Sürəyya Berfe - "Kıbrıs" - "1 şeir/2 rakurs" - LAYİHƏ

"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu dəfə təhlilə Sürəyya Berfenin "Kıbrıs" şeiri cəlb olunub

Süreyya Berfe

Kıbrıs
4250, Kıbrıs'taki çarpışmalardan sonra Yunan ve Türk
resmi makamlarının açıkladıkları ölü sayısıdır.

1 darbe 3 emir 10 çıkarma gemisi
4250 asker 4250 kimlik 4250 mezar
5 muhrip 50 ton bomba 100 makineli
4250 asker 4250 ölü 4250 tabut
10 jet 100 dalış 1000 isabet
4250 asker 4250 haber 4250 ilan
100 uçaksever 1000 korugan 10000 cephe
4250 asker 4250 nüfus kağıdı 4250 baş
1000 tank 10000 cemse 100000 malzeme
4250 asker 4250 tören 4250 dua
4250 insan 4250 komşu 4250 kardeş yok
Diğerleri şimdilik hayatta

Azər TURAN

On iki misra - fəlakətin soyuq mənzərəsi

Orxan Vəli "Kitabeyi-səngi-məzar"ı Süleyman əfəndinin məzar daşına deyil, ənənəvi, vəznli, qafiyəli poeziyanın sinə daşına yazdı. Amma bu modern epitafiya barmağındakı nasırdan çəkdiyi qədər heç bir şeydən əzab çəkməyən,  hətta çirkin, eybəcər yaradıldığından belə o qədər də mütəəssir olmayan  Süleyman əfəndinin öz dilində yazıldı. 

  Qafiyədən, vəzndən, təşbehdən, metaforadan, mübaliğədən, duyğusallıqdan, (hecadan, əruzdan), şairanədən və şairanə dildən imtina "Kitabeyi-səngi-məzar"dan, daha geniş anlamda isə  Qərib hərəkatından sonra  baş verdi. "Qərib" çoxdandır ki, bütləri devrilmiş türk şerinin poetik yapısını təməlindən dəyişdi. Bütlər də, bütləri devirənlər də Qəribin coşdurduğu dalğanın önünə sədd çəkə bilmədi. Sistem antisistemlə toqquşdu. On il əvvəl "şairi-əzəm" Əbdülhəq Hamidin "bütxanəsi" viran qoyulsa da, türk poeziyasında bütlərə qarşı savaş açmış Nazim Hikmət, rəqs edən dilin memarı Yahya Kamal Bayatlı hələ həyatdaydılar. "Sərvəti-Fünun"un İstanbulunu "Qərib"in Ankarası əvəz edirdi. Əndəlusda "Yelpaze çevrilir gibi birden dönüşleri, İşveyle devriliş, saçılış, örtünüşleri..." - deyə rəqs edən İstanbul şerinin musiqisi Ankarada "İşim-gücüm budur benim, Gökyüzünü boyarım her sabah, Hepiniz uykudayken. Uyanır bakarsınız ki, mavi..." - deyə son akkordlarını vurdu.

***

"Qərib"dən on il sonra türk poeziyası İkinci Yeni mərhələsini yaşadı. İkinci Yeni Süleyman əfəndinin dilinə də, barmağındakı nasıra da biganə qaldı.

Sonra 60-cılar poeziyası...

Sürəyya Berfe bu dönəmin şairlərindəndir.

***

Berfenin "Kıbrıs" şerində 1 zərbə, 3 əmr, 10 desant gəmisi, 5 minadaşıyan, 50 ton bomba, 100 pulemyot, 10 reaktiv, 100 sualtı qayıq, 1000 cəbhə, 1000 tank, əsgər daşıyan 1000 maşın və 100.000 sursat var. Şeirdə 4250 əsgərin ölümü və bir o qədər tabutu, məzarı, qara xəbəri, elanı, kimliyi, şəxsiyyəti, başı, yası, duaları, 4250 insanın, qonşunun, qardaşın itkisi xəbər verilir. 12 misralıq şeirdə 181 879 (yüz səksən bir min səkkiz yüz yetmiş doqquz) müharibə atributu və simvolu iştirak edir.

Yunan və Türk rəsmi qaynaqlarından alınan informasiya "Kıbrıs"da necə, hansı səbəbdən bu qədər şeirləşib, rəqəm bolluğu mətnin şeirləşməsinə necə imkan yaradıb? 12 misrada 4250 sözünün  - ölüm və matəm yüklü sayın (rəqəmin) donə-dönə təkrarı və təkriri, bəlkə də 4250 əsgərin ölümü ilə başlayan 4250 kimliyin,  4250 məzarın, 4250 ölünün, 4250 tabutun, 4250 xəbərin, 4250 elanın, 4250 nüfuz kağızının, 4250 başın, 4250 mərasimin, 4250 duanın, yasa batmış 4250 qonşunun, 4250 qardaşın heç bir qarğaşaya yol vermədən yanaşı gələ və gətirilə bilməsi, matəm və hüzn ağırlıqlı sözlərin və rəqəmlərin simmetriyası, harmonik düzənə tabe tutulması fəlakətin mənzərəsini və miqyasını təqdim edib. Bu mənada "Kıbrıs" modernist şeirin qanunlarını təfsir edən tədqiqatçılardan birinin təbirincə desək, reallığın oxucu şüurunda partlayan laxtasıdır. "Poeziya reallığın imitasiyası və ya hansısa təfsiri deyil. Poeziya özlüyündə daha çox reallıqdır" və bu "bütün modernizm estetikası üçün qanun gücünə malikdir".

Sürəyya Berfe 12 misrada yüz səksən bir min səkkiz yüz yetmiş doqquz  matəm simvolunu – laxtalanmış poetik maddəni oxucu şüurunda “partladıb” və dağılan maddələri 12 misraya sığışdıraraq müharibənin real mənzərəsini təqdim edib.

Sürəyya Berfe şeriyyətə etina etməsə də, “şeirdə şairanəliyi yıxsa da” (i. Əngünün) "Kıbrıs" müharibə barədə düşünmək üçün kifayət qədər geniş informasiya verir...

P.S.  "Kıbrıs" şerində düşmən tərəflər yoxdur. Müharibə var. Müharibənin törətdiyi fəlakətin təsviri var. Eynən Vereşaginin keçmişin, inidinin və gələcəyin bütün cahangirlərinə ithaf etdiyi "Müharibə apofeozu" tablosunda olduğu kimi. 2000-ci illərdən başlayaraq Azərbaycan ədəbiyyatında düşmənlə bəzən sevgi dilində danışan fərqli bir düşüncə tərzi də təzahür etdi. "Ədəbiyyat müharibə istəmir" deyən ədəbi tənqid də bu düşüncə ilə çox vaxt mülayim davrandı. Bəzən hətta bu fikirlərə ortaq oldu. Hər dəfə Sürəyya Berfenin bu şerini oxuyanda düşünürəm: Qarabağ müharibəsi 25 ildir ki, yaddaşımızda deyil, həyatımızda davam edir. İndi sual edirəm: Bizim müharibə istəməyən ədəbiyyatımızda Qarabağdakı itkilərimizin, baş verən fəlakətlərin çevrəsini 12 misralıq "Kıbrıs" şerində olduğu kimi aydın və sarsıdıcı təsvir edən poetik bir örnək ortaya çıxdımı?

 

 

Savaş şeirinin ovsun effekti

Rüstəm Kamal

Kıbrıs müharibəsi haqqında müəyyən qədər oxumuşuq. Amma türk şairi Sürəyyə Berfenin "Kıbrıs" şerindən aldığım təəssürat tamam fərqli oldu.

Xocalı faciəsi, Qarabağ müharibəsinə həsr olunmuş şeirlərimizdə aşıb-daşan süni intonasiyaların, bayağı, şit epitetlərin, sürtük təşbehlərin burda "işi keçmir"  - həqiqət sadə dillə, konkret detallarla, çılpaq faktlarla çatdırılır.

Bu şeir ayin-mərasim mətni kimidir. Necə ki, ritualda ilkin yaradılış aktı müntəzəm təkrarlanır və bu zaman dünya nizamsız durumdan nizamlı duruma keçir.

Şeir az qala Z.Freyddə oxuduğum psixoanalitik prosesi mənə xatırlatdı: subyekt gerçək travmanı xatırlamaq əvəzinə, onu təkrarlayır...

Hər bir təkrar oxucuda tarixi situasiya ilə bağlı həyəcanın artmasına səbəb olur.

Say arxaik mədəniyyətdə oynadığı əhəmiyyətli rol və dünyanın (kosmosun) dərkində sakral funksiyası hamıya məlumdur. Say "kosmoslaşdırıcı" məna daşımışdır.

Şair Kıbrıs savaşının miqyasını göstərmək üçün maraqlı üsul tapıbdır. Bu, ovsun effektidir. Ovsun mətnlərində formulları saylar təkrarlayır. Ovsunlarda adətən belə bir təlimat verilir: nəyisə bir neçə dəfə (adətən 3, 9, 12, 27) təkrarlamalısan.

Maraqlıdır: şeirdə hərbi sursatların ("10 reaktiv 1000 sualtı qayıq 1000 sərrast atəş") sadalanması sayların artımı ilə verilir - insanla bağlı say isə (4250) dəyişmir...

Hərbi sursatların (top, pulemyot, raket, bomba, tank, minadaşıyan, sualtı qayıq) mexaniki sadalanması, sayların (5,50, 100) toplamı, zamanın dayandırılması onun magik gücünü artırmışdır. Say həm də bir sıra poetik məcazları (epitet, mübaliğə) uğurla əvəz edir.

Sürəyya Berfe incə poetik fəhmi ilə türk dilinin (və poeziyasının!) bir heyrətamiz xüsusiyyətindən məharətlə yararlanmışdır: təkrar və sadalama vasitəsi ilə, say magiyasında istifadə etməklə şeirin əsas ideyasını mükəmməl çatdıra bilmişdir.

Bu "hesab dəftərin"də cansız predmetlər və öldürülmüş insanların siyahısı verilir - qanlı savaş ikisini də bir araya gətirmişdir. Bu, dəhşətli statistikadır, "hesab dəftəri"dir. Savaşların mənasızlığı hər şeyi mənasızlaşdırır, insan ömrünü də!

Yuri Lotman "Poetik mətnin təhlili" kitabında qeyd edirdi ki, "güclü" poeziyanı informasiyanın yüksək səviyyəsi səciyyələndirir. Hərbi informasiyanın və sayların magik təkrarı nəticəsində bir "statistik" mətnin ovsun - ağı mətninə çevrilməsi Sürəyya Berfenin dərin mifoloji düşüncəsindən xəbər verir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!