlarımda dərd düyə-düyə,

Xına yox, saçına çəkmişdi qarı.

Şəklimi topraqda toz basar deyə

Yumdu gözlərini göz qapaqları.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!