Dünya poeziyasının türk şahzadəsi - Azər Turan - Azər TURAN

Azər TURAN

Nazim Hikməti Cem Sultana bənzədirəm...

Atası Hikmət bəy nə fateh, nə də sultandı. Amma oğlu didərgin bir şahzadə ömrü yaşadı.

Nazim Hikmət qürbətə, Qərbə, xaçpərəst səltənətinə sığınmış Cem Sultana bənzəyir. Cemi məmləkətindən çalıb aparmış Papa İnnokenti ilə Nazimə gəl-gəl deyən Stalinin, Cemi siyasi bazarlığa çıxaran kral VIII Karlla Nazimlə ən aşağılıq alver yapan Xruşşovun fərqi yoxdur. İstər siyasi, istər mənəvi olsun, fərq etməz, Bizans bütün hallarda Bizansdır. Onun heç vaxt türk adlı dostu olmur. İstər şahzadə olsun, istər kommunist…

Cem Sultan öləndə vəsiyyət etmişdi ki, "məndən sonra qardaşım Bəyazidə gedin, söyləyin, cəsədimi rədd etməsin. Cənazəmi kafir torpaqlarında buraxmasın. Müsəlman torpaqlarımıza götürüb gömsün".

Nazim Hikmət də ömrünün axırlarında bir "Vəsiyyət" yazmışdı:

Anadoluda bir köy məzarlığına gömün məni

Və də uyarına gələrsə,

Təpəmdə bir də çinar olursa,

Daş-maş da istəməz…

Cem Sultan Fatehin ən istəkli oğluydu. Fatehin varisiydi. Varis  ata mülkünə - İstanbula gələ bilmədi. Çünki qardaşı Bəyazid sultan olmuşdu. Gəlsəydi, gözlərinə mil çəkdirərdi.

Nazim Hikmət isə hələ 18 yaşlarından Fatehin aşiqiydi. Könlündəki çırpıntılar, vəcdli və həzin titrəyişlər Fateh sevgisinə köklənmişdi:

Türkün gənc padşahı, bir göy yarılır kibi,

...Fəth etdi İstanbulu səkkiz həftə, üç gündə!

Haqq yerinə gətirdi ən böyük niyazını,

Qıldı Ayasofyada ikindi namazını.

İştə o gündən bəri türkün malı İstanbul,

Başqasının olarsa yıxılmalı İstanbul.

***

Cem Sultan qəfil şişdi və öldü.

Kim nə deyir-desin, Nazim Hikmətin də ölümü qəfil və şübhəli ölümdür.

Cem Sultan bir Roma axşamında Papa tərəfindən zəhərləndirilib öldürüldü.

Nazim Hikmət isə bir Moskva səhərində qapı dalında ayaqüstə öldü, sonra da türk tərzində bardaş qurub oturdu və özü demişkən, "o gecə övliyanın ruhu uçdu Allaha".

***

Cem Sultan osmanlı poeziyasında "Vətən" şeri yazmış ilk mühacir türk şairidir:

Can dimağına erüb buyi-vətən

Dil dilər kim görünə ruyi-vətən.

Nazim Hikmət isə  qürbətdə "Məmləkətim" deyə fəryad qoparmış son mühacir türk şairidir.

***

Nazimin ilhamında Fateh ruhunun enerjisi vardı.

Bizansın coğrafi ərazilərini Fateh, söz ərazilərini Nazim fəth etmişdir:

Dördnala gəlib uzaq Asiyadan

Ağ dənizə bir kısrak başı kibi uzanan

bu məmləkət bizim…

"Kuvayi-Milliyə"dəki bu misraları yalnız osmanlı əxlaqı ilə tərbiyə olunmuş və həm də Anadolunun ruh yapısına məhrəm, eləcə də min yaşlı Orxon-Yenisey üslubundan və modern fransız Mallarmenin "Bir zər atımı"nda tətbiq etdiyi  şeir memarlığına və hörgüsünə… qədər hər şeyə aşina olan böyük bir türk şairi yarada bilərdi.

***

XX yüzildə yaşamış sənətkarlarımızı fərdi müstəvidə dəyərləndirmək çox çətindir, bəlkə də bu, heç mümkün deyildir. Çünki XX yüzilin siyasi mahiyyəti özündən əvvəlki əsrlərdən daha mürəkkəb və daha ziddiyyətli olub.

Siyasi-etnik qarşıdurmalar, panslavyanizm və pantürkizm arasında yüz minlərlə türkün həyatına son qoymuş örtülü savaşlar, Stalinlə Atatürkün politik meydandakı şahanə və şiddətli düşmənçiliyi qələm adamlarının da taleyindən yan keçməyib və bu məqamda şair şəxsiyyətinin səbatlı olub-olmaması da heç bir önəm daşımayıb.

"Kamalçılar hökuməti fəhlə və kəndlilərə qarşı mübarizə hökumətidir, bu hökumətdə kommunistlərə yer yoxdur və ola da bilməz".

Stalinin son antitürk revanşı belə başlayır.

Atatürk isə Stalinlə savaşa çoxdan hazırdır:

"Bolşeviklik qeyd-şərtsiz rus hakimiyyətidir… Şurası unudulmamalıdır ki, türk millətinin ən böyük düşməni kommunistlikdir, hər görüldüyü yerdə əzilməlidir".

Ancaq Ankaranın kommunistliyə münasibəti Moskvanın türklüyə münasibəti qədər qaranlıq, qarışıq, qapalı və qanlı olmayıb. Moskva Stalin dönəmində Sovetlər Birliyindəki türk aydınlarının ərəsətini yerüstü cəhənnəm şəklində gerçəkləşdirdi. Və məhz belə bir dönəmdə Nazimin Türkiyədən Moskvaya gəlməsi Sovetlər Birliyində türk ruhunun yenidən körüklənməsinə təkan verdi. Stalin də, sonralar Xruşşov da Nazim Hikmətlə görüşmədilər. Nazimin sovet liderləri tərəfindən etinaya alınmaması, bir kommunist türkün şəxsiyyətinə deyil, bir əzəmətli türkün varlığına sovet ideolojisinin məkrli münasibətinin bəlirtisiydi. Əslində, Nazim Hikməti kommunist patriarxlarının lovğa və kobud münasibətləri çərlədib öldürdü. Elə bu kimi tartan-partan siyasi hikkələrə Nazimin cavabıydı ki, Rusiyada yasaq olunmuş rus Mixail Zoşşenko Rusiyada mühacir ömrü yaşayan türk Nazim Hikmətin sevimlisinə çevrilmişdi.  Bu cür ərdəmli olmaq Nazim Hikmətə çox yaraşır. Şeirləri qədər çox yaraşır… O, ruhunu da, nəfsini də ömrünün son gününə qədər hifz etməyi bacardı…

***

Nazim Hikmətin ana babası bir qaqauz türküdür.

Ənvər Paşanın da dədələri qaqauz idi.

(Qəribədir, Nazim Hikmətin də ana babası Ənvər Cəlaləddin Paşadır).

Bu baxımdan, Nazim Hikmət şərin zavalına gəlmiş iki böyük qaqauz türkündən biridir.

Nazimin ulu babası Konstantin Borjenskini İstanbula gətirib kəlimeyi-şəhadət söylədən və onu Mustafa Cəlaləddin Paşaya çevirib cihad meydanında şəhidlik şərbətini dadızdıran uca Tanrı, Ənvər Paşanı İstanbuldan Moskvaya - oradan da Türküstana - Bəlcivana aparıb şəhidlik məqamına yüksəltdi.

Hər iki qaqauz - Mustafa Cəlaləddin Paşa da, Ənvər Paşa da osmanlı generalıdır və ikisinin də ömrünə xaçpərəst gülləsi ilə son qoyulub.

Damarlarında qaqauz qanı axan Nazim Hikmət də, Ənvər Paşa da biri türk hərb səltənətinə, digəri türk söz səltənətinə hamıdan artıq xidmət göstərib. Amma Ənvərin "Quran"ı, durbini, uniforması, botusu indiyəcən Moskva Hərb tarixi muzeyinin girovluğunda qalsa da, özü - nəşi İstanbula qayıda bildi. Nazimin isə yadigar nəyi varsa, hər şeyi - əlyazmaları, şəxsi əşyaları və ən başlıcası məzarı hələ də Moskvanın ixtiyarındadır və Nazim İstanbula qayıtmayınca qaqauz əsilli Mustafa Cəlaləddin Paşanın şəhid ruhu təskinlik tapmayacaq…

Borjenski soyadını əldə tutalğaya çevirib Nazim Hikmətin lehistanlı (qaqauz deməyə dilləri dönmür) başlanğıcına tənə edənlərə adamın yazığı gəlir. Konstantin Borjenski - Nazim Hikmətin ulu babası Mustafa Cəlaləddin Paşa türkçülüyün əsasını qoyanlardan biriydi. Parisdə (1870) nəşr olunan "Əski və yeni türklər" (Les Turcs anciens et modernes) kitabının müəllifi Mustafa Cəlaləddin Paşa Avropaya türk ruhunun sevgi yağmurunu çiləyən, hətta absurd kimi görünsə də "türklərlə avropalıların eyni irqə mənsub olduqlarını" (B.Ayvazoğlu) iddia edən romantik bir osmanlı türkçüsüydü. Qaqauz əsilli bir osmanlı müsəlmanının yazdığı "Əski və yeni türklər" həmin kitab idi ki, Mustafa Kamal Paşa Atatürk onu diqqətlə oxumuş və türkcəyə tərcümə edilməsini gərəkli bilmişdi. Hətta deyirlər, Atatürk Mustafa Cəlaləddin Paşaya heykəl qoyulmasını da təmənna etmişdi. Belə bir Borjenski, daha doğrusu, Mustafa Cəlaləddin Paşa özünü-sözünü bilməyən bir qism adamların qınaq hədəfinə çevriləndə buna heç dözmək olmur.

Nazim Hikmətin ana babası Ənvər Cəlaləddin Paşa isə iskitlərin türk əsilli olduğunu israr edənlərin ilk sırasındaydı…

***

Bir təriqət şeyxi olan babası Nazim Paşanın irşadlarıyla böyümüş Nazim Hikmət  axır gününəcən Mövlananın təlqin etdiyi əxlaqa - "ya olduğun kimi görün, ya göründüyün kimi ol", - düsturuna uyğun bir mürid ömrü yaşadı:

Sararkən alnımı yoxluğun tacı,

Könüldən silindi nəşəylə acı.

Qəlbə məhəbbətlə buldum əlacı

Mən də müridinəm iştə, Mövlana.

 

Əbədə sədd çəkən zülməti dəldim,

Eşqi içdən duydum, ərşə yüksəldim.

Qəlbdən təmizləndim, hüzura gəldim,

Mən də müridinəm iştə, Mövlana.

Mən Nazim Hikmətin obrazını tamamlamağa əngəl yaradan mənəvi halların dərvişanə bir xislətdən doğduğuna inanıram. Arif misalı bir halın çalkeçid mərhələləri o qədər qatbaqat, elə çoxşaxəli olur ki, onu nəinki milliyyətçilər, nəinki möminlər, hətta heç tanrısız ateistlər də anlaya bilmir və bilməz. Nazim Hikmətin ruhi yapısı psixoloji örnəyini Yunus Əmrənin ayarladığı hal əhlinin qəlibindəndi. O da ha demədən heyran olurdu, bir dəm gəlir şad olur, bir dəm gəlir giryan olurdu. Gah viranələrdə gəzir, gah deyrə girirdi. Gah İsa kimi ruhban, gah da Süleyman kimi insü-canın sultanına dönürdü. Bir dəm kəlisada ibadət edirdi, bir dəm də camedə səcdəyə qapanırdı. Canı Peredelkinoda, ruhu Gülxanədəydi. Və bütün hallarda o, həsrətin qovurub qarsadığı, yandırıb-yaxdığı Nazim Hikmət olaraq yaşadı və öldü. Sevgilisinin yanaqlarından başqa hər şeydə eşitlik, ortaqlıq arayan məfkurəsi belə könlündəki vətən həsrətinə təslim olmuş Nazim Hikmət kimi sona çatdı:

Çox yorğunum, məni bəkləmə, kapitan,

Seyr dəftərini başqası yazsın.

Qübbəli, çinarlı mavi bir liman

Məni o limana çıxaramazsın.

***

…Türkiyədə fərqli-fərqli məcralarda olsa da, Nazim Hikmətlə oxşar zədələnmiş taleyi paylaşan aydınlar çoxdur.

Ömrünü türk mədəniyyətinin və türk zehniyyətinin gəlişməsinə sərf etmiş və bizim Hüseyn Cavidin də müəllimi olmuş Rıza Tevfiq Atatürk dönəmində Türkiyə vətəndaşlığından çıxarıldı və bir "Vətən xaini" olaraq ölkədən qovuldu.

Türk milliyyətçilərinin böyük dəyər verdiyi doktor Rıza Nur Vətənə ömrünün sonlarında, yaşamaq üçün deyil, ölmək üçün gələ bildi.

Nazim Hikməti "Nazim Hikmətov", yaxud "kommunist Don Kixot" adlandıran dahi türkçü Nihal Atsız Türkiyə zindanlarında çiləli məhbus həyatı yaşadı.

Türk tarixşünaslığının şah əsərlərinə imza atmış Zəki Vəli Toğanın başına açılan zalım oyunlar hamıya bəllidir.

Amma ideallarının məmləkətində - Türkiyədə fəlakət girdabında boğulsalar da, Rıza Nurdan başqa, bu adamların heç birinin dilinə, qələminə Atatürklə bağlı bir kəlmə də olsun yaramaz söz gəlmədi. Əksinə, fikir həyatlarını:

…bir ağac kibi tək və hürr,

və bir orman kibi kardeşcəsinə

yaşadılar. Yaşaya bildilər.

***

…Nazim Hikməti rəhmətlik Adnan Menderesin hökumətinə müxalif olduğu üçün suçlayanların gözləri önündə bir gün "vətənə xəyanət" maddəsilə Adnan Menderesin özü də edam edildi. Fəqət Türkiyəni canından artıq sevən Adnan Menderes hər nə qədər vətən xaini deyildisə, vətən xaini olmayan Nazim Hikmətin də canından artıq sevdiyi Türkiyənin önündə alnıaçıq, üzüağdır.

Ancaq çoxdan bəridir ki, Menderesin xatirəsinə qucaq açmış Türkiyə türkün səsini, Pablo Nerudanın təbiriycə, bütün bəşəriyyətin səsinə çevirmiş Nazim Hikmətə münasibətdə hələ də qaraqabaqdır, xəyal qırıqlığını inadkarcasına davam etdirir, qırışığı açılmır…

***

Bu sətirləri yazarkən Dar ağacındandakı Adnan Menderesin şəklinə baxır və Camal Paşanın Nazim Hikmətə dediyi məşhur sözləri xatırlayıram:

- Səni asardım, sonra da dar ağacının altında durub ağlayardım - demişdi.

Nazim isə cavab vermişdi ki:

- Paşam, ixtiyarım olsaydı, səni mən assaydım, dar ağacının altında dayanıb ağlamazdım.

Amma ağlayardı. Bilsəydi ki, bu ağ saqqallı türk generalı bir neçə gündən sonra Tiflisdə küçənin ortasında bir erməni terrorçunun gülləsinə hədəf olacaq, ağlayardı. Erməni qurşununa qurban getmiş milli ordunun generalı üçün ağlayardı…

Qəribədir ki, Nazim Hikmətin də siyasi davranışlarını izləmək və bu  barədə Stalini məlumatlandırmaq bir başqasına deyil, məhz erməni Qriqoryana həvalə olunmuşdu.

***

Nazim Hikmət iki dünyanın ən kədərli şairidir. Türkiyədə ilk ədəbiyyat tikəsini devlər süfrəsində Əbdülhəqq Hamid, Məhməd Akif, Yəhya Kamalla… birgə kəsdi. Röyalarının məmləkətindəki ədəbiyyat ziyafətində Vladimir Mayakovski, Osip Mandelştam, Mixail Zoşşenko, Anna Axmatova, Boris Pasternak, İvan Bunin vardı. Dünyanın poeziya nemətlərini Vitezslav Nezval, Pol Elüar, Pablo Neruda ilə… bölüşməli oldu. Və bu iki dünyanın sənət dəryasında poeziya imperatorlarının, şahənşahlarının, krallarının, sultanlarının çevrəsində Nazim Hikmət suların sakit aynasında deyil, fırtınaların qoynunda boy verib görünməyi bacardı.

Amma devlər dünyasında və şöhrətin zirvəsində ömrünün sonuna qədər tənha, kədərli və yalqız yaşadı. Gözəl gözlü rəssam anası Cəlilə xanım gözlərinin nurunu itirdi. Oğlu Məhməd evlənmədi və onunla da Nazim Hikmətin nəsli kəsildi…

Axırda dünyanı kirlənmiş bir iç camaşırı kimi soyunub getdi…

***

Nazim Hikməti Cem Sultana bənzədirəm…

Cem Sultan qürbətdəki cəlayi-vətən günlərinin birində firəng Süleymana demişdi ki, taxt uğrunda baxt imtahanına çıxdım, Süleyman, bir gün tarix məndən vətən qaçqını deyə söz edərsə, şaşmamaq lazım. Vətəni qurtarmaq üçün yola çıxdım, fəqət özümü xilas etməkdə aciz qaldım… Yıxılan dünyamın xarabalığı altında xəyallarım can çəkişir. İdeallarımın tabutunu daşıyıram...

Dünya poeziyasının türk şahzadəsi Nazim Hikmət də bütün didərgin şahzadələr kimi, ən sonunda ideallarının tabutunu daşıyacağını hiss etmişdi…

***

 İstanbulda Bəyazid meydanındakı sənət qalereyasında Nazim Hikmətin bir portretini gördüm.

Mavi gözlüdür. Amma div deyil. Sarı saçları var. Amma saman sarısı deyil. Dəmir dağı yandırıb əridən Börtəçinəyə bənzəyir. Səlim Turan Nazimin portretini belə yaradıb…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!