"Xoşbəxt olmaq istəsəm"... - Fəxrəddin Əsəd Adil Mirseyiddən yazır

Dekabr ayı qəribə də olsa, mənə dəmiryol vağzalını xatırladır. Qatarların biri gəlir, o biri isə yavaş-yavaş çəkilib gözdən itir. Gözdən itən qatar bizdən sanki nəyi isə aparır, yerində ayrılıq havası əsməyə başlayır.

Dekabr ayı mövsüm dəyişkənliyi ayıdır,- payız yerini qışa təhvil verir. Bu il qış (21 dekabr) öz mübarək qədəmini (Şamaxı Astrofizika rəsətxanasının şahidliyinə görə) saat 20:27 də torpağımıza basdı.

  21 dekabr həm də unudulmaz şair Adil Mirseyidin doğum günüdür. Yox, düz demədim. Yola  saldığımız bu ilin bu son ayı (dəyərli dostum Azər Turanın xatırlatması ilə) Adilin 65 yaşı tamam olur. Yaşasaydı, yubleyini qeyd edəcəkdi, özü də təzə mənzilində...

Adil Mirseyid haqqında düşünəndə nədənsə həmişə gözlərimin qarşısına nə vaxtsa fəsil-fəsil yazılmış bir romanın arxivdən tapılmış qeydləri gəlir. Bir gün yada düşür, yazdıqlarını təzədən ayrı-ayrı kağız parçalarından, kirbit qutusunun üstündəki çətin oxunan sözlərdən tikə-tikə, sətir-sətir yığıb bərpa etmək istəyirsən...

Adili gözlərim axtarır. Saysız-hesabsız görüşlərimiz olub. Ağdaşda hal-hazırda yaşadığım ata ocağında gecələr səhərəcən yatmayıb etdiyimiz söhbətləri xatırlayıram.

Adil o şairlərdəndir ki, öz həyatını şeirlərində yaşayıb. Gündəlik yaşam vərdişləri, psixoloji ab-hava, fərqli əhval, ovqat və hətta belə demək mümkünsə, nəbzinin döyüntüsünü də (axı onun fiziki sarsıntıları o qədər çox olub ki) şeirlərindən duymaq olar.

...həyəcanlanmış Ay işığıtək

əlini sinəmə qoy

gör necə vurur ürək.

və yaxud:

... ay gedir çin olur yarımçıq yuxum,

ay gedir oyanır bədəndə ruhum

... ay gedir bir söz çıxmır dilimdən.

ay gedir ürəyim düşür əlimdən.

O, bütün sevincini, kədərini misraların arasında yaşayıb. Bilmirəm belə deməkdə (yazmaqda) nə qədər haqlıyam - şeirlərindən aldığı, şeirlərində yaşadığı həzzi ömür boyu heç hardan, heç kimdən almayıb.

Bir vaxtlar görkəmli yazıçımız Elçin yazırdı ("Elitar poeziya") "bu poeziya - obrazlar poeziyasıdır..."  İçimdən bir sual boylanır...doğrudanmı şair xoşbəxtliyidir,- görmək istədiyinin, duymaq istədiyinin obrazını yaradıb oraya, o obraza sığınmaq? Sualı açıq qoymuram, yəni heç kimə ünvanlamıram. Sadəcə yaşanan həyatın (həzin və iztirabların) ironikliyinə acı-acı gülməklə təsəlli tapıram.

Allah xatirinə özünüz fikir verin…

... yuxuda səni gördüm,

Notrdam kilsəsində

elə bildim Parisdəyəm

... bu gün dünya gözəldi,

bu gün heç kim boğulmayıb

Sena çayında

... üç yol ayrıcındayam

hardasan dostum Van Qoq...

Adilin sağlığında və ayrılığında nəşr olunan kitabların, demək olar ki, hamısı məndə var. Özünün dəst-xətti ilə  yazdığı avtoqrafların birində belə bir "P.S." var - "Xoşbəxt olmaq istəsən - ol!" Eh, qardaşım, xoşbəxtlik öz əlimizdədirmi? İnanıram: O, xoşbəxtliyin ünvanını bilirdi. Elə ona da inanıram ki, bizi tərk edib getdiyi yerdə (bir tək Yaradana məlum) indi o, şad-xürrəm, xoşbəxtlik içində ömür sürür.

P.S. Dekabrın 21-i ilin ən qısa günü, ən uzun gecəsidir. Gecənin bu gec saatında masa arxasında qaraladığım qeydlərə baxıram. “Baxıram” deyirəm, əslində, "Qurani-Kərim"dən əzbərlədiyim ayələrdən pıçıldayıram. Fudzi dağında bulud kimi (Aydın Talıbzadə) dolaşırsa, dörd mövsümə eyni anda at çapa bilirsə, Senanın körpüsündə oturub 7-8 metr aşağıdan axan çaya ayaqlarını sallaya (!) bilirsə, mənim oxuduğum dualar da ruhuna əyan olar - bilirəm.

Ad günün mübarək, qardaşım! Oxuduğum dualarla birgə bu kiçicik şeiri də adına bağışlayıram:

Qara xəbərləri ilk

sığırçınlarmı qarşılar,

yoxsa elə Şopenin prelüdləritək

teleqraf dirəklərində çırpına-çırpına qalar?

Qara sevdanın qoxusunu duydum

Ləki vağzalının qələbəliyində

Adil Mirseyidə oxşadarkən birini,

boyu, yerişi, eynəyi,

illah da barmaqlarının arasındakı

siqareti eyni,

təkcə gözlərinin kədəri fərqli...

21 dekabr 2017

Fəxrəddin Əsəd


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!