Bir sevginin manifesti - Barat VÜSAL

İki cür yar var:

Ömür yarı (həyat yoldaşı),

Könül yarı (Allah).

İki yol var:

Coğrafi anlamda və mənəvi anlamda.

İki sevgili var: Biri yerdə sevib-seçdiyin gözəl.

Biri göydə qərar tutmuş gözəl (Yaradan).

Sevgilisi şeir, söz olanın Allahdır əsl sevgilisi.

Məhəmməd Turan hələ orta məktəb partası arxasını yenicə tərk etsə də, əsl sevgilisini düz seçib, düz tanıyıb, düz tapıb.

Sözü sevmək Allahı sevməkdir!

Allahın sözü (kəlamı) insandır.

Sözü sevmək həm də insanı sevməkdir.

***

Lermontov 9 yaşında vurulubmuş.

Bayron 7 yaşında sevib.

Maria Dofu

Məhəmməd Turan isə 4 yaşında.

 

Sən mənim ömrümə gələndə, gülüm,

Cığal əllərimin dörd yaşı vardı...

 

Ən maraqlısı budur ki, sən demə, Məhəmmədin o vaxt özündən başqa bütün yaşıdlarının başı beşdaş oynamağa qarışıbmış. Onların əlləri beşdaşla dolu, öz əlləri isə təbii ki, boş deyilmiş:

 

Mənim əllərimdə sənin əllərin,

Bütün uşaqların beşdaşı vardı...

 

...Ömrümüzdə bayramlar az olmur. Məhəmməd üçün bayramlar bayramı varmış - bu, onun bayramda nənəsinin yanında olmağıymış. Nənəsiz bayrammı olar?!

 

Bayrama az qalıb, nənə, ay nənə,

Tez qayıt, bayramda yanımızda ol...

 

"Adət-ənənələr itir, gözlərim doymur dünənə" deyən gənc şairin gözü də, ürəyi də özündə deyil. Dünənki tariximizdə, az qala unudulmuş milli adət-ənənələrdədir.

"Bilirsən?!" Şeirini oxumaq yetər ki, gənc şairin daha çox sevgidən yazmağının səbəbinin heç də onun 16-17 yaşda olmasıyla bağlı olmadığını biləsən.

Bu şeir qos-qocaman, amma ruhu həmişə gənc, təravətli, təzə görünən Xəzər dənizinə həsr olunub.

Şeiri oxuduqca hiss edirsən ki, Məhəmməd Turanın sevgisi , məhəbbəti bu günün (indiki gəncliyinin, gənclik ovqatının) nəticəsi deyil, Xəzər qədər qədimmiş.

Hətta dünya qədər qədim olan dənizlərdən birinə bu gəncin qəlbində danışacağı xatirələri də varmış:

 

Eh, ötüb-keçənlər düşür yadıma,

Ürəyim isinir sərinliyindən...

Bilirsən? O köhnə məhəbbətimin

İniltisi gəlir dərinliyindən...

 

Elə bu məqamda Məhəmməd Turan haqda təzə (gənc) bir şair kimi danışmalı olduğun halda məcbur olursan köhnə bir şair olduğunu hiss edəsən və bu hissini hamıyla bölüşməyə tələsəsən...

Məhəmmədin sinəsindən gələn ürəyinin səsi deyil, sevdiyinin (sevgilisinin) səsiymiş. Yoxsa yaza bilərdimi, deyə bilərdimi ki:

 

Səsin ürəyimdən gəlir... nə bilim,

Ahınmı könlümə küləktək əsən...

Ayrılsaq da, qorxma, qorxma, sevgilim,

Hələ yaxınımda - şeirimdəsən!

 

Bu misralardan da bəlli olur ki, Məhəmmədin sevgisi apaydındır. Gizli olduğu qədər də aşkardır. Bu sevgi onun sözüdür, özüdür, izidir, daim yara doğru boylanan gözüdür!

Bu sevgi nurlu, işıqlı sevgidir!

Heç kimdən, heç nədən qorxu-ürküsü yoxdur. Pöhrə sevgidi. Bu sevginin - bu pöhrənin boy atacağına əminlik hissi adamın qəlbini rahatlayır.

Bu sevgini "Bir sevginin manifesti" adlandırmaq olar!

Bu sevgi öz əksini Şəmkirdə yaşayıb-yaradan gənc şair Məhəmməd Turanın "Şeir sevgilim" adlı ilk şeirlər kitabında yetərincə tapıb.

Bu kitab (bir sevginin manifesti) gənc müəllifin gələcək uğurlarının qapısıdır.

Bütün sevgisinin (sevgililərinin) necə?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!