Rəqs edən dilin şairi - Azər Turan

Azər TURAN

"Mədəniləşdikcə müsəlmanlıqdan çıxdığımızı təbii və xoş görən əbləhlər, uzağa deyil, Balkan məmləkətlərinin şəhərlərinə getsinlər. Görəcəklər ki, başdan-başa yeniləşən  o şəhərlərin hər tərəfində kilsə qübbələri yüksəlir... Mənzərə xalqın dinini və milliyyətini xatırladır...  Artıq türk millətinin ruhu bir rayihə kimi uçdumu? Xeyr! Böyük kütlədə yenə o ruh var, fəqət, biz son nəsil böyük qafilədən uzaqlaşdıq, qeyb olduq, fəqət, daha uzağa getməyəcəyik, dönəcəyik, təkrar böyük qafiləyə qoşulacağıq..."
                                                                           Yahya Kamal Bayatlı
                                                                           “Əzansız səmtlər”

Yahya Kamal Bayatlının əbədi şəxsiyyəti dörd mühüm amilin - Üsküp minarələrindən yüksələn əzan sədalarının, Parisdəki təhsil illərinin,  İstanbulun,  Malazgirt savaşındakı zəfərin məhvərində cərəyan etdi…
***
"O yaşlarımda mən Üsküp minarələrindən yüksələn əzan səslərini duyaraq, içərim bu səslərlə dolaraq yetişirdim. Minarələrdə əzan başladığı zaman, evimizdə ruhani bir səssizlik olurdu. Üsküp küçələrində də belə bir ruzigar dolaşır, bütün şəhəri bir məbəd sükutu qapsayırdı. Yalnız əzan səsləri duyulurdu. Anamın dodaqları ismi-Cəlalla qımıldanırdı. O anda asimanımızın mərifət aləmindən gələn mistik bir səslə dolduğunu hiss edirdim. Bu səslər bütün ömrüm boyu məni tərk etmədi. Mən Parisdə ikən belə heç bir səbəb olmadığı halda, qulaqlarıma Üsküpdəki əzan səslərinin bir xatirə kimi əks edib məni bir nostalji içində buraxdığını hiss edirdim. Mənim həm dini, həm də milli tərbiyəm üzərində daha şiddətlə müyəssir olan anamdır. Anam çox müsəlman bir qadındı. "Məhəmmədiyyə" oxuyur, mənə Quran öyrədirdi... "Məhəmmədiyyə"nin  misraları mənə öz macəramız, evimizin, məhəlləmizin, Üsküpün və mübhəm surətdə, bütün millətimizin dünya və axirət macərası kimi gəlirdi…"

Bayatlının dünyaya boylanışı belə bir ruhani və milli iqlimin iç-içə girdiyi nöqtədə gerçəkləşdi.

Varşavada, Lissabonda, İspaniyada, Pakistanda Türkiyənin səfiri oldu. Amma hər zaman ruhunun rindanəliyini qorudu.

Qərbin tən ortasında - Fransada, Avropanın daha sürətlə qərbləşdiyi XX yüzilin əvvəllərində Paris Yahya Kamalın zövqünü cəzb etdisə də, ruhunu ram edə bilmədi. Bayatlının bu "hiss və həzz yüklü kainatda" yaşadığı 1903-1912-ci illər, əsasən, dil arayışları içərisində keçdi. Ən əvvəl Joze Maria de Heredianın şeirlərini sevdi. Herediadan qədim yunan və latın şerinin zövqünü aldı: "Ötədən bəri aradığım yeni türkcənin yanına yaxınlaşdığımın bu münasibətlə fərqinə vardım. Söylədiyimiz türkcə əski yunan və latın şerindəki bəyaz lisan kimi bir şeydir... Yeni türkcəni Heredianın vasitəsilə, qədim yunan və latın şerinin ta yanında görməyə başlamışdım". Bəlkə elə buna görədir ki, Paris "daima nurlu bir gecə", şeir isə burada Bodler nəşəsinə qarışmış sirli bir əfsun ikən və əski Parisdə bodlerpərəsliklə məst olan gənc Yahya Kamal Parisdən İstanbula "Avropalı bir türk şairi" kimi dönməyi bacardı. Parisdən və Mallarme şerinin rəqsanlığından aldığı həzz Yahya Kamalı Versal bağçalarında çağlayan "Aşiqanə şənliklər"ə deyil, "Akınçılar"a sövq etdi:

Min atlı axınlarda çocuqlar kimi şəndik,

Min atlı o gün dev kimi bir orduyu yendik!

 

Ağ tulğalı bəylərbəyi hayqırdı "İlərlə!"

Bir yaz günü keçdik Tunadan qafilələrlə.

 

Şimşək kimi bir səmtə atıldıq yedi qoldan,

Şimşək kimi, türk atlarının keçdiyi yoldan.

 

Bir gün dolu dizgin boşanan atlarımızla

Yerdən yedi qat ərşə qanadlandıq o hızla...

 

Cənnətdə bu gün gülləri açmış görürüz də,

Hala o qızıl xatirə titrər gözümüzdə.

 

Min atlı axınlarda çocuqlar kimi şəndik,

Min atlı o gün dev kimi bir orduyu yendik.

Bayatlının Dunay çayından keçib Vyana qapılarında mehtər marşı oxuyan romantik süvariləri ədəbiyyat baxımından Herediyaya, Mallarmeyə, Bodlerə, Verlenə, ruh baxımından isə Süleyman Qanuniyə çox şey borcludur.

"Akınçılar"da iki ahəng, iki varlıq - can və ruh birləşir. Canın başladığını ruh davam etdirir. Dünyada başlayan cənnətdə tamamlanır. "Yerdən yedi qat ərşə qanadlandıq o hızla...Cənnətdə bu gün gülləri açmış görürüz də". "Mohac türküsü"ndə də bu, belədir: "Keçdik həpimiz dört nala, cənnət qapısından; Gördük əbədi cədləri, bir anda yaxından!".

Həqiqi poeziya izmlərin sıxıcı həndəsəsini, dünyanın kirəcləşmiş ədəbiyyat tabularını belə alt-üst edir. Eynən Bodlerdə olduğu kimi. Lakin  Bodler üçün seyrəngahın cənnətmi, cəhənnəmmi, qılavuzun Hz. İsamı, İblismi olması önəmli deyil. Bodler şerin aradığı gözəllik anlayışını cəhənnəmdə belə kəşf edə bilər. Yahya Kamalın şeri isə hər zaman behişt rayihəsinə qərq olur… 

Harmoniya, musiqi, ritm, simvolizm, neoklassizm, Stefan Mallarme, Şarl Bodler, Pol Verlen, Artur Rembo, Jan Moreas, Viktor Hüqo, Heredia, antik yunan şeri, divan ədəbiyyatı, Füzuli, Hafiz... Hələ üstəlik, vətənin tarixi və coğrafiyası, Malazgird, İstanbul, Alparslan, Fateh… Yahya Kamalın şairliyini hasilə gətirən qaynaqların sırasındadır.

Bəzi şeirlərində dekadansa kökləndi. Qoca kapitanı ölüm olan gəmidə batacağı girdab cənnət, ya cəhənnəm olsun, fərq etməz, məchulun dibində YENİNİ tapmaq ümidiylə səfərə çıxan Bodler, bilinməz aləmə - ölümə doğru gedən gəmidəki sərnişin Mallarme və səssiz gəmisinə mistik və metafizik qürub çökmüş Yahya Kamal eyni dekadans cizginin üstündə deyilmi?

Artıq dəmir almaq günü gəlmişsə zamandan,

Məchula gedən bir gəmi qalxar bu limandan.

Heç yolcusu yoxmuş kimi səssizcə alır yol;

Sallanmaz o qalxışda nə məndil, nə də bir qol.

Rıhtımda qalanlar bu səyahətdən ələmli,

Günlərcə siyah üfqə baxar gözləri nəmli.

Biçarə könüllər! Nə gedən son gəmidir bu!

Hicranlı həyatın nə də son matəmidir bu!

Dünyada sevilmiş və sevən nafilə bəklər;

Bilməz ki gedən sevgililər dönməyəcəklər.

Bir çox gedənin hər biri məmnun ki, yerindən,

Bir çox sənələr keçdi; dönən yox səfərindən.

... "Bir iqlimin mənzərəsi, memarisi və xalqı arasında xalis və tam bir ahəng varsa, orada gözlərə bir vətən tablosu görünür". Yahya Kamalın şeri də iqlimin mənzərəsi, memarisi və xalqı kimi İstanbulun bir parçasına, tərkib hissəsinə, tablosuna, Memar Sinan kimi, Süleymaniyyə kimi bir hadisəyə, Fatehdəki İstanbul sevgisinin şeirdəki ecazına çevrildi. XX yüzil türk poeziyasında dilin sıyrılmış dinamikası da, misri kəskinliyi də, kübarlığı da, zadəganlığı da Bayatlının şeri ilə gerçəkləşdi. Yahya Kamal türkcəsi "Vətənin hər tərəfindən və tarixin hər əsrindən gəlib İstanbulda birləşən"  türkcədir. İstanbul türkcəsidir. Yahya Kamalın türkcəsi Nihat Sami Banarlının yazdığı kimi, Yunus Əmrə, Nəvai, Füzuli türkcəsi kimi ayrıca və orijinal bir lisandır, "XIII əsr türkcəsinə görülməmiş, duyulmamış bənzərsiz bir ifadə qüdrəti" verən Yunus türkcəsi kimi, "Orta Asiya türkcəsinə bir musiqi dili olmanın imkanlarını" verən Nəvai türkcəsi kimi, şeir dilimizi "gül yarpağı kimi incə və rəngli söyləyişlərə" qovuşduran Füzuli türkcəsi kimidir.

Yahya Kamal türkcəsi dilin həndəsədən qurtuluşudur.

Zil, şal və gül. Bu bağçada rəqsin bütün hızı

Şövq axşamında Əndəlüs üç dəfə qırmızı.

 

Yelpazə çevrilir kimi birdən dönüşləri,

İşvəylə devriliş, saçılış, örtünüşləri…

 

Hər rəngi istəməz gözümüz şimdi aldadır;

İspanya dalğa-dalğa bu axşam bu şaldadır.

Bayatlının rəqs edən dili budur. Banarlının dediyi kimi, bu səhnədə həm rəqs edən gözəlin, həm musiqinin, həm də rənglərin hərəkətini görə bilərsiniz. Çünki qarşınızda Türkiyə türkcəsi və onun bir neçə misrası rəqs edir…

Yahya Kamalın dili, Əhməd Haşimin tərif etdiyi bir şeir dilidir: "… duyulmaq üçün oluşmuş, musiqi ilə söz arasında, sözdən çox musiqiyə yaxın bir dildir".

Dilin fəza xəttinə çıxması, üfüqlərdə uçuşu, söz və musiqi kainatına axışı və qanadlanmasıdır. 

Yahya Kamalın poetik təfəkkürü rindanədir. XX yüzil türk şerinin ustadlarından olsa da, ədəbi həyatında sadədən sadə və mütəvaze davrandı. Poeziyanın ənənəvi güzərgahında öz yolunu qurdu, qafiyə sistemini yeniləşdirdi. Hecada demək olar ki, yazmadı, buna baxmayaraq, milli şerin dahisinə çevrildi. Ərəb əruzunu türkcənin ahənginə ram etdi.

Yahya Kamal rinddir. Canının və ruhunun çox-çox dərinliyində bir Hafiz irfanı, bir Şiraz estetikası xumarlanmaqdadır.

Hafiz üçün Şiraz, Bodler üçün Paris nədirsə, Yahya Kamal üçün də İstanbul odur və Yahya Kamalın İstanbulu Hafizin Şirazından daha rindanə, Bodlerin Parisindən daha eşqanədir. Hafiz öz doğma Şirazına məsirə yerləriylə aşiqdir. Bodler Parisə Parisin ecazı və eybəcərliyi ilə birgə həm qəzəbli, həm qırğın, həm də heyrandır: "Əski Paris yox artıq… Paris dəyişir, nə ki heç bir şey dəyişmədi iç dünyamda!.." (Orhan Vəlinin İstanbulu bir az Bodlerin Parisinə bənzəmirmi?) Yahya Kamal isə İstanbulun hər şeyinə, hər yerinə, hər səmtinə - tarixinə, indisinə, Fatehinə, əzan sədasına, Üsküdarına, Süleymaniyyəsinə, İtrisinə, Boğazına… vurğun:

Sana dün bir təpədən baxdım, əziz İstanbul!

Görmədim gəzmədiyim, sevmədiyim heç bir yer.

Ömrüm olduqca, könül taxtıma keyfincə qurul!

Sadə bir səmtini sevmək belə bir ömrə dəyər.

Yaxud:

Körfəzdəki dalğın suya bir bax görəcəksin

Keçmiş gecələrdən biri durmaqda dərində.

Mehtab, iri güllər və sənin ən gözəl əksin,

Velhasil o röya duruyor yerli yerində.

"Rindlərin ölümü" ilə Yahya Kamal XX yüzil türk şerinə Hafiz cilvəsinin, Hafiz estetizminin səkkiz misraya sıxılmış cövhərini ikram etdi:

Hafizin qəbri olan bağçada bir gül varmış;

Yenidən hər gün açarmış qanayan rəngiylə.

Gecə bülbül ağaran vaxta qədər ağlarmış

Əski Şirazı xəyal etdirən ahəngiylə.

 

Ölüm asudə bahar ölkəsidir bir rində;

Könlü hər yerdə buhurdan kimi yıllırca titər.

Və sərin sərvilər altında qalan qəbrində

Hər səhər bir gül açar: hər gecə bir bülbül ötər.

"Ölüm asudə bahar ölkəsidir bir rində..." Şərq ədəbiyyatında Yahya Kamala qədər ölümün bu miqyasda rindanə təqdimi olubmu? Bayatlı hər şeyi şeirləşdirmişdi. Təkcə ölüm qalmışdı. Onu da "Rindlərin ölümü"ndə şairanələşdirdi.

***

Və təkcə ölüm deyil ki… Bayatlının modern şerin ruhuna aşıladığı, aşılaya bildiyi Divan ədəbiyyatının sakrallığı "Kəndi göy qübbəmiz"in şairinə eşqin də daha şairanəsini cilvələndirməyə imkan verdi. Mallarmenin "Sözsüz romanslar"da tərənnüm etdiyi eşq, tətbiq etdiyi musiqi "Vüslət"in kölgəsində qaldı:

Bir uykuyu cananla beraber uyuyanlar,

Ömrün bütün ikbalini vuslatta duyanlar,

Bir hazzı tükenmez gece sanmakla zamanı,

Görmezler ufuklarda şafak söktüğü anı.

Gördükleri rüya, ezeli bahçedir aşka;

Her mevsimi bir yaz ve esen rüzgarı başka.

 

Bir ruh o derin bahçede bir defa yaşarsa,

Boynunda onun kolları, koynunda o varsa,

Dalmışsa, onun saçlarının rayihasiyle.

Sevmekteki efsunu duyar her nefesiyle…

Kanmaz en uzun buseye, öptükçe susuzdur.

Zira susatan zevk o dudaklardaki tuzdur;

İnsan ne yaratmışsa yaratmıştır o tuzdan,

Bir sır gibidir az çok ilah olduğumuzdan…

 

Bir uykuyu cananla beraber uyuyanlar,

Varlıkta bütün zevki o cennette duyanlar,

Dünyayı unutmuş bulunurken o sularda,

Zalim saat ihmal edilen vakti çalar da -

Bir an uyanırlarsa leziz uykularından,

Baştan başa, her yer kesilir kapkara zindan.

Bir faciadır böyle bir alemde uyanmak,

Günden güne hicranla bunalmış gibi yanmak.

Ey talih! Ölümden de beterdir bu karanlık;

Ey aşk! O gönüller sana mal oldular artık;

Ey vuslat! O aşıkları efsununa ram et!

Ey tatlı ve ulvi gece! Yıllarca devam et!

"Nəzər" şeri də elədir. "Nəzər"in həzin erotizmini deyirəm. Şeirdə harmoniyanın qorunması, ahəngin daimi olması üçün Leylanın vaqeəsini buracan yazmaq yetərlidir. Eşqin əfsunkar titrəyişlərini (və tərənnümünü) "Vüslət"dəki kimi estet bir duyğuya həvalə etmək bəs edər. On dörd gecəlik soyuq ay "Kız, vücudun ne güzel böyle açık! Kız, yakından göreyim, sahile çık!" - deyə Leylanı hovuzdan çıxarıb onun üryan bədənini görsə və Leylanın bəyaz çiynindən öpsə, bəs edər. Bu ani öpüşdən Leylanın hər üzvünü bir incə sızı sarsa, bu öpüş qızı gül kimi soldursa və nəhayət, öldürsə - Leyla nəzərə (ayın nəzərinə) uğrasa bəs edər…

***

Yahya Kamalda bir də tarix anlayışı vardır. Hələ tələbəlik illərində Parisdəykən Fustel de Kulanjın "Fransa torpağı min il içində fransız millətini yaratmışdır", - deyə inandığı fəlsəfədən öz məntiqini çıxaran Yahya Kamal 1071-ci ildən əvvəlki tarixi qəbləltarix, 1071-ci ildən, yəni Səlcuqluların Bizansı məğlub etdiyi Malazgird meydan savaşından sonrakı tarixi isə yeni türk tarixinin başlanğıcı olaraq qəbul edirdi. Bu, hər bir milli ədəbiyyat üçün və hər bir şair üçün yaradıcılıqda mühüm bir hadisədir. Azərbaycan poeziyasında bəlirlənməyən ən vacib məqam məncə, elə budur. Nə yazıq ki, o tarixi zəfərin bizə bu qədər dəxli varkən Hüseyn Caviddən sonra ədəbiyyatımız Alparslanı bir daha yada salmadı.

***

Orxan Pamuk "İstanbul. Xatirələr və şəhər" kitabında İstanbulun dörd hüznlü yazarından - Əbdülhaq Şinasi Hisar, Yahya Kamal, Əhməd Həmdi Tanpınar və Rəşad Əkrəm Qoçudan bəhs edir. İstanbulun bu dörd böyük mütərənnimi ömürlərinin sonunacan tənha yaşayıb, evlənməyib, Yahya Kamal istisna, o birilər əsərlərinin yarıda qaldığının acısını duyaraq həyata vida edib. Yahya Kamalsa az yazıb və həyatı boyu kitablarının nəşrindən imtina edib…

Bilirsinizmi niyə imtina edib? Yazdığı bütün şeirlərə öz böyük şair fəhmiylə yanaşa bildiyi üçün. Məsələn, "Və siyah sərvilər altında qalan qəbrində" misrasındakı sərvilərin siyahlığı Bayatlını nə az, nə çox, düz on il düşündürüb və nəhayət, on ildən sonra "siyah sərvilər"i "sərin sərvilər"lə əvəz edib…

***

Yahya Kamal Bayatlı barədə yazdıqca yazmaq, düşündükcə düşünmək istəyirəm. Onun İstanbullu ədəbi növrağından doymaq, ayrılmaq olmur. 1884-də doğulub. Şeir yazacağı dili kəşf edib, kəşf etdiyi lisanda millətin ən gözəl şeirlərini yazıb. 1958-də haqqa qovuşub,  eşqə, ərşə və İstanbula qərq olub… Məzarı Aşiyandadır.

***

Əski Parisdə bir ömür keçdi:

 ... Tuncu canlandıran ilahdı Roden...

Yahya Kamal da Roden kimidir; özünün qurduğu kainatda ilahlıq edir. Biri tuncu, digəri sözü dirildir.

"Hər zövqü min haram olan əfsunlu cənnətdən" - Parisdən qayıdarkən:

Bir gün vida edib o diyarın həyatına

Döndüm bütün-bütün vətənin kainatına, -

demişdi.

Vətənin kainatı olurmu? Yahya Kamal kimi bir şeir səyyarəsi olan vətənin kainatı olmazmı?