Atalar və oğullar - İlqar FƏHMİ

"Şərq arxetipləri" kitabından

İlqar FƏHMİ

Ən böyük mövzu

İki yüz ilə yaxındır ki, dünya mədəniyyətinin, ədəbiyyatının aparıcı mövzusu kimi məhz "atalar və oğullar" mövzusu təqdim edilir və bu bu mövzu az qala bütün bəşəriyyətin, bütün dünya xalqlarının ən problematik sahəsi kimi təqdim olunur - insan munasibətləri gərgindi, qəlizdi və əksər hallarda həllolunmazdı. Bu psixoloji gərgin münasibətlərin ən birinciləri sırasında ata-oğul münasibətləri təqdim olunur.

Hətta psixoanalitikanın banisi Ziqmund Freyd əsərlərində təkrar-təkrar bu mövzuya qayıdır və hansısa naməlum mənbələrdən götürdüyü informasiya ilə bu problemin kökünü uzaq keçmişə, qəbilə-tayfa birlikləri dövrünə aparıb çıxardır - bəli, bu problem var, çünki min illər əvvəl qədim qəbilələrin arasında belə bir adət mövcud olub ki, atasının yerinə keçmək istəyən oğullar atalarını öldürüb onu yeyiblər. Bu yolla atanın gücü enerjisi onu öldürən oğula keçirmiş…

Düzü, Freydin bu informasiyanı hardan götürdüyünü bilmirəm, şəxsən mən hansısa xırda əhəmiyyətsiz mifləri çıxmaq şərtiylə heç yerdə belə bir ənənəyə rast gəlməmişəm. Lakin Freyd Avropada mövcud olan və getdikcə şiddətlənən "atalar-oğullar" konfliktini əsaslandırmağa sanki böyük daxili ehtiyac hiss edirmiş kimi qollarını çırmalayır, müxtəlif səbəblər axtarır, məlum "Edip kompleksi"ni də önə çəkir, müxtəlif vasitələrlə sübut eləməyə çalışır ki, "atalar-oğullar" problemi bəşəriyyətin kütləvi təhtəlşüurunda oturuşmuş ən böyük arxetiplərdən biridir, bununla mübarizə aparmaq mümkün deyil və bu mübarizədə oğullar qalibiyyətə, atalar isə məğlubiyyətə məhkumdurlar, çünki min illər əvvəl də belə olub, indi də belədir, min illər sonra da belə olacaq… və beləcə Nihilizm az qala bütün dünyanın təfəkkürünün aparıcı lokomotivi, inkişafın ilk mərhələsi kimi qəbul olunub - köhnəni inkar eləməsən, üstündən xətt çəkməsən inkişaf eləməzsən.

Bəs görəsən doğrudanmı belədir? Doğrudanmı nəsillərarası qanlı savaş bəşər həyatının ayrılmaz hissəsidir, yoxsa bu da müasir Avropa mədəniyyətinin patriarxlarının uydurduğu növbəti simulyakrlardan biridir?

İlk baxışdan elə görünür ki, bu danılmaz bir həqiqətdir. Axı müasir dünya ədəbiyyatının, ələlxüsus da dünya nəsrinin ən məşhur, ən sanballı əsərlərinin böyük hissəsi məhz bu mövzu üzərində köklənib - ailə saqası üslubunda yazılmış çoxcildli, böyük romanlardan tutmuş, dram əsərlərinə, bədii filmlərə qədər… (Belə əsərlərin sadəcə adlarını sadalasaq, böyük biblioqrafik kitab alınar.)

Motivlər isə oxşardır - hər bir əsərin mərkəzində qəddar, qəzəbli, diktator kimi çıxış edən ata və onun diktatı, zülmü, zəhmi, altında qorxudan tir-tir əsən, iradəsi əzilmiş, haqqı tapdalanmış oğul (və ya oğullar, övladlar)… və əlbəttə ki, "azadlıq" eşqi. Atanın diktatı və iradəsi nəticəsində, Oğulun əlindən alınmış azadlığı geri qaytarmaq cəhdləri.

Bir tərəf mənfi, digər tərəf isə müsbət(lər)… Və əlçatmaz cənnət - azadlıq.

Süjetlər də sanki bir-birini təkrarlayır - ata zülmündən, qəhrindən bezən və öz haqqını bərpa eləmək istəyən oğul qiyam qaldırır, qəfəsi sındırıb azadlığa çıxmaq üçün mübarizə meydanına atılır və sonda ya öz canından keçib məhv olur, məşum "ata" qalib gəlir, və ya qəhrəman oğul öz doğma atasını məhv edərək bu əbədi döyüşdə qalib gəlir. (Bəzi əsərlərdə çox ehtiyatlı şəkildə bir məqam da təqdim edilir - Oğul qalib gəlib azadlığa çıxandan sonra, hiss olunmadan özü atasına çevrilir, öz övladları üçün eyni dərəcədə qorxunc, zəhmli, qəddar ata siması alır. Çünki onunla mübarizə aparmağına rəğmən həm də onu sevir, ona bənzəməyə çalışır.) 

Süjet, ideya və motiv eynidi, sadəcə əgər XIX əsrdə bu "Ata-Oğul" mübarizələri açıq savaş şəklində davam edirdisə, XX əsrdə bu mövzuda yazılan əsərlərin, səhnələşdirilən pyeslərin, çəkilən filmlərin çoxunda konflikt açıq yox, daha çox dərin psixoloji qatda, təhtəlşüur müstəvisində cərəyan edir. XX əsrdə psixologizm üzərində köklənmiş ədəbi materiallarda, film və tamaşalarda bir maraqlı süjet tapıntısı da diqqəti çəkir - əksər hallarda, oğul (ovlad) atanın özüylə mübarizə apara bilmir, çünki həyatı boyu onun gücü, iradəsi altında əzilib. Və budur, artıq illərdir ki, ata yoxdur, lakin övlad hələ də onun diktatından çıxa bilmir, onun kabusuyla, kölgəsiylə mübarizə aparır. Yəni hətta fiziki yoxluq da, ata diktatını dağıda bilmir, oğul hələ də onun iradəsinin yaratdığı qəfəsdə çırpınır, heç cür azadlıq əldə edə bilmir. Burda təbii ki, daxili mübarizə ön qata çıxır…

(Hətta bəzi tədqiqatçılar məşhur "Hamlet" əsərini də ata diktatı altında əzilən oğulun faciəsi kimi təqdim edirlər - budur, Hamletin atası qətlə yetirilib, yoxdur, amma onun bütün hərəkətləri ata kabusunun diktəsi altında baş verir. Ata kabusu təhtəlşüur səviyyəsində onu idarə edir və oğlunun əliylə öz qisasını alır - oğlunun faciəvi ölümü bahasına olsa belə. Yəni atanın kabusu öz qisasını almaqçün oğlundan istifadə edir və onu qurban verir.)    

Avropada sonrakı dövrlərdə də bu ideyaları əks elətdirən çoxlu gözəl əsərlər yazılıb, pyeslər səhnələşdirilib, filmlər çəkilib. Və təbii ki, bu problem bütün dünyanın problemi elan olunduğu kimi, Avropanın ardıyca eyni yolu keçib "inkişaf" eləməyə çalışan başqa xalqlarda da, (bizim özümüzdə də) müxtəlif əsərlərdə işıqlandırılıb, digər cəmiyyətlərçün də aktual problem kimi təqdim olunub… ( Elə bircə Hindistan filmlərindəki oxşar süjetləri xatırlamaq kifayətdir - demək olar ki, bütün filmlər gənc sevgililərin bir-birinə qovuşmasına mane olan mənfi qəhrəman məhz qəddar zalım atadır.)    

Kənardan elə görünə bilər ki, son iki-yüz ildə bütün dünyada ən nifrətəlayiq insan atadır… Övladları öz diktatı altında saxlayan, bütün həyatlarını idarə etməyə çalışan, onların azadlığını əlindən alan  ata...

(Əksər hallarda məzlum kimi məhz oğul təqdim olunur, çünki qız ailə qurub atanın təsir dairəsindən çıxır. Oğul isə sona qədər onun yanındadır. İllər keçir, oğul böyüyür, öz həyatını özü idarə eləməyə çalışır, ata isə buna imkan vermir, hər şeyi onun yerinə ata həll edir, onun həyatını öz istədiyi məcraya yönəldir, çərçivədən kənara çıxmağa imkan vermir və nəticədə oğulun içində ona qarşı dəhşətli bir nifrət yaranır. Oğul həm atanı sevir, həm də ondan qorxur, ona nifrət edir.) 

Avropa alimləri bu problemin səbəbini müxtəlif cür izah ediblər.

Yenə də Freydin üstünə qayıdaq. Həyatın bütün problemlərini sırf intim müstəvidəki komplekslərə bağlayan Freyd, haqqında danışdığımız məlum "Edip kompleksini" irəli sürür, bəyan edir ki, ataya olan nifrətin əsas səbəbi , oğulun uşaqlıqdan bəri öz anasını ataya qısqanmasıdır. Və bütün ata-oğul komplekslərinin əsas səbəbi bu Eros enerjisinin təzahürüdür.

Sosialistlər mütəfəkkirləri isə bu konflikti ictimai mübarizə müstəvisinə gətirirlər - Ata mürtəce konservativ köhnəliyi, oğul isə proqressiv yeniləşməni təmsil edir və bu ata-oğul mübarizəsi sadəcə yeniliklə köhəliyin savaşından başqa bir şey deyil…  Deməli ata inkişafa mane olan mənfi ünsür, oğul isə inkişafa çalışan və müsbət ideyaların daşıyıcısı kimi çıxış edir.

(Qeyd edim ki, Sovet dönəmində, elə bizim özümüzün müasir ədəbiyyatımızda bu problem Freydin psixoanaliz metodikasıyla yox, daha çox ikinci formada - yeniliklə köhnəliyin mübarizəsi kimi verilib. Çünki bu cür yanaşma sosializm ideyalarına daha çox uyğun gəlirdi. Lakin Qərbi Avropada və Amerikada Freydin altşüurdakı "Edip kompleksi" ideyası daha populyar idi.)    

Haşiyə. - Son onilliklərdə Azərbaycan ədəbi-mədəni mühitində də, eyni tendensiyaların müəyyən qədər yayıldığının şahidi olmuşduq. Həm klassik dövrün, həm də yaxın keçmişin ədiblərinə, sənətkarlarına qarşı qəribə bir aqressiya, qəzəb hissi bir çox yeni nəsil yazarlarının əsərlərində müşahidə olunub. Və əfsuslar olsun ki, əksər hallarda bu qəzəb və nifrətin konkret səbəbləri o qədər də böyük olmayıb, lakin kənar təbliğlərin təsiri altına düşənlər bir çox hallarda özlərini sadəcə Qərbdəki həmin məşhur "dağıdıcılara" bənzətməyə çalışıblar - həm yazı maneralarında, həm davranış tərzlərində, həm təbliğatlarında məhz onlara oxşamağa çalışıblar.

(Lakin fakt faktlığında qalır ki, bizim cəmiyyət şükürlər olsun ki, nihilizmi kütləvi şəkildə qəbul eləmədi və bu dostlarımızın bütün dırnaqarası mübarizəsi də çox solğun, zəif parıltılardan başqa bir şey olmadı, alova çevrilmədi, toplum ata üzünə asi olan oğulların ardıyca getmədi… Dünya şöhrətli türk yazıçısı Orxan Pamuk son romanlarının birində bu məsələyə toxunub və bir çox maraqlı tarixi ekskurslardan sonra əsərin sonunda bu nəticəyə gəlir ki, Qərbdə oğul atanı öldürür (Lay və Edip), Şərqdə isə ata oğulu (Rüstəm və Söhrab)… Deməli, yazıçının təxmini fikrincə, Qərbdə müasirlik və inkişaf qalib gəlir, Şərqdə isə köhnəlik və konservatizm, ona görə də Şərq heç vaxt inkişaf etməyəcək, çünki çərçivələri sındırmaq, dağıtmaq ənənəsi Şərqdə geniş yayılmadı…)

Əks-təsir

Məsələni araşdıranda incə bir məqam ortaya çıxır: SSRİ-də bu mövzuda yazılan əsərlər, qoyulan tamaşalar, çəkilən filmlər ümumi qaydada qəbul edilirdisə, müsəlman respublikalarında qəribə bir hal müşahidə olunurdu -  köhnənin tərəfdarı olaraq mənfi kimi təqdim olunan qəddar, zalım ata obrazları geniş xalq kütlələri tərəfindən, nədənsə müəyyən mənada, müsbət kimi qəbul olunurdu. Bəs səbəb nəydi?

Niyə Gəray bəylər, Kərbəlayi İsmayıllar, Cahandar ağalar, Rüstəm kişilər və mənfi sayıla biləcək bu tip onlarla zəhmli, qəddar diktator ata obrazları bizim toplum tərəfindən müsbətlərdən daha çox sevilirdi? 

Səbəbi təkcə gözəl əsərdə, keyfiyyətli aktyor işində, rus imperiyasına qarşı gizli qiyam hissində axtarmaq olar. Və bu vaxta qədər məhz belə düşünmüşük. Lakin zənnimcə, bütün bu yanaşmalar məsələnin zahiri qatını təşkil edir. Dərində isə kollektiv təhtəlşüur səviyyəsində daha gizlin, daha qaranlıq səbəblər dayanır….

Məncə, əsl səbəb daha maraqlıdır  - Müsəlman Şərqi, ələlxüsus Türk dünyası üçün  (övlada) oğula qənim kəsilən, onun bütün həyatını öz istədiyi kimi idarə eləməyə çalışan  qəddar zalım diktator ata obrazı xarakterik deyil, ona görə də  Şərq təfəkküründə atalar-oğullar problemi heç vaxt olmayıb, çünki buna zəmin də yoxdur. Bu səbəbdən qəddar ata obrazları bizdə mənfi kimi yox, müsbət kimi qəbul olunub… Beləcə, kənardan sırınan bu "böyük konflikt" bizim təfəkkürə yamaq kimi qaldı, üzvi surətdə oturuşmadı və nəhayət, ədəbiyyatın və mədəniyyətin aktual hesab olunan mövzuları cərgəsindən çıxdı…

Əlbəttə, fikirlərimə etiraz edənlər çox ola bilər, buna görə də bəzi məqamları məncə, daha geniş işıqlandırmağa ehtiyac var… yalnız problemin dərində olan səbəblərini göstərəndən sonra məlum olacaq ki, bu hal bizimçün həqiqətən də xarakterik olmayıb…

Qəddar ATA-TANRI

Məncə bu məsələyə münasibətdə nə sosial yanaşma, nə də psixoanalitik yanaşma doğrudur. Məsələnin kökünü analitik psixologiyanın kollektiv təhtəlşüur (altşüur kimi də tərcümə oluna bilər) nəzəriyyəsində axtarmaq lazımdır. Hərçənd ki, Avropa alimləri dediyimiz problemi məhz bu aspektdən araşdırmayıblar, amma ola bilər ki, özləri bu problemin içində olduğundan, səbəbini yaxşı sezə bilməyiblər. Bizsə kənardan baxırıq. Elə məqamlar var ki, kənardan daha aydın görünür…

Karl Qustav Yunq tərəfindən əsası qoyulan Analitik psixologiya həm mədəniyyətdə, həm də ədəbiyyatda bir çox məqamlara aydınlıq gətirməkçün bizə əsas verir. Yunqun əsas ideyalarından biri bu idi ki, bütün cəmiyyətin sosial həyatı toplumun dini-mifoloji-metafizik düşüncələrinin strukturunu təkrarlayır. Çünki bu dini-mifoloji düşüncələr minillər ərzində etnosun həm fərdi, həm də sosial həyatını idarə edib, etnosun kollektiv təhtəlşüurunun ən dərin qatlarına qədər nüfuz edib. Məhz buna görə araşdırılan istənilən məsələnin kökünü dini-mifik görüşlərdə axtarmaq lazımdı.

Məncə, bizim problemin analizi üçün də bu fikir açar rolunu oynaya bilər. Gəlin xristianlığın əsaslarını təşkil edən bəzi məqamları gözdən keçirdək.   

Müsəlmanlar İsanı Tanrının elçisi kimi qəbul eləsələr də, xristianlar özləri məlum olduğu kimi, onu Tanrının oğlu hesab edir.

(Ümumiyyətlə "Tanrı-ata, Tanrı-oğul və müqəddəs ruh" üçlüyünün xristian teologiyasında Tanrının vahidliyi ideyasıyla necə uyğunlaşdırılması ayrıca bir teoloji sahədir.  Çoxsaylı xristian alimləri bu Üçü müxtəlif dəlillərlə Birə çevirməyə çalışıblar, bu xüsusda çoxsaylı kitablar yazıblar. Lakin bu məqam bizim mövzumuza daxil deyil. )

İndi isə məsələyə böyük xristian teoloqlarının gözüylə yox, adi toplumun, qara camaatın sadə və realist nəzəriylə baxmağa və hadisəni onların təhtəlşüur səviyyəsində necə qəbul elədiyini təsəvvür eləməyə çalışaq. Çünki ikonaqrafiyanın inkişaf eləməsi səbəbindən xristianların nəzərində İsa Məsih çöhrəsini dəqiq gördükləri real insani bir varlıq idi.

Budur, Tanrı öz oğlunu dünyaya göndərir ki, insanları doğru yola gətirsin. Və atanın yaratdığı bu "dünya"da oğula olmazın əziyyətlər, iztirablar verirlər… Oğul zülmlərlə dolu qısa həyatının sonunda isə bütün bəşəriyyətin günahlarını öz üzərinə götürmək tapşırığı alır və dözülməz işgəncələrlə çarmıxa çəkilir, edam edilir…

Xristian teloloqları bu hekayətə nə qədər dini-mistik don geyindirməyə çalışsalar da, adi kütlənin təhtəlşüuru səviyyəsində hər şey çox sadə şəkildə dərk olunur - Tanrı-Ata öz oğluna zülm elədi...

Axı oğulun heç bir günahı yox idi. Amma bu günahsız övlad qəddar rəhmsiz atanın iradəsi əsasında zalım dünyaya göndərilir, öz seçim imkanından, iradəsindən məhrum olan oğul dünyada sonsuz işgəncələrə məruz qalır və sonda yenə də heç bir günahı olmadığı halda, bütün bəşəriyyətin günahlarını öz üstünə götürməli olur… Nə qədər əsaslandırılmağa çalışsalar da, təhtəlşüur qavrayışı səviyyəsində, bütün bu hadisələrin səbəbkarı olan ATA-TANRI məhz zalım, qəddar varlıq kimi qəbul edilir… (Son onilliklərdə Avropada İsa peyğəmbərlə bağlı çəkilən bir neçə bədii filmdə məsələ açıq şəkildə məhz bu cür təqdim edilir və məhz buna görə bu filmlərin bəziləri xristian ruhaniləri tərəfindən böyük etirazlarla qarşılanmışdı.)

İndi isə sadə topluma qayıdaq. Əgər hətta Tanrı-Ata da, öz oğluna bu qədər zülm eləməyə haqlıdırsa, deməli istənilən atanın da buna haqqı çatır. Hətta bir qədər də dərinə gedək - məlumdur ki, insan həmişə öz Tanrısına bənzəməyə çalışır.  Çünki Tanrı idealdır. Belə olan halda istənilən xristian ailə başçısı özü hiss eləməsə də, təhtəlşüur səviyyəsində Tanrıya oxşamağa çalışır, onun davranışını, hərəkətlərini qeyri-şüuri təkrarlayır. Yəni övladlarına, ələlxüsus oğlanlarına (və ya oğluna) münasibətdə eyni dərəcədə qəddar və zalım olmağa çalışır. Yəni bu cür davranışla sanki özünü qapalı dairədə, ailə çərçivəsində kiçik Tanrı hiss edir və özünə borc bilir ki, oğulun taleyini sona qədər özü idarə eləsin…

(Deyə bilərsiz ki, qəddarlığın konkret bir dinə nə dəxli var? Məgər başqa dinlərdə, müsəlmanlarda, yəhudilərdə və s. bu cür qəddar atalar olmayıb? Olub, əlbəttə, amma bu sualın cavabını yazımızın sonrakı hissələrində verməyə çalışacağıq..)

Məncə, məsələnin ilkin səbəbi məhz bundadır - xristianlığın mənşəyindəki Tanrı-Ata və Tanrı-Oğul münasibətlərindəki ziddiyyətləri, sonrakı dövrlərdə xristian cəmiyyətlərində də oxşar ziddiyyətlər yaratmış oldu…

Məhkum sevgi

Lakin ata-oğul konfliktinin zənnimcə ikinci səbəbi də var ki, bu da eyni dərəcədə əhəmiyyətlidir. Nədir bu səbəb?

Məlumdur ki, xristian hüququnda boşanma ən böyük günahlardan biri sayılır, bir nikahdan artığına da icazə verilmir. Buna əsas olaraq da, İncildə gedən bu kəlmələr göstərilir - " Əgər kim, zinadan başqa hər hansı bir səbəbdən öz həyat yoldaşından ayrılıb başqasıyla ailə qurursa və ya əvvəl boşanmış biriylə evlənirsə, elə zina eləmiş kimidir."

Diqqət edək -  deməli min illər ərzində xristian aləmində, məhkəməylə  sübut olunan zinakarlıq istisna olunmaqla, heç bir səbəbdən boşanmağa icazə verilmir, boşanmışa evlənmək də zina kimi böyük günah qərar verilir. Hətta əgər ər, ya arvad psixi xəstəliyə tutulubsa və ya ağır xəstədirsə və ya hansısa səbəbdən öz ailə borcunu yerinə yetirə bilmirsə, yenə də nə boşanmağa, nə də ikinci nikaha icazə verilmir. Nikahdan kənar münasibətlər isə zina olaraq ən böyük günah kimi qəbul olunur. Din xadimlərinə, rahiblərə isə ümumiyyətlə əks cinslə istənilən yaxın ünsiyyət qadağan edilir…

Bəlkə kimlərinsə nəzərində, bu qaydalar, ailəni qoruyub saxlamağa yönələn insanpərvər, demokratik qanunlar kimi görünə bilər… Lakin dərinə gedəndə görürük ki, belə deyil. Əgər istənilən qanun və tabular insanın fizioloji və sosial tələbləriylə üst-üstə düşmürsə, o qanunlar sistemi əvvəl-axır dağılacaq…

(Necə ki, Sosializm sistemi qısa müddətdən sonra dağıldı, çünki insanın təbii tələbatını təşkil edən, sahibkarlıq hissini aradan qaldırmağa çalışırdı. Bu isə mümkün deyil. )

Xristianlığın nikah qanunlarının hansı ailəiçi problemlər və fəsadlar yaratdığını anlamaq üçün elə Avropa ədəbiyyatının və mədəniyyətinin ortaya qoyduğu əsərlərə diqqət yetirmək kifayətdir. Əlbəttə, bura şəxsi müşahidələri də əlavə edəndə, məlum olur ki, istənilən xristian kişisi öz həyatı boyu daim bu qaydaların təzyiqi altında yaşamalı olub. Öz daxili təbii tələbatı bu qaydalarla üst-üstə düşməyib, daxili ziddiyyətlərlə üz-zə qalıb, əziyyət çəkib və əgər nəsə bir artıq hərəkət eləyibsə də, daim günah hissiylə yaşayıb, bunun cəzasını alacağını düşünüb…

(XX əsr Avropa ədəbiyyatında ən çox işlənən süjet modellərindən biri də budur -  kişi öz arvadını öldürür ki, sevgilisiylə bir yerdə ola bilsin. Çoxsaylı pyeslərdə və detektiv əsərlərdə bu modelə rast gəlmək olar… Kimsə deyə bilər ki, məgər qətl zinakarlıqdan daha ağır günahdır? Əlbəttə, yox. Burda məsələ rəsmi şəkildə nikaha girib sevgilisiylə yeni ailə qurmaq imkanının əldə edilməsidir. Yəni bu nikahın cəmiyyət tərəfindən qəbul edilməyi daha əhəmiyyətlidir.)    

Beləcə, intim istəkləri və daxili tələbatı içində boğulan kişi öz-özünü sıxmağa məcbur olur, bu səbəbdən təhtəlşüurunda gizli qəzəb və nifrət hissi yaranmağa başlayır. Freydin dediyi kimi, alt şüur mənfi energetikanın mənbəyinə çevrilir. Və təbii ki, bu qarşısıalınmaz mənfi enerji ilk olaraq ailə üzvlərinə, övladlarına yönəlib, sanki onlara öz qəddarlığını göstərməkdən, incitməkdən həzz alıblar… yəni özləri də hiss eləmədən övladları üçün "Əzrayıl"a çevriliblər…

Çılpaq Frensisk

Bu məqamda Avropa ədəbiyyatının bu mövzudakı əsərlərini xatırlamazdan əvvəl, çox-çox keçmişə, XIII əsrin əvvəllərinə qayıdıb, xristian dünyasının ən məşhur ordenlərindən olan Fransiskan ordeninin banisi, Avropanın ən nüfuzlu, tanınmış müqəddəslərindən olan Frensisk Asizskiy (Asizli) ilə bağlı məşhur rəvayəti xatırlatmaq istərdim. Çünki sonra yazılan ədəbiyyat nümunələri də elə əslində bu cür real həyat hadisələrindən qidalanır…

Budur, 1207-ci ilin yayıdır. İpək ticarətiylə məşğul olan Pyetro Bernardone öz oğlu Fransiski qarşılayır. Hərbi yürüşlərdən birindən sonra oğul evə qayıdır, lakin atasının ticarətlə məşğul olmaq təklifinə rəğmən ruhani olmaq istədiyini bildirir. Ata razılaşmır və qətiyyətlə bəyan edir ki, mütləq onun yolunu davam etdirməlidir, ipək taciri olmalıdır. Arada gərgin mübahisə düşür, Pyetro Bernardone öz oğlunu döyür, zirzəmiyə salıb qapısını bağlayır..

Yalnız gecə, anasının köməyi ilə Frensisk zirzəmidən qurtulur, ona bir az pul verir və Frensisk evdən çıxıb Romaya doğru yol alır. Lakin qəzəbli ata əl çəkmir, şəhər hökumətinə şikayət yazır və artıq yola çıxmış Frensiski tutub geri qaytarırlar. Atası məhkəməyə şikayət edir, bildirir ki, oğlunun nəyi varsa, onun əmlakıdır, buna görə də oğlunun onun hökmündən çıxmağa haqqı yoxdur.

Atasının bu sözündən sonra gənc Frensisk elə məhkəmə salonundaca, hakimlərin qarşısında lüt soyunub bütün paltarlarını və üstündə olan bütün əşyaları atasının üstünə atır və bildirir ki, indi daha məndə sənə məxsus heç nə yoxdu və bundan sonra səni yox, Səmavi Atamızı öz atam hesab edəcəm. 

Bunu deyən çılpaq Frensisk atasıyla əlaqəni birdəfəlik kəsərək, məhkəmə zalını tərk edir, Vatikana üz tutur…

Əlbəttə, bu cür yüzlərlə minlərlə hekayət rəvayət danışa bilərik, amma zənnimcə ehtyiac yoxdur. Elə biri də kifayətdir.

Beləliklə, Avropanın xristian mühitində qəddar, diktator ata arxetipinin yaranmağının iki əsas səbəbini göstərdik - biri üst şüurla bağlı səbəb (Tanrıya bənzəmək hissi), ikincisi isə,  altşüurda - Freydist qatda baş verən proseslər (daxili intim tələbatların sıxışdırılıb çıxarılması, məcburi boğulması, daimi "günahkarlıq" hissi…)

Əslində elə görünməsin ki, bu məşum problemin səbəbini səmavi dinlərdən birinin məğzində izah etməyə çalışırıq. Hərçənd, son iki yüz ildə avropalılar məsələyə məhz bu cür yanaşıblar və məsələnin səbəbini sadəcə xristianlığın doqmalarında yox, ümumiyyətlə, Tanrıçılıqda görüblər. Bunun nəticəsində, Tanrıdan qaçma meyilləri gücləndi, artdı və XX əsrin materializmi, ümumiyyətlə, Tanrının inkarı ilə nəticələndi. 

Lakin Şərq alimləri məsələni belə şərh edirlər ki, xristianlığın həqiqi müqəddəs kitabı əldə yoxdur, səpələnib, dağılıb, yerdə qalan kiçik fraqmentlər kifayət qədər təhrif olunub. Və insan xislətinə zidd olan bu cür doqmalar ora sonradan əlavə olunub...  (Qeyd edək ki, xristianlığın yarandığı ilk əsrlərdə yüzlərlə İncil mövcud idi ki, bunların mətnində çoxsaylı ziddiyyətlər var idi. Yalnız sonradan bunların içindən dördü seçildi, qalanlar isə kənara qoyuldu.)

Qərbdən Şərqə

Əlbəttə, kənardan bəlkə də inandırıcı görünməyə bilər. Ancaq fakt faktlığında qalır:  dediyimiz həyat situasiyaları - oğullarına  zülm edən qəddar atalar və onlara qarşı qiyama qalxan övladlar; başqasıyla ailə qurmaqçün arvadını öldürən kişilər və bu cür süjetlər yalnız və yalnız Avropa ədəbiyyatında çoxluq təşkil edir. Bu motivlərə nə klassik Şərq ədəbiyyatında, nə də Hind, uzaq Şərq xalqlarında rast gəlinmir. (Yalnız son yüz ildə Avropa ədəbiyyatının təsiri altında bu süjetdə  olan əsərlər yaranmağa başlayıb…)

Əgər xristian Avropasından kənarda belə mövzular ədəbiyyata, mədəniyyətə gəlməyibsə, deməli bu problemlər onlarçün aktual olmayıb, cəmiyyətdə belə hallar o qədər də çox qeydə alınmayıb. Az miqdarda olubsa da, toplumun kütləvi təhtəlşüuruna nüfuz edəcək səviyyədə olmayıb. Amma xristian Avropasında olub… Və bunun nəticəsində məşum "Atalar və oğullar" problemi yaranıb ki, bu günə qədər bütün bəşəriyyətin bir nömrəli probelmi kimi bizə sırınır…

(Bir detalı da qeyd edim ki, hətta son yüzilliklərdə Avropa ədəbiyyatında və mədəniyyətində əhəmiyyətli yer tutan yəhudi əsilli sənətkarların da əsərlərində bu problemə rast gəlinmir. Yəni "Atalar və oğullar" problemi, "qəddar zalım ata" Arxetipi sırf xristian təfəkkürlü sənət və söz adamlarının yaradıcılığının bəhrəsidir.)

Uzaq Çini, Hindistanı kənara qoyub öz keçmişimizə diqqət edək. Bəs Şərqdə bu məsələlər necə həll edilib ki, bizdə bu problem olmayıb.

Ən əvvəl Tanrıya bənzəmək məsələsinə toxunaq. Məlumdur ki, Qərb ikonoqrafiyasından fərqli olaraq, Şərqdə nə Tanrı, nə də Peyğəmbərlə bağlı hər hansı realist təsvir mövcud deyil. Tanrının oğlu da yoxdur. Tanrı deyəndə Şərq təfəkküründə ilk olaraq kitab, mətn yada düşüb. Həyat davranışı üçün nümunə timsalında isə həm şüurlu, həm də təhtəlşüur səviyyəsində daha çox Məhəmməd peyğəmbərin şəxsiyyəti və həyatı götürülüb. Burada isə biz haqqında yuxarıda danışdığımız problemlərin heç birini görmürük. Əlbəttə ki, döyüşlərdə iştirak etsə də, Məhəmməd peyğəmbərin davranışında hansısa qəddarlıq, zalımlıq nişanələri barədə danışmağa belə dəyməz… Peyğəmbərin oğlu olmadığından, ata-oğul münasibətlərinin idealı kimi də daha çox onun kürəkəni İmam Əlinin öz övladlarıyla - Həsənlə, Hüseynlə münasibətləri götürülür ki, burda da heç cüzi diktatdan belə söhbət gedə bilməz.

İndi isə ikinci məqama diqqət edək - İslam hüquq sistemində boşanmalara məhdudiyyət yoxdur, qaydalar çərçivəsində dörd nikaha və əlavə müvəqqəti nikah formalarına icazə verilir ki, bu da öz növbəsində kişilərdə Freydist problemlərin yaranmasının qarşısını alıb… Həm kişi, həm də qadın istədiyi qədər evlənib boşana bilər.   Boşanmış kişiyə və qadına da heç kim hansısa pis nəzərlə baxmayıb.

Deməli, bizim kişilərin, ağsaqqalların, böyüklərin öz övladlarının həyatına qəddarlıqla nüfuz eləməyinə, öz qəzəb və nifrətini onların üstünə tökməyinə əsas olmayıb. Çünki nə özlərini "qəddar Tanrı Ata"ya bənzətməyə çalışıblar, nə də daxillərində illərlə həyata keçirilməmiş intim energetika yığılıb qalmayıb, mənfi qüvvəyə çevrilməyib. Bizim köhnə kişilər rahat, ağır olublar, təmkinli olublar… Ona görə də bizim klassik ədəbiyyatda ( həm də şihafi nümunələrdə) bu cür mənfi ata obrazları yoxdu. Əksinə, hökm sahibi, başçı, rəhbər, ata obrazları var ki, onların qəddarlığı, zəhmi, qəhri də müsbət məqsədlərə xidmət elədiyinə görə, mənfi keyfiyyətlər kimi yox, lazımlı və əhəmiyyətli xüsusiyyətlər kimi qəbul edilib.

Bu dediklərimə də çoxsaylı ədəbi əsərlərdən və real həyatdan nümunələr göstərmək olar, lakin zənnimcə, bir maraqlı poetik parçaya toxunmaq kifayət edər… Məhəmməd Füzulinin məşhur "Ənisül-qəlb" poemasının "Fəzliyə nəsihət" hissəsində şairin öz oğluna nəsihətlərində maraqlı detallar müşahidə edirik. Və avtomatik olaraq bu nəsihətlər Avropa ədəbiyyatındakı ata-oğul münasibətləriylə müqayisə ediləndə, qəribə fərqlər ortaya çıxır…

Avropada öz övladlarının həyatını sona qədər öz iradəsi və hökmü altında saxlamağa çalışan diktator atalardan fərqli olaraq Füzuli öz oğluna tamam başqa şeylər deyir..

Dinlə məni, ağıllı balam, diqqət ilə sən,

Bu incə nüktə sirrini ta eyləyim bəyan.

 

Salsan həqiqəq aləminə yaxşı bir nəzər,

Sən meyvəsən, mən isə ağac, dəhr busitan.

 

Meyvə ağacdan incədir, ətri ziyadədir,

Olmaz ağacda meyvədəki ətr bigüman.

 

Ayrılmalıydı meyvə ağacdan dəyən kimi,

Verməz təbiət heç kəsə bu hökmlə aman.

 

Meyvə dərilməz isə ağacdan, bu qaydadır,

Dövran əlilə hər ikisinə yetər ziyan.

 

Həm meyvəni əzib, çürüdüb məhv edər hava,

Həm də dəyər ağac başına daş zaman-zaman.

 

Yoxdursa meyvədə ağaca ehtiyac əgər,

Meyvə ağacda tutmamalı boş yerə məkan.

Beytlərə diqqət edəndə görükür ki, böyük Füzuli özünü ağaca, yeniyetmə oğlunu isə meyvəyə bənzədir və bildirir ki, dünyanın həqiqəti belədir, meyvə ağacın məhsulu olsa da, yetişəndən sonra ağacdan qopmalıdır, öz həyatını yaşamalıdır və əgər qopmasa, hər ikisinə zərbə dəyər… Məlumdur ki, budaqdan qopub düşməyən və dərilməyən meyvəyə əl çatmırsa, ona daş atırlar, ağac atırlar ki, qırılıb düşsün.. 

Fikir versək, görərik ki, böyük şair oğlu Fəzliyə başa salır ki, müəyyən vaxta qədər mən səni böyütdüm, indi isə sənin öz həyatını sərbəst yaşamaq vaxtı çatır və bundan sonra öz həyatını özün qurmalısan… göründüyü kimi heç bir "qəddar ata diktatı"ndan söhbət gedə bilməz. Əksinə, ata övladın qarşısında azad, sərbəst həyatın yollarını açır…

Və yaxud "Leyli Məcnun"a diqqət edək. Ata öz oğlunun eşqə düşdüyünü görür, hətta Məcnunluq elədiyinə rəğmən onun sevdasının ardıyca Leylinin evinə gedir…

Eyni hali çoxsaylı hekayətlərimizdə, yazılı və şifahi ədəbiyyat nümunələrində də görmək olar…

Maraqlı məsələ ondan ibarətdir ki, xristianlardakı qəddar ata obrazı qəribə şəkildə bizim şifahi ədəbiyyata da keçib. Bizim məlum xalq dastanlarımızda gürcü və ya erməni qızına vurulan oğlanın qarşısını əks tərəfdəki qəddar ata kəsir…  Bəli, biz tərəfdə tarixən böyüklər övladın iradəsinin qarşısını kəsən qüvvə kimi çıxış etməyiblər… Nə həyatda nə də sevgi meydanında… Ona görə də, oğulların nifrətini qazanmayıblar və buna görə, təkrar edirəm,  bizdə "atalar və oğullar" problemi geniş yayılmayıb. 

Əlbəttə, yenə etiraz edənlər ola bilər və mənə XX əsrin əvvəllərində tənqidi realistlərimizin yazdığı onlarla əsəri nümunə gətirə bilərlər ki, orada ata qəddarlıqla qızını kiməsə ərə verir və yaxud onu başqa təsirlərə məruz qoyur və s…

Bəli, bizdə belə əsərlər var və az deyil. Lakin nəzərə alaq ki, bu əsərlərin çoxu  müasir sayılan nəsr nümunələridir və rus tənqidi realizminin təsiri altında yazılıb. Süjetlərin çoxu da oradan götürülüb… Həm də, hansısa hadisənin bir neçə ədəbiyyat və sənət nümunəsində yer alması hələ heç nə demir. Nadir baş verən və topluma geniş mənada xas olmayan hadisələri də yazmaq olar. Bu problem deyil. Əsas məsələ bu cür hadisələrə həsr olunmuş külli miqdarda, müxtəlif janrlarda əsərlərin yazılmasıdır. Yalnız bu halda hesab eləmək olar ki, təsvir olunan hadisə bu toplum üçün xarakterikdir.

Bizdə ötən əsrin əvvəllərindən başlayaraq yazılan bu mövzulu əsərlərin çoxunda konservativ "böyüklər" tərəfindən həyata keçirilən diktatın, zorakılığın, qəddarlığın təsvir olunması, yenə də təkrar edirəm ki, nadir hallarda baş verən neqativ halların ümummilli miqyasda təqdim edilməsi idi… Və bütün bu prosses Rus imperiyasının, daha sonra Sovet ideologiyasının müəyyən razılığı və təkidi ilə həyata keçirilirdi. Bu əsərlər əsasında fikir yürüdəndə, elə görünə bilər ki, bizim bütün köhnə kişilərimizin işi gücü qızlarını döyə-döyə qoca kişilərə ərə vermək və ya oğlanlarını zorla öz istədiyindən ayırıb varlı adamların qızlarıyla evləndirmək, qardaşlarını öldürüb arvadlarını almaq olub… 

Amma geniş mənada belə olmayıb axı. Sadəcə Sovet dövründə məhz bu mövqedən çıxış edən əsərlərə yaşıl işıq yandırılıb, keçmişə məhz bu cür münasibət alqışlanıb və bizdə belə təəssürat yaranıb ki keçmişimiz elə həqiqətən başdan-ayağa bu cür olub…

Məsələdən yayınmayaq. Əsas demək istədiyim odur ki, bizim klassik milli düşüncədə "Qəddar ata" obrazı, "Atalar-oğullar" problemi də olmayıb. Hətta sonradan ərsəyə gələn əsərlərdə mənfi "Qəddar ata" obrazları təqdim edilsə də, toplum bunları əksinə, müsbət kimi qəbul edib, nifrət eləmək əvəzinə sevib, onlardan nümunə götürüb…

Qorxunc "Qayınana"

Bəs nə olub? Ümumiyyətlə, bizim ailələrdə bəyəm heç bir problem olmayıb? Heç bir psixoloji neqativ hal arxetipləşməyib?

Bir az əvvələ qayıdaq. Qeyd etdik ki, Şərq müsəlman hüquq sisteminə görə kişinin bir neçə qadınla eyni vaxtda nikaha girməsinə icazə verilirdi. Kütləvi yayılmış hal isə belə idi ki, maddi vəziyyəti imkan verən kişilər müəyyən yaş həddindən sonra daha bir qadınla nikaha girirdilər. Bu zaman nə baş verirdi? Xanımda ərinin yeni ailəsinə qarşı baş qaldıran qısqanclıq, qəzəb hissi çox qəribə şəkildə təzahür edirdi. Qadın açıq şəkildə bu hərəkətə qarşı çıxa bilmirdi, çünki kişi qanundan və əxlaqdan kənar bir addım atmamışdı. Bunun müqabilində qadın öz qəzəbini, hikkəsini evdəkilərin üstünə tökürdü. Bəs evdə kim var? Oğul həmişə bayırdadır, qız qısa müddətdən sonra ailə qurub evdən gedir. Evdə qalır yalnız gəlin. (və ya gəlinlər)

Beləcə, ailə başçısı olan xanımın öz altşüurundakı gizli hikkəsini, qəzəbini, nifrətini çıxarda biləcəyi yeganə yer gəlin olur. Və beləcə, Avropadakı "Ata-oğul" konfliktlərinin müqabilində, Şərqdə "Gəlin-qayınana" konfliktini müşahidə eləmiş oluruq... Əgər Avropa əsərlərində "Ata-oğul mübarizəsi" və bunların arasında qalan anadan ibarət üçbucaqlar aktualdısa, Şərqdə "Gəlin-qayınana konfliktləri" və bunların arasında qalan oğuldan ibarət üçbucaq daha xarakterikdir. Düzdü, bəzi hallarda qadın çox hikkəli olanda, oğlunu da irəli verə bilir. ("Dəli Kür"də oğlunun əlinə xəncər verib ərinin yeni xanımını öldürməyə göndərən böyük xanımı xatırlamaq olar.)

Lakin əksər hallarda qadının gücü yalnız evdəki gəlinə çatırdı, hirsini, hikkəsini onun üstünə tökürdü. Gəlin də qayınanadan yığdığını onilliklərdən sonra, özü qayınana olanda öz gəlininə istiqamətləndirirdi.

(Vaxtı ilə super-populyarlıq qazanan "Qayınana" əsərinin uğurunu da yəqin ki, bir çoxlarımız sadəcə, Nəsibə Zeynalovanın yüksək səviyyəli aktyor oyunu ilə bağlaya bilərlər... Zənnimcə, səbəb təkcə bu deyil. Nəsibə xanımın yüzlərlə gözəl tamaşası, filmi olub. Lakin heç biri Cənnət xala qədər populyar olmayıb. Çünki kənardan sırınma süjetlərə, bizə xas olmayan konfliktlərə rəğmən, məhz bu konflikt üçbucağı (gəlin-qayınana-oğul) bizim Şərq mentaliteti üçün çox aktualdır və əsrlər boyu ən güclü arxetiplərdən birinə çevrilib. Məhz Şərq arxetipinə…

("Gəlin mənim süpürgəmdir" kəlamı nə qədər doğma və real görünürdü ki, hamının dilinə düşmüşdü.)

Məncə, bütün Avropa və Amerika ədəbiyyatını ələk-vələk etsək, orada tapdığımız "gəlin-qayınana" konfliktlərini barmaqla saymaq olar. Şəxsən mən özüm birini də xatırlamıram. Niyə? Çünki belə konfliktlər onlara xarakterik deyil.

Sonda hansı nəticəyə gəlirik?

Birincisi, son onilliklərdə bizdə də haqqında çox danışılan və bizim cəmiyyətdə də xarakterik hal kimi təqdim edilən və labüd hal kimi irəli sürülən nəsillər arası konflikt, "atalar-oğullar" savaşı, qəddar ata diktatı həqiqətdə bizə xas deyil, bizə kənardan - Avropadan sırınan bir haldır.

Bizdə tarixən belə olmayıb - ağsaqqallar, böyüklər əksər hallarda övladların həyatına qəddarlıqla müdaxilə eləməyiblər, onların həyatını öz istədikləri kimi idarə etməyə çalışmayıblar. Buna görə də övladlar həmişə böyüyə hörmətlə yanaşıblar, ağsaqqalların, ailə başçılarının hörmətini saxlayıblar. Əgər hansısa məqamda fikirlər ziddiyyət təşkil edibsə də, bu ziddiyyətlər Avropadakı "ata-oğul konfliktləri" həddinə çatmayıb. Bir çox hallarda övladlar ata sözünə, böyük sözünə qulaq asıblar, hətta istəməsələr də, onların iradəsindən çıxmayıblar. (Ağsaqqallıq kultunun yaranmasının da səbəblərindən biri budur.)

Bəzi hallarda isə, övladın böyük təkidini görən böyüklər, ağsaqqallar özləri geri çəkiliblər, konfliktlərin ifrat həddə çatmasına yol verməyiblər. 

O ki qaldı Şərqdəki məlum "gəlin-qayınana" konfliklərinə, bunlar da nə qədər geniş yayılmış olsa da, nə qədər iztirablar, əziyyətlər doğursa da, "atalar-oğullar" problemindən fərqli olaraq, geniş mənada cəmiyyətin hansısa formada parçalanmasına, nihilistləşməsinə, böyük sosial problemlərin yaranmasına gətirib çıxartmayıb, ailələr çərçivəsində ört-basdır edilib, sakitləşdirilib, kənar təsirləri neytrallaşdırılıb…

İnqilablar, inkişaflar

Bir çox dünya alimləri qeyd edirlər ki, Avropada Orta əsrlərdəki düşüncə inkişafı  əslində təfəkkür sahiblərinin xristianlığa - əsasən də katolisizmin doqmalarına qarşı yavaş-yavaş qiyama qalxmasıyla başlayır... Başqa sözlə desək, katolisizmin dözülməz qadağalarına qarşı mübarizəyə başlayan Avropa ziyalılarının səyi nəticəsində əvvəl Protestantlıq yarandı, daha sonra İntibah, Maarifçilik və nəhayət bugünki müasir dünya peyda oldu…

Burdan belə çıxır ki, son üç yüz ilin "təfəkkür dəyişməsi" dediyimiz hərəkat bütün bəşəriyyət üçün labüd və qaçılmaz kimi təqdim edilsə də, əslində, yalnız öz ifrat çərçivələriylə toplumu sıxan "Katolik Avropası" üçün labüd və qaçılmaz idi. Və heç bir halda, yeniliklə köhnəliyin ümumbəşəri miqyasda savaşından söhbət gedə bilməz. Əgər belə olsaydı, Katolik Avropasından kənarda da, hansısa cəmiyyətlərin, təfəkkür paradiqmalarının öz içindən parçalanıb dağılmasını, yeniləşmə meyillərini, nihilizmi müşahidə edərdik. Başqa xalqlarda da oğullar atalara qarşı qalxardı, cəmiyyətin altını üstünə çevirərdilər, bütün köhnəni sındırıb dağıdardılar…

Amma belə hal müşahidə olunmayıb. Dünyadakı bütün yeniləşmələr yalnız XIX əsrin ikinci yarısından etibarən, yenə də Avropanın təsir və təzyiqi nəticəsində həyata keçirilməyə başladı. Hamı Avropa ilə ayaqlaşmaq, ən azından hansısa mübarizələrdə onlara məğlub olmamaqçün məcburi şəkildə öz minillik həyat tərzini dəyişib onlara bənzəməyə, onların yolu ilə getməyə məcbur oldu.

Əlbəttə, avropasentristlər deyə bilər ki, bunun nəyi pisdi, Avropa bizim hamımızı minillik cəhalət yuxusundan ayıltdı, inkişaf yolunu göstərdi.

Bəli, ayıltdı, inkişaf yolunu göstərdi, amma təəssüflər olsun ki, bu gün onların göstərdiyi inkişaf yolu elə bir uçuruma gəlib çıxıb ki, özləri də xilas yollarını tapa bilmirlər. Yəqin ki, tapa bilməyəcəklər. Çünki xilas körpülərini çoxdan yandırıblar. Və təkid ediblər ki, bütün dünya xalqları da eynən onlar kimi hərəkət eləsin, bütün körpüləri yandırsın, keçmişinə arxa çevirib üzünü yalnız gələcəyə tutsun. Amma hansı gələcəyə? Bu suala isə əfsuslar olsun ki, nə onların özləri, nə də onların ardıyca gözüyumlu gedən qərbpərəstlər cavab verə bilir…

2017 noyabr