Hüseyn Cavid dilinin bədii xüsusiyyətləri haqqında - Möhsün Nağısoylu

XX əsr Azərbaycan ədəbiyyatının böyük klassiki, bənzərsiz söz ustadı, mütəfəkkir şair və dramaturq Hüseyn Cavid yaradıcılığa şeirlə başlamışdır. Məlum olduğu kimi, şeir üçün qoyulan ən başlıca tələb və şərtlərdən biri və birincisi isə yüksək obrazlılıq və bədiilik, bəlağət və fəsahət, poetizm və sənətkarlıq və s. kimi məsələlərdir. Bu isə o deməkdir ki, H.Cavidin dilindən danışdıqda ilk növbədə böyük şairin əsərlərinin bədiiliyi və obrazlıq keyfiyyətlərindən, poetik xüsusiyyətləri və sənətkarlıq özəlliklərindən ayrıca və xüsusi olaraq danışmaq lazım gəlir.

Böyük söz ustadı Hüseyn Cavidin çoxşaxəli və rəngarəng yaradıcılığı araşdırılarkən, təbii ki, sənətkarın dil və üslub xüsusiyyətlərinə də  qismən toxunulmuş və bu məsələ də tədqiqatdan kənarda qalmamışdır. Bu baxımdan şair-dramaturqun dili barədə Türkiyə araşdırıcısı Mustafa Haqqı Türkəqulun  fikirləri xüsusilə maraqlıdır. Onun qənaətinə görə, H.Cavid bədii yaradıcılığının ilk dövründə, xüsusilə də lirik şeirlərində İstanbul şivəsinə üstünlük versə də, sonradan bu şivəni Azərbaycan türkcəsinə yaxınlaşdırmağa çalışmış və buna nail olmuşdur. Bu məsələyə xüsusi diqqət yetirən M.H.Türkəqul yazır ki, H.Cavid İstanbul türkcəsi ilə Azərbaycan ədəbi türkcəsi arasında "bir körpü yaratmış və bu iki şivə arasındakı məsafəni qısaltmışdır" (Hüseyn Cavid. Əsərləri. 5 cilddə. I cild, Bakı: 2007, səh.8). Türkiyə araşdırıcısının bu fikri ilə razılaşmamaq çətindir, çünki onun da qeyd etdiyi kimi, H.Cavidin dili, həqiqətən də, istər Türkiyə, istərsə də Azərbaycan ziyalısı və oxucusu üçün eyni dərəcədə doğma və anlaşıqlıdır.

Böyük ehtimalla demək olar ki, H.Cavid yaradıcılığa qəzəl janrında yazdığı şeirləri ilə başlamışdır. Məlum olduğu kimi, şair ilk şeirlərini Gülçin, Salik, Arif təxəllüsləri ilə yazmışdır. Böyük sənətkarın qəzəllərində məhz həmin təxəllüslərdən istifadə etməsi bu fikri təsdiqləyir. Deməli, şairin qəzəlləri onun ilk qələm təcrübələrindən sayıla bilər.

H.Cavidin çox az sayda olan qəzəlləri həm doğma ana dilində, həm də farscadır və ənənəvi məhəbbət mövzusuna həsr olunmuşdur. Sevən aşiqin qəlbinin dərinliklərində baş qaldıran yanıqlı və təsirli, pak və səmimi sevgi duyğularını, məhəbbətin ağrılı-acılı iztirablı anlarını obrazlı şəkildə ifadə edən bu qəzəllər həm də yüksək bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Bu baxımdan şairin Gülçin təxəllüsü ilə yazdığı "Verdim o gün ki zülfi-pərişanə gönlümü" misrası ilə başlayan qəzəli xüsusilə diqqətçəkicidir. Qəzəldə aşiqin sevgi iztirabları obrazlı və təsirli bir dillə qələmə alınmışdır. H.Cavid burada klassik ədəbiyyatda geniş yayılmış Yusif və Züleyxa əhvalatına müraciət etməklə təlmih sənətindən bacarıqla istifadə etmişdir:

Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,

Saldı o yar çahi-zənəxdanə gönlümü.

Aydınlıq üçün qeyd edək ki, beytin ikinci misrasındakı farsmənşəli "çahi-zənəxdan" tərkibinin mənası çənənin ortasındakı batıq və ya çökək yerdir. Fars izahlı lüğətlərində bu ifadənin qədimdə işlənməsi qeyd olunmaqla yanaşı, onun əski zamanlarda gözəlliyin bir əlaməti olması da diqqətə çatdırılır. İfadədəki "çah" sözünün həqiqi mənası isə quyu deməkdir. Beytin ilk misrasında gözəllikdə ad çıxarmış Yusifin yada salınması, eləcə də onun ümumi məzmunu isə belə bir qənaətə gəlməyə əsas verir ki, şair burada Yusifin qardaşları tərəfindən quyuya salınmasına (və ya Züleyxanın fitnəsi üzündən zindana atılmasına) işarə etmişdir. Qeyd edək ki, qəzəlin ilk beytində məşuqənin aşiqin könlünü zindana salması da diqqətə çatdırılır:

Verdim o gün ki zülfi-pərişanə gönlümü,

Saldı nigar o zülfdə zindanə gönlümü.

Maraqlıdır ki, qəzəldə aşiqin kafər balasına vurulmasından danışılır ki, bu da istər-istəməz görkəmli şairimiz Seyid Əzim Şirvaninin tərsa balasına həsr etdiyi məşhur qəzəlini xatırladır.

H.Cavidin Arif təxəllüsü ilə yazdığı "Məndən fələk ayırdı vəfapişə yarimi" mətləli qəzəli də dilinin yüksək obrazlılığı və poetikliyi ilə diqqəti çəkir. Qəzəldə zəngin məcazlar sistemindən, xüsusilə də epitet və təsbehdən məharətlə istifadə olunmuşdur. Belə ki, şeirdə "ahu baxışlı nigarından" ayrı düşən aşiqin sevgilisiz keçən günlərinin yarın zülfü kimi "tar" (qara) olması diqqətə çatdırılır:

Məndən fələk ayırdı vəfapişə yarimi,

Tar etdi zülfi-yar kimi ruzigarimi. 

Maraqlıdır ki, klassik ədəbiyyatda "yar"ın daha çox "cəfapişə" olması vurğulandığı halda, H.Cavid onu "vəfapişə" kimi təqdim edir.

Qəzəldə şair məcazın digər növlərindən də uğurla istifadə etmişdir:

Ya Rəb, əsib səmumi-cəfa bir dəqiqədə

Qıldı əvəz xəzanə mənim növbaharimi.

Beytdə "cəfa küləyinin əsməsi" ilə aşiqin baharının xəzanə dönməsi təsvir olunur ki, bu da həm istiarəyə, həm də bədii təzada nümunə ola bilər.

Məlum olduğu kimi, H.Cavidin ilk qələm təcrübələri olan şeirləri 1913-cü ildə Tiflisdə işıq üzü görmüş "Keçmiş günlər" adlı kitabında toplanmışdır: "Hütbuti-Adəm", "Bakıda", "Yadi-mazi", "Otuz yaşında", "Gecəydi", "Elmi-bəşər", "Qız məktəbində" və s. Kitabdakı şeirlər içərisində bədiilik baxımından "Yadi-mazi" ("Keçmişin anılması") şeirinin özəl yeri vardır. Belə ki, şeir çoxsaylı ərəb və fars sözləri və izafət tərkibləri ilə yüklənsə də, fikrin yüksək bədii şəkildə ifadəsi ilə seçilir. Bu baxımdan ilk növbədə şeirin axıcılığı, yüksək ahəngi, musiqiliyi, səslərin harmoniyası: alliterasiya və assonans bolluğu diqqəti çəkir:

Hər dəm nəzərim maziyi-pürnəşvəyə nazir,

Cuşiş veriyor gönlümə hala o mənazir.

Hala o mənazir o üfüqlər, o səmalar!..

Ruhumda oyandırmada bin sübhi-rəbii.

Təqib edərək bir-birini leyli-səfalar,

Əyyami-ələm əqlimə gəlməzdi təbii.

Bir ləhzə düşünmək nədir anmazdım o dəmlər,

Yakmakda bu gün ruhumu suzişli ələmlər.

Dördlük və ona əlavə olunan ikilik şəklində qurulmuş 6 bənddən ibarət olan bu romantik şeirdə H.Cacid qayğısız keçmiş günlərini acı təbəssümlə yada salır və hazırda onların əvəzində, qəlbini "qara xülyalar" bürüdüyünü dilə gətirir. Şeir məcazlardan, xüsusilə də istiarələrdən istifadə baxımından da diqqətçəkicidir. Belə ki, şair bəndlərin birində güllərin gülümsəməsindən, digərində isə Şərqin işıq saçan günəşinin axşamlar Qərbə müsafir getməsindən söz açmaqla gözəl istiarələr yaratmışdır:

Gülqönçələr eylərdi səhər vəqti təbəssüm,

Bülbüllər isə həpsi yekavaz tərənnüm...

Əflaka baqarkən bəni məftun ediyordu

Parlaq günəşin mənzəreyi-şə'şəədarı.

Aqşam duramaz, qərbə misafir gediyordu

Şərqin o gözəl bakireyi-ləmənisarı.

Şeirin əsas ideyasını, məğzini ifadə edən sonuncu bənddə isə H.Cavid güclü bir təzad yaratmışdır. Keçmişdəki gözəl günlərini yada salan şairin qəlbinə indi qara xülyalar hakim kəsilibdir. Müəllif sonda dərin təəssüf hissi ilə yazır ki, keçmiş arxada qalıb, gələcək isə qaranlıqdır:

Lərzan ediyor ruhumu bin dürlü məzalim,

Əfsus... ki mazi ədəm, ati isə müzlim...

Göründüyü kimi, bu misralarda da m samitinin təkrarı güclü bir alliterasiya yaratmışdır.

"Keçmiş günlər" kitabına daxil olan "Gecəydi" şeirinin ilk misralarında da H.Cavid istiarədən bacarıqla istifadə etmişdir:

Gecəydi... Hər yeri sarmışdı bir sükuti-həzin,

Donuq ziyalı fənərlər baqardı həp qəmgin.

H.Cavidin kiçik bir məktəbliyə həsr etdiyi "İlk bahar" şeirinin ilk misraları da məcazlarla zəngindir. Burada şairin istifadə etdiyi istiarələr xüsusilə diqqət çəkicidir:

Bahar, bahar gəlmiş, yenə ilk bahar;

Güllər, çiçəklər gülər, quşlar oynar.

Göyün altın saçlı qızı nur saçar,

İnsanlarm tutqun gönlünü açar.

Dağlar, çəmənlər geyinir al, yaşıl;

Yerlər, göylər parıldar ışıl-ışıl.

H.Cavidin "Azər" poemasının dili də yüksək bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Məlum olduğu kimi, bu dastan - poemanın böyük bir hissəsi H.Cavid üçün daha doğma və munis olan əruz vəznində, az bir qismi isə heca vəznində yazılmışdır. Şairin hər iki vəzndə qələmə aldığı bu şeir parçaları yüksək poetik özəllikləri ilə yadda qalır. Bunun sübutu olaraq poemadan bir neçə kiçik nümunəyə nəzər salaq:

Dalğacıqlar öpüşüb titrərkən

Baqışırlardı göyün gözləri şən...

Ona dan yıldızı bakir bir qız

Kibi heyrətlə gülümsər yalınız...

Əruz vəznində yazılmış bu iki nümunədə şairin istiarə və təşbehdən məharətlə istifadə etməsi göz qabağındadır. Eyni sözləri poemadakı heca vəznində yazılmış şeirlərə də aid etmək olar. Məsələn:

Bən yetişdim atəşlə su

Öpüşdüyü bir ölkədən.

İzləyərkən sevgi yolu

Acı duydum hər kölgədən.

Qeyd edək ki, bu şeir parçasının ilk iki misrasında işlənmiş "atəşlə suyun öpüşməsi" ifadəsi "mümkünsüz bir işin baş tutması" anlamındadır. Həmin ifadəyə bir qədər başqa şəkildə XV əsr Azərbaycan şairi - mütərcimi Vəli Şirazinin "Gülşəni-raz" tərcüməsinin dilində də rast gəlirik:

Yenə gündüz ilə gecə qarışdı,

Bu yerdə kim, od ilə su barışdı.

H.Cavidin "Azər" poemasından seçdiyimiz aşağıdakı nümunələr də fikrin poetikliyi, obrazlılığı və bədiiliyi, bir sözlə, yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir:

Səhər dan yıldızı gülərkən ona,

Ruhunda qopdu bir acı fırtına...

 

Hər gülşənə vardım, çiçəklər güldü,

Sevdalı bülbüllər səlama gəldi.

Hər bəzmə uğradım, meylər töküldü,

Qədəhlər öpüşüb xürama gəldi.

 

Elmaslar incilər qarşımda söndü,

Gözəllər yanımda xəyala döndü.

Büllur qəhqəhələr susmuş göründü,

Susmuş kamançalar ilhama gəldi.

Düşünürük ki, yuxarıdakı örnəklərdə işlənmiş məcaz növlərindən istiarə, təzad və epitetin şərhə ehtiyacı yoxdur.

H.Cavidin dram əsərlərinin, xüsusilə romantik dramaturji yaradıcılığının zirvələri olan "Şeyx Sənan" və "İblis" mənzum faciələrinin dili də yüksək obrazlılığı ilə diqqəti çəkir. Bu baxımdan dramaturqun "Şeyx Sənan" faciəsindəki korun dilindən verilən qəzəldə işlənmiş bədii təzadlar, bədii sual və təkrirlər, daxili qafiyələr müəllifin bənzərsiz poetik aləminin, yüksək söz sənətinin zirvələri və nadir inciləri sırasındadır:

...Nə dərd olaydı, nə dərman,

                        nə sur olaydı, nə matəm,

Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Gönüldə nuri-məhəbbət,

                        gözümdə pərdeyi-zülmət...

Nə nur olaydı, nə zülmət,

                        nə böylə xilqət olaydı.

Nədir bu xilqəti-bimərhəmət,

                        şu pərdəli hikmət?

Bu zülmə qarşı nolur bir də

                        bir ədalət olaydı...

Aydınlıq üçün qeyd edək ki, nümunənin ilk  misrasında işlənmiş "sur" sözü "şənlik", "şadlıq" anlamındadır və "matəm" kəlməsi ilə təzad təşkil edir. İkinci misradakı "vüslət" (vüsal, qovuşma) sözləri ilə "firqət" (ayrılıq) kəlməsi də bu qəbildəndir. Eyni sözləri "nur" (işıq) və "zülmət" (qaranlıq), "zülm" və "ədalət" kimi əks mənalı kəlmələrinin qoşa işlənməsinə də aid etmək olar.

H.Cavidin "İblis" mənzum faciəsi də elə əsərin əvvəlindən, lap başlanğıcından yüksək şeiriyyəti, bədiiliyi və obrazlılığı ilə oxucunu heyrətdə qoyur:

Dəryalərə hökm etmədə tufan,

Səhraları sarsıtmada vulkan,

Sellər kibi aqmaqda qızıl qan,

Canlar yaqar, evlər yıqar insan.

Nümunə yüksək şeiriyyəti ilə yanaşı, şair-dramaturqun burada böyük məharətlə işlətdiyi istiarə və təşbeh kimi məcaz növləri, eləcə də şeirin bədii təsir gücünü artırmağa xidmət edən, ona bənzərsiz musiqilik və ahəng verən, qulağı oxşayan alliterasiya və assonanla seçilir.

"İblis" faciəsinin müxtəlif yerlərində işlənmiş aşağıdakı nümunələr də fikrin obrazlı və poetik ifadəsi baxımından diqqətçəkicidir.

Gəliyor iştə o qönçədəhən...

Yoqmudur səndə, gülüm, heç insaf...

Ah aman, halı nasıl hüznavər,

Gözlərindən saçılır şimşəklər...

Şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın

Bilməz ki, sağır göylərə, yaxud bana tapsın...

Qeyd edək ki, birinci misrada işlənmiş "qönçədəhən" (qönçə ağız) sözü bədii təyin, yəni epitet, ikinci nümunədəki (misradakı) "gülüm" isə istiarədir. Bu misrada eyni zamanda inversiya və bədii sualdan da istifadə olunmuşdur. Sonrakı beytdəki "gözdən şimşək saçılması" ifadəsi isə istiarədir. Sonuncu nümunədəki "Şərqin əsəbi çöhrəsi" ifadəsi də istiarə, "sağır (kar) göy" ifadəsi isə epitetdir.

Faciənin sonunda yer alan aşağıdakı misralarda da böyük sənətkar məcazın müxtəlif növlərindən (istiarə, bədii təkrir, epitet və bədii təzad) böyük məharətlə istifadə edərək fikrin bədii təsir gücünü artırmağa nail olmuşdur:

Həp rəqs ediyor qanlı günəş, qanlı üfüqlər,

Həp rəqs ediyor halə qəmər, pənbə şəfəqlər...

Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət,

Həp rəqs ediyor xeyrilə şər, elmü cəhalət...

Son olaraq qeyd etmək lazımdır ki, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid dilinin bədii xüsusiyyətləri, sənətkarlıq özəllikləri ayrıca və ətraflı bir araşdırma mövzusudur. Bunu nəzərə alaraq biz burada görkəmli sənətkarın poetik dilinin yalnız bəzi səciyyəvi xüsusiyyətlərini diqqətə çatdırmaqla kifayətləndik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!