Bu gün Kamal Abdullanın doğum günüdür - Alın yazısı hədər yazılmır... Kamal Abdullanın şeiri "Ədəbiyyat qəzeti"nin "1 şeir/2 rakurs" layihəsində

 

Alın yazısı hədər yazılmır


İsti yay günü heysiz bir axşam...
Bu uzaq yolun bağrını dəlib.
Mən ha çağırsam, mən ha bağırsam,
Heç kim inanmaz - bu odur, gəlib.

Kim xatırlayar, nədən başladıq,
Bu ömür ki var - əvvəli hanı?
Necə yaşadıq, necə yaşlandıq,
Payız da bitir - xəzəli hanı?

Sənin özünün Allahın varmış,
Sənin gözünün içində imiş
Sənin Allahın daha cavanmış,
Sənin Allahın daha gözəlmiş.

Alın yazısı hədər yazılmır,
Qayıdacaqdın - taleyin budur.
Sənin üzündə kədər yazılıb,
Gözün doludur, qəlbin doludur.

Yayda qar deyib üzümə baxma,
Mən köməyimə kimi səsləyim.
Allah var deyib üzümə baxma,
Gücüm qalmayıb sənə "hə" deyim.

Cavi DAN

Şeir yazmaq

Şeir yazmaq - ruhunu qumar masası üzərinə buraxmaq kimidir. Udsan da kədərlisən, uduzsan da. Kədər - taleyinin bir cüt zərin atılıb sonra hansı üzü üstə masaya düşməsindən asılı olmağa məhkumluqdan doğur. Və söhbət həqiqi şairlərdən gedərkən biz onların hər bir misrasına hopan kosmik nəhənglikdə kədəri də görə bilirik, onların tale yollarının sonundakı qurbangahdakı son nəfəsi də -ahh…

Şeir müəllifin iç dünyasına hopmuş bütün informasiyanı ən gizli kodlarına qədər üzə çıxarıb oxucuya təqdim edə bilən yeganə satqın dostdur.

Sən nəsrdə, publisistikada başqası da ola bilərsən, başqasının istədiyi kimi də ola bilərsən, amma şeirdə yox. Şeirdə sən özünsən. Ruhun, mahiyyətin, enerji baqajın, informasiya yükün, yaradıcılıq qabiliyyətin və… yaradıcı aspektinlə, olduğun kimi.

Yaradıcı olmaq şeir məqamında şairi onun ürəyinin ən gizli guşəsinə, lap elə nağıllardakı o qırxıncı otağa aparır, oradakı Yaradan aspektiylə üzbəüz saxlayır.  Hər şairin gücü yetmir bu üzbəüz dayanmaq məqamına. Və əslində heç hər şairin izni də olmur o qırxıncı otağa daxil olmaq üçün.

Deyirlər ən gözəl brilyantlar əslində ən güclü yoqlardır, illər boyunca tərki-dünya halında dərin meditasiyaya qapılırlar ki, Allahı görsünlər. Lakin Onu gördükləri andaca eqoları çaşıb qalır, özlərini gördüklərini sanırlar, bircə anın içindəcə gördüklərinə o dərəcədə aşiq olurlar ki, bütün meditasiyaları Gün işığına qəfil çıxmış fotolent kimi silinib gedir, ruhları həmin andaca bədənlərini tərk edib kristal formasını alır, bir daha kainatın heç bir nöqtəsinə var olmaq imkanlarından məhrum edilərək, ağırlaşır və almaz qırığına əbədi olaraq həbs edilir, sonradan cilalanıb brilyant kimi zinət əşyalarını bəzəyir.

"Alın yazısı hədər yazılmır" şeiri məndə bu düşüncələri oyatdı.

Özümü bir anlıq müəllifin ürəyindəki qırxıncı otaqda hiss etdim. Şeirdə qapıları taybatay açan müəllifin verdiyi izn ilə, təbii ki.

Və bu otaqda müəlliflə üz-üzə dayanmaq izni olan hər kəsə o, bu sözləri pıçıldayır:

İsti yay günü heysiz bir axşam...

...Heç kim inanmaz - bu odu gəlib.

Sonra öz hekayəsini danışır. Öz qırxıncı otağının hekayəsini. Və sənin gözlərinin içinə baxır danışdıqca. Gözlərini qırpmadan baxır və sənin də gözlərini qırpmamağını istəyir.

Səbəb? Sənin gözlərində özünü görür şair. Gördüyü özünü sənə də göstərməyə çalışır.

Sənin özünün Allahın varmış,

Sənin gözünün içində imiş.

Sənin Allahın daha cavanmış,

Sənin Allahın daha gözəlmiş.

Amma sən bunu görmürsən, sən onun sənin gözlərində gördüyünü görə bilmək ixtiyarında deyilsən. Qarşındakı bu bir cüt qırpılmayan gözlərdə sən də sadəcə özünü görməyə məhkumsan çünki.

Və sən anlayırsan ki, müəllif sənin onu görə bilmədiyinə görə üzgün və çarəsizdir, bütün şairlər kimi gücü yalnız özünə və özünün sözünə çatır, təəssüfü, kədəri, ahı misralara hopur yenə.

Yayda qar deyib üzümə baxma,

Mən köməyimə kimi səsləyim.

Allah var deyib üzümə baxma,

Gücüm qalmayıb sənə "hə" deyim.

Və susur.

Sənin görə bilmədiyini sənə deməkdən imtina edir.

Sənə isə dəhşətli bir həqiqəti anlamaq qalır: Hamı öz ürəyinin içində məhkumdur, şairlərdən başqa.

Və bütün sözlər yalandır, şeirlərdən başqa.

Sükut isə ən gözəl şeirdir, ən qiymətli söz.

Sərdar Amin

Bu ömür ki var - əvvəli hanı?

Məsələ də budur ki, sənətin, ədəbiyyatın əsl mahiyyəti barədə proqmatik qənaət bölüşmək mümkün deyil.

Çünki ədəbiyyat özü rasionallığı sevmir, sənət müstəvi üzərində təhlildən iraq anlayışdır, həyatın özü kimi.

Həm bir küncünə qısıldığı, həm onu içinə aldığı, həm də fövqündə durduğu fəzada süzən bu anlayış - sənət haqqında novatorların yetərincə diri mülahizələri mövcuddur.

Bəzən yanlış olaraq, modernistlərin "Sənət sənət üçündür" deyimini "hər şey insan üçündür" müstəvisində təkzib eyməyə çalışırlar.

Modernistlərin sənəti rəva bilmədiyi insan obrazının digər adı "mövcud məntiqi qavrayış", "formalaşmış rasional baxış" idi. Təbii ki, sənət insanın özü üçün formalaşdırdığı qənaət toruna toxunmalı, bu şəbəkədə müəyyən rezonans yaratmalıdır. Torun fövqündə duran məsələlər isə insan üçün deyil, azından hələ ki, insan üçün deyil. Əslində modernistlərin sloqanlarından olan bu fikri bir az aydın formada izah etmək istəsək, "sənət insan üçün deyil, sənət sənət üçündür" kimi yox, "sənət rasionallığa, məntiqə xidmət etməyə borclu deyil" ifadəsinə gəlib çıxarıq.

Ədəbiyyata təkcə bir estetik cərəyanın - modernizmin timsalında nəzər yetirdikdə bu sahənin "böyük sirr"ə canatma olduğunu anlayırıq. Düzdür, qarşımızda bizə rahat yaşam vəd edən, sonsuzluğu düşünməyin səhv və əhəmiyyətsiz olduğunu deyən yetərincə qalın kitablar və klassik cərəyanlar durmaqdadır. Bu pozisiyada sənət, insan, kainat, zaman, barədə hökm vermək olduqca çətin və mücərrəd iş kimi görünür.

Bu, an qədər vəfasız mövqedə insanın karına gələn, bəlkə də sadəcə ovunduran məhz ədəbiyyatdır.

Ona görə də zaman-zaman - bu gün bir az da çox - əsərlərin əsl gücü onların "böyük sirr"ə nə qədər yaxın olması ilə ölçülür.

Kamal Abdullanın demək olar ki, bütün əsərlərində bu və ya digər şəkildə "Sirri zəmanə"yə eyham var.

Yazıçının romanları, hekayələri, şeirləri, esselərindəki yanaşmalar əksər mətləblərin fövqündəliyi ilə diqqət çəkir.

O, esselərinin birində sonsuzluq məsələsinin qavrayışının həlli mümkünsüzlüyünün belə bir linqvistik izahını tapır:

"Bilirsinizmi, sonsuzluğu niyə təsəvvür eləmək çətindi, bəlkə də mümkün deyil?! Çünki biz onu sonu olan, kəsik-kəsik quruluşa malik "söz" vasitəsilə dərk və izah eləməyə çalışırıq. Sonsuzluğun isə öz bitib-tükənməz, fasiləsiz izahedici "aparatı" olmalıdı. Məsələn, biz onu fasiləsiz şüuraltımızda "dərk" edə bilərik, fasiləli dilə isə gətirməyi bacarmarıq..."

"Alın yazısı hədər yazılmır" şeiri isə yuxarıda qeyd olunan Kamal Abdulla məziyyətlərilə yanaşı xüsusi poetik yükə malikdir. Şeir  həm quruluş, həm də məzmun etibarilə yetərincə fərqlidir.

Bu şeir oxunmağa başladığı andan artıq xüsusi qayğı tələb edir. Oxucu həmən-həmən hiss edir ki, şeirin hər misrasının üzərindəki ruhun daşıyıcısı ola bilsin ki, illərdir yol gələn həmin yolçudur, amma yol qətiyyən həmin yol deyil. Və bu estetik fərqlilik şeirin əsas özəlliklərindəndir.

İsti yay günü heysiz bir axşam...

Bu uzaq yolun bağrını dəlib.

Mən ha çağırsam, mən ha bağırsam,

Heç kim inanmaz - bu odu gəlib.

Kamal Abdullanın bütün əsərlərində müşayiət olunan digər məziyyət isə onun dillə ənənədənkənar, şablonların fövqündə davranışdır.

Şeirlərdəki ayrı-ayrı misraların yaratdığı təəssürat haqqında danışmaq bizi çox uzaqlara apara bilər. Çünki "Alın yazısı hədər yazılmır" şeirinin demək olar ki, bütün misraları müstəqildir. Hər misranı ayrılıqda oxuyub, haqqında 7 üfiq uzaqlara dalmaq olar.

"Yayda qar deyib üzümə baxma..."

Hər misrası müstəqil olan əksər çağdaş Azərbaycan şeirlərinə verilən bir mənfi rəy bizi hər zaman narahat edib; "gözəl fikir yığınıdır, amma şeir deyil".

Başda aşağıdakı bənd olmaqla, ümumilikdə bu şeir tez-tez deyilən  həmin rəydən  xeyli uzaqdır.

Kim xatırlayar, nədən başladıq,

Bu ömür ki var - əvvəli hanı?

Necə yaşadıq, necə yaşlandıq,

Payız da bitir - xəzəli hanı?

Kamal Abdulla yaradıcılğı bizə sonsuzluq qarşısında riyazi həmlələr etməyin, rasional zarafatlarda bulunmağın yetərincə təhlükəli olduğunu bir daha təqdim edir.

Necə ki, bu zarafatı 2500 il bundan əvvəl yunan alim Parmenid qarşısında etmişdilər; onun "Həqiqət təkdir və dəyişməzdir. Çoxluq, dəyişim, hərəkət əslində yoxdur və hisslərimizin bizi aldatmasından yaranır" fikrini o dövrün riyaziyyatçıları hoydu-hoyduya qoymuşdular. Nəticədə Parmenidin tələbəsi Zenon bəşəriyyətə xüsusilə riyaziyyatçıları bu gün də rahat buraxmayan paradokslar miras qoydu. Zenonun sayəsində Axilles hələ də Tısbağaya çata bilmir.

İnsanın yer aldığı yaxud ona nəsib edilən bu mövqedə heç kəs rasionallıqdan yaxa qurtara bilmədiyi üçün bəziləri döşünün altındakı izaholunmaz hissləri çərpələng kimi ipə bağlayıb başının üstündə yelləyir, bəziləri də ip olmasa belə o hisslərin ona və səmaya, sonsuzluğa aid olduğunu anlayıb ağ göyərçinlər kimi yuxarı uçurdur. Əlini gözünün üstünə qoyan bu insanlar mahiyyəti göyərçinlərin geri dönməsində deyil, onların pişvazında görürlər. Çünki onlar, əmindirlər: "Alın yazısı hədər yazılmır".

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!