Tül pərdənin o biri tərəfində - Aynur Babaşova Beşkonak Kamal Abdulla haqqında yazır

Türkiyədən baxış

"Əhəmiyyətli olan odur ki, bir şeyin ağırlığını əvvəlcədən bilə-bilə onu yerindən qaldırmağa cəhd edəsən"

Kamal Abdulla

 

Söhbət xalqımızın mifik, tarixi, soğrafi, istimai, əxlaqi görüşlərinin mötəbər qaynağı, ana dilimizin ulu kitabı, bədii təfəkkürümüzün möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarından gedir; dastanın deşifrə edilməyindən. Dastanı deşifrə etməyə bizi dastanın misraları arasında sıxışmış sözlər, kəlmələr, cümlələr özü səsləyir. Amma məsələ burasındadır ki, o gizli dediyimiz məqamlar da bir xeyli qəribədir. Kiminə görə o məqamlar bərk-bərk gizlənib, heç ortalığa çıxmaq istəmir, kiminə görə də əl uzadıb haray salır ki, məni buradan çəkib çıxarın. Amma əsrlərin daşlaşmış məngənəsindən incəlikləri çəkib çıxarmaq heç də asan deyil; ağır və məsuliyyətlidir. "Əhəmiyyətli olan odur ki, bir şeyin ağırlığını əvvəlcədən bilə-bilə onu yerindən qaldırmağa cəhd edəsən." Xalq yazıçısı, əməkdar elm xadimi, akademik Kamal Abdullanın Dastan haqqında dediyi bu fikri elə yazıçı-alimin özünə şamil etmək olar. 

Kamal Abdullanın həm elmi, həm də bədii yaradıcılığının mərkəzində "Kitabi-Dədə Qorqud" durur. Görkəmli alimin qorqudşünaslıq tədqiqatlarının hüdudları genişdir. Kamal Abdullanın Dədə Qorqudla bağlı monoqrafiyalar və romanlar silsiləsi geniş coğrafiyaya yayılmış, Dədə Qorqud dünyasına həm elmi, həm də ədəbi-bədii cəhətdən zəngin ərməğandır. Dədə Qorqudun zahirən gözlə görünməyən alt qatına, mifoloji qatına enərək gizli mətləbləri işıqlandıran nadir tədqiqatların müəllifi kimi o, türk dünyası ədəbiyyatında və mədəniyyətində  görkəmli yerini çoxdan alıb. Onun yaradıcılığı ilə bağlı Türkiyədə yazılan kitablarda müəllifin qədim dastanımıza münasibəti xüsusi yer tutur.

"Kitabi-Dədə Qorqud"un dərinliyinə, mifoloji qatına enərək gizli şifrələri açan akademik deyir: "Mənim deşifrəmin inkarı mümkünsüz bünövrəsi var - bu, "Gizli Dədə Qorqud" silsiləsini təşkil edən tədqiqatdır." "Kitabi-Dədə Qorqud"un naməlum gizli qatlarını ən incə ayrıntısına qədər araşdıran, Dastanla bağlı elm aləminə üstüörtülü qalan məsələləri açıb, bunu elmi cəhətdən konkret dəlillərlə izah edən Kamal Abdullanın tədqiqatları ilə Dastan yeni tədqiq mərhələsinə keçid edib. Kamal Abdulla Dastanın dərin qatlarını, ağırlığını, məsuliyyətini bildiyi halda onu açmağa, yerindən qaldırmağa cəhd edib.  

Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qiymətli xəzinəsi, möhtəşəm tarixi salnaməsi, ulu sənət nümunəsi, milli mədəniyyətimizin ən zəngin qaynaqlarından olan "Kitabi-Dədə Qorqud" dastanı Kamal Abdullaya qədər də, onunla, eyni zamanda da çox qiymətli alimlər, türkoloqlar, qorqudşünaslar tərəfindən araşdırılıb və elmi dəyəri yüksək olan fikirlər səslənib. Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un dünya dastanları içərisindəki üstün yeri, bu möhtəşəm eposun ictimai-bədii dəyəri haqqında çoxsaylı elmi və bədii əsərlər yazılıb. Kamal Abdullanın isə digər müəlliflərdən fərqi ondadır ki, o,  üzərindən bilərəkdən, ya da fərqində olmadan keçilən məqamlara üz tutub, onları işıqlandırıb.

Xüsusi şəkildə şifrələnmiş məlumat kimi diqqəti çəkən Dastanın sirlərini elmi kamilliklə açan Kamal Abdulla mütəxəssislərin və oxucuların rəğbətini tədqiqat üslubunun fərqliliyinə, bənzərsizliyinə görə qazanır. Yazıçı-alim Dastan haqqında formalaşdırdığı yeni, əsaslı və gerçək deşifrələrlə Dastanı oxumağa yeni həvəs yaradıb. İstəkli, hətta laqeyd oxucunu sənət abidəmiz "Dədə Qorqud Dastanı"na yönləndirməyin özü böyük bir nailiyyətdir.

Dastandakı gizli məqamların aşkar edilməsi cəmiyyətdə, elm aləmində, həvəskar oxucu arasında heç də birmənalı qarşılanmadı. Bu deşifrələr, əvvəlcə belə deyək, bizləri çaş-baş saldı. Bilmədik, əsrlərin qanadında ehtiyatla, ehtiramla bizə ötürülən çox qiymətli və toxunulmaz, hətta bütləşdirilmiş sənət abidəmizin ancaq görünənləri ilə kifayətlənib qane olaq, yoxsa, Dastanın toxunulmazlığını qırıb, buzunu əridib ona yeni nəfəs verən Kamal Abdullanın dediklərinə inanaq. Bu qərarsızlıqdan çıxmağın iki yolu vardı: biri asan yol, digəri çətin yol. Asan yolu seçənlərin səsi daha yuxarıdan çıxdı; avazlarının ən son həddinə qədər səslərini ucaldıb dedilər ki, "Belə də şey olar?! Yoo, biz Dədə Qorqudu və Dastan qəhrəmanlarını belə tanımamışıq! Elə nə yazılıbsa, Dastan odur. Dərində nə işimiz var? Dastanın "altını üstünə çevirmək" lazım deyil!"

Çətin yolu seçənlər isə şübhə içində dinməzcə başlarını aşağı salıb Dastanı bir də, amma bu dəfə daha diqqətlə oxumağa, anlamağa başladılar. Dastana belə yanaşanlara Dastan özü də, elə bil, kömək elədi; sətir aralarına sıxışıb görünməz  bəzi məqamlar belə diqqətli və istəkli oxucuya, sanki göz vurdu ki, "Gəl, daha yaxın gəl, bizim sənin kimi oxuculara ehtiyacımız var." Nəticə olaraq Kamal Abdullanın Gizli Dədə Qorquduna inam və maraq artmağa başladı. Amma bu dəfə də ardı-arası kəsilməyən tənqidlər başladı. Bütün tənqidlərin çıxış nöqtəsi isə bu yersiz cümlədir: "Sən niyə səndən əvvəl yazanlar kimi yazmırsan, səndən əvvəlkilərə oxşamırsan?" Çoxsaylı suallara, tənqidlərə alimin sualqarışıq cavabı isə olduqca yerindədir: "Dədə Qorqud"da özünü göstərən, amma gizlin şəkildə göstərən, bir növ, gizlənmiş nüansları bir az da gizlətmək lazım deyil." Özəlliklə Dədə Qorqudla bağlı verilən suallara cavab isə sadədən də sadə, açıq-aydın, anlaşılandır (!). "Bütləşdirməkdən qaçma cəhdi." Bu natamam cümlə verilən sualın daxili fəlakətinə həm soyuqqanlı bir cavabdır, həm nöqtədir, həm nida.

Akademik Kamal Abdullanın yalnız yazıçı kimi qələmə aldığı ədəbi əsərlərə diqqət yetirmək onun çoxçeşidli intellektual fəaliyyətini gözardı etmək deməkdir. Yazıçı-alim Kamal Abdullanın Dastanla bağlı saysız elmi əsərlərində ortaya qoyduğu faktlar başqadır, ədəbi əsərlərində təsvir etdiyi başqa - ədəbi əsərləri elmi tədqiqatlarından bəhrələnsə belə. Xüsusən də, "Yarımçıq Əlyazma" romanındakı Dədə Qorqud. Bu romanda bədii mətnin içərisində elmi mətni oxucuya çatdıran, Dastanı oxumayanlarda belə, Dastana qarşı maraq oyandıran Kamal Abdulla, eyni zamanda oxucusunu elmi zənginliyin dərin, amma yekrəng qatından bədii ədəbiyyatın sehrli və rəngarəng dünyasına səyahətə çıxardı. Və gözardı edilməməlidir ki, "Yarımçıq Əlyazma" romanı tarix deyil, ədəbi bir əsərdir və dəyərləndirməni bunu nəzərə alaraq aparmaq lazımdır. 

Tənqid həmişə var olub və həmişə də olacaq. "Meyvə verən ağac daşlanar" atalar sözündən güc alaraq onu deyə bilərəm ki, bir düşüncə, bir əsər tənqidə məruz qalırsa (tənqid etmək daha yumşaq səslənir), demək, o düşüncə yetəri qədər bərəkətlidir. Elə o bərəkətin işığıdır ki, Kamal Abdullanın Dastan üzərinə yazdığı elmi və ədəbi əsərlər qardaş Türkiyədə ədəbiyyat və elm sahəsində maraqla qarşılanır. Görkəmli alimlər bu yeni düşüncələrə yüksək qiymət verir və Kamal Abdullanın yaradıcılığına maraq hər keçən gün artmaqdadır.

Akademik Kamal Abdullanın Dastanla bağlı söylədiklərinin dərin qatında, sadəcə, "Kitabi-Dədə Qorqud" dastanlarının araşdırması durmur. Onu dərin və tutarlı edən, eyni zamanda dünya ədəbiyyatı təcrübəsi, Türkiyədə deyildiyi kimi, "Kamal Abdullanın intellektual bir yazıçı olmağıdır." Yəni, Kamal Abdullanın elmi əsərləri intellektual axtarışların məhsuludur. Və daha öncələr də qeyd etdiyim kimi, "Kamal Abdulla tələbkar yazıçıdır. Kamal Abdullanın elə bir əsəri yoxdur ki, onu oxuyanda hansısa başqa bir mətnə yönəlməyəsən. Kamal Abdullanın əsərlərini dahi Umbetro Ekonun dediyi kimi, plyajda oxumaq mümkün deyil. Əlinə alıb oxumaq istədiyin əsər səni hansısa başqa əsərləri oxumağa yönləndirir. Sanki Kamal Abdulla adi, sıravi və az mütaliə edən oxucu "qəbul etmir", dolayı yolla onu fərqli əsərləri oxumağa məcbur edir. Qısacası, Kamal Abdullanı oxuyub anlamaq üçün keçmişdən günümüzə Azərbaycan və dünya ədəbiyyatının bir çox vərəqinin tozunu udmaq tələb olunur. Oxucu da əsəri idrak etmək üçün sözügedən mənbələrə müraciət etməyə məcbur olur. Beləliklə, intellektual mətnlərin müəllifi Kamal Abdulla əlinə kitab alan oxucunu da intellektual baxımdan zənginləşdirmiş olur. Çünki Kamal Abdullanın fəlsəfəsini idrak etmək, üslubunu qavramaq, mətnin dərinliyinə nüfuz etmək üçün mütaliə etmək vacibdir".

Bu vəziyyət epos üçün də dəyişməzdir. Akademik deyir ki: "Sirrin açarı Dastanın içində deyil,  o, düşünən və axtarmağa cəhd edənləri Dastandan kənara göndərir".  Bir söz daha deyib dəyərli ustad: "Kim bilir, bəlkə də uzaq bir keçmişdə kimsə ümid eləyib ki, bir vaxt gələcək, onun qurduğu bu şifrənin açarını tapıb Dastanın gözlə görünməyən dərinliklərinə enmək kimə isə qismət olacaq?!"

Nəticə olaraq, dünyaca məşhur alim və qorqudşünas Kamal Abdulla bizə Azərbaycan türkünün köklü tarixini, zəngin mədəniyyətini əks etdirən, ensiklopedik bir əsər olan sirlərlə dolu "Kitabi-Dədə Qorqud"un gizli qapılarını açdı, Dastanın gözlə görünməyən dərinliklərinə enərək uzaq keçmişdə ümid edənin ümidini doğrultdu. O, "Kitabi-Dədə Qorqud" dastanlarına, xüsusən də, Dədə Qorquda fərqli bucaqdan baxmağımıza vəsilə oldu. Daş kimi hərəkətsiz durduğumuz baxış bucağımızı dəyişəndə "barmağımızı dişlədik", "Bu ehtimalı biz niyə düşünməmişik? Eposun harmoniyası içindəki ziddiyyətləri biz indiyə qədər niyə görməmişik? Bu sayrışan məqamların üstündən niyə etinasızlıqla keçmişik?!" - dedik. Heç bu zamana qədər dahi kitabların tükənməz çoxanlamlılığı ideyasının tərəfdarı olan Borxes də ağlımıza gəlmədi, Eko da.

Son olaraq onu deyə bilərəm ki, ustad Kamal Abdullanın etiraf etdiyi kimi, ""Dədə Qorqud" kitabı nə qədər aşkarlanırsa, o biri tərəfdən, yenə də tül pərdəyə bürünür, sirlər açıldıqca, yeni sirlər aşkarlanır". Bizə düşən isə açılan sirləri, sirləri açıldıqca aşkarlanan kitabımızı hörmət hissilə yenidən oxumaq və bugünə qədər ulu kitabımız üzərində əməyi olan bütün qiymətli alimlərimizə minnətdar olmaqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!